Səlim Müslümov görülən işlər barədə danışdı

Səlim Müslümov görülən işlər barədə danışdı

Prezident cənab İlham Əliyevin mükəmməl islahatlar paketi sosial müdafiə sistemində əhatəliliyin və səmərəliliyin artırılmasına, ünvanlılıq və şəffaflığın təminatına əsas yaradıb

Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri iqtisad elmləri doktoru, professor Səlim Müslümov dekabrın 22-də Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.

- Səlim müəllim, ölkəmizin ümumi inkişafı kontekstində sosial cəhətdən həssas əhali kateqoriyalarının etibarlı sosial müdafiə sistemi ilə əhatə olunması necə təşkil edilib?

- Dövlət müstəqilliyinin bərpasının artıq 25 illiyini qeyd edən Azərbaycanda hələ ötən əsrin 90-cı illərindən başlayaraq Ümummillli liderimiz Heydər Əliyev tərəfindən ölkənin təbii resurslarının güclü elmi və siyasi, institisional əsaslar üzərində mükəmməl şəkildə səfərbər olunmasına əsaslanan özünəməxsus inkişaf modeli formalaşdırılıb. İqtisadi artımın ilk növbədə sosial problemlərin həllinə və etibarlı sosial müdafiə sisteminin qurulmasına yönəldilməsi bu modelin əsas komponentləri sırasında yer alıb.

2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyevin mükəmməl islahatlar kursu respublikanın iqtisadi potensialının gücləndirilməsində sürətli inkişaf mərhələsini şərtləndirməklə bərabər, yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına, sosial firavanlığın təminatına doğru mühüm addımların atılmasına zəmin yaradıb. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”, deyə bəyan edən Prezident cənab İlham Əliyevin bu tezisin uğurla gerçəkləşdirilməsi üçün qəbul etdiyi qərarlar son 13 ildə iqtisadiyyatın 3,4 dəfə, qeyri-neft sektorunun 8 dəfədən çox, bu ilin 10 ayında isə 3,4 faiz artdığı Azərbaycanda ümumi inkişafın sosial rifah amilini də uğurla əhatə etməsi ilə nəticələnmişdir. Həmin dövrdə əhalinin gəlirləri 7 dəfə, cari ilin yanvar-sentyabr aylarında 8,7 faiz artmış gəlirlərin orta illik artım sürəti iqtisadi artım sürətindən orta hesabla 8,3 faiz yüksək olmuşdur.

Adambaşına düşən gəlirlərin ildən-ilə artım tendensiyası da davam etmiş və cari ilin 10 ayında bu artım 7,5 faiz təşkil etmişdir. 2003-cü ildən etibarən 1,1 milyonu daimi olan, əksər hissəsi regionların payına düşən 1,6 milyondan artıq iş yerinin yaradılması, minimum əməkhaqqının 11,7 dəfə çoxalması, bir nəfərə düşən orta aylıq əməkhaqqının 6,3 dəfə, 2016-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 490,5 manata çatması sosial rifah səviyyəsinin artımında mühüm rola malik olmuşdur.

Azərbaycan 2000-ci ildə, yəni xeyli gənc bir respublika olduğu dövrdə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulmasına baxmayaraq, qısa müddətdə bu Məqsədlərin reallaşmasında mühüm uğurlara nail olub. Bu uğurlar sırasında məqsədyönlü dövlət proqramları, kompleks tədbirlər nəticəsində yoxsulluq səviyyəsinin 5 faiz səviyyəsinə qədər azalması xüsusi vurğulanmalıdır. Ölkəmizin həmin Məqsədlərin reallaşmasında, yoxsulluğun azaldılmasında müsbət təcrübəsi nəzərə alınmaqla Azərbaycan bu mötəbər qurumun 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində fəal iştirak edir. Eyni zamanda bu gün Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatı baxımından «yuxarı orta gəlirli» ölkələr qrupunda, BMT İnkişaf proqramının hesabatında isə «yüksək insan inkişafı» ölkələri qrupundadır. Digər tərəfdən, son 13 il ərzində ölkəmizdə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib və təmir edilib, 90-dan çox yeni qəsəbə salınmaqla 250 mindən çox məcburi köçkün mənzillə təmin olunub. Respublikada savadlılıq 100 faiz səviyyəsindədir. Ötən il BMT İnkişaf Proqramının hazırladığı “İnsan inkişafı naminə əmək” adlı məruzədə də insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına Azərbaycan da daxil edilib.

Prezident cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də ölkənin ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Bu amili son illərin dövlət büdcəsinə nəzər salarkən aydın şəkildə görmək olar. Belə ki, dövlət büdcəsindən sosialyönümlü xərclərə 2014-cü ildə əvvəlki illə müqayisədə 9,9 faiz, 2015-ci ildə 2014-cü illə müqayisədə 3,4 faiz çox vəsait ayrılıb. 2016-cı ilin 9 ayında isə sosialyönümlü xərclərə ayrılan vəsait 2015-ci ilin eyni dövrünə nisbətən 9,9 faiz çox olub.

Dövlət başçısının uğurlu islahatlar strategiyası qlobal miqyasdakı iqtisadi kataklizmlərin ölkəmizə təsirlərini minimallaşdırmaqla yanaşı, sosial proqramların uğurla davam etdirilməsinə, sosial müdafiənin daha da gücləndirilməsinə zəmin yaradıb. Qeyd olunan proqramlardan biri kimi, müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri uğurla davam etdirilir. 2014-2015-ci illərdə və cari ilin ötən dövründə 845 nəfər əlil və şəhid ailəsi, o cümlədən 713 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi, 132 nəfər gözdən əlil müasir tələblərə uyğun səviyyədə inşa olunmuş yeni mənzillərlə təmin olunub. Ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 5,5 minədək əlil və şəhid ailəsinə yeni mənzil verilib ki, onlardan 5015 nəfəri Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, qalanları İkinci Dünya müharibəsi və Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli Sərəncamları ilə 2014-2015-ci illərdə və cari ilin ötən dövründə 2063 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs “Naz-LİFAN” markalı minik avtomobili ilə təmin edilib. Bu vaxta qədər ölkəmizdə dövlət tərəfindən 5,9 min nəfər bu təbəqədən olan şəxsə minik avtomobili təqdim olunub.

Ötən dövrdə möhtərəm dövlət başçısı tərəfindən ardıcıl olaraq imzalanan fərman və sərəncamlar, dövlət proqramları sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılması yönündə mühüm addımların atılmasına şərait yaradıb. 2003-cü ildən etibarən dövlət sosial müavinətlərinin orta aylıq məbləği 3 dəfəyə yaxın, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin məbləği 2,6 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği 2,2 dəfə artırılıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan əmək pensiyalarının orta aylıq məbləğində 2003-2015-ci illərdə 10,3 dəfədən çox, 2016-cı ilin 10 ayında 2016-cı ilin əvvəlinə nisbətən 7,6 faiz artım qeydə alınıb.

“Bazar iqtisadiyyatı Azərbaycanda uğurla inkişaf edir. Ancaq islahatları apararkən biz hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq”- deyə bəyan edən Prezident cənab İlham Əliyev tərəfindən təkcə cari ildə imzalanan 30-dək Fərman və Sərəncamla əmək haqları, pensiya, təqaüd və müavinətləri, ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn sosial ödənişlər növbəti dəfə artırılıb, bu məqsədlərə il ərzində 600 milyon manatdan artıq vəsait yönəldilib. Beləliklə, əhalinin postenerji dövrü üçün xarakterik olan yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən kompensasiyası təmin edilib.

Bu gün Prezident cənab İlham Əliyevin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələrdən biri həmin sistemin əhatəliliyinin maksimum dərəcədə artırılmasıdır. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506, 1 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanlara həmin sosial ödənişlər şəklində hazırda aylıq olaraq 316 milyon manat vəsait ödənilir.

Son illərdə cənab Prezidentin imzaladığı müvafiq sənədlərə əsasən, aylıq sosial müavinət alanların sırasına beşdən çox uşağı olan ailələrdəki uşaqlar, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edilənlərin sırasına isə əmək pensiyası almaq hüququ olmayan birinci qrup əlillər, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş şəxslər və Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvləri də daxil edilib. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin övladlarının təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanılıb. Bu tədbirlər də sosial müdafiə sisteminin əhatə dairəsini daha da genişləndirib.

Dünya Bankının mütəxəssislər qrupu Azərbaycanın sosial müdafiə sistemini geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən bir sistem kimi qiymətləndirib. Bu, sosial müdafiə sisteminin əhatəliliyi baxımından dünya üzrə müsbət göstəricilərdən sayılır, ancaq biz qalan 9,9 faizlik hissənin də sosial müdafiəsini təmin etmək üçün müvafiq tədbirləri görəcəyik. Dünya Bankının mütəxəssislər qrupunun qənaətinə görə, ölkəmizdə mövcüd pensiya və müavinətlər, sosial yardımlar həmin əhali qruplarının gəlirlərinin artırılmasında əhəmiyyətli rol oynayır.

Azərbaycanda sosial müdafiənin tərkib hissələri kimi, hər biri ayrılıqda müvafiq qanunlar əsasında mövcud olmaqla sığorta-pensiya sistemi, bu sistemdə iştirak imkanı olmayanlar üçün dövlət sosial müavinət sistemi, digər tərəfdən işsizlik problemi ilə üzləşənlər üçün işsizliyə görə müavinət sistemi, sonra isə bunları tamamlayan, özlərindən asılı olmayan səbəblərdən yoxsulluq səviyyəsində olan ailələr üçün ünvanlı dövlət sosial yardımı sistemi fəaliyyət göstərir. Bununla yanaşı, nazirliyin xətti ilə müxtəlif kateqoriyalardan (müharibə əlilləri və onlara bərabər tutulanlar, şəhid ailələri, I qrup əlillər, fəxri adı olanlar və b.) olan 57,2 min insana Azərbaycan Prezidentinin aylıq təqaüdləri ödənilir ki, onların 95 faizdən çoxu eyni zamanda pensiya və ya sosial müavinət sistemi ilə əhatə olunublar. Misal olaraq, 20,3 mindən çox I qrup əlil şəxsə aylıq sosial müavinətlə bərabər, Azərbaycan Prezidentinin aylıq təqaüdləri də verilir. Yəni bir tərəfdən sistemin əhatəliliyi təmin edilir, digər tərəfdən ayrı-ayrı kateqoriyadan olan şəxslərin eyni vaxtda iki istiqamətdə dəstəklənməsi həyata keçirilir ki, bu da həmin insanların təminat səviyyələrinin yaxşılaşdırılmasına xidmət edir.

Sosial müdafiə sisteminin digər bir komponenti olan sosial xidmətlərin əhatə dairəsi də genişlənib. Bu gün dövlət sosial sifarişləri əsasında 2 mindən çox şəxsə yönələn sosial xidmətlər sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsləri, çətin həyat şəraitində olan uşaqları və onların ailələrini də əhatə edir. Həmin şəxslərdən, tənha ahıl və əlil vətəndaşlardan ibarət 15 minədək şəxs stasionar və səyyar formada bu xidmətlərlə təmin olunur. Qarşıdakı dövrdə sosial xidmətlərin əhalinin həmin xidmətlərə ehtiyac duyan digər həssas kateqoriyalara da şamil edilməklə əhatəliliyinin daha da artırılması üçün müvafiq işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhalinin sosial müdafiəsinin bütün istiqamətləri üzrə maliyyə təminatı normal səviyyədə həyata keçirilir. Cari ilin 11 ayında Fondun büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 235 mln. manat artaraq 2,9 mlrd. manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz və ya 103 mln. manat artmaqla 1,7 mlrd. manat olub. Müsbət məqamlardan biri kimi, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edib. Cari ilin yanvar-noyabr aylarında bu sektordan daxilolmalar sosial sığorta haqlarının 64 faizini və ya 1087 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz və 54,5 mln. manat çoxdur. Daxilolmaların səviyyəsinin mütəmadi artımı Fondun xərclərinin 98,2 faizini təşkil edən pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə şərait yaradıb.

2016-cı ilin 11 ayında Fondun büdcəsindən əmək pensiyaları üzrə xərclərə əvvəlki ilin müvafiq dövrünə nisbətən 216 mln. manat və ya 8,4 faiz çox vəsait yönəldilib. Sosial sığorta müavinətləri üzrə ödənişlərin məbləği isə 15 mln. manat artaraq 82 mln. manata çatıb.

- Növbəti ildə də sosial müdafiə sisteminə büdcə vəsaitlərinin yönəldilməsində artımlar nəzərdə tutulurmu? Həmin sistem üzrə maliyyələşməni təmin edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri üzrə gələn il üçün hansı gözləntilər var?

- Hazırda dünya iqtisadiyyatında gərginliklərin, çətinliklərin davam etməsinə, dövlətlərin öz büdcə vəsaitlərində, əsasən də sosial sahəyə vəsait ayırmalarında sərt qənaət rejimlərinə keçmələrinə baxmayaraq, Azərbaycan iqtidarının əhalinin sosial müdafiəsinə dövlət qayğısının ildən-ilə artırılması ilə bağlı siyasəti dəyişməz olaraq qalır. “Biz sosial siyasətimizi bu gün də uğurla həyata keçiririk. Sosial siyasət bizim əsas istiqamətimizdir”- deyə vurğulayan Prezident cənab İlham Əliyev sosial məsələlərin həllinin bundan sonra da prioritet olacağını, ehtiyac meyarının artırılacağını, sosial proqramların gələn il də artıqlaması ilə icra ediləcəyini bəyan edib. Təbii ki, bu bəyanat növbəti ilin dövlət büdcəsi layihəsində də öz real təsdiqini tapır. 2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verməsinə, bir çox sahələr üzrə xərclərin ixtisarına baxmayaraq, əvvəlki illərdə olduğu kimi, gələn il də büdcənin sosialyönümlü olması təmin ediləcək. Bu sahələr üzrə xərclər artırılacaq.

Ümumilikdə 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizi məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulub ki, bu da sosial sahənin, o cümlədən sosial müdafiənin təmin edilməsinin ölkə iqtidarının daim diqqət mərkəzində olduğunu təsdiq edir.

Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcə layihəsi son illərin sosial-iqtisadi göstəriciləri, Fondun büdcəsinin 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə icra nəticələri ilə bərabər, növbəti ilin demoqrafik inkişaf trendləri, məşğulluq və sığorta-pensiya sisteminin əsas parametrləri üzrə proqnozlar əsasında hazırlanıb. Belə ki, gələn il doğulanların sayının 159 min nəfər, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaş (qadınlar üzrə 77,6 yaş, kişilər üzrə 72,7 yaş) olacağı, 15-64 yaşadək, yəni əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 71,3 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2 faizini təşkil edəcəyi gözlənilir. İqtisadiyyatda məşğul olanların orta illik sayının 4741,0 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1520 min nəfər və ya məşğul əhalinin 32,1 faizi qədər olacağı, bir işçiyə hesablanmış orta aylıq əmək haqqının ilin əvvəlinə nisbətən 3,7 faiz artaraq 508,4 manata çatacağı proqnozlaşdırılır. 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən cıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının cari ilin orta illik gözlənilən sayından 16 min nəfər çox, yəni 1 milyon 324 min nəfərə çatacağını göstərir.

Növbəti il üçün Fondun büdcəsinin xərcləri cari ilin icra göstəricisinə nisbətən 248 mln. manat və ya 8 faiz çox olmaqla 3,4 mlrd. manat həcmində gözlənilir. Həmin vəsait hesabına əmək pensiyaları üzrə xərclərin 229 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərin 5,6 milyon manat, digər xərclərin isə 13,4 milyon manat artacağı gözlənilir. 2017-ci ildə Fondun xərclərinin 97,6 faizinin, yəni 3318 mln. manatın məhz əhaliyə ödənişlərə yönəldilməsi proqnozlaşdırılır ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisindən 234 mln. manat və ya 7,6 faiz çoxdur.

Əhaliyə ödənişlərin məbləği əmək pensiyaları və sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərdən ibarətdir. Əmək pensiyalarının ödənişi xərclərinin əhaliyə ödənişlərin 97 faizini təşkil edərək, 2016-cı ilin gözlənilən icra göstəricisindən 7,7 faiz çox, yəni 3214 mln. manat həcmində olacağı nəzərdə tutulur. Gələn il də əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi təmin olunacaq və bu məqsədlə 127 mln. manat vəsaitin sərf olunacağı gözlənilir. Ümumilikdə pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində pensiyalarda mütəmadi artım dinamikası 2017-ci ildə də davam edəcək və növbəti ildə əmək pensiyalarının orta aylıq məbləğinin 5,8 faiz artaraq 202,3 manata çatacağı proqnozlaşdırılır.

Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə görə 5,6 mln. manat və ya 5,7 faiz çoxdur. Sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərdə artımın səbəbləri ölkə üzrə orta aylıq əmək haqqı məbləğində proqnozlaşdırılan artım, bu müavinətlər üçün müraciət sahəsində tətbiq olunan elektron xidmətlərdən istifadənin çoxalması və s. ilə bağlıdır. Göründüyü kimi, gələn il büdcədə sosial müdafiə sisteminin istiqamətləri üzrə xərclərin artırılması təmin ediləcək.

Onu da qeyd edim ki, 2017-ci ildə digər xərclər 81,8 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2016-cı ilin büdcə göstəricisinə nisbətən 19,6 faiz və ya 13,4 mln. manat çoxdur. Bu sahədə xərc artımı əsasən Fondun aparatının saxlanması istiqamətində proqnozlaşdırılıb. Fondun aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2017-cı il üçün 40 mln. manat məbləğində nəzərdə tutulur. Bu xərc maddəsi üzrə 13 mln manat artım Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi və Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi üzrə aparılmış struktur dəyişiklikləri nəticəsində Fondun fəaliyyət sferasının genişlənməsi və işçi sayının əhəmiyyətli şəkildə artması ilə əlaqədardır. Qeyd edilən struktur dəyişiklikləri nəticəsində Fondun ştat vahidlərinin sayı 3037 nəfərdən 4916 nəfərə, illik əmək haqqı fondu isə 21,7 mln.manatdan 29,6 mln.manata yüksəlib. Bununla belə, ləğv olunmuş Dövlət Sosial Təminat Xidmətinin illik saxlanma xərci 17,2 mln. manat idi və göründüyü kimi, bu islahat tədbiri nəticəsində 4,2 mln.manat vəsaitə qənaət edilib.

- Səlim müəllim, qeyd olunan xərclərin artımı müqabilində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində də artım gözlənilirmi?

- Təbii ki, gələn il üçün sosial müdafə sahəsi üçün nəzərdə tutulan artımlar Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımından qaynaqlanmalıdır. Bununla əlaqədar qeyd edim ki, Fondun 2017-ci il üçün gəlirlərinin 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 8,6 faiz yuxarı, yəni 3,4 mlrd. manat olacağı proqnozlaşdırılır. Bu gəlirlərə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, sair gəlirlər və dövlət büdcəsindən ayırmalar daxildir.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda artım dinamikasının növbəti ildə də davam etməsi gözlənilir. Fondun 2017-ci il üçün gəlirlərinin 62,5 faizinin, yəni 2125 mln. manatının məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Bu göstərici 2016-cı ilin gözlənilən icra rəqəmi ilə müqayisədə 13 faiz, yəni 245 mln. manat çoxdur. Eyni zamanda, gələn il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,2 faizinin və ya 1,3 mlrd. manatının qeyri-büdcə təşkilatlarından daxil olması gözlənilir ki, bu da cari ildə proqnozlaşdırılan daxilolmalardan 10,2 faiz çoxdur.

Dövlət büdcəsindən ayırmalar, yəni transfert olunacaq vəsait növbəti ildə 2016-cı ilin büdcə göstəricisi ilə müqayisədə 24 mln.manat və ya 1,9 faiz artaraq 1270 mln. manat təşkil edəcək. Bu vəsaitin gələn il Fondun proqnozlaşdırılan xərcinin 37,4 faizinin, yəni cari ildəkindən 0,3 faiz bəndi az hissəsinin maliyyələşməsinə yönəldilməsi nəzərdə tutulur. Qeyd edim ki, pensiya xərclərinin 1992-ci ilin 1 yanvarından əvvəlki dövrə aid hissəsi, eləcə də əmək pensiyasına əlavələrin formalaşdırdığı dövlət öhdəliklərinin məbləği 2017-ci ildə 1417,6 mln.manat təşkil edəcək ki, onun 1270 mln. manatı həmin transfert hesabına, qalan 147,6 mln. manatı isə sosial sığorta haqlarının hesabına maliyyələşdiriləcəkdir.

- Nazirlik əmək və sosial müdafə sisteminin elektron əsaslar üzərində infrastrukturunu formalaşdırıb. Bu elektron sistemlər, xüsusən də avtomatlaşdırılmış sosial yardım sistemi müvafiq sahələrdə şəffaflıığın təmin olunmasında gözlənilən nəticələri verirmi?

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial müdafiə sistemində şəffaflığın tam təmin olunması barədə tapşırığının yüksək səviyyədə icrası bizim fəaliyyətimizin ana xəttini təşkil edir. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqavilələrinin elektron qeydiyyat sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, avtomatlaşdırılmış pensiya təyinatı sistemi formalaşdırılıb. Bu sistemlər əmək və sosial müdafiə sahələrində idarəetmə mexanizmlərinin müasir texnologiyalar əsasında təkmilləşməsinə səbəb olmaqla bərabər, sosial müdafiə sistemində ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasına, digər tərəfdən əhalinin həssas kateqoriyalarına yönələn vəsaitlərin istifadəsində səmərəliliyin artırılmasına imkan verib.

Təsəvvür edin ki, əvvəllər ailələri təmsil edən insanlar ünvanlı dövlət sosial yardımının alınması üçün ayrı-ayrı qurumlardan 13-14 sənəd toplamalı və sonra əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşlarına müraciət etməli olurdular və yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu da birbaşa məmurun iradəsindən asılı idi. Yəni məmur kimə yardım təyin edib-etməməsində seçim imkanına malik idi və bu da yardımların təyinatında subyektiv yanaşmalara, vətəndaşın məmurdan asılılığına yol açırdı. Belə şəraitdə şəffaflığın təminatı, vəsaitlərin ünvanlı şəkildə, səmərəli istifadəsi də mümkün ola bilməzdi və yalnız sistemi tam elektronlaşdırılmaqla bu sahədə məmur-vətəndaş kontaktlarını tam aradan qaldırmaq və şəffaf yardım təyinatlarına nail olmaq mümkün ola bilərdi.

Ona görə də mükəmməl proqram təminatları əsasında cari ilin 2016-cı ilin 15 fevralından dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanıldı və dövlət sosial yardım sisteminin bütün prosedurlarının avtomatlaşdırılmış rejimdə həyata keçirilməsi təmin edildi. Bu gün hər hansı şəxsin ailəsinin bu yardımı alması üçün hansısa sənədləri toplamasına ehtiyac yoxdur, o, internet bağlantısı olan istənilən nöqtədən, kompüterlər, mobil telefonlar və s. vasitəsilə “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edir, orada “Ərizə-bəyannamə”də ailə tərkibi, gəlirləri, əmlakı barədə məlumatları və əks əlaqə vasitələrini qeyd edir. Elektron müraciət etməkdə hər hansı çətinliyi olanlara isə alternativ variant kimi poçt şöbələrində də bunun üçün elektron qaydada müraciət etmək imkanı yaradılıb. Hər bir müraciətə 15 iş günü ərzində baxılır. Daxil edilmiş məlumatların çoxlu sayda qurumun elektron informasiya ehtiyatlarına inteqrasiya şəraitində yoxlanılması həyata keçirilir, ailəyə yardım təyin olunub-olunmaması barədə avtomatik şəraitdə qərar qəbul edilir.

Göründüyü kimi, ünvanlı yardım sahəsində vətəndaş-məmur kontaktı, ümumiyyətlə, aradan qaldırılıb və şəffaflıq tam təmin edilir. Cəmiyyət tərəfindən də bu islahat tədbiri rəğbətlə qarşılanır və hətta vətəndaşlar, xüsusən də aztəminatlı insanlar tərəfindən nazirliyə bununla bağlı çoxsaylı təşəkkür məktubları da ünvanlanır. Onlar belə bir şəffaf sistemin yaradılmasından razılıqlarını ifadə edirlər.

Onu da qeyd edim ki, sistemin işə salındığı 2016-cı ilin 15 fevralından 01 dekabr tarixinədək “Elektron hökumət” portalındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə ailələri təmsil edən şəxslər tərəfindən 259 604 ədəd “Ərizə-bəyannamə” VEMTAS-a daxil edilib. Onlardan 57 838 ailəyə, yəni 22,3 faizinə avtomatlaşdırılmış qaydada ünvanlı sosial yardım təyinatı aparılıb. Digər “Ərizə-bəyannamə”lərdə isə bəyan edilmiş məlumatlar aidiyyəti qurumların informasiya sistemlərindan alınmış məlumatlar əsasında yoxlanılarkən öz təsdiqini tapmaması, yaxud məlumatların gizlədilməsi halının, digər uyğunsuzluqların müəyyən olunması, habelə ailə gəlirlərinin ailə üzvlərinin ehtiyac meyarı məcmusundan yuxarı olmasına görə həmin ailələrə sosial yardımın təyin edilməsindən imtina olunub.

Ümumilikdə isə elektron sistem vasitəsilə sosial yardım təyin olunanların sayında artım özünü göstərir. Məsələn, əgər bu ilin mart ayında 2980 ailəyə avtomatlaşdırılmış qaydada sosial yardım təyin edilibsə, aprel ayında bu göstərici 3518-ə, oktyabr ayında artıq 12495-ə çatıb. Hazırda 162 min ailənin 707 min nəfər üzvü ünvanlı sosial yardımla təmin edilir.

Qeyd edim ki, VEMTAS məhz Azərbaycana məxsus olan, Azərbaycanın öz mütəxəssisləri tərəfindən hazırlanmış, xeyli əhatəli, mükəmməl bir sistemdir və bu elektron sistemə digər bir sıra ölkələr də böyük maraq göstərirlər. Hətta ayrı-ayrı ölkələrdən bu proqramın əldə olunması üçün bizə müraciətlər də olub. Bu günlərdə isə ölkəmizdə səfərdə olan Dünya Bankının ekspert qrupu həmin elektron sistemin Dünya Bankının Vaşinqtondakı mərkəzi ofisində təqdimatını keçirməyi bizdən xahiş edib. Ola bilsin ki, bununla bağlı razılığa gəlinməklə növbəti ildə həmin təqdimat keçiriləcək.

Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq biz son illərdə tibbi-sosial ekspertiza xidməti sahəsində məmur-vətəndaş təmaslarını tam aradan qaldırmaq üçün müvafiq islahatları həyata keçirdik. Bu sahədə əsas fəaliyyət istiqaməti kimi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemini (TSERAS) formalaşdırdıq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərlə əlilliyin qiymətləndirilməsinin həmin sistem vasitəsilə artıq məmur-vətəndaş təmasları ümumiyyətlə olmadan, tam avtomatlaşdırılmış və şəffaf şəkildə yerinə yetirilməsinə başlanılıb. Bununla da əlilliyin müayinəsi və təyini üçün Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən vətəndaşların müayinəsi proseduru tam aradan qalxıb. Belə ki, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə Səhiyyə Nazirliyindən daxil olan məlumat real vaxt rejimində TSEK-ə göndərişlərin reyestrinə daxil edilərək TSERAS-a ötürülür. Sonrakı mərhələdə göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, əlillik vəziyyəti qiymətləndirilməli olan şəxsin kimliyinə dair məlumatlar adsızlaşdırılır, şifrə verilir və bundan sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün həmin göndəriş elektron şəkildə hər hansı TSEK-ə (göndərişi verən səhiyyə müəssisəsinin olduğu, əlillik vəziyyəti qiymətləndirilməli olan şəxsin yaşadığı ərazi üzrə TSEK istisna olunmaqla) ötürülür. Göndərişin kimə aid olduğu, hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız göndərişdə qeyd olunan xəstəlik vəziyyətinə uyğun olaraq, tam obyektiv şəkildə əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir.

Bu sistemlərlə yanaşı, əmək müqavilələrinin elektron qeydiyyat sistemi, elektron əsaslar üzərində qurulan müasir sığorta-pensiya sistemi, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatı sistemi və s. bu gün Azərbaycanın innovasiyaların tətbiqi sahəsində mütərəqqi təcrübəsi kimi ümumən dünyada maraqla qarşılanır və bu sahələrdə bir sıra ölkələr bizim təcrübəmizi bölüşməyə maraq göstərirlər. Eyni zamanda, Azərbaycanın bu təcrübəsi mötəbər beynəlxalq qurumlar tərəfindən dəfələrlə yüksək dəyərləndirilib. BMT tərəfindən isə bizim avtomatlaşdırılmış sistemlərimiz təbliğ olunmaqdadır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış sistemləri innovasiyaların tətbiqi üzrə qabaqcıl təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalına daxil edilib.

Əmək və sosial müdafiə sisteminin innovativ yanaşmalar əsasında avtomatlaşdırılması əhali üçün müvafiq sahələrdə geniş elektron xidmətlər şəbəkəsinin qurulmasına, vətəndaşların həmin sahələrdə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışına imkan yaradıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-dək e-xidməti əhalinin istifadəsindədir və onlara böyük ictimai maraq müşahidə edilir. Cari ilin 11 ayında həmin e-xidmətlərə 5 milyon 661 min dəfə müraciət edilməsi bunun əyani göstəricisidir. “Elektron hökumət” portalına müraciətlərin də mühüm bir hissəsi məhz əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə yönəlir. Belə ki, 2016-cı ilin 9 ayında həmin portalda e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

Əhalinin daha çox istifadə etdiyi elektron xidmətlər sırasında əmək müqavilələrinin elektron qeydiyyat sistemi mühüm yer tutur. Əmək bazarının dəqiq və əhatəli uçotunun aparılmasında, işçilərin əmək və sosial hüquqlarının təminatında və s. xüsusi önəm kəsb edən bu sistemə istismara istifadəyə verildiyi 2014-cü ilin iyulundan bu ilin 01 dekabr tarixinədək 6,4 milyon dəfə müraciət olunub.

- Səlim müəllim, son illərdə sığorta-pensiya sahəsində beynəlxalq standartlara uyğun müasir sistem formalaşdırılıb. Hazırda nazirliyin bu sahə ilə bağlı hansı yeni hədəfləri var? Qarşıdakı dövrdə sığorta-pensiya sistemində islahatların istiqamətləri barədə nə deyərdiniz?

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı, həmçinin sığorta-pensiya sisteminin inkişafını və bu sistemin islahatlarını daim diqqət mərkəzində saxlaması əksər ölkələrin sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinə əsaslı təminat verib. Eyni zamanda, dövlət başçısının ölkədə idarəçilik praktikasının mütərəqqi təcrübələrə və innovativ yanaşmalara, elmi-texnoloji yeniliklərə istinad şəraitində modernləşdirilməsi siyasətinə uyğun olaraq, 2003-cü ildən başlayan islahatlar nəticəsində Azərbaycanda beynəlxalq satandartlata uyğun müasir sığorta-pensiya sistemi formalaşdırılıb.

Bununla belə, müasir dövrün tələbləri, pensiya təminatı sahəsində inkişaf etmiş dövlətlərin təcrübəsi əsasında pensiya təminatının beynəlxalq inkişaf təmayüllərinə uyğun daim təkmilləşdirilməsi, uzunmüddətli perspektivdə sistemin maliyyə dayanıqlığının təmin olunması, pensiyaçıların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün bu sahədə islahatların davam etdirilməsi zəruridir. Digər tərəfdən, pensiya sistemində bir sıra sosial sığorta ilə əlaqəli olmayan öhdəliklərin mövcudluğu pensiya hüquqlarının adekvat sığorta təminatına malik olması prinsipinə zidd olmaqla yanaşı, pensiya xərclərini, bununla da sistemin maliyyə yükünü xeyli artırır. Bu qəbildən olan öhdəliklərin bazar iqtisadiyyatı prinsipinə söykənən iqtisadi, sosial-əmək münasibətlərinə uyğunlaşdırılması müvafiq islahat tədbirlərini aktuallaşdırıb.

Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda bununla əlaqədar yeni inkişaf istiqamətləri, bu sahədə qarşıda duran vəzifələr, prioritetlər və reallaşdırılacaq kompleks islahat tədbirləri müəyyən edilib. Konsepsiyada islahatların başlıca məqsədi kimi yeni sosial-iqtisadi şəraitə uyğun olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olunması, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi göstərilib.

Bu baxımdan pensiya sistemində prioritet islahat istiqamətləri kimi sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması, təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi əksini tapıb. Sənəddə sistemin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən bu ödəmələrin dövlət öhdəliyi kimi fərqləndirilməsi tədbirləri də əhatə olunub.

Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün büdcəsi haqqında Qanunun qəbulu bu prioritetlərə nail olunmasına keçid istiqamətində etibarlı maliyyə təminatı formalaşdıracaq və pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacaqdır.

- Cənab nazir, ölkənin sosial-iqtisadi inkişafında mühüm amillərdən biri də əhalinin məşğulluq imkanlarının artırılmasıdır. Bu istiqamətdə ötən dövrdə hansı addımlar atılıb?

- Təbii ki, məşğulluq istənilən cəmiyyətdə rifah amilinin əsas şərtləndirici faktoru kimi çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm komponentlərindən biri də məhz əmək ehtiyatlarından dolğun şəkildə istifadəyə yönələn aktiv məşğulluq siyasətinin həyata keçirilməsidir. Son 13 ildə ölkəmizdə çoxsaylı yeni istehsal və emal müəssisələrinin, turizm, təhsil, idman, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması, 1,1 milyonu daimi olan, əksər hissəsi regionların payına düşməklə 1,6 milyondan artıq iş yerinin açılması əmək bazarında sabitliyə və işsizliyin Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında aparılmış hesablama ilə 5 faizə enməsinə səbəb olub.

Əgər iqtisadi fəal əhalinin sayı 2003-cü ildəki 4373.5 min nəfərdən 2015-ci ildə 4915.3 min nəfərə çatmaqla, 12,4 faiz artıbsa, iqtisadiyyatda məşğul əhalinin sayında artım 17,6 faiz təşkil edib, yəni məşğul əhalinin artım sürəti iqtisadi fəal əhalinin artım tempini 5,2 faiz üstələyib. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı isə 2003-cü ildəki 1226.6 min nəfərdən 2016-cı il oktyabrın 1-i vəziyyətinə 23,6 faiz artaraq 1516,4 min nəfərə çatıb.

Sahibkarlara dövlətin maliyyə dəstəyinin ildən-ilə artırılması, onların fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, azad iqtisadi zonaların yaradılması ilə əlaqədar xüsusi qanunun qəbulu, investisiya mühitinin yaxşılaşdırılması və s. tədbirlər özəl sektorun genişlənməsinə imkan yaratmaqla, onun məşğulluqda rolunun da əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Misal üçün, iqtisadiyyatda məşğul əhalinin qeyri-dövlət sektoruna aid hissəsi 2003-cü ildəki 2792.6 min nəfərdən 25,2 faiz artaraq 2015-ci ilin sonuna 3495.5 min nəfər təşkil edib. Yəni həmin dövrdə qeyri-dövlət sektorunda çalışanların iqtisadiyyatda məşğul əhalinin tərkibindəki xüsusi çəkisi ildən-ilə artaraq 2015-ci ilin sonuna 75 faizə çatıb.

Dünyada baş verən mənfi iqtisadi amillərin ötən ilin sonlarından daha da kəskinləşdiyi şəraitdə bu prosesin milli iqtisadiyyata təsirlərinin minimallaşdırılması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən çevik islahatlar da ilk növbədə əhali üçün məşğulluq imkanlarının yaradılmasına yönəldilib. Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident cənab İlham Əliyev bu dövrdə 154 min iş yerinin yaradıldığını, onlardan 121 mininin daimi iş yeri olduğunu qeyd edərək “Doqquz ayda 36 min iş yeri bağlanıbdır. Əlbəttə, biz bağlanan iş yerləri ilə əlaqədar daim təhlil aparırıq – 121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri bağlanıb. Bu, çox gözəl göstəricidir. Hesab edirəm ki, böhranlı il üçün bu, xüsusi bir göstəricidir”, deyə vurğulayıb.

Xüsusən cənab Prezidentin sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü mövcud iqtisadi şəraitdə əhalinin məşğulluq imkanlarının artırılmasında işəgötürənlərin daha fəal iştirakına imkan yaradıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına dair konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev “Hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir”- deyə bildirib. Dövlət başçısının bu təşəbbüsü Azərbaycanda sosial məsuliyyət prinsipinin daha geniş dairədə praktik gerçəkliyə çevrilməsinə, əmək və məşğulluq sahəsində mövcud olan sosial tərəfdaşlıq müstəvisində dövlət-işəgötürən münasibətlərini keyfiyyətcə yeni və işgüzar bir mərhələyə çıxmasına yol açdı. Qısa müddətdə işəgötürənlər tərəfindən nazirliyin məşğulluq orqanlarına 60 minə yaxın vakansiya təqdim edildi ki, bu da mövcud iqtisadi şəraitdə sərbəstləşmiş işçi qüvvəsinin yenidən məşğulluğuna, ailə gəlirlərini bərpa etmələrinə imkan yaratdı. Bununla da kompleks təsirli tədbirlər nəticəsində Azərbaycanın əmək bazarında gərginlik, kütləvi işsizlik halı özünü göstərmədi, ailə gəlirlərinin azalmasına imkan verilmədi.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq istiqamətlərdə aktiv məşğulluq tədbirləri davam etdirildi. Ümumilikdə isə cari ilin yanvar-oktyabr aylarında məşğulluq orqanlarının xətti ilə 53263 min nəfər münasib işlə təmin edilib, 1054 nəfər haqqı ödənilən ictimai işlərə, boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışıb əlavə qazanc əldə etmək istəyən şəxslərdən ibarət 2328 nəfər Əmək birjaları vasitəsilə mövsümi və müvəqqəti xarakterli işlərə göndərilib.

Əmək bazarının tənzimlənməsinin vacib məsələlərindən biri də daim dəyişən əmək bazarının rəqabətə davamlı işçi qüvvəsi ilə təmin edilməsi, işçi qüvvəsinin iqtisadi inkişaf prosesinə uyğun təkmilləşdirilməsi, keyfiyyətinin, məhsuldarlıq səviyyəsinin yüksəldilməsidir. Son illərdə Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində İSCO88/08-ə uyğun şəkildə beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında, xüsusən qeyri-neft sektorları üzrə təkmilləşdirilmiş 350-dən artıq peşə standartı, 63 kvalifikasiya standartı hazırlanıb. Bu istiqamətdə işlər davam etdirilir.

İqtisadiyyatın tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsilin təşkili ən önəmli aktiv məşğulluq tədbirlərindən biridir. Nazirlik tərəfindən 2013-2015-ci illərdə 12,3 min nəfər, cari ilin 10 ayında əlavə olaraq 3 242 nəfər vətəndaş əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Əlilliyi olan insanların da əmək bazarına çıxış imkanlarının artırılması üçün onların peşə reabilitasiyası tədbirləri davam etdirilir. Prezident cənab İlham Əliyevin iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində cari ilin 01 dekabr tarixinədək 1000 nəfərə qədər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib. Onlar burada təlim kursunda olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin ediliblər. Gözdən əlil insanların peşə və ümumən sosial reabilitasiyasının daha dolğun şəkildə həyata keçirilməsi üçün Bakıda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir.

Əmək bazarının tənzimlənməsində əhəmiyyətli məsələlərdən biri də gələcəkdə əmək bazarına daxil olacaq işçi qüvvəsinin, yəni gənc nəslin artıq bu gündən düzgün peşə və ixtisaslar üzrə istiqamətləndirilməsidir. Bu həm gənclərin gələcəkdə daha rahat şəkildə iş yerləri əldə etmələrində, həm də işəgötürənlərin işçi qüvvəsinə tələblərinin ödənilməsində mühüm rola malikdir. Bu məqsədlə Dövlət Məşğulluq Xidmətinin peşəyönümü tədbirləri cari ildə də davam etdirilib və əsasən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 90 140 nəfər gəncə əmək bazarında işəgötürənlərin bugünkü tələbləri haqqında geniş və ətraflı məlumatlar, peşəyönümü məsləhət və tövsiyələri verilib. Gənclərin peşə seçimində valideynlərin də rolu vardır və bu tədbirlərdə onların da iştirakı təmin olunur.

- Ümumən bu gün ölkənin əmək bazarında işçi qüvvəsinə tələbin artmasını və əmək resurslarından istifadənin genişlənməsini stimullaşdıran hansı tədbirləri qeyd edərdiniz?

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi vəzifələr ölkəmizin qarşıdakı dövrdə sosial-iqtisadi inkişafını təmin edəcək strateji inkişaf proqramı olmaqla, məşğulluq imkanlarının artırılmasına hesablanıb. Belə ki, idxaldan asılılığın azaldılması və ixracın strukturunda qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması üçün ixracyönümlü yeni istehsal sahələrinin işə salınması, yeni sənaye zonalarının və aqroparkların yaradılması, sosial mənzillərin inşasına başlanılması və digər tərəfdən bunun inşaat materialları üzrə istehsalın genişləndirilməsini stimullaşdırması, kənd yollarının tikintisi, müxtəlif bölgələrdə xalça istehsalı müəssisələrinin yaradılması və digər iri miqyaslı tədbirlər nəticə etibarilə əmək bazarında işçi qüvvəsinə tələbin artmasında və əmək resurslarından istifadənin genişlənməsində önəmli rol oynayır.

“Yeni iş yerlərinin yaradılması istiqamətində çox ciddi tədbirlər görülür. Bu gün bütün bölgələrimizdə çox böyük canlanma gedir. İnsanlar kənd təsərrüfatı ilə çox həvəslə məşğul olurlar, dövlət öz dəstəyini göstərir, subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq, texnika verilir. Yəni, hər şey etməyə çalışırıq ki, insanlar daha da rahat yaşasınlar və dünya böhranının mənfi təsirindən özlərini qoruya bilsinlər”, deyə bəyan edən möhtərəm dövlət başçımızın xüsusən də torpaqlardan səmərəli istifadənin təmin olunmasına, ənənəvi kənd təsərrüfatı sahələrinin (baramaçılıq, pambıqçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və s.) inkişafına yönələn islahatlar kursu həmin sahələrlə bağlı müxtəlif formalarda dəstək və stimullaşdırma tədbirlərinin geniş vüsət almasına şərait yaradıb. Bu tədbirlər paketi eyni zamanda əhalinin 46,9 faizinin yaşadığı kənd rayonlarında əmək ehtiyatlarının daha geniş müstəvidə reallaşmasını təmin edir.

Ümumilikdə son illərdə kənd təsərrüfatı sektorunun inkişafı bu sektorun əhatə etdiyi məşğul əhalinin sayının getdikcə artması ilə müşahidə olunur. Ölkə üzrə ümumi məşğul əhalinin tərkibində həmin sektorda işləyənlərin xüsusi çəkisi də getdikcə çoxalmaqdadır. Misal olaraq, keçən illə müqayisədə bu il bütövlükdə 50 min hektardan çox pambıq əkilib və həmin tarlalarda 70 min nəfərə qədər insanın işlə təmin olunması təbii ki, məşğulluq səviyyəsinin artmasına səbəb olub. Cari ilin sentyabr ayında Sabirabad rayonunda pambıqçılığın inkişafına dair respublika müşavirəsində Prezident cənab İlham Əliyev “Bizdə kifayət qədər əmək resursları var. Ona görə, pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək”, deyə bəyan edib. Təbii ki, bu pozitiv proseslər əvvəlki dövrlərdə kəndlərdən şəhərə yönəlmiş işçi qüvvəsi axınının artıq yenidən kəndlərə dönüşünü və yaxın gələcəkdə bu prosesin daha da sürətlənməsini stimullaşdırıb.

Hər bir ölkədə demoqrafik proseslər əmək bazarına təsir edən ən ciddi amillər sırasındadır. Ölkəmizdə müsbət demoqrafik istiqamət kimi əhalinin daimi artımı müşahidə olunur və Azərbaycan əhalinin 1,2 faizlik illik artımı sürətinə görə Avropa məkanında ön cərgədə olan ölkələrdən biridir. 2016-cı ilin yanvar-sentyabr aylarında respublika əhalisinin sayı daha 79 min nəfər və ya 0,8 faiz artaraq 2016-cı il oktyabr ayının 1-i vəziyyətinə 9784,6 min nəfərə çatıb. Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı da ölkədən daimi yaşamaq üçün başqa ölkələrə gedənlərin sayını üstələyib. Təbii ki, bu artım dinamikası iqtisadi fəal əhalinin və deməli, əmək bazarına daxil olan işçi qüvvəsinin də mütəmadi artımını şərtləndirir. Bununla əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, nazirlik tərəfindən 20-dən çox aidiyyəti dövlət orqanı və sosial tərəfdaşlarla əməkdaşlıq şəraitində “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyasının (2016-2025-ci illər)” layihəsi hazırlanıb. Layihədə əksini tapan fəaliyyət prioritetləri ilk növbədə demoqrafik artımın əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi əsasında müəyyən olunub. Burada əsas diqqət dövlət investisiya xərclərində məşğulluq amilinə önəm verilməsinə, əmək tutumlu istehsal və xidmət sahələrinin yaradılmasına yönəlib. Mühüm istiqamətlər sırasına əmək bazarında peşə və ixtisaslar üzrə kadr tələbatına dair proqnozun müəyyənləşdirilməsi metodologiyasının hazırlanması, məşğulluğun strukturunun şaxələndirilməsi, sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etdirilməsi, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması, tələbə qəbulunun əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşdırılması və s. də daxildir.

- Səlim müəllim, ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı əmək bazarında və ümumən sosial müdafiə siyasətində hansı keyfiyyət dəyişikliklərinə hesablanıb və hazırda bu proqramın icrası işləri hansı mərhələdədir? Növbəti illərdə də bu istiqamətdə işlər aparılacaqmı?

- Dünya ölkələrinin əmək bazarlarında müşahidə olunan əsas tendensiyalardan biri cəmiyyət üzvlərinin məşğulluğa yanaşmasında sahibkarlıq düşüncəsinin güclənməsi əsasında sərbəst məşğulluğa meylin artmasıdır. Azərbaycanın əmək bazarında da bu tendensiya aydın şəkildə özünü göstərir və cari ildə iqtisadiyyatda sərbəst məşğul olanların sayı 3215,7 min nəfər olub. Təbii ki, bu proses özünüməşğulluğun əmək bazarında rolunun tədricən artmasından xəbər verərək, dövlətin əmək bazarının tənzimlənməsi funksiyasında yeni yanaşmaya istinad etməsini, xüsusən aztəminatlı əhali qrupunun aktiv sosial müdafiəsinə yönələn əmək bazarı proqramlarının hazırlanmasında özünməşğulluq amilinə xüsusi önəm verilməsini aktuallaşdırır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı bu sahədə dövlət siyasətinin, dövlət yardımından asılı vəziyyətdə yaşayan aztəminatı ailələrin özünüməşğulluğunun dəstəklənməsi mexanizminin, bununla da sosial müdafiə siyasətində aktiv təsirə malik yeni fəaliyyət istiqamətinin formalaşmasına zəmin yaradıb.

Qeyd edim ki, nazirlik tərəfindən özünüməşğulluğun dəstəklənməsi sahəsində son illərdə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində heyvandarlıq, quşçuluq, arıçılq, bağçılıq, tərəvəzçilik (istixana), pərakəndə satış kimi istiqamətlər üzrə 21 nəfər şəxsi əhatə edən “Öz biznesinə başla” layihəsi icra edilib. Həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə birgə layihə çərçivəsində 11 nəfər əlilliyi olan şəxsə arıçı peşəsi üzrə hazırlıq kursu təşkil olunub və onların hər birinə arıcılıqla məşğul olmaq üçün arı ailəsi, arıçılıqda istifadə olunan avadanlıq və vasitələr verilib. Hər iki layihə özünü doğruldaraq müsbət nəticələnib. Onlar müəyyən müddətdən sonra özünüməşğulluq fəaliyyətindən gəlir əldə etməklə vergi və sosial sığorta ödəyicisinə çevrilib, hətta əlavə iş yerləri açıblar.

Azərbaycan Prezidentinin 07 aprel 2016-cı il tarixli Sərəncamı ölkəmizdə bu sahədə təcrübənin, passiv tədbirlərdən aktiv sosial müdafiə tədbirlərinə keçid prosesinin genişlənməsinə, xüsusən dövlət sosial yardım sistemindən asılı vəziyyətdə yaşayan aztəminatlı ailələrin mövcud potensialları müqabilində özünüməşğulluq fəaliyyətinin təşkilinə təminat verib. Bu məqsədlər üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 6 milyon manat ayrılıb. Həmin vəsait hesabına ölkə üzrə aztəminatlı ailələr arasından seçilmiş təqribən 1400 ailənin özünüməşğulluq layihələrinə cəlb edilməsi təmin olunacaq. Əgər hər ailədə orta hesabla 5 nəfər ailə üzvünün olduğunu nəzərə alsaq, bu proqram 7,0 min nəfərədək insanın rifahında müsbət dəyişikliklərə imkan yaradacaq.

Sərəncamın icrası ilə əlaqədar nazirliyin “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Tələbləri” əsasında praktik işlər aparılıb. Hazırda dünyada müvafiq sahədə bir çox təcrübələr olsa da, BƏT-in təcrübəsinə üstünlük verildi və həmin təşkilatla bu sahədə fəal əməkdaşlıq həyata keçirilir. Məşğulluq orqanlarında işaxtaran və işsiz kimi qeydiyyatda olan və özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslərdə biznesin təşkili ilə bağlı bilik və bacarıqların formalaşdırılması üçün onlar təlim kurslarına cəlb olunmalı idi. Hər bir rayonda bu təlimlərin keçirilməsi üçün BƏT-in ölkəmizə ezam olunmuş baş təlimçisinin iştirakı ilə 146 nəfər təlimçi hazırlandı və onlar tərəfindən qeyd olunan işaxtaran və işsiz vətəndaşlara iki aylıq təlim kursları keçirilir.

Bu kursları bitirən insanların kursun son on günü ərzində hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesinə artıq bu il noyabrın əvvəllərində başlanılıb. Hazırda da davam edən qiymətləndirmə 3 meyar - biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılır. Artıq həmin şəxslərdən bir hissəsi qiymətləndirmədən keçib. Cari ilin 9 dekabr tarixinə olan məlumata əsasən onlardan 600 nəfərə yaxın şəxsin biznes planları uğurlu hesab edilib və onlara sertifikatlar təqdim olunub. Müsbət qiymətləndirilmiş biznes-planların təqribən 83 faizi kənd təsərrüfatı, daha çox isə heyvandarlıq sahəsinə yönəlib, qalanları isə xidmət, istehsal, ticarət sahələrini əhatə edir.

Növbəti mərhələ kimi uğurlu biznes-planlar əsasında işaxtaran və işsiz vətəndaşların ailə təsərrüfatlarının maddi-texniki bazasının yaradılması üçün kotirovka sorğusu üsulu ilə onların mal və materiallarla təmin edilməsi tədbirləri görüləcək.

Özünüməşğulluq proqramı Azərbaycanda aztəminatlı ailələrlə bağlı sosial müdafiə siyasətinin aktiv əmək bazarı proqramlarına əsaslanan yeni keyfiyyət mərhələsinə keçidini təmin etməklə, ölkədə işsizlik səviyyəsinin daha da azalmasına, əmək ehtiyatlarının keyfiyyətinin və əmək məhsuldarlığının, iqtisadi fəallığın və ailə gəlirlərinin artmasına şərait yaradacaq. Bu proqram həmçinin əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, fərdlərin sahibkarlıq və marketinq bacarıqlarının inkişafına müsbət təsir göstərəcəkdir. Proqramın uğurlu nəticələri növbəti illərdə də həmin istiqamətdə işlərin daha geniş miqyasda davam etdirilməsinə əsas yaradacaq.

Əlbəttə, belə bir proqramın icrası üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 6 milyon manat ayrılması aztəminatlı ailələrin məşğulluq və biznesə çıxış imkanlarına malik olmasına möhtərəm dövlət başçısı tərəfindən böyük diqqət və qayğının təzahürüdür. Bununla belə, gələcəkdə belə əhəmiyyətli proqramların icrası üçün maliyyə mənbəyinin qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq işsizlikdən sığorta sistemi vasitəsilə formalaşdırılması nəzərdə tutulur. Çünki mütərəqqi beynəlxalq təcrübədə işsizlikdən sığorta sistemindən ayrılan vəsaitlərin əhəmiyyətli bir hissəsi məhz belə aktiv əmək bazarı proqramlarına yönəldilir. Ona görə də cənab Prezidentin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb və hazırda onun yekun versiyası üzərində işlər aparılır. Yaxın vaxtlarda artıq biz bu qanun layihəsini aidyyəti üzrə təqdim edəcəyik. Həmin qanunun qəbulu aktiv məşğulluq proqramlarının, o cümlədən özünüməşğulluq proqramının gələcəkdə daha geniş miqyasda davam etdirilməsinə imkan yaradacaq.

- İşsizlikdən sığorta sisteminin mahiyyət və məqsədi nədən ibarət olacaq? Sistemin hansı tarif dərəcələri əsasında fəaliyyət göstərməsi nəzərdə tutulur?

- İlk növbədə bildirim ki, beynəlxalq təcrübədə işsizlikdən sığorta sistemi onun mahiyyətinə uyğun olaraq əslində sosial müdafiə sisteminin əhatə etdiyi tədbirlərdən biri kimi qəbul olunur. Bu sistem əmək fəaliyyəti ilə məşğul olan şəxslərin bu fəaliyyət nəticəsində əldə etdikləri gəlirlərin sosial risklər nəticəsində itirilməsi hallarında həmin gəlirlərin kompensasiya olunmasına xidmət edir.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Türkiyə, ABŞ, Yaponiya, Almaniya, Estoniya, Fransa, İtaliya, Ukrayna və başqa dövlətlərin təcrübəsi diqqətlə öyrənilməklə, bu sahədə ən mütərəqqi prinsiplər əsas götürülməklə hazırlanıb. Eyni zamanda, işsizlikdən icbari sığorta üzrə tariflər dünyada tətbiq olunan müvafiq tariflər üzrə ən aşağı səviyyədə, yəni sığortaedənlər üçün əməyin ödənişi fondunun 0,5 faizi, sığorta olunanlar üçün əmək haqqının və qanunvericilikdə müəyyən olunmuş qaydada əmək müqaviləsinə xitam verildikdə işdənçıxma müavinəti istisna olmaqla digər ödənişlərin (əlavələrin və mükafatların) 0,5 faizi məbləğində, yəni cəmi 1 faiz miqdarında müəyyən edilib.

Bu sığorta tarifləri hazırda mövcud olan vahid sığorta haqqına daxil deyildir. Sığorta ödənişi həyata keçirilmiş işçi işsiz qaldığı təqdirdə ona sığorta ödənişinin verilmə müddəti ilk dəfə müraciət zamanı 6 aydan, təkrar müraciət zamanı isə 3 aydan artıq olmayaraq nəzərdə tutulur. Belə bir sistemin qurulması ölkəmizdə həm işsizlərin sosial müdafiəsinin güclənməsində, həm də daha səmərəli və çevik aktiv əmək bazarı siyasətinin icrasında uğurlu bir addım olacaqdır.

- Səlim müəllim, 2017-cı ilin astanasındayıq. Növbəti ildə nazirliyin gündəliyində hansı prioritetlər üstünlük təşkil edəcək?

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin mükəmməl islahatlar paketi bu sistemin əhatəliliyinin və səmərəliliyinin artırılmasına, ünvanlılıq və şəffaflığın tam təminatına əsas yaradıb. Bu sahədə görülən işlər nəticəsində əhəmiyyətli nəticələr əldə olunub. Növbəti ildə də qeyd olunan istiqamətdə tədbirlərin, sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına yönələn sosial proqramların, pensiya təminatı sisteminin təkmilləşdirilməsi üçün islahatların davam etdirilməsi təmin olunacaq. Həmçinin gələn il əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması və aktiv əmək bazarı proqramlarının, idarəetmə və xidmət sahələrində elektron texnologiyaların tətbiqinin, sosial xidmətlərin əhatə dairəsinin, əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi və s. bizim fəaliyyətimizin əsas istiqamətləri olacaq.

2016-cı il dünya iqtisadiyyatı üçün çətin bir ildir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqın yekdil dəstəyi şəraitində həyata keçirdiyi islahatlar ölkə iqtisadiyyatının qlobal iqtisadi proseslərdən irəli gələn mənfi təsirlərə yüksək s

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT