Gəncə Şəhər Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Gəncə Şəhər Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Sentyabrın 29-da Gəncə Şəhər Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə Şəhər İdarəsinin rəisi, polkovnik Əli Əliyev və hüquq mühafizə orqanlarının əməkdaşları, ədliyyə işçiləri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri açan Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov qeyd edib ki, prokurorluq orqanları yarandığı gündən həmişə dövlətə, dövlətçiliyə sadiq olub, öz fəaliyyətində qanunçuluğu əsas tutub. Respublikamızın hələ çətin illərində prokurorluq orqanları həmişə dövlətçiliyin əsas dayaq sütunlarından biri kimi çıxış edib.

Bildirilib ki, Gəncə Şəhər Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - Azərbaycan Respublikasının prokurorluq orqanlarının yaradılmasının 100 illiyinə təsadüf edir. Prokurorluq orqanlarının xidmətlərini və tarixi inkişaf yolunu nəzərə alan ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi geniş qeyd olunur.

Rüstəm Usubov Azərbaycan prokurorluğunun yaranması, keçdiyi şərəfli yol və hazırkı fəaliyyəti barədə də məlumat verərək qeyd edib ki, son illər prokurorluq orqanlarında sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülüb, dövlətçilik, qanunçuluq prinsipləri önə çəkilib. Nəticədə prokurorluğa ictimai etimad artıb, onun nüfuzu daha da yüksəlib. Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan R.Usubov son illər ölkəmizdə hüquq quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb, demokratik cəmiyyətdə prokurorluğun rolunun artmasının vacibliyini vurğulayıb. Həmçinin diqqətə çatdırılıb ki, son illər kadr potensialının gücləndirilməsi, kadrların peşəkarlığının artırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov prokurorluq orqanlarının əməkdaşlarını Azərbaycan Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirib.

Həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri diqqət və qayğıdan danışan Gəncə şəhər prokuroru Fazil Həsənəliyev respublikamızın ikinci böyük şəhəri Gəncədə prokurorluq əməkdaşları üçün tikilən yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib. Gəncə Şəhər Prokurorluğunda çalışan kadrların əksəriyyətinin gənc olmasına baxmayaraq qarşıya qoyulan tapşırıqların öhdəsindən yüksək peşəkarlıqla gəldiyini önə çəkən Fazil Həsənəliyev, Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını deyib.

Sonra mərasim iştirakçıları Gəncə Şəhər Prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, Şah İsmayıl Xətai prospekti ilə Vaqif küçəsinin kəsişməsində inşa olunan bina 4 mərtəbədən ibarətdir. Binada polis otağı, ümumi qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, kriminalistika, kompüter və qanunvericiliyin sistemləşdirilməsi otaqları, kitabxana, dəftərxana, arxiv, konfrans zalı və yeməkxana yaradılıb. Bildirilib ki, Gəncə Şəhər Prokurorluğu üçün müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub. Bir sözlə, burada prokurorluq əməkdaşlarının fəaliyyəti üçün hər bir şərait yaradılıb.

AZƏRTAC

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT