Ermənistan qarışdı - telefon dinləməsi Paşinyanı bitirir

Ermənistan qarışdı
Robert Köçəryan ofisinin xalqa müraciətindən sonra Nikol Paşinyan da özünü xalqın dəstəyi ilə sığortalamağa cəhd etdi; baş nazirdən vəsiyyətə bənzər müraciət: “Məni Respublika meydanında asın...”
Ermənistanda iki xüsusi xidmət orqanının-Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçaturyan arasında telefon danışığının internetdə yayılması İrəvanda şok effekti yaradıb.
İlk saatlarda rəsmi qurumlar bu xəbəri təkzib etməyə çalışsalar da, artıq vəziyyətin ciddiliyini anladıqdan sonra reallıqla barışmalı olublar. Hətta ifşa olayının ardınca istefaya getmək niyyətində olanlar da var. Sözsüz ki, bu olay xüsusilə Nikol Paşinyan hökumətini sarsıdıb. Nəzərə alsaq ki, Paşinyan ona verilən suallara cavab olaraq həyata keçirilən həbslərdən az qala xəbərsiz olduğunu iddia edir və bu məsələləri hüquq-mühafizə orqanlarının səlahiyyəti ilə əlaqələndirirdi. Lakin internetdə yayılan telefon danışıqlarından sonra bəlli oldu ki, N.Paşinyan Rusiyanın adamları olan şəxslərin həbsinə şəxsən göstəriş verib. Düzdür, erməni baş nazir baş verənləri “şantaj” adlandırıb və geri çəkilməyəcəklərini bildirib. Amma səs yazılarından ortaya çıxan qənaət budur ki, Ermənistanda keçmiş hakimiyyətin nümayəndələrinə qarşı istintaq siyasi sifariş əsasında aparılır. Bu mənada nəzərlər daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun üzərinə yönəlir. İki güc strukturu rəhbərinin telefon danışığı baş katib barədə həbs-qətimkan tədbirinin Paşinyan tərəfindən verildiyini sübuta yetirir.

Telefon danışığına əsasən Vanetsyan müstəntiqlərin KTMT baş katibi Yuri Xaçaturovun barəsində həbs-qətimkan tədbiri seçməyə hazırlaşdığını eşidəndə Sasun Xaçaturova deyir: “Brat, bircə bu Xaçaturovu yox, KTMT rəhbəridir, tam biabır olarıq”. Vanetsyan Xaçaturovun məsələsinin “siyasi problem” olduğunu deyir və Rusiya ilə hansısa “razılaşmadan” danışır. Xaçaturyan isə məsələni baş nazirlə müzakirə etməyi ona məsləhət bilir: “Görürsən ki, mən artıq həbs barədə elan etmişəm”. “Yaxşı, mən ona elə indi zəng edərəm” - Vanetsyan Paşinyana zəng vuracağını deyir. Habelə bildirir ki, keçmiş prezident Robert Köçəryanın işinə baxan hakim bir az qorxub. Amma Xüsusi İstintaq Komitəsinin rəhbəri hakimə Köçəryanın həbs edilməli olduğunu tapşırdığını deyir: “Ona dedim ki, məni maraqlandırmır sən bunu istəyirsən, ya yox, həbs barədə qərar çıxarmalısan”. (Virtualaz.org)

Telefon danışığının kim, yaxud hansı ölkə tərəfindən qeydə alınıb sızdırıldığı hazırda qızğın müzakirə mövzusudur. Əksər ekspertlər, sosial şəbəkə istifadəçiləri bunu Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) işi hesab edirlər. Hərçənd səs yazısının yayılmasını ABŞ kəşfiyyatının işi hesab edənlər də var. Məlum olur ki, səs yazısı hələ avqustun 5-də həmin gün açılmış YouTube kanalında yerləşdirilib, lakin fayl baş nazir Nikol Paşinyanın Moskvaya səfərindən sonra aktivləşdirilib. Vanetsyan keçirdiyi mətbuat konfransında deyib ki, telefon danışığını 99.99 faiz ehtimalla onun başçılıq etdiyi strukturda yazmayıblar. Amma Vanetsyan hansısa xarici dövlətə də eyham vurmayıb, bunun keçmiş hakimiyyət nümayəndələri tərəfindən edilməsi ehtimalına daha çox üstünlük verdiyini nümayiş etdirib.

Rusiya səfərindən olduqca peşman, üstəlik, prezident Putinlə və hətta erməni iş adamları ilə görüşdən “əliboş” qayıdan N.Paşinyan Ermənistanda üzləşdiyi növbəti sürprizi həzm etməyə hazır görünməsə də, Kremlə dirəniş göstərməyə cəhd edir. Təsadüfi deyil ki, sentyabrın 11-də, elə məhz gizli telefon danışığının yayıldığı saatlarda Ermənistan hüquq-mühafizə orqanları sabiq prezident Robert Köçəryan barəsində yeni cinayət işi açıb.

Rusiya prezidenti V.Putinin Köçəryana telefon zəngindən sonra Paşinyanın ondan əl çəkəcəyi gözlənilsə də, bu, baş vermədi. 1 mart 2008-ci il cinayətlərində ittiham olunan R.Köçəryanın “müalicə” adı ilə ölkədən çıxmasına qadağa qoyuldu. İndi də onun maliyyə cinayətlərində ittiham olunması isə Kremlin adamını nə yolla olursa-olsun cəzalandırmaq istəyindən xəbər verir. N.Paşinyan anlayır ki, R.Köçəryanın əl-qolu açılsa, o, Moskvanın dəstəyi ilə Ermənistandakı hakimiyyət əleyhdarlarını başına toplayıb ölkədə növbəti inqilabı reallaşdıra, yaxud 2019-cu ilin yazında keçiriləcək parlament seçkilərində qələbəsini təmin edib indiki rejimi yola sala bilər.

Bu yerdə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva görüşündən sonra Rusiyanın “Kommersant” nəşrinə müsahibəsindəki bir məqama diqqət çəkmək lazım gəlir. Paşinyan Putinin kifayət qədər yaxın dostu hesab edilən Köçəryan, həmçinin KTMT baş katibi Yuri Xaçaturova qarşı açılan cinayət işi ilə bağlı Rusiya prezidenti ilə nə danışdığını soruşan jurnalistə iddialı cavab vermişdi: “Vladimir Putin insani əlaqələri, insani münasibətləri yüksək qiymətləndirən şəxsdir. Bunu şərh etmək və bundan böyük siyasi nəticələr çıxarmaq lazım deyil. Əlbəttə ki, biz bir çox məsələləri müzakirə etdik. Demək istəyirəm ki, Ermənistanda cinayət işi konkret şəxslərə qarşı deyil, cinayət məcəlləsinin pozulması faktına görə açılır. Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və əgər cinayət məcəlləsinin pozulması faktı varsa, cinayət işi açılır və açılacaq da”.

Xatırladaq ki, bundan əvvəl Rusiya XİN başçısı Sergey Lavrov Ermənistandakı hadisələrin ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bəyanatları ilə ziddiyyət təşkil etdiyini bildirəndə N.Paşinyan ona cavab olaraq “Ölkəmizdə yeni vəziyyətdir və biz hamımız buna adaptasiya olmalıyıq. Həmçinin rusiyalı həmkarlar da” - demişdi. S.Lavrovun növbəti xəbərdarlığına reaksiyasında isə baş nazir onu açıq şəkildə lağa qoymuşdu. Paşinyanın Rusiya səfəri və Ermənistanda baş verənlər isə Kremlin Ermənistanda “adaptasiya olunmaq” istəmədiyinin nümayişidir.

Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan telefon danışığının yayılmasını 2008-ci il 1 mart hadisələrinə dair istintaqa mane olmaq cəhdi adlandırıb. Deyib ki, şəxsin icazəsi olmadan onun barəsində məlumatların toplanması, yayılması cinayətdir. “Bu, bizi dayandırmağa yönəlmiş miskin cəhddir, amma inanın ki, biz dayanan deyilik və öz işimizi görəcəyik” - Xaçaturyan bildirib. Bu cəsarətli bəyanatın da reaksiyasız qalmayacağı şübhəsizdir. Yeri gəlmişkən, Paşinyanın komandasındakı “Soros uşaqları” ilə bağlı da Kremlə dosyeni məhz Köçəryanın adamları yollamışdı. Deməli, “bu xəmir hələ çox su” aparacaq.

Belə görünür ki, Rusiya “bir güllə ilə iki və bəlkə də daha çox dovşan vurub”. Onun Ermənistan hökumətini sındırması, İrəvanın hətta Qərbin iradəsinə zidd olaraq Suriya prosesində Moskva ilə birgə iştirakına sövq etməsi Qərbdə qıcıqla qarşılanıb. Hansı ki, ABŞ-ın Ermənistandakı səfiri Lavrovun bəyanatının cavabında Ermənistandakı 1 mart araşdırmalarını dəstəklədiyini bəyan etmişdi.

Telefon söhbətinin yayılmasından sonra Köçəryan tərəfdarlarının aktiv hərəkətə keçməsi də təsadüfi deyil. Ermənistanın keçmiş prezidentinin jurnalistinin ofisi telefon danışığı ilə bağlı bəyanat yayıb. (Axar.az) Bəyanatda Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı birbaşa olaraq Nikol Paşinyanın idarə etdiyi siyasi təqib həyata keçirildiyi bildirilib: “Söhbətdən göründüyü kimi lap əvvəldən qarşıya 1 mart hadisələrini aydınlatmaq və günahkarları yaxalamaq tapşırığı deyil, sadəcə, siyasi vendettanın klassik nümunəsi olan prezident Köçəryanı həbs etmək tapşırığı qoyulub” - bəyanatda deyilir. Köçəryanın ofisi hakimiyyətin eks-prezidentə qarşı apardığı siyasi təqibin yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayıb: “Biz bütün həmvətənlərimizi və dostlarımızı vəziyyəti, hökumətin iş tərzini ayıq başla qiymətləndirməyə, təbliğat pərdəsini yarmağa və Ermənistanı demokratik ölkədən diletantların bolşevizm prinsipləri əsasında idarə etdiyi və siyasi repressiyaların aparıldığı ölkəyə çevrilməsinə izn verməməyə dəvət edirik”. Əslində bu, Köçəryan tərəfdarlarının xalqa inqilab çağırışıdır. Onsuz da Paşinyanın 4 aylıq hakimiyyəti dövründə xeyli narazı kütlə formalaşıb, bunun üzərinə Rusiya faktorunu gəlsək, baş nazirin durumunun ağır olduğunu deyə bilərik.

N.Paşinyansa həm qorxur, həm də təhdid edir. “Əgər Ermənistan baş naziri Nikol Paşinyana nəsə olsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatil hesab etdiyi şəxslər üzərində məhkəmə quracaq”. Bunu onun İrəvandakı mitinqdə dedikləri də təsdiqləyir. Paşinyan iddia edib ki, “xalqın mandatı və razılığı ilə” antikorrupsiya mübarizəsi aparır. “Əgər başıma nəsə gəlsə, xalq küçələrə çıxacaq və potensial qatillər üzərində məhkəmə quracaq. Məhz xalq mənim təhlükəsizliyimin zəmanətçisidir. Mən özümün və ailəmin təhlükəsizliyindən narahat deyiləm. Bu mübarizə sona qədər davam edəcək. Əgər mən korrupsiyaya bulaşsam, o zaman məni Respublika meydanında asın”, - deyə o bildirib. (Axar.az)

Göründüyü kimi, həm Köçəryan, həm də Paşinyan xalqa xitab edir. Belə gərgin situasiya bu ilin yazında, Paşinyan küçədən hakimiyyətə doğru yol gələrkən yaşanırdı. Paşinyan bu gün böyük sərvətlərə sahib olan və arxasında Rusiyanın dəstəyini hiss edən Qarabağ klanı ilə üz-üzə qalıb.

O, Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın bank hesabları məsələsinə də toxunub. Paşinyanın sözlərinə görə, təkcə bir bankda onun 30 milyon dolları var və bu dondurulub. “Saşik Sərkisyana çağırış edirəm ki, bir həftə ərzində 30 milyon dolları dövlət büdcəsinə qaytarsın. Biz imkan verməyəcəyik ki, kimsə xalqla məzələnsin. Robert Köçəryan, Serj Sərkisyan, Ovik Abramyan, Qagik Xaçaturyanın bizim üçün heç bir fərqi yoxdur. Təhdidlərlə bizə qarşı dayanacağınızı düşünməyin”. Ancaq onun harayını eşidən olacaqmı?

Faktiki olaraq Rusiya kəşfiyyatı bir telefon danışığını dinləyib onu ictimailəşdirməklə Paşinyan hökumətini “tərk-silah” etmiş oldu. Düzdür, söhbət cinayətkarlardan, üstəlik, Qarabağdakı qanlı hadisələrdə əli olanların cəzalandırılmasından gedirdi. Lakin Paşinyan özü barədə “demokrat” imici yaratmağa çalışırdı və səlahiyyətlərindən kənara çıxmadığını iddia edirdi. Telefon danışığının yayılması isə təsdiqlədi ki, o, sadəcə, maska taxıbmış, həm də Rusiyaya münasibətdə. İndi “atılan daşları yığmaq zamanıdır”, N.Paşinyan Rusiyanın himayə etdiyi adamı şəxsən tutdurub, üstəlik, digərlərindən də əl çəkmək istəmir. Artıq telefonu dinlənilən Sasun Xaçatryan deyib ki, cəmiyyətin tələbini hiss etdiyi təqdirdə istefa verəcək. Rəsmilərdən heç kim telefonunun dinlənilmədiyinə əmin deyil. Deməli, Paşinyanın komandasının hər bir üzvünün ifşa olunması üçün yetərli faktlar var. Ermənistan hökuməti yeni “Wikileaks” şokunu yaşamaqdadır. Rusiya hələ Ermənistanı cəzalandırmaq üçün hansısa güc mexanizmindən, yaxud Gümrüdəki 102 saylı hərbi bazanın şəxsi heyətindən istifadə etmir. Bircə telefon danışığı ilə rəsmi İrəvanı nokauta salmağı bacarıb. Bundan sonrakı proseslər daha maraqlı olacaq...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT