“O dünya”dan xəbər var - Şahanə Müşfiq yazır

YAXUD “RUHLARLA SÖHBƏT”DƏN SEÇMƏLƏR

“O dünya”dan xəbər var

Nəşrin üzərindəki “Allan Kardekin dünyanı sarsıdan kitabı” ifadəsi 420 səhifəlik “səfər” əsnasında bizi nələrin gözlədiyi ilə bağlı az-çox ipucu verirdi.

Kitabı əlimə aldığım ilk andaca üz qabığındakı təsvir və sözlər qeyri-müəyyən hisslər yaşatmışdı. Elə adı çox şey deyirdi: “Ruhlarla söhbət”. Və üz qabığında yazılan o ürpərdici sözlər: “Ölümdən sonrakı həyat: 1018 sirr”.

lll

Yəqin ki, hər birimiz ömrümüzdə heç olmasa bir dəfə özümüzə səsli və ya səssiz “mən kiməm?”, “necə yaranmışam?”, “bu dünya necə yaranıb?”, “Tanrı varmı?”, “cənnət və cəhənnəm nədir?”, “ölümdən sonrakı həyat varmı?”, “məni gələcəkdə nə gözləyir?”, “əgər öləcəyəmsə, niyə yaşayıram?” - deyə suallar vermişik. Və onu da bilirik ki, dünya yaranandan, insan övladı var olandan bəri bu sualları verən nə ilkik, nə də son olacağıq. Məhz bu suallara cavab axtara-axtara ömrünü başa vuran, bir-birinin nəzəriyyələrini inkar edə-edə bir tək sual ətrafında onlarla, yüzlərlə nəzəriyyələr yaradan, amma yenə də dəqiq cavabları tapa bilməyən neçə-neçə filosoflar, alimlər, din xadimləri, nəzəriyyəçilər yola salıb bu dünya. Onlar da özlərindən sonra “yox, deyəsən, bu deyil”, “yox, yenə də nəsə çatmır” deyəcəyimiz, o “nəsə”ni axtarmaq üçün yenə ən başdan başlayacağımız nəzəriyyələr, teoremlər, fikirlər qoyub gediblər.

Bu suallar içərisində ən çox maraqlandığımız, bizi ən çox narahat edən, bir dəfə deyil, dəfələrlə xəlvətcə öz-özümüzə pıçıldadığımız bir sual var: “Ölüm nədir?” Hərdən düşünürəm, görəsən, biz niyə ölümdən qorxuruq? Lucretiusun sözləri ilə desək, “mən varkən ölüm yoxdur, ölüm varkən mən yoxum, o halda qorxacaq nə var?”

Buna bənzər bir başqa fikri vaxtilə Epikür də söyləmişdi: “Var olduğumuz müddətcə ölüm ortada yoxdur; ölüm gəldiyi anda da biz artıq yoxuq”.

Bu fikirlərə inansaq, əslində, biz ölümdən qorxmalı deyilik. Amma yenə də qorxuruq, çəkinirik, adı gələndə belə vahimələnirik. Bəlkə ona görə ki, onun haqqında heç nə bilmirik? Nə olsun ki, Seneka “Ölüm, bəzən bir cəza, bəzən bir hədiyyə, çox vaxt da bir lütfdür” deyirdi?! Görəsən, öləndə də bu düşüncədə qalmışdımı?!

Ölümün nə olduğunu, insanların niyə öldüyünü, ölərkən nələr baş verdiyini, öldükdən sonra nələr olacağını bilmirik. Tərslikdən neçə milyon illər ərzində “o dünyadan” bircə nəfər də qayıdan olmayıb ki, soruşaq. Yəqin onda daha dəqiq məlumatımız olardı və bəlkə də onda heç ölümdən qorxmazdıq!

lll

İlk abzasda adını çəkdiyim kitab da məhz bundan bəhs edir. Bizi narahat edən o məşhur suallara cavab verir. Ən maraqlısı isə odur ki, bu dəfə suallarımızı cavablayanlar filosoflar, din xadimləri, peyğəmbərlər, materialistlər, idealistlər deyil. Bu dəfə bizimlə söhbət edən, suallarımıza cavab verən, hər şeyi bir-bir danışan dediyim kimi, vaxtilə ölüb getmiş insanlardır. Daha doğrusu, onların ruhları. Onlar da bir zamanlar bizim kimi “ətli-qanlı” insan olublar, yaşayıblar, yaradıblar, bəlkə onlar da bizi maraqlandıran bu suallar ətrafında “baş sındırıblar”, sonra isə ölüblər. Öləndən sonra hər şeyi dərk edib, öyrəniblər və budur, fransız medium Allan Kardek vasitəsilə bizimlə paylaşırlar.

Spiritizm nəzəriyyəsinin fundamental əsəri olan “Ruhlarla söhbət” ilk dəfə 1857-ci il aprelin 18-də Parisdə “Le Livre des Esprits” adı ilə işıq üzü görüb. Məşhur medium Allan Kardekin tərtib etdiyi bu kitabda müəllifin özünün və onun medium həmkarlarının həyatı tərk etmiş insanların ruhlarına verdikləri həyat və ölüm haqqındakı 1000-dən çox sualın cavabları əks olunub. Ruhlarla söhbət nəşr olunduğu gündən indiyədək Fransada, Avropada, eləcə də dünyanın digər ölkələrində müxtəlif nəşriyyatlar tərəfindən, müxtəlif dillərdə, milyonlarla tirajla çap edilib və indi də çap olunmaqdadır. Azərbaycan oxucularına ilk dəfə “TEAS Press” nəşriyyatı vasitəsilə təqdim olunan - bəzi ölkələrdə hətta müqəddəs bir kitab kimi qəbul edilən bu əsəri 1857-ci il Paris nəşrindən Azərbaycan dilinə Şain Sinaria və İlahə Əliyeva tərcümə ediblər.

“Ruhlarla söhbət”in elmi əsər olduğunu və köhnə nəşrdən tərcümə edildiyini nəzərə alsaq, bu işin nə qədər ağır və məsuliyyətli olduğunu anlamaq çətin deyil. Tərcüməçilər bu işin öhdəsindən layiqincə gəliblər.

Nədir Spiritizm?

“Spiritizm həm elmdir, həm də fəlsəfi bir nəzəriyyə... Elm kimi ruhlarla yaradılan əlaqələrdən bəhs edir, fəlsəfi nəzəriyyə kimi isə bu əlaqələr nəticəsində aldığımız mənəvi və əxlaqi tərbiyədən”.

Bu, kitabın üz qabığında müəllifin Spiritizmi təqdimatıdır. Kitabın içərisində isə o, bir neçə yerdə ruhlardan bunu da soruşur. Spiritizmin nə olduğunu bir növ onlardan öyrənməyə çalışır və ruhlar ona belə cavab verirlər:

“Spiritizm hər bir insanın, hər bir xalqın inkişafına, tərəqqisinə böyük təsir göstərir, çünki bizi gələcəkdə nə gözlədiyini sadə dillə izah edir. Spiritizm bir dayaq nöqtəsidir, yolumuzu işıqlandıran bələdçidir. Spiritizm bizə həyatda qarşılaşdığımız çətinlikləri və problemləri səbrlə, şikayətlənmədən dəf etməyə kömək edir, bizi gələcək həyatımızda xoşbəxt olmağa mane olan hərəkətlərdən çəkindirir”.

lll

Kitabda toxunulan mövzu yalnız ölüm deyil. Demək olar ki, insana, dünyaya, insanlığa, həyatımıza aid hər şeyi ruhlar bir-bir, bəzən hətta eyni sualı müxtəlif yerlərdə dəfələrlə cavablayırlar. Onlar insanlara əslində, necə yaşamalı olduqlarını anladırlar. Öyrənirik ki, sən demə:

“Tanrı əqlin, şüurun və dərrakənin ən yüksək formasıdır. Hər şeyin səbəbi və yaradıcıdır”.

“Can bədəndə təcəssüm etmiş ruhdur”.

Yer kürəsindən başqa da dünyalar var. Bəziləri ondan aşağı, bəziləri isə ondan çox yuxarı, ali səviyyədə.

“Mənfi keyfiyyətlərin ən betəri eqoizm, müsbət keyfiyyətlərin isə ən qiymətlisi, ən əzəmətlisi öz şəxsi marağını başqasının xeyri üçün qurban verməkdir”.

Ölüm heç də son deyil. Ruhlar saflaşana, təmizlənənə, paklaşana qədər dünyaya gəlməyə davam edirlər. Doğulmaq onlara həm sınaq, həm də bir növ cəza kimidir. Elə cənnət və cəhənnəm də bu deməkdir.

Bu o deməkdir ki, ruhlar heç də həmişə yaxşı deyillər. Onların da arasında cahili, nadanı, yalançısı, səfehi, pis niyyətlisi, ağıllısı, kamili, safı var. Amma ən sonda bütün ruhlar kamil olacaqlar. Çünki onlar hər daim inkişafa, tərəqqiyə doğru gedirlər. Bəziləri sürətlə, bəziləri isə ləng. Bu da öz seçimləri ilə olan prosesdir.

“Ruhlar kim fikrində onları çağırırsa, həmişə ona baş çəkirlər”.

Ruhunu paklaşdırmaq, ona əbədi dinclik və səadət bəxş etmək istəyən insan ətrafındakılara yalnız və yalnız yaxşılıq etməlidir. Özü də bunu təmənna güdərək, qarşılıq gözləyərək yox, tamamilə ürəyindən gələrək etməlidir. Bizi dəyərləndirən əməllərimiz deyil, niyyətlərimizdir və bu, Tanrıdan heç də gizlin deyil.

Bu öyrəndiklərimizi çox, lap çox uzada, geniş-geniş izahlar verə bilərik. Amma əsl məsələ onu özünüzün oxumağınız, ruhlarla özünüzün “söhbət etməyinizdir” deyə hələlik bunlarla kifayətlənək.

lll

Bu kitabı oxuyan və Spiritizm nəzəriyyəsi ilə yaxından tanış olan hər bir insan onu maraqlandıran suallara nəinki cavab tapacaq, onu ölümdən sonra nələrin gözlədiyini ilk dəfə olaraq bu kitabdan oxuyacaq, həqiqəti məhz ruhların dilindən dinləyəcək, bunun bir növ canlı şahidi olacaq. “Ruhlarla söhbət”-i oxuduqca dərk edirik ki, ölümü başa düşmədən həyatın mənasını anlamaq mümkün deyil, eləcə də həyatı başa düşmədən ölümü anlamaq qeyri-mümkündür.

P.S. Müəllifin bioqrafiyası ilə tanış olarkən “Allan Kardek” imzasını qazanması hadisəsi diqqətimi çəkmişdi. Kitabda baş verənlər kimi, bu maraqlı məlumatı da əsərin özündən oxuyasınız deyə yazıya daxil etməyə bilərdim, əgər bir araşdırma nəticəsində “Kardek” adı ilə bağlı qeyri-adi məlumata rast gəlməsəydim...

...Ruhlarla dialoq seanslarının birində Kardeki qoruyan ruh (qoruyucu mələk) ona çatdırıb ki, o, əvvəlki həyatında insanlara düzgün yol göstərən, kralın yanında baş məsləhətçi kimi işləyən müdrik bir insan olub. Ruh onu da əlavə edib ki, əvvəlki həyatında onun adı Allan Kardek olub. Bundan sonra medium Denizard Hippolit-Leon Rivay olan əsl adını dəyişərək “Allan Kardek” təxəllüsünü götürür və bu ad altında Spiritizmlə bağlı əsərlər çap etdirir.

Bu adla bağlı qeyri-adi məlumat isə odur ki, Türkiyədə Bingöl əfsanələrində kəndin uzaq bir yerində dayanıb heyvan və ya insan cildində insanları çağıran Kardek adlı mənfi bir ruh var. Əfsanəyə görə, ayda, ildə, ya da iki ildə bir dəfə ortaya çıxan bu varlıq insanları adlarıyla çağıraraq uzaqlara aparır. Bu pis ruhun çağırışına gedən insanların əksəriyyəti isə geri dönməyib. Hətta həmin ərazidə bu mənfi xislətli ruhun adı ölümə getmək mənasına gələn “Kardek sənimi çağırdı?” ifadəsində qalmaqdadır.

Varlığına inanılan və Kardek deyə adlandırılan ruhun əslən qorxulan ölümün simvoluna çevrilməsi və Bingöldə bu cür ifadə edilməsi, məncə, önəmli faktordur. Burada əsl qorxulanın ölüm olduğunu, Kardekin isə bunun şəxsləşdirilməsi (cildlənməsi) olduğunu düşünə bilərik. Yaxşı bəs niyə məhz Kardek?!

Bütün hallarda iki Kardek arasında əlaqənin olub-olmamağı, ümumiyyətlə, “Kardek”in nə anlama gəldiyi maraq doğurur. Fransız dilində isə belə bir söz yoxdur, sadəcə soyaddır.

P.S.S. Bu kitabda ruhların cavablarını, söhbətlərini izlədikcə belə qərara gəlmək olur ki, onların da arasında kobud, qaba, tez əsəbləşib özündən çıxan, ya da tez bezən ruhlar var. Ya da Allan Kardek onlara çox suallar verirmiş...

525-ci qezet

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT