Sosial şəbəkələrdə azyaşlılar arasında koksaki adlı virusun yayılması barədə xəbərlər gündəm olub.
Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir.
Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır.
Səpkilərə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.
Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, koksaki adlı virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:
“Hələlik bu virusla bağlı müraciət edənlər olmayıb”.
Qeyd edək ki, bu virus, adətən, hər hansı müdaxilə olmadan 7-10 günə keçir. Lakin xüsusilə uşaqlarda letal sonluqla (ölüm - red.) nəticələnən hallara da rast gəlinir.
Koksaki virusu (lat. Coxsackievirus) - mədə-bağırsaq yolunda çoxalan enteroviruslardan ibarət RNT serotipləridir. Virus aseptik meningitin meydana gəlməsinin əsas səbəblərindən hesab olunur. Manifestli və ya inapparant infeksiyanın başa çatmasından sonra möhkəm tipospesifik immunitet formalaşır.