Məhərrəmlikdə nələr yaşanır...????

Məhərrəmlikdə nələr yaşanır...????
Məhərrəmlik ayını yaşayırıq.., bu il də dünyanın müxtəlif yerlərində ağlar gözlərlə İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinə matəm tutulacaq, göz yaşları axıdılacaq, əzadarlıqlar keçiriləcək, ehsanlar veriləcək, insanlar bununla da Aşuranın məzlum şəhidləri və şahidləri ilə əhdi-peymanlarını təzələyəcəklər.Əzadarlar Kərbəla şəhidlərinin yolunda olduqlarını Allah və bəndə yanında bir daha təsdiqləyəcəklər: "Çox təəssüf ki, bu ayda göz yaşı axıdıb, Tanrı yanında savaba çatanlar olduğu kimi, məhz bu aya görə günaha düşən, Allaha üsyan edənlər də olur. Bunlar məncə insan adlı varlığı heç tanımayan, bu əzadarlığın mahiyyətini dərk etməyib əzadarlara irad tutanlardır. Məsələn yenə başlayacaqlar ki, “kişi ağlamaz”, “din məgər elə ağlamaqdı” , “onlar behiştə gediblər, siz niyə ağlayırsız” və sair kimi iradlarla ürək bulandırmağa. Təbii ki, biz burada bütün iradlara cavab verə bilmərik, ümumiyyətlə mənim konkret olaraq iradlara cavab vermək fikrim yoxdur, sadəcə, azacıq və necə deyərlər, yüngülvari “ağlamaqdan” yazmaq istədim, bu, hardasa, elə o iradlara da qismən cavab ola bilər.
Göz yaşı axıtmaq, ağlamaq Qurani-Kərimdə bir neçə yerdə gəlib və Allah bizə bu halda olan insanları göstərib, məsələn "Məryəm" surəsində Allah sübhanəhu və təala Peyğəmbərlərindən danışır, onların əhvalatlarını xatırladır, ilahi elçilər və onların saleh övladlarına işarə edərək buyurur: “Rəhman Allahın ayələri onlara oxunan zaman ağlayaraq səcdəyə düşürdülər” (Məryəm surəsi, ayə 58).
Qurani-Kərimdə başqa bir yerdə - "İsra" surəsində Allah öz Peyğəmbərinə ilahi ayət və nişanələri görüb Tanrının qarşısında səcdəyə düşən saleh bəndələrindən danışır: “Onlar üzüqoylu düşüb ağlayırlar və itaətkarlıqları artır.” (İsra, ayə 109)
Hər iki ayədə ağlamağın və göz yaşı axıtmağın saleh bəndələrə xas olan bir xüsusiyyət olması göstərilib, ilahi məqsədlərdən ötrü və ya ilahi nişanələrin müqabilində ağlamaq insanı Allaha yaxınlaşdıran bir vasitədir.
Göz yaşı və ağlamaq haqqında Peyğəmbərimiz və onun məsum Əhli-beytindən olan hədis və dualarda da maraqlı məqamlar var, məsələn İslam Peyğəmbəri bu haqda “Xoş o insana ki, etdiyi və heç kəsin xəbəri olmayan günahına görə Allah qorxusundan ağlayan halda Allah ona baxır” deyə buyurub. Bəlli olur ki, Allah bəndəsinin Ona yaxınlaşmaq məqsədilə tökdüyü göz yaşına xüsusi diqqəti var.
İslam peyğəmbərindən olan başqa bir hədisdə belə buyurulur: “Kimin gözü Allah qorxusundan yaş töksə, onun göz yaşının hər bir damcısı üçün əməl tərəzisinə Ühüd dağı boyda mükafat qoyarlar.” Deməli insan etdiyi günahların nəticəsinin ağır olacağından, Allahın verəcəyi cəzadan qorxaraq ağlarsa bu böyük ilahi mükafata səbəb olar.
Başqa bir hədisdə İmam Əli bin Əbu Talib(ə) ağlamaq, insanın ağlar gözlərə sahib olmasının səbəbini açıqlayır: “Qəlblərin qorxması və gözlərin ağlaması adı uca Allahın rəhminin nişanəsidir, bu ikisini özünüzdə tapan zaman dua etməyi qənimət bilin”. Hədisə əsasən, hər kim Allaha xatir ağlamağı bacarırsa, deməli, ilahi rəhmət ona şamil olub və bu məqamda təbii ki, dua qəbuldur, İmam həmin halda dua etməyi tövsiyyə edir.
Məsələn İmam Əlinin(ə) özünün tez-tez oxuduğu, öz əshabı Kumeyl bin Ziyada öyrətdiyi, sonradan elə onun adıyla da məşhurlaşan “Kumeyl” duasında Allahla razi-niyaz edərkən dua sahibinin dilindən Allaha belə müraciət olunur: “Sərmayəsi ümid, silahı göz yaşı olan bəndənə rəhm et” Nəzərə alsaq ki, İmam əlinin çox önəm verdiyi bu dua Xızır peyğəmbərdən qalıb, deməli bütün təkallahlı dinlərdə Allaha yaxınlaşmq üçün bəndənin Allahla razi-niyazında ağlar gözlərin, göz yaşı tökməyin əhəmiyyəti çoxdur. Həqiqətən də xətasından peşmanlığını, qorxunu və bağışlanmaq istəyini, qəm-kədərini, bəzən ruhani sevincini göz yaşı tökmək və ağlamaqdan başqa necə əməli şəkildə göstərmək olar?!
Əziz İslam peyğəmbəri bəzi hədislərdə ağlamayan və ya ağlaya bilməyən insanlara da işarə edib və buyurub: “İnsanın göz yaşının olmaması, ağlaya bilməməsi bir insan üçün bədbəxtlik əlamətidir”. Təbii ki, Rəsuli-Əkrəm(ə) burada Allaha xatir, Allaha yaxınlaşmaq məqsədi ilə axıdılan göz yaşından danışır. Odur ki, insanın Allah xovfundan, qəm-qüssədən ağlaması normal haldır.
İmam Əli(ə) isə ağlamamağın səbəbini bir qədər daha dəqiq müəyyən edib: “Göz yaşları yalnız qəlbin daşlığı, qəsavətli olması səbəbindən quruyar, qəlblər isə yalnız günahların çoxluğundan daşlaşar”. Deməli əgər insan daş ürəkli, rəhmsiz, qəsavətli qəlbə sahib olduğu halda göz yaşı da axmaz, ağlaya bilməz, ağlamaq rəhimli, kövrək insanlara məxsusdur ki, bu da insani keyfiyyətlərdir. Ayrıca, daş ürəkli olmağın səbəbi də insanın günahkar olması, günaha adət etməsidir. Deməli, günahkar günahını dərk etmədikcə, ona davam etdikcə, bu ilahi nemətdən məhrum olar, amma o an ki günahını dərk etdi və peşiman oldu, onu tərk etmək, Allaha tərəf qayıtmaq qərarına gəldi, göz yaşları axar. Təsadüfü deyil, insan Allahla razu-niyaz edəndə, həqiqi tövbə edəndə göz yaşlarını saxlaya bilmir.
İslam Peyğəmbəri və digər məsumlardan olan rəvayətlərdən görürük ki, insanın qəm-kədər, müsibət baş verdikdə ağlaması normal və insani bir xüsusiyyətdir. Hər kəs öz ölüsünə ağlayırsa, buna heç kəs anormal hal kimi baxmaz. Hətta, tanıdıqlarımızın əzizləri dünyadan gedəndə bəzən kövrək insan olduğumuz halda biz də ağlayırıq, və yaxud kiməsə hər hansı digər bir müsibət baş verəndə normal insan bu hadisələri gülməklə deyil, ağlamaqla qarşılayır ki, bu da normal bir haldır. Hansı normal ağıla sahib olan insan matəmdə ağlamağı düzgün saymaz?!
Hədislərdə bizə gələn xəbərlərdən bəlli olur ki, bu dünyada axan göz yaşları və ağlamaqların ən çox savaba malik olanı Kərbəla çölündə, Aşura günündə şəhid edilən İmam Hüseyn və digər şəhidlərin faciəsinə, müsibətinə ağlamaqdır. Allahın peyğəmbərinin nəvəsinin Allahın dinini qorumaqdan ötrü Allah yolunda misli görünməmiş faciəvi şəkildə qətlə yetirilməsinə kədərlənmək və ağlamaqdan savablı nə ola bilər?! Onlara ağlamaq Allaha yaxınlaşmaqdır.
İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinə ağlamaq Allaha xatir, mərifət və agahlıqla olsa, təbii ki, Allaha yaxınlaşmaq üçün gözəl bir vasitədir. Allahın dinini qoruyan insanın Allah yolunda şəhadətinə və bu şəhadət yolunda çəkdiyi ağrı-acılara axan göz yaşları ilahi göz yaşlarıdır və insanı Allaha yaxınlaşdırar. Bu barədə hədislər həddən artıq çoxdur ki, mən bir neçəsini qeyd edirəm: Allahın Rəsulu(s) hələ İmam Hüseyn uşaq olarkən anası Həzrəti Fatiməyə(ə) buyurdu: “Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq”. Yəni onsuz da, Qiyamət günü bütün gözlər ağlayar, yalnız Hüseynin müsibətinə Allaha yaxınlaşmaqdan ötrü agahlıqla kədərlənib ağlayanlardan başqa. Bu dünyada Hüseynə ağlayan gözlər Qiyamətdə sevinər.
Kərbəla şəhidlərinə ilk ağlayan elə İmam Hüseyn(ə) karvanının sağ qalan üzvləri – İmam Səccad(ə) və Xanım Zeynəb(ə) başda olmaqla digər Kərbəla əsirləri və eyni zamanda şahidləri olmuşlar. Tarixə görə, Kərbəla hadisəindən bir neçə il keçməsinə baxmayaraq İmam Səccad(ə) bu müsibətə görə ağlayardı.
Məsələn “Nahiyə” ziyarətində oxuyuruq ki, İmam Zaman(ə) cəddi İmam Hüseynə(ə) xitab edərək belə buyurur: “Gecə və gündüz sənə əzadarlıq edib göz yaşı tökürəm. Əgər göz yaşım qurtarsa, onun yerinə qan ağlayaram.” Bəllidir ki, İmam Zaman(ə) da İmam Hüseynə(ə) ağlayır.
İmam Cəfər Sadiqdən(ə) çatan rəvayətə əsasən, İmam Hüseyn(ə) müsibətinə ağlamağın, ağlatmaqın (hadisəni kiməsə çatdırmaqla) və hətta kədərlənməyin belə sonsuz savabı var. Odur ki, Allahın dinin qoruyaraq Allah yolunda dəhşətli faciə ilə dünyadan gedən şəxslərə ağlamaq insanı Allaha yaxınlaşdırar və bu elə Allah üçün axan göz yaşlarıdır.
Təsadüfi deyil ki, bəzi din alimləri, ilahi şəxslər İmam Hüseyn(ə) əzadarlığında ağladıqları zaman göz yaşlarını sildikləri cib dəsmalını xüsusi olaraq saxlamış və öləndə onunla birgə qəbrə qoyulmasını vəsiyyət etmişlər. Yəni bu qədər İmam Hüseyn(ə) yolunda axan göz yaşlarına önəm vermişlər.
Mövzumuz göz yaşlarıdı, sonda özümün şahidliyimlə baş vermiş bir hadisəni də burada qeyd etməyim yerinə düşərdi. Moldovada yaşayan yaxın bir dostumun qohumunu Kişinyovda gözündən əməliyyat edəcəkdilər. Dostum əməliyyat öncəsi zəruri olan bir dərmanı tapıb almaq məqsədi ilə Kiyevə yanıma qonaq gəlmişdi. Məlum oldu ki, axtardığı dərman Ukraynada istehsal olunsa da, Moldovada çox çətin tapılır. Dostumla bir yerdə bu dərmanı almaq məqsədi ilə çox axtardıq, amma nədənsə tapa bilmədik. Dostum çox narahat oldu, dedi ki, həkim deyir bu dərman olmasa biz o göz əməliyyatını edə bilmərik. Sən demə bu dərman göz yaşardıcı dərmandır, bu dərmanı qəbul edəndən sonra gözlər yaşarır və göz yaşları əmələ gəlir bu isə əməliyyat öncəsi bir neçə gün ardıcıl baş verməlidr. Daha sonra göz həkimi əlavə edərək deyib ki, əgər sən ağlayan insan olsaydın, ağlar gözlərin olsaydı heç əməliyyat öncəsi bu dərmana ehtiyac olmazdı. Biz də dərmanı tapa bilmədik və dostum geri qayıtdı. Amma həkimin dediyi sözü mən indiyə qədər unuda bilmirəm. Bizim dinimizdə də Allaha xatir, İmam Hüseynə(ə) ağlamağın, insanın Yaradan qarşısında günahlarını yadına salıb qəlbdən kövrəlməsi və göz yaşı axıtması tövsiyyə olunub. İmam Hüseynə(ə) matəm tutanları, göz yaşı axıdanları qınayanlar məlum olur ki, dindən xəbərsiz olduqları kimi, dünyadan da xəbərsizdilər. Mən ümumiyyətlə dini ritualların fiziki təsdiqini və ya səbəbini axtarmağın tərəfdarı deyiləm. İlahi hökmlərə sorğu-sualsız əməl etmək lazımdır, məncə. Amma belə məsələlər dində şəkk edənlərə təsirli olur, bəzi vaxt bəzi insanlar üçün Allahın kitabından adi bir həkimin sözü daha inandırıcıdır. Bu hadisəni onlar üçün qeyd etdim. Ola bilər bu çoxlarına məlum bir məsələ idi, amma mənə çox maraqlı və mənalı gəldi. Odur ki, ilahi məqsədlərlə göz yaşı ağıtmaqdan çəkinməyək."

Rövşən Qasimov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq
“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq
Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü
Natiq Əliyev:
Natiq Əliyev: - Hasilatın azaldılması Azərbaycanın xeyrinədir
“Azərbaycan neftin hasilatının azaldılması ilə bağlı əldə olunmuş
Valyutadəyişmə məntəqələri bərpa olunur:
Valyutadəyişmə məntəqələri bərpa olunur: - Qanun təsdiqləndi
Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi
reklam
Azərbaycana gələr ərəblərin sayı artıb
Azərbaycana gələr ərəblərin sayı artıb
BƏƏ-dən gələn turistlərin sayı 22, İraqdan gələnlərin sayı 30 dəfə artıb.
Valyuta hərracının nəticəsi açıqlanıb:
Valyuta hərracının nəticəsi açıqlanıb: - Dollar bahalaşdı
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı
Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Ali Məhkəməyə yeni hakim seçilib. Xia.az Report-a istinadən xəbər verir
 
XİA.az - TƏQDİMAT