Fəxr et, qürur duy, AZƏRBAYCAN!

Fəxr et, qürur duy, AZƏRBAYCAN!
Bu gün biz qədim Atəşgah məbədinin önündə toplaşmışıq. Bu gün I Avropa Oyunlarının məşəli Atəşgah məbədində alovlandırılacaqdır. Bu məşəl ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin. Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan! İlham ƏLİYEV
Qədim Atəşgahda bir məşəl alovlandı!
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli!
Məşəli əlində bu hüquqa ən çox haqqı olan Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti möhtərəm İlham Əliyev tutmuşdu!
Bu, adi məşəl deyildi!
Qədim odlar yurdu Bakıda alovlanan ilk idman məşəli öz şərəfli missiyasını sona çatdırıb söndürülənədək təkcə ölkəmizə yox, bütün Avropaya, Dünyaya işıq saçacaq, planetimizin bütün guşələrində yaşayan insanların, dünyanın kütləvi informasiya vasitələrinin, televiziya kanallarının diqqət və marağının foqs nöqtəsinə dayanacaqdır!
Bu, ilk Avropa Oyunlarının ilk məşəlidir!
Bu xoşbəxtlik, ilkə imza atmaq səadəti müstəqil Azərbaycana, onun müdrik və müasir düşüncəli dövlət başçısına nəsib oldu!
Fəxr et, qürur duy, Azərbaycan!
Bu şərəf və şöhrət, etimad və etibar sənə yaraşır!
Avropa Oyunları birinci dəfədir ki, keçirilir. Hələ onun standartları müəyyənləşməyib!
Fəxr edirik ki, bu standartlar Azərbaycanda müəyyənləşəcəkdir, onları biz yaradacağıq!
Sonralar bu ilklər hamı üçün nümunəyə, örnəyə çevriləcəkdir!
Necə ki, İnkişafın Azərbaycan Modeli artıq nümunədir!
Necə ki, Azərbaycanda olan tolerant mühit artıq nümunədir!
Necə ki, Azərbaycanın iqtisadi və siyasi uğurları, müstəqilliyinin qısa dövründə gördüyü işlər, qazandığı nailiyyətlər, gerçəkləşdirdiyi transmilli layihələr artıq çoxları üçün örnək, nümunədir!
Hər bir Azərbaycan vətəndaşı bununla fəxr edir!
Hər bir Azərbaycan vətənpərvəri bunlardan qürur duyur!
Hər bir azərbaycanlı bu ölkənin övladı olmasından fərəhlənir!
“Atəşgah”dan od alan Azərbaycan məşəli 60 rayonu əhatə edən 47 günlük səfərə çıxıb. Ölkəmizin regionlarını gəzəcək, insanlara sevinc və fərəh bəxş edəcək bu məşəl Bakıya qayıdanadək 5 min 500 kilometr məsafə qət edəcəkdir. Dünya mətbuatının gündəmində mühüm yer tutan bu hadisə dostlarımızı, bütün idmansevərləri qürurlandırır. Axı, avropalı idmançılar öz bacarıqlarını və məharətlərini göstərmək üçün daha bir nüfuzlu arena əldə ediblər. Bu ilkə imza atmaq hüququna isə odlar yurdu Azərbaycan sahib çıxıb!
Bura gələn yol elə də asan olmayıb. Müstəqilliyin iyirmi dörd ili ərzində çox çətin, ağır, məhrumiyyət və sınaqlarla dolu “məsafə” qət edilib, dəfələrlə müstəqilliyimizin itirilmə təhlükəsi yaranıb. Lakin alternativsiz Heydər Əliyev siyasi kursu, bu kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və balanslaşdırılmış siyasəti hər cür sınaqdan qələbə ilə çıxmağa şərait yaradıb. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan vətəndaşlarının maraq və mənafelərini dövlət siyasətinin mərkəzində saxlamağa nail olub, Azərbaycanı Avropada və bütövlükdə dünyada sivil, ümumbəşəri dəyərlərə sadiq, ən çətin transmilli layihələri reallaşdırmağa qadir, ən məsuliyyətli beynəlxalq tədbirləri yüksək səviyyədə keçirən bir ölkə kimi təqdim edə bilib!
Hər bir ölkədə idmanın inkişaf səviyyəsi, kütləviliyi həmin ölkənin iqtisadi imkanları ilə sıx bağlıdır. Azərbaycan dövlət müstəqilliyi qazandığı ilk illərdə beynəlxalq idman yarışlarında, Avropa və dünya birinciliklərində müstəqil şəkildə iştirak etmək imkanı da qazanmışdı. Buna qədər Azərbaycan idmançıları yalnız SSRİ yığma komandasının üzvü kimi hansısa beynəlxalq yarışlara çıxa bilərdi. SSRİ yığmalarına isə “kişik qardaş” sayılan müttəfiq respublikaların idmançılarının düşməsi bir o qədər də asan deyildi! Ötən əsrin doxsanıncı illərinin əvvəllərində isə dövlətin iqtisadi vəziyyəti elə idi ki, yarışlara dəvət alan idmançıları, komandaları maliyyələşdirə bilmirdi.
Beynəlxalq yarışlarda iştirak hüququ qazanan, Azərbaycan bayrağını yüksəltməyə qadir olan idmançılarımız maliyyə çatışmazlığından kənarda qalırdılar. İndi isə Azərbaycan nəinki idmançı, komanda və heyətin digər üzvlərini yarışlara göndərir, hətta özü ən geniştərkibli və möhtəşəm yarışlar keçirir. Üstəlik, dünyanın bir çox ölkələrinin güclü idmançıları Azərbaycan bayrağı altında çıxış etməyi özləri üçün şərəf sayırlar!
Bu ciddi və prinsipial dəyişikliklər ulu öndər Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra baş vermişdir. Azərbaycanın bütün sahələrdə uğur, nailiyyət və qələbələrinin təməli qoyulmuşdur!

İQTİSADİ SAHƏDƏ:
* “Əsrin müqaviləsi” neft kontraktı imzalanmışdır;
* Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri işə salınmışdır;
* Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə təbii qaz ixracına başlanılmışdır;
* Azərbaycan iqtisadiyyatı on il ərzində 3 dəfədən çox yüksəlmişdir;
* Ölkədə sahibkarlar təbəqəsi formalaşmış, qeyri-neft sektoru sürətli yüksəliş yoluna qədəm qoymuşdur.
SİYASİ SAHƏDƏ:
* Azərbaycan bir sıra mühüm beynəlxalq qurum və təşkilatlara üzv olmuşdur;
* Cənubi Qafqazın ən nüfuzlu, müasir dövlətinə çevrilmişdir;
* Dünya dövlətləri ilə ikitərəfli əməkdaşlığı genişləndirmiş, dünyada söz sahibinə çevrilməyə başlamışdır;
* 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, onun iclaslarına sədrlik etmişdir.
MƏDƏNİYYƏT SAHƏSİNDƏ;
* Avropa dəyərlərinə yiyələnməklə yanaşı, öz qədim mədəniyyəti ilə Avropa mədəniyyətinə töhfələr də vermişdir;
* Novruz bayramı, aşıq sənəti, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Mədəniyyət Qoruğu, tar ifaçılığı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır;
* “Avroviziya” Avropa mahnı yarışmasında qalib gələrək Bakıda onun 57-ci müsabiqəsini yüksək səviyyədə keçirmişdir.
İDMAN SAHƏSİNDƏ:
* Bu gün Azərbaycanda idman sözün həqiqi mənasında kütləvi xarakter almışdır;
* Regionlarda qırxdan çox olimpiya idman kompleksi tikilərək gənclərin ixtiyarına verilmişdir;
* Sonuncu, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan 2 qızıl, 2 gümüş və 6 bürünc medalla dünyada 30-cu, Avropada 15-ci yeri tutmuşdur;
* Artıq Azərbaycan bütün idman növləri üzrə beynəlxalq turnirlərin, Avropa və dünya birinciliklərinin keçirildiyi məkana çevrilmişdir.
Bütün bunlar ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi üçün ilkin şərtlər olmuşdur.
Dövlət başçısı cənab İlham Əliyev “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin yandırılması mərasimindəki çıxışında qəbul edilmiş qərara təsir edən digər amillərdən də söhbət açmışdır. Göstərmişdir ki, ən mühüm səbəblərdən biri idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışı olmuşdur. Habelə son illər Azərbaycanda müasir idman infrastrukturu yaradılmış, Bakı şəhərində yeni idman obyektləri tikilmiş, mövcud olanlar isə əsaslı şəkildə təmir edilərək ən yüksək standartlara uyğunlaşdırılmışdır. Nəqliyyat strukturunun yeniləşməsi, paytaxtda çoxsaylı aparıcı brend hotellərin fəaliyyətə başlaması da mühüm məsələlərdəndir.
I Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin işi, xüsusən onun sədri Mehriban xanım Əliyevanın fəaliyyəti ən yüksək təriflərə layiqdir. Təşkilat Komitəsi başqalarının yeddi ilə görə biləcəyi işi 3 dəfə qısa müddətə - 2,5 ilə, özü də keyfiyyətlə başa çatdırmağa nail olmuşdur!
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında bu məsələyə xüsusi diqqət yetirərək heyrətini gizlətməmişdir: “Mən Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını Prezident İlham Əliyevə və birinci xanıma çatdırmaq istərdim. Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Bu gün Azərbaycanda idmançıları, habelə gələn digər qonaqları qarşılamağa, onları yerləşdirməyə, hər cür rahatlıqlarını təmin etməyə, boş vaxtlarını mənalı keçirməyə, gəzməli, görməli yerlərlə tanış etməyə, Azərbaycan mətbəxinin təamlarından dadmağa imkan verən kifayət qədər təcrübəli mütəxəssis və müxtəlif peşə sahibləri vardır. Azərbaycan xalqının qonaqpərvərliyini də buraya əlavə edəndə ilk Avropa Oyunlarının uğurlu və nümunəvi keçiriləcəyi şübhə doğurmur!
Əlbəttə, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, onun beynəlxalq aləmdə formalaşmış imicinə kölgə salmağa çalışan qüvvələr, antiazərbaycançı şəbəkə də mövcuddur. Son dövrlərdə ölkəmizə qarşı düşmənçilik hərəkətlərinin artması, dünya erməniliyinə xidmət edən bəzi beynəlxalq qurum və təşkilatların Azərbaycanı gözdənsalma kampaniyasını gücləndirməsi nəzərdən qaçırılmamalıdır. Hər bir Azərbaycan vətəndaşının, xüsusən biz jurnalistlərin öz ölkəmizin əsl vətənpərvəri kimi çıxış etməyə, belə hallara qarşı ciddi və qətiyyətli mübarizə aparmağa həmişəkindən qat-qat artıq ehtiyac duyulur. Ölkəmizə gələnlərin heç də hamısı xoş niyyətdə olmayacaq. Ayıq-sayıq olmaq, hər cür təxribatın qarşısını almaq hər birimizin vətəndaşlıq borcudur!
İdman sülhün elçisidir, demişlər!
Azərbaycan sülhsevər, qonaqpərvər xalqdır!
Lakin düşməni yerində oturtmaq, bədxahların vaxtında və təsirli cavabını verməyi də yaxşı bacarırıq!
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi bir şansdır. Bu imkandan hamılıqla istifadə etməli, milli maraqları hər şeydən uca tutmağı bacarmalı və bütün dünyaya sübut etməliyik ki, dostları dost kimi qarşılamaqla bizə göstərilən etimad və etibarı yüksək səviyyədə doğrultmağı bacarırıq!
Hamımız əl-ələ versək, çəkici bir zindana vursaq, idman tarixinin şanlı səhifəsini təşkil edəcək Avropa Oyunlarının ilkini ən yüksək əyarda keçirərək xalqımızın və dövlətimizin imicini bir daha təsdiq edə bilərik!
Azərbaycan öz vətənpərvər övladlarından bunu gözləyir!

Bəxtiyar SADIQOV

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qocalmağa qoymayan NADİR MADDƏ:
Qocalmağa qoymayan NADİR MADDƏ: - alfa lipoikin İNANILMAZ FAYDALARI
Alfa lipoik turşusu 1980-cı illərin sonlarında kəşf edilib. İlk illərdə
Braziliyada nazirlik işçiləri təxliyə edildi
Braziliyada nazirlik işçiləri təxliyə edildi - Bombaya görə
XİA.az-ın məlumatına görə, mülki müdafiə əməkdaşları binanın 9-cu
28 May-Respublika günü Almaniyada qeyd edilib
28 May-Respublika günü Almaniyada qeyd edilib
Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə,
reklam
Naftalanda cəbbəxana aşkarlanıb
Naftalanda cəbbəxana aşkarlanıb
Bununla əlaqədar mayın 24-də Goranboy rayon sakini Adil Süleymanova
14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza
14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza
Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə
Mingəçevir su anbarında bir nəfər batıb
Mingəçevir su anbarında bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə
 
XİA.az - TƏQDİMAT