Məhərrəm və Aşurada əza saxlamaq peyğəmbər (s) sünnəsidir - (Araşdırma)

Məhərrəm və Aşurada əza saxlamaq peyğəmbər (s) sünnəsidir
Hər il olduğu kimi bu il də Məhərrəmlik və Aşura mərasimləri, ölkənin dörd bir yanında keçirilir.
Bəziləri bu mərasimlərin yalnız Cəfəri məzhəbinə - şiələrə ai dolduğunu güman edirlər. Amma bu olduqca gülünc, yersiz və aqilanə olmayan bir iddiadır. Bu iddianı irəli sürənlər ya həqiqətən İslamdan heçnə bilmir və anlamır, ya da məsələni bilir lakin təəssüfkeşliyi həqiqəti anlamağına mane olur.
Bəziləri də bu mərasimlərin Səfəvilər dövründən qalan bir adət kimi göstərməyə çalışır. Bu iddianı edənlər də ən azından tarixdən xəbərsiz olduqlarını, bu iddia ilə göstərmiş olurlar. Yaxşı bəs həqiqət nədir?

Birinci iddiaya cavab: Bu mərasimlərin yalnız Cəfəri məzhəbinə aid olduğunu güman edənlər, görəsən İslam peyğəmbərinin (s) həyatını heç oxuyub mütaliə etməyiblər?
Peyğəmbərin nəvəsi İmam Hüseynə ağlayıb göz yaşı tökməsi.
1. Harisin qızı Ummul Fəzl peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Rəsulu! Keçen gecə xoşagəlməz bir yuxu gördüm. Gördüm ki, elə bil sizin bədəninizdən bir tikə qopur və mənim ətəyimə düşür. Peyğəmbər (s) buyurur: Yaxşı yuxu görmüsən. İnşallah qızım Fatimə (s) bir oğlan uşağı dünyaya gətirəcək və sənin qucağına qoyulacaq. O xanım deyir: Peyğəmbər (s) dediyi kimi Fatimə Hüseyni (ə) dünyaya gətirdi və onu mənim qucağıma qoydular. Bir gün Peyğəmbərin (s) yanına getdim. Bir də gördüm ki, peyğəmbrin (s) gözündən sel kimi yaş axır. Xanım deyir: Dedim: Ey Allahın rəsulu! Sizi ağladan nədir? Peyğəmbər (s) buyurdu: Hz Cəbrail görüşümə gəldi və mənə xəbər verdi ki, bu uşağı məndən sonra şəhid edəcəklər. (“Kənzul-Ummal”, c. 8, s. 199) Bu barədə digər hədislər üçün bax: (“Tirmizi”, c. 13, s 193; “Musnəd-Əhməd ibn Hənbəl” c. 4, s. 294)
Qeyd: Peyğəmbərimizin əziz nəvəsi Hüseyn (ə) o zaman balaca uşaq idi. O həzrət peyğəmbərdən (s) illər sonra şəhid olur. Amma Peyğəmbər (s) bütün bunlara baxmayaraq, bu hadisəni göz önünə gətirir, və ona ağlayır. Əgər peyğəmbər (s) bu işi hələ Hz Hüseyn (ə) dünyaya gəlməmişdən öncə edirsə, onda İmam Hüseynə (ə) ağlamağı bidət, yalan hesab edənlər görəsən peyğəmbərə (s) irad tutduqlarının fərqindədirlər? Əgər peyğəmbər bu işi görübsə onda kim deyə bilər ki bu işi görmə, kim?!

2.Hakim Nişapuri səhih sənədlə Ümmül-Fəzldən belə nəql edir ki, “... Balaca Hüseyni (ə) qucağıma alaraq, peyğəmbərin (s) yanına gətirdim və onun qucağına qoydum. Gözlərim Hz Məhəmmədin (s) yanağından süzülən yaşlara sataşdıqda soruşdum: Ey Allahın elçisi! Atam-anam sənə fəda olsun, nə üçün ağlayırsan?
Peyğəmbər (s) buyurdu: Cəbrayıl tanrı tərəfindən mənə nazil oldu və ümmətimin yaxın zamanlarda Hüseyni (ə) şəhid edəcəyini xəbər verdi.”
(Hədisin mənbələri: Hakim Nişapuri, “Əl-Mustədrəku ələs-səhihəyn” c. 3, səh 176; “İbn Səbbağ Maliki, Əl-Fusulül-muhimmə”, səh. 154; İbn Həcər, “Səvaiqul-muhriqə!, səh, 115; “Əl-Xəsaisül-kubra” Beyhəqi, c. 3, səh. 125; “Kənzul-Ummal”, c. 6, səh. 223)
3.İnbi Əsakir səhih sənədlə Aişədən bu hədisi nəql edir: “Allahın elçisi (s) yatmışdı. Hüseyn (ə) otağa girərək ona tərəf getdi. Mən onu peyğəmbərdən (s) uzaqlaşdırdım. Sonra isə öz işimlə məşğul oldum. Peyğəmbər (s) yuxudan ayıldı. O, ağlayırdı. Səbəbini soruşduqda isə buyurdu: “Cəbrayıl (ə) mən, yuxuda ikən, Hüseyni şəhid ediləcəyi məkandan bir ovuc torpağı mənə göstərdi. Allahın əzabı onun qanını axıdanlara qarşı şiddətlidir. Sonra buyurdu: Ey Aişə! Canımın sahibi Allaha and olsun ki, bu iş məni çox kədərləndirdi. Görəsən, məndən sonra Hüseyni (ə) qətlə yetirəcək kəslər kimdir?”
(Hədisin mənbələri: “Tarixi- İbn Kəsir”, c. 11, səh. 29-30; Hakim Nişapuri, “Əl-Mustədrəku ələs-səhihəyn”, c. 3, səh. 176; “Müsnədi- Əhməd ibn Hənbəl”, c. 3, səh. 342)
4. Hafiz əbu Yəli Zeynəb binti Cəhşdən belə nəql edir: Peyğəmbər (s) mənim evimdə olarkən, yenicə yeriməyə başlayan Hüseyn (ə) otağa girdi. Mən onu saxlamaq istədikdə, peyğəmbər (s) mənə mane oldu. Dəstnamaz alan peyğəmbər (s) sonra qucağına alaraq elə bu halda da namaz qıldı. Namazdan sonra oturaraq, ağladı. Dedim: Ey Allahın Rəsulu! İndiyədək səni bu halda görməmişdim. Səbəbi nədir? Buyurdu: Cəbrayıl mənə ümmətimin bu Hüseyni (ə) şəhid edəcəyini söylədi. (Hədisin mənbələri: “Məcməuz-zəvaid”, c. 9, səh 188; “Kənzul-Ummal”, c. 6, səh 223.)
5. Əhməd ibn Hənbəl səhih sənədlə ibn Abbasdan nəql edir: “Günorta vaxtı peyğəmbəri (s) yuxuda gördüm. O, çox kədərli və pərişan idi. Əlində qanla dolu bir şüşə qab var idiş Soruşdum: Atam-anam sənə qurban olsun, bu nədir? Buyurdu: Bu Hüseynin və onun silahdaşlarının qanıdır. Bunu bu gün mənə verdilər.”
İbn Abbas deyir: O gün Aşura günü idi. (Hədisin mənbələri: “Müsnədi- Əhməd ibn Hənbəl”, c. 1, səh. 283; Hakim Nişapuri, Əl-Mustədrəku ələs-səhihəyn”, c. 4, səh. 19; “Tarixi- Dəməşq” c. 4, səh. 340.)
6.Tirmizi və Hakim səhih sənədlə peyğəmbərin (s) həyat yoldaşı Ümmü Sələmənin də, belə bele bir yuxu gördüyünü nəql edir. (Hədisin mənbələri: Hakim Nişapuri, Əl-Mustədrəku ələs-səhihəyn”, c. 4, səh. 19; “Tarixi- Dəməşq” c. 4, səh. 340.)
7.Hafiz Əbu Bəkr ibn Əbi Şeybə, Abdullah ibn Məsuddan nəql edir: “Peyğəmbər (s) bir qrup səhabə ilə gedirdi. Yolda Bəni-Haşimdən olan adamlarla rastlaşdı. Peyğəmbər (s) onları gördükdə ağlamağa başladı...
Buyurdu (s): “Əhli-beytim məndən sonra zülmlərə məruz qalaraq, z yurdlarından didərgin olunacaqlar. (Hədisin mənbələri: Səhihi-ibn Macə”, c. 2, səh. 518; Hakim Nişapuri, “Əl-Mustədrəku ələs-səhihəyn”, c. 4, səh 464; İbn Əbi Şeybə, “Əl-Musnəf”, c. 2, səh 697; )
8. Hz Əli (ə) peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Allah mənim əhli-beytimə zülm edənlərə, onları incidənlərə, söyənlərə, onlarla döyüşənlərə və əhli-beytimi incidərək mənə əziyyət verənlərə Cənnəti haram etmişdir.”
Bu hədisdən sonra Zəməxşəri “Kəşşaf” təfsirində Şura sürəsinin 23-cü ayəsini qeyd etmişdir: ... (Ya peyğəmbər!) De: “Mən sizdən bunun (peyğəmbərliyi təbliğ etməyimin) müqabilində əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.” (Təfsirul-Kəşşaf – Şura sürəsinin təfsiri)
9.İbn Abbas Allahın Muhəmmədə (s) belə vəhy etdiyini deyir: “(Peyğəmbər) Yəhya ibn Zəkəriyyanın intiqamını almaq üçün yetmiş min adam öldürdüm. Hüseynin intiqamını almaq üçün isə bunun iki misli qədər adam öldürəcəyəm.” (Yəhya peyğəmbərin başı da, İmam Hüseynin başı kimi kəsilərək, məcməyidə zalımların məclisinə gətirilmişdi. (Ədd-Durrul-Mənsur, c.5, səh 492; Əl-Mustədrəku ələs-səhihəyn”, c. 3, səh 353.)
10. Əhli sünnənin görkəmli təfsir alimi Cəlaləddin Suyuti özünün “Əd-Durrul-Mənsur” təfsirində, İbrahim və Zeyd ibn Ziyaddan belə nəql edir: “Göy üzü yalnız Hz Yəhya (ə) və İmam Hüseyn (ə) üçün ağladı. Ağlamağı isə onda olan qırmızılıqdır. Hz Yəhya (ə) öldürüləndə göy üzü qırmızılaşdı və qan yağdı. Hz Hüseyn (ə) da öldürüləndə göy üzü qırmızılaşdı.” (Əd-Durrul-Mənsur- Suyuti c 5, səh.492 və 7-ci cild, səh. 413)
Birinci iddianı edənlər və bu məsələni yalnız Cəfəri məzhəbinə aid edənlər onda gərək yuxarıda deyilən hədislərə cavab versinlər. Birinci iddianı edənlər bizə sadəcə bunu isbat etsinlər ki, necə olur ki,
İslam Peyğəmbərinin hələ İmam Hüseyn (ə) dünyaya gəlməmişdən ona göz yaşı tökür, dünyaya gəldikdən sonra isə hər dəfə onu gördükdə mübarək qəlbinə qəm dolur və gözləri yaşarır? Peyğəmbərin (s) bir şəxsə bu qədər məhəbbət göstərib, göz yaşı tökməsi sizcə bihudə bir işdir? Sizcə niyə peyğəmbər (s) bu qədər İmam Hüseynə (s) ağlayır? Məgər peyğəmbərin (s) etdiyi bizə nümunə deyil? Elə isə bəs niyə kimsə Hz Hüseynə göz yaşı tökəndə, kimsə onu qınayır? Onu qınayan kimsə peyğəmbəri (s) də qınadığının fərqindədirmi? Bu suallar ən sadə suallardır ki, biraz düşünən kimsə cavabını tapar. Təbii ki təəssüfkeşlik etməsə.

İkinci iddia: Aşura mərasimləri Səfəvilər dövründən qalma bir adətdir.
İkinci iddiaya cavab: Əslində birinci iddiaya verilən cavab bu iddianı edənlərə də çox gözəl cavabdır. Amma məsələ daha aydın olsun deyə, məsələni bir qədər də izah edək.

Səhabə və tabeindən olanların Hz Hüseynə (ə) ağlayıb göz yaşı tökmələri.
1.İbn Abbas: Səbt ibn Covzi deyir: “İmam Hüseyn (ə) şəhid olduqdan sonra İbn Abbas daim ağlayardı. Hətta axırda gözləri tutuldu. (Əbulfərəc, Əl-Əğani, c.7, səh. 240)
İbn Abbas Hz Əli (ə) ilə Siffeyn yolunda Kərbəla ərazisində burada baş verəcək dəhşətlərə əvvəlcədən ağlamış, göz yaşı tökmüşdür.(İbn Covzi, Təzkirətul-xəvas, səh.225; Kitabi-Siffeyn, səh. 58; Xarəzmi, Məqtəl, səh 162)
2.Ənəs ibn Malik: İbn Ziyadın sarayında olmasına baxmayaraq haqsızlığa dözməyən Ənəs ibn Malik ağlayaraq ona etiraz edib və “Hüseyn (ə) hamıdan çox peyğəmbərə (s) oxşayırdı, sən onu şəhid etdin! Söylədi” (Yənaibul-Məcəddət, səh. 389; İbn Həcər, Səvaiqul-muhriqə, səh.198; Tarixun-nihayə, səh. 69)
3. Zeyd ibn Ərqəm: Zeyd ibn Ərqəm zülmkar vali İbn Ziyadın sarayında, onun Hüseynə (ə) qarşı etdiyi iyrənc hərəkətlərinə şiddətlə etiraz edərək, ağlayıb söylədiyi kəskin nitqlə hamını kövrəltmişdi. Zeyd ibn Ərqəm valiyə belə deyir: “Əlindədki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək! peyğəmbərin (s) övladını təhqir etmək olmaz. Sən (kəsilmiş başına) çubuqla vurduğun Hüseynin (ə) dodaqlarını peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm.” Sonra isə ağıamağa başladı. İbn Ziyad hiddətlənərək ona dedi: “Sakit ol! Əgər səhabə olmasaydın səni yetərincə kötəkləməyi əmr edərdim.”
Amma Zeyd ibn Ərqəm qorxmadı və cəsarətlə ayağa qalxaraq fəryad etməyə başladı. “Ey camaat! Allahdan başqasına bəndəlik etdiniz. Hüseyni (ə), Fatimənin (s) övladını öldürüb, Mərcanənin oğlunu özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o sizin yaxşılarınızı öldürəcək. Pis insanları sizə hakim edəcək. Sizi öz quluna çevirəcək. Sonra üzünü ibn Ziyada çevirərək dedi: “Ey ibn Ziyad! Peyğəmbərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin?! (İbn Həcər, Səvaiqul-muhriqə, səh. 198; Tarixun-nihayə, səh. 66; Tarixi-Təbəri, c. 4, səh 21.)
4.Rəbi ibn Xeysəm: Rəbi ibn Xeysəm Hz İmam Hüseynin şəhadətini eşitdikdə hönkürərək ağlayıb belə belə dedi: “Elə cavanları şəhid etdilər ki, peyğəmbər (s) onları gördüyü zamanolduqca mərhəmət və məhəbbətlə davranardı. Öz mübarək əlləri ilə onlara yemək verər və qucağına alardı. (İbn Covzi, Təzkirətul-xəvas, səh. 240 və 265)
5. Həsən Bəsri: Hz Hüseynin (ə) şəhid olduğunu eşidən Həsən Bəsri şiddətlə ağlayıb, fəryad edərə belə deyirdi: “Xar olsun öz peyğəmbərinin nəvəsini öldürən ümmətə! Allaha and olsun qiyamət günü İmam Hüseynin (ə) babası və atası ibn Mərcanədən (İbn Ziyaddan) intiqam alacaqdır. (İbn Covzi, Təzkirətul-xəvas, səh.265; Ənsabul-əşraf, c. 3, səh 227; Tarixun-nihayə, səh 66)
6. Ümmü Sələmə- Peyğəmbərin (s) həyat yoldaşı: İbn Abbas deyir: “Yatmışdım, Ümmü Sələmənin evindən gələn vay-şivən səsi məni ayıltdı. Peyğəmbərin (s) evinə sarı yürüdüm. Çoxsaylı kişi və qadının ağladığını gördüm. Səbəbini soruşduqda isə Ümmü Sələmənin səsini eşitdim, deyirdi: “Ey Əbdul-Müttəlib qızları, gəlin birgə ağlayaq. Allaha and olsun ki, sizin rəhbərinizi və behişt cavanlarının sərvərini şəhid etdilər.” (Müsnədi Əhməd, c. 1, səh. 238)
Deməli səhabə və tabeindən olanlar da Aşura və Məhərrəmlikdə əza saxlayıblar. Bu əza məclislərinin tarix boyu həm gizlin və həm də aşikar şəkildə keçirilmişdir. Uzağa getməyək, elə Sovet rejimində insanların Aşura mərasimlərini gizlin şəkildə necə həyata keçirtdiklərini elə öz ağsaqqal və ağbirçəklərinizdən öyrənə bilərsiniz. Hətta bəzi məntəqələrdə Aşura gecəsi qəbristanlığa getmək (ölənlərinə baş çəkmək) ənənəsi də həmin mərasimlərdən qaynaqlanır. Belə ki, insanlar ölənlərinə baş çəkmək bəhanəsi ilə qəbiristanlığa gedər və qaranlıq gecədə əzadarlıq edərdilər.
Əzadarlığın dövlət səviyyəsində ilk dəfə olaraq hicri qəməri tarixi ilə dördüncü əsrin ikinci yarısından etibarən Ali-Buyənin hakimiyyəti zamanı (352 h. q) geniş şəkildə hər il qeyd olmağa başladı. Bu barədə ibn Əsir “Kamil”də, ibn Kəsir “Əl-bidayə vən-nihayə” də, Şafei “Miratul-cinan da, və başqaları öz kitablarında məlumat vermişlər.
Məşhir tarixçi ibn Covzi “Əl-muntəzəmu fi tarxil-muluk vəl-umən” adlı kitabında yazır. “352 hicri qəməri ilində Muizzud-dovlə Deyləmi müsəlmanlara Aşura günü bir yerə yığışaraq, əzadarlıq etməyə icazə verdi. Bazarlar bağlandı, alış-veriş işləri tətil edildi, qəssablar dükanlarına qıfıl vurdu. Meydanlarda, bazarlarda qara çadırlar quruldu. Geniş əzadarlıq mərasiminə başlandı. (“Əl-muntəzəmu fi tarxil-muluk vəl-umən” c. 7, səh 15)
Əhli sünnətin görkəmli məzhəb banisi İmam Şafei yazır: “Bu, tarixdə Aşura əzadarlığının aşikar şəkildə və geniş formada keçirildiyi ilk gün idi.” (İmam Şafei, Miratul-cinan, c. 3, səh 247; Suallar və cavablar, səh. 31)
Misr əhli Aşura günü İmam Hüseynin (ə) övladlarının qəbrini ziyarət edir, orada böyük əzadarlıq məclisləri təşkil edirdilər. (Məqrizi, Əl-Xutub , c.2, səh. 67)
Digər bir mənbə yazır: “Aşura mərasimləri Novruz bayramına təsadüf etdikdə bayram mərasimləri təxirə salınırdı.” (Ən-nucumuz-zahirə fi muluki Misir və Qahirə, c. 4, səh 15)
Əhli sünnə alimlərinin Aşura mərasimlərini qeyd etmələri.
Əbdulcəlil Razi h.q tarixi ilə 560-cı ildə Ktabu-nəqz adlı kitabında məlumat verir: “Hər kəsə məlumdur ki Hənəfi və Şafei firqələrinin rəhbərləri, həmçinin onların davamçıları olan alimlər, fəqihlər Aşura ildönümlərini qeyd edərək, ahu-zar etmiş təziyə mərasimləri qurmuşlar. Kərbəla şəhidlərinin müsibətini yad edib, minbərlərə çıxmış, rəvayətlər söyləmişlər.”
Əhli sünnə alimləri Xacə Əbu Mənsur Maşad (536 h.q vəfat) İsfahanda, Xacə Əli Qəzvini Hənəfi (551 h.q vəfat) Bağdadda; Əbu Mənsur Umdəddin Şafei, Nişapurda; Xacə Əşəri Hənəfi Nişapurda; Qazi Hənəfi və digərləri də hər il Aşura əzadarlığı üçün mərasim keçirən alimlərdəndir. (Rəsul Cəfəri, Aşura qiyamında diqqətli araşdırma, səh. 314-340)
Səfəvilər hakimiyyəti zamanı da, belə əzadarlıq mərasimləri həyata keçmişdir.Amma bu, həmin mərasimlərin sırf o zamandan qalmasına dəlil deyil.
Bura qədər yazılanlar yuxarıda qeyd olunan iki iddianın batilliyini göstərdi. Bunun əksini iddia edən varsa onda bizə bunu dəlillər əsasında təqdim etsin.
"Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!" (Bəqərə 111)

Mahir Şəkərov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq
“Exchange”lərin fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq
Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü
Natiq Əliyev:
Natiq Əliyev: - Hasilatın azaldılması Azərbaycanın xeyrinədir
“Azərbaycan neftin hasilatının azaldılması ilə bağlı əldə olunmuş
Valyutadəyişmə məntəqələri bərpa olunur:
Valyutadəyişmə məntəqələri bərpa olunur: - Qanun təsdiqləndi
Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi
reklam
Azərbaycana gələr ərəblərin sayı artıb
Azərbaycana gələr ərəblərin sayı artıb
BƏƏ-dən gələn turistlərin sayı 22, İraqdan gələnlərin sayı 30 dəfə artıb.
Valyuta hərracının nəticəsi açıqlanıb:
Valyuta hərracının nəticəsi açıqlanıb: - Dollar bahalaşdı
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı
Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Ali Məhkəməyə yeni hakim seçilib. Xia.az Report-a istinadən xəbər verir
 
XİA.az - TƏQDİMAT