Arif Babayev: - “Bizim torpaqdan erməniyə dünyasında güzəşt etmək olmaz!”

Arif Babayev:

“Hər Ağdama gedəndə uzaqdan həsrətlə baxırıq işğaldakı torpaqlarımıza”; “Paşinyan Qarabağda axıra qədər dincələ bilməyəcək, burnundan gələcək”

Noyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər. Muğam Mərkəzi ilə tanışlıqdan sonra prezident və xanımı rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdülər.

Xalq artisti Arif Babayev Musavat.com-a müsahibəsində həmin görüşlə bağlı təəssüratlarından danışdı, həmçinin işğal altındakı torpaqlarımız, həmçinin digər məsələlərlə bağlı suallarımızı cavablandırdı.

-Arif müəllim, ömrünüzü muğam sənətinin yaşamasına, inkişafına həsr etmiş bir insansınız. Yəqin ki, Ağdam Muğam Mərkəzinin istifadəyə verilməsi ilə bağlı xeyli təəssüratlarınız var...

-Həm görüşlə, həm də mədəniyyət ocağı ilə bağlı çox gözəl təəssüratlarım var. Getdik, prezidentlə, Mehriban xanımla görüşdük, ürək sözlərimizi dedik. Bu görüş bizə çox xoş təəssürat bağışladı, çox səmimi söhbətlərimiz oldu. Mehriban xanım tarixi bir adamdır. Onun sayəsində nə qədər işlər görülüb, nə qədər evlər, mədəniyyət ocaqları tikilib. Muğamımıza daim böyük dəyər verir. Halal olsun Mehriban xanıma, cənab prezidentə!

Onu da deyim ki, çox gözəl muğam ocağı tikilib və ağdamlıların ixtiyarına verilib. Belə mədəniyyət ocağı tək-tək olar. Ağdamın bir parçasında belə yüksək səviyyəli işlərin görülməsi çox böyük işdir. Əminəm ki, qısa müddətdə işğal altındakı torpaqlarımızı da geri qaytara bilərlər. Amma istəyirlər ki, sülhlə olsun, qan tökülməsin. Bizim də arzumuz budur ki, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və o mədəniyyət sarayından biri də Ağdamın mərkəzində tikiləcək. Allah qoysa, qismət olar. Bu qədər çalışmalarla, hazırlıqlarla, inşallah, o günü görərik.

-Bu günlərdə sizin bir fikrinizi oxuduq. Demişdiniz, Qarabağın işğaldan azad olunmasını görmək istəyirəm...

-Əlbəttə. Görmək istəyirəm yox e... Qarabağın azad olunması üçün bərk darıxıram. Doğulduğum yerdir də. Sarhacılı kəndində doğulmuşam, orda böyümüşəm, tərbiyə almışam. Gözəl bir kənddir, gözəl sular var orda.

-Mədəniyyət ocağının açılışına gedərkən təmas xəttinə də baş çəkdinizmi?

-Yox. Mən bir dəfə Lələtəpəyə getmişəm. Ayağım da ağrıyırdı, zülmlə o yüksəkliyə çıxdım, işğaldakı ərazilərimizə baxdım. Bəzi yerlərdə erməni hərbçilərlə bizim aramızda məsafə çox yaxındır. Hər Ağdama gedəndə uzaqdan həsrətlə baxırıq işğaldakı torpaqlarımıza. Amma bizi çox yaxına qoymur hərbçilər, buraxsalar, adam daha da irəli gedər.

-Arif müəllim, Ermənistanın hazırkı rəhbərliyinin davranışlarını müşahidə edirsinizmi?

- O saqqallı kişini deyirsiniz?

-Bəli.

- Mən siyasətçi deyiləm. Amma fikir verirəm ki, onun getdiyi yol yaxşı yol deyil. Belə getsə, onlar özləri məhv olacaqlar. “Tula itdən murdar” məsələsi... Bir ayrısı çıxacaq ortaya. Amma mən əminəm ki, torpaqlarımıza gedəcəyik. Mən bilmirəm gedərəm-getmərəm, amma sizin kimi cavanlarımız gedəcək ora. Buna inanıram.

-Allah sizə də uzun ömür versin və böyük qələbəmizə şahidlik edəsiniz!

-Çox sağ olun!

-Arif müəllim sizin tələbəniz, xalq artisti Mənsum İbrahimov deyirdi ki, darıxanda Ağdamın dördyoluna gedirəm, ordan o tərəflərə baxıb qayıdıram. Siz darıxanda hansı ünvana gedirsiniz?

-İndi Ağdamın mərkəzi Quzanlıdadır, ora gedirik. Ağdamın mərkəzi ilə 12-14 km-lik məsafə var. Ordan o tərəflərə boylanıb baxırıq. Başqa neyləyək?

-Yəqin xəbəriniz var, ermənilər Ağdama “Tiqranakert” deyirlər. Qazıntılar aparırlar, iddia edirlər ki, bu torpaqlar onlara məxsusdur...

- Qazmaqla, araşdırmaqla deyil ki. Bura nə qədər erməni dığalarının adlarını qoysalar da, fərq etməz. Gec-tezi var. Ya da Ermənistan ordusu tez-tez Ağdamda hərbi təlimlər keçirir. Amma bir gün gələcək bütün bu haqsızlıqlara son verəcəyik. Bizim güclü ordumuz, güclü silahlarımız var. Sadəcə istəyirik ki, ölüm-itim olmasın. Əgər düşmən bunu başa düşməyəcəksə, ayrı çıxış yolu qalmayacaq.

-Ermənistan tərəf iddia edir ki, Qarabağ məsələsi qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır. Bu torpaqlardan ermənilərə güzəşt etmək olarmı?

-Qəti şəkildə! Bizim torpaqdan erməniyə dünyasında güzəşt etmək olmaz! Qarabağın hər qarışı bizim üçün müqəddəsdir. Mən şəxsən bir qarabağlı, Qarabağ oğlu kimi istəyirəm ki, öz torpağımıza qayıdaq. Digər tərəfdən, ermənilərin nə deməsindən asılı olmayaraq, heç prezident onların hansısa şərtlərini qəbul etmir, etməyəcək də.

- ATƏT-in Minsk Qrupunun həmsədrlərindən nə gözləyirsiniz?

-Onlar gəlib-gedirlər, yeyib-içib gəzirlər.

-Paşinyan da məzuniyyətini Qarabağda keçirir, torpaqlarımızda dincəlir...

-Haram xoşu olsun! Amma Qarabağda axıra qədər dincələ bilməyəcək, onun burnundan gələcək. Sağlıq olsun!

- Arif müəllim, “Qarabağ” futbol klubunun oyunlarını izləyirsinizmi?

-Oyunlara baxıram, izləyirəm. Amma düzü, futbolun dərinliyinə getmirəm. Bircə görəydim ki, “Qarabağ” komandası bütün dünya oyunlarında oynayır, çempion olub. İnşallah o da olar!

Elşad PAŞASOY,
Musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT