Sudan quru çıxa bilməyən hərbi caninin aqibəti

Sudan quru çıxa bilməyən hərbi caninin aqibəti
Öz poqon yoldaşlarının devirdiyi prezident ev dustağı edildi – Haaqa onun yolunu gözləyir

Onu dünyanın bir çox qüdrətli dövlətlərində hərbi cani, qanlı qatil hesab edirlər. Çünki rəhbərlik etdiyi Sudan ikiyə parçalananda o, separatçılara qarşı həddən artıq amansızlıq edib, minlərlə dinc insanın ölümünə fərman verib.

Bu üzdən Sudan prezidenti Ömər əl-Bəşir dünyanın əksər ölkələrində “arzuedilməz şəxs” idi. O, xarici səfərlərə nadi hallarda çıxır, yalnız ən yaxın müttəfiqlərinə baş çəkirdi. Öz ölkəsində isə o, hakimi-mütləq idi, ordu tam olaraq onun nəzarətindəydi.
Bu gün Sudan ordusunun zabitləri Ömər əl-Bəşiri deviriblər.

Ömər Həsən Əhmər əl-Bəşir 1944-cü ildə kəndli ailəsində dünyaya gəlib. Sudan Britaniya və Misir müstəmləkəçiliyindən azad olanda, o yeniyetmə olub. 16 yaşındaykən ordu sıralarına yazılıb, Hartum və Qahirədə təhsil alıb. 1973-cü ildə Misir ordusunun tərəfində İsrailə qarşı döyüşüb. Beləcə, onun hərbi karyerası yüksələn xətt üzrə davam edib.

Daha sonra o, ölkənin cənubunda ordu komandanı olub, üsyançı qüvvələrlə mübarizəyə rəhbərlik edib.

1967-69-cu illərdə Sudan ordusunun Qərb komandanlığında çalışan əl-Bəşir 1969-87-ci illər arasında Sudan hərbi hava qüvvələrində xidmət edib. 1987-ci ildə hərbi birləşməyə komandir təyin edilən əl-Bəşir bu vəzifədə 1989-cu ilə qədər qalıb. Ömər əl-Bəşir öz adını dünyaya ilk dəfə 1989-cu il Sudan inqilabı zamanı tanıdıb.

1989-cu il iyun ayının 30-da Ömər əl-Bəşir Demokrat partiyasının hökumətini hərbi çevrilş edərək devirib və hakimiyyətə gəlib. 1989-cu ildən 1993-cü ilin oktyabrına qədər o, Milli Xilasetmə İnqilabı Komandanlıq Şurasının sədri olub.

İnqilabın əsas simalarından biri hakim Milli Konqres paertiyasının sədri Həsən əl-Turabi (1932-2016) olsa da, dörd il sonra əl-Bəşir onu aşırıb, özünü prezident elan edib. Sələfini həbs etdirən əl-Bəşir daha sonra onu azadlığa buraxdırıb. Amma sabiq prezident türmədən, bizə tanış jarqonla desək, “sınmış” və iddiasız çıxıb.

Ömər əl-Bəşir dünənə qədər özünü siyasətçi kimi yox, hərbi lider kimi aparıb. Əksər diktatorlar kimi, o da öz mövqeyini ölkədəki mübahisələri radikal yollarla (“Qordi düyünü”nü kəsmək dəstiri) həll edərək, hər şeyi öz total nəzarəti altına alaraq möhkəmlədib. Beləcə, onun avtoritar liderliyi 30 ilə yaxındır ki, davam edirdi.

Ancaq heç nə əbədi olmadığı kimi, insan və hakimiyyət də əbədi deyil. Zor gücünə hakimiyyətdə qalmağın yaxşı alınan və alınmayan dönəmləri olur. İctimaiyyətin, tərəfdarların gözləntiləri uzun müddət doğrulmayanda onlar istər-istəməz “tək adam”ı öz uğursuzluqlarının başlıca səbəbi kimi görür və ona qarşı çıxırlar.

Ömər əl-Bəşirin öz hərbçi həmkarları tərəfindən devrilməsi bunun əyani sübutudur. O, özü hərbçidir və hərbçi olmasıyla fəxr edir, üstəlik, idarəetmə üsulundan daima hərbçilərə güvənirdi, bir növ hərbi diktatura qurmuşdu. Amma onu məhz hərbçilər hakimiyyətdən uzaqlaşdırdı.

Onun hakimiyyəti Sudan tarixində ən uzun hakimiyyət olsa da, belə anlaşılır ki, o da sona çatdı.

İndi Ömər Əl Bəşirin mühakimə olunması dönəmi başlayır. Əgər prezidenti devirən hərbçilər ondan yaxa qurtarmaq, eyni zamanda beynəlxalq birliyi təqdirini, qüdrətli dövlətlərin rəğbətini qazanmaq istəyirlərsə, onu yaxalayaraq, Haaqa tribunalına verməlidirlər.

Çünki o, ölkəsinin Darfur bölgəsində hərbi cinayətlər törətməkdə, antibəşəri suçlar işlətməkdə ittiham olunur. Konkret olaraq onu Darfurda kütləvi qırğın tərətməkdə, əsirlərə, girovlara amansız işgəncələr verdirməkdə və etnik təmizləmə siyasəti yeritməkdə suçlayıblar.

Onun haqqında qiyabi olaraq həbs qərarı verilib. Beynəlxalq Haaqa Tribunalının qərarıyla o, düz on ildir ki, beynəlxalq axtarışdadır.

İndi o, ev dustağı edilib. Ancaq Ömər əl-Bəşirin beynəlxalq məhkəməyə verilib-verilməyəcəyini indidən demək mümkün deyil. Nə də olmasa, adam qiyamçı hərbçilərin poqon yoldaşıdır.

O vaxt beynəlxalq məhkəmə president haqqında həbs qərarı verəndə Sudanın paytaxtı Hartumda minlərlə insan mitinq keçirərək, qərara etiraz edirdi.

Bu gün isə Hartumda mitinqə çıxan yoxdur. Çünki paytaxtın küçə və meydanları hərbi texnika və hərbçilərlə doludur.

Beləliklə, daha bir əli qanlı diktatorun sonu gəlmiş kimi görünür. Onun aqibəti Serbiya prezidenti Miloşeviçinki kimi olsa, çox ibrətamiz olar.


Xalid KAZIMLI

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT