Ölkədə dini təhsil dövlətin təsir dairəsinə daxil olur

Ölkədə dini təhsil dövlətin təsir dairəsinə daxil olur

Bütün Qafqazın Şeyxinin bu prosesə hansı reaksiyanı verəcək?
İki gün əvvəl sosial şəbəkələrdə, ardınca isə mətbuatda Bakı İslam Universitetinin bağlanması ildırım sürətilə xəbəri yayıldı. Xəbəri ilk olaraq təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazdı, ardınca isə rəsmi qurumlar bunu təsdiq etdi. Məlum oldu ki, Bakı İslam Universiteti tədricən fəaliyyətini dayandıracaq.

Belə ki, BİU-ya bu il qəbul olunan tələbələr isə topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcək. Məlumatı BİU-nun təsisçisi olan Qafqaz Müsəlmanları İdarəsi də təsdiqləyib. QMİ-nin sözçüsü Rəhimə Dadaşova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Bakı İslam Universiteti hazırda fəaliyyətini davam etdirir. Universitetin 2,3 və 4-cü kurs tələbləri dərslərinə davam edirlər. Dövlət İmtahan Mərkəzi bildirib ki, Nazirlər Kabinetinin tapşırığı ilə Bakı İslam Universitetinin I kursuna qəbul olunan 139 tələbə digər ali təhsil müəssisələrinin boş qalan ixtisaslarına yerləşdirilir.

Qeyd edək ki, Bakı İslam Universitetinin müəyyən bir uyğun formatla bağlanması daha əvvəldən də gözlənilən idi. Məsələ ondadır ki, bu ilin əvvəlində Azərbaycan prezidentinin sərəncamı ilə BDU-nun İlahiyyat Fakültəsinin bazasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Artıq bu ildən İlahiyyat İnstitutuna ilk qəbul aparılıb və 60 abituriyent instituta qəbul olub.

Ölkədə iki ilahiyyat ali məktəbinin fəaliyyət göstərməyəcəyi gözlənilən idi. Digər tərəfdən, Təhsil Nazirliyi 2009-cu ildə BİU-ya verdiyi 56 illik fəaliyyət lisenziyasının müddəti bitməsinə baxmayaraq onu yeniləməyib. Bu isə istər-istəməz BİU-nun bağlanacağı şübhəsini yaradırdı. Ancaq QMİ-dən verilən məlumatda da qeyd olunduğu kimi, BİU hələ 3 il fəaliyyət göstərəcək, sonuncu, yəni 2017-ci ildə qəbul olunan tələbələr ali məktəbi bitirdikdən sonra rəsmən bağlanacaq.

Bakı İslam Universiteti Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən özəl - vəqf universiteti idi. Azərbaycanda bu istiqamətdə ilk fəaliyyətə başlayan təhsil ocağıdır. Sovetlərin zəiflədiyi dövrdə din sahəsində də yumşalma olub. Bu səbəbdən də 1989-cu ilin əvvəlində QMİ-nin nəzdində ilk dəfə Bakı İslam Mədrəsəsi yaradılıb. 1991-ci ildə Mədrəsə Universitetə çevrilib. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində BİU-nun Zaqatala, Mingəçevir, Lənkəran və Sumqayıt filialları fəaliyyət göstərib. Ancaq sonradan hökumət bu filialları bağlayıb. BİU-nun yarandığı gündən rektoru QMİ sədrinin müavini Hacı Sabir Həsənli olub.

Bakı İslam Universitetinin bağlanması dini təhsilin QMİ-nin nəzarətindən tamamilə çıxması anlamına gəlir. Məsələ ondadır ki, daha əvvəl dini təhsil müəssisələri yaratmaq funksiyası QMİ-yə məxsus olub. Ölkədə fəaliyyət göstərən Bakı İslam Universiteti, eləcə də 2009-cu ilə qədər mövcud olan filialları və bir neçə mədrəsənin təsisçisi formal olaraq QMİ olub. Yalnız “Şəbnəm” qızlar mədrəsəsi istisna təşkil edib. Bu təhsil müəssisəsi Gəncliyə Yardım Fonduna məxsus olub. Yerdə qalan mədrəsə və dini təhsil ocaqları isə ormal olaraq QMİ-nin nəzarətində olub. Yeri gəlmişkən, hökumət ölkədə 10 (onlardan 3-ü Bakıda "Şəbnəm" qızlar mədrəsəsi, Zaqatala rayon Əliabad islam mədrəsəsi və Şəki islam mədrəsəsi mövcuddur, 7-si isə yeni yaradılmalıdır – K.R.) mədrəsənin yaradılması barədə qərar qəbul edib. 2016-ci ilin iyulunda açıqlanan qərara əsasən dini məktəblər Bakı şəhərində yerləşən "Heydər" və "Bibiheybət" məscidlərinin nəzdində, Nardaran qəsəbəsində, Naxçıvan, Gəncə, Lənkəran şəhərlərində və Quba rayonunda fəaliyyət göstərəcək.

Ancaq ötən 2 ildən çox müddətdə nədənsə yeni mədrəsələri yaratmaq mümkün olmayıb. Son qərardan sonra QMİ-nin nəzarətində demək olar ki, dini təhsil müəssisəsi qalmır. Təbii ki, yaxın zamanlarda mədrəsələr açılmasa. Bu isə o deməkdir ki, son illərdə Azərbaycanda dini fəaliyyətlərin – təbliğat, maarifçilik, dini təhsil və sair – tədricən qeyri-dövlət qurumu olan QMİ-dən dövlət qurumu olan DQİDK-in əlinə keçməsi prosesi davam edir.

Əlbəttə, son illərdə dövlət orqanları böyük ölçüdə dini fəaliyyətlərlə məşğul olub. Azərbaycanda “Multikulturalizm ili” elan olunub, 4-cü İslam Oyunları keçirilib. Ölkə boyunca, eləcə də İspaniyadan Özbəkistana qədər fərqli ölkələrdə din və tolerantlıq mövzularında, eləcə də dini radikalizmə qarşı təbliğat konfransları, toplantılar keçirilib. YERİ GƏLMİŞKƏN, Ictimai Televiziyadakı dini veriliş də DQİDK-nə məxsusdur. Bundan başqa dövlətin müsəlman dini icmalara ayırdığı dövlət yardımları da QMİ-dən alınaraq DQİDK-ə verilib. Ötən ilin oktyabrında isə DQİDK yanında Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Və hazırda ölkədə rəsmi təyin olunmuş məscid imamlara maaşları məhz bu qurum verir. Qeyd etmək lazımdır ki, dini fəaliyyətin böyük ölçüdə dövlət qurumlarının (yeri gəlmişkən, hazırda Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi fəaliyyət göstərir – K.R.) nəzarətinə keçməsi bir mənada dövlətin din sahəsinə diqqəti kimi qiymətləndirilir. Çünki daha əvvəl bu sahə əsasən QMİ-nin nəzarətində idi. Ancaq regionumuzda baş verən proseslər. dini fəaliyyətlərin ictimai-siyasi proseslərə ciddi təsir etməsi hökuməti də hərəkətə gətirdi.

Ancaq indi bu dəyişikliklərə QMİ-nin necə yanaşdığı maraq doğurur. Rəsmi açıqlamalar, eləcə də QMİ sədrinin reaksiyalarından belə görünür ki, Şeyxülislam hələlik o qədər də narahat deyil. Əksinə, dövlətin bu sahəyə diqqətini təqdir edir. Ancaq açıq formada hələlik Şeyxülislam bu proseslərə münasibət bildirməyib. Son illərdə aparılan dəyişikliklərin və dini situasiyanın onu qane edib-etmədiyi məlum deyil. Söhbət etdiyimiz bir sıra ekspertlər, büruzə verməsə də, Şeyxülislamın hakimiyyət orqanlarının QMİ-nin səlahiyyət sahəsinə müdaxiləsindən xoşlanmadığını düşünür. Lakin ekspertlərə görə, Şeyx təcrübəli dövlət adamı olaraq hələlik gedişata təmkinli yanaşır.

Kənan RÖVŞƏNOĞLU,
Musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT