Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu

Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu

İlahiyyatçı: “Namaz qılıb özündən razı olmaq və araq içib özündən narazı olmağın hər ikisi mənfi xüsusiyyətdir...”

Bakıdakı “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin xütbələri vaxtaşırı sosial mediada müzakirə mövzusuna çevrilir. Bu dəfə ilahiyyatçının ötən həftə etdiyi cümə xütbəsində yalançı dindarlardan söz açması qalmaqala səbəb olub. Hacı Şahin çıxışında spirtli içki qəbulunun günah iş olduğunu xatırlatsa da, hər içki içənin pis adam olmadığını da deyib.

Sitat: “İnsanlara tez qiymət verməyin. Zahirində pisliklər gördüyünüz adamların batili təmiz ola bilər. Adam var ki, zahiri gözəldir, dindardır, dilindən zikr düşmür, amma xəbis adamdır. Adam var, bir dəryadır. Şəffaf deyil ki, rahat tanıyasan. Namaz qılanların hamısı yaxşıdır, içki içənlərin hamısı pis olsaydı, nə vardı? İmam başı kəsənlərin çoxu namaz qılanlardan çıxıb. Mən sizə tarixi deyirəm. Özüm namaz qılanam, dindaram, din xadimi olduğum üçün bunu rahat deyirəm. Bundan əvvəl demişdim ki, namaz qılıb özündən razı olmaqdansa, araq içib özündən narazı olsan yaxşıdır. Araq içmək günahdır, şeytan əməlidir. Bir əmması var ki, hər namaz qılan hər araq içəndən üstün deyil”.

Hacı Şahin Həsənlinin qalmaqal yaradan bu xütbəsi ilə əlaqədar ilahiyyatçı Fərid Abdulla “Yeni Müsavat”a bildirdi ki, din insana xidmət edən, onu kamilləşdirən bir proqramdır: “Yəni insana özünü düzgün idarə etmə bələdçiliyini üzərinə götürür. Adətən insanın münasibəti üç hissəyə ayrılır: onun Allahla münasibəti, özünə münasibəti və cəmiyyətə münasibəti. Bəzən belə təsəvvür yarana bilər ki, Allah bir hökmdardır və insan onun istək və tələblərini yerinə yetirməlidir. Bəzi yanlış təsəvvürlər belə bir despotizm ortaya çıxarır. Halbuki Allahın bunlardan heç bir mənfəəti yoxdur. Onun istək və iradəsi yalnız insanın xoşbəxtliyi və azadlığıdır. Namaz qılıb-qılmamağın Allaha nə faydası var? Yaxud keyfiyyətsiz və ya keyfiyyətli namaz qılmaq məgər insana aid deyil? Quranda Allah bir neçə yerdə bildirib ki, sizin aranızda olan bir çox ixtilaflı məsələləri mən özüm həll edəcəyəm. İnsanlara isə yalnız islahat işləri - məsələn, pozulmuş və dağılmış əlaqələrin bərpası tapşırılıb. Bəzən insanlar elə bilir, Allah öz dinini müdafiə etmək öhdəçiliyini onların üzərinə qoyub. Odur ki, hər yerdə Allahın vəkili rolunu oynayırlar. Halbuki kimisə mühakimə etmək, kimisə seçmək yalnız Allahın öhdəsindədir. İnsan isə yalnız öz öhdəsinə düşənləri etməlidir”.

İlahiyyatçı Quran məntiqinə əsasən deyir ki, bizim insanların imanını sorğulamaq haqqımız yoxdur: “Alimlərdən biri deyirdi ki, ayın nə qədər işıqlı tərəfini görürsənsə, onun bir o qədər qaranlıq tərəfi var. İnanc hər kəsin öz hüququdur. Biz yalnız məsələnin zahiri tərəflərinə baxa bilərik. Deyirlər, namaz qılan oğurluq etdi, deməyin, oğru namaz qılır, deyin. Cəmiyyətdə bu iki ifadə bir-birinə qarışıb. Diqqət etsək, görərik ki, hələ də dindarla dinin arasında fərq qoyulmayıb. İnsanlar dindara baxıb, nəticə çıxarırlar. Quran məntiqi deyir ki, bir sıra adamlar peyğəmbərin yanına gəlib iman gətirdiklərini minnət qoyurdular. Allah isə bu ifadəni rədd edərək deyirdi ki, ”onlara de, siz sadəcə təslim olmuşunuz. İman hələ sizlərin qəlbinə daxil olmayıb". İman car çəkiləsi şey deyil, iddia vasitəsi deyil. İman bir məsuliyyətdir. Əslində bir çox insanlar dindarları ona görə tənqid edir ki, onlardan daha çox şey gözləyirlər. Əslində Allahın hökmü xüsusi bir dəstəyə aid deyil, hər kəsə aiddir. Bunu bilərək inkar edənlər Allah qarşısında məsuliyyət daşıyır. Bilməyərək və ya hansısa bir bəhanə ilə boyun qaçıranlar da o cür. Bu şəxslər cəmiyyət arasında fəsad və pozğunluq yaymadıqları təqdirdə, özgürdülər. İnancı olan da bu cürdür. İnanc adama yalnız Allah yanında xüsusi imtiyaz verə bilər. O da bunun dəlil əsasında olması və söylənilənlərə əməl olunmasındadır. Hüquqi baxımdan isə hamı eynidir".

“İmamı kimlər qətlə yetirib” sualına gəlincə, ilahiyyatçı izah edir ki, ənənəvi şəkildə, heç bir dəlilə əsaslanmayan və qaraguruhçuluq insanı cəhalətə aparır: “Yəni sən inanclısan, artıq qurtulmusan deyə, bir şey yoxdur. Kor-koranəlilik insanı fəlakətə də apara bilər. Məsələn, İmam Həsənin qoşununda olan, sadəcə dinin zahiri praktiki göstəricilərini yerinə yetirənlər, lakin qəlblərinə iman oturmayan və əslində İmam Həsənin kim olduğunu qanmayan şəxslər ona xəyanət etdilər. Biz bunu qəbul etməliyik. Hər namaz qılan düz adamdır demək düz sayılmır. Din deyir ki, düz adam namaz qılmağın nə olduğunu başa düşən, anlayan adamdır. Quran deyir ki, namaz insanı pis və çirkin əməldən çəkindirir. Əgər namaz qılanda mənəvi dəyişiklik yoxdursa, bu namazın yox, onun qüsurudur və biz bunu ayırd edə bilməliyik. Namaz qılırsa, pislikdən çəkinir anlamında deyil. Namaz qılıb özündən razı olmaq və araq içib özündən narazı olmağın hər ikisi mənfi xüsusiyyətdir. Bəzən insanlar cəsarət taparaq deyirlər ki, mən filan pis əməli etsəm də, min dindardan üstünəm. Yaxud kimsə deyə bilər ki, mən dindaramsa, min filan əməli edən kəsdən üstünəm. Əslində Quran təqvaya əməl edən kəsin ən üstün olduğunu deyir. Yəni Allah yanında özünü fəlakətdən, yəni insanı rəzilliyə sürükləyən şeylərdən qoruyan kəs daha hörmətlidir. Maraqlıdır ki, Allah üstün ifadəsini işlətməyib”.

“İnsanın özünü müqayisə etməsi hərtərəfli mənfi haldır. Bu gün psixologiyada bu hallar mənfi qarşılanır. Əslində Quran özünü digəri ilə müqayisə etməyi məzəmmət edir. İlk müqayisə edən elə İblis olub. ”Mən oddan, o isə palçıqdan yaranıb. Od isə palçıqdan üstündür" deyərək, özünü kənara çəkdi. Biz yalnız örnək götürə bilərik, müqayisə aparmaq bizi bir yerə çatdırmaz. Əlbəttə, müqayisənin nə olması ayrı müzakirədir. İmam Əli Malik Əştəri Misirə icra başçısı göndərəndə ona dedi ki, bəzi insanlar səninlə dində, bəzilərisə yaradılışda qardaşdır. Yəni çalış müştərək cəhətləri tap. Fərqli cəhətlər təfriqə yaradır. Fərq yalnız həqiqətin ortaya çıxması üçün vasitədir. Ayrımçılıq üçün yox. İnsanlar vahid mərkəzli dəyərlərə sarılsalar, bu qədər problem ortaya çıxmaz" - deyə ilahiyyatçı sonda əlavə edir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT