Ukraynadakı səfirlikdən 2,4 milyon dollar mənimsəmədə “ikinci pərdə” - səfirdən ittihamlı təkzib

Ukraynadakı səfirlikdən 2,4 milyon dollar mənimsəmədə “ikinci pərdə”

Azər Xudiyev sabiq səfir Tələt Əliyevdən erməniəsilli nazirə şikayət etmədiyin deyir, amma...
Azərbaycan Xarici İşlər Nazirliyinin Ukraynadakı indiki və keçmiş səfirlərinin arasındakı qalmaqala görə araşdırmaya başlaması haqda ötən saylarımızda məlumat vermişdik. Xatırladaq ki, indiki səfir Azər Xudiyev Tələt Əliyevin səfir olduğu dövrdə 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib.

Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb. A.Xudiyevi qərəzli olmaqda ittiham edən T.Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib. T.Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub.

A.Xudiyevin Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi hətta parlament səviyyəsində müzakirə edilib, bəzi deputatlar bunu E.Məmmədyarovu nazirlikdə işini yaxşı qurmamaqda qınayıb.

Az qala 10 gündür mediada ciddi müzakirə olunan bu məsələ barədə Ukraynadakı səfirlik rəsmi məlumat yayıb.

Məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində keçmiş səfir Tələt Əliyevin hazırkı səfir Azər Xudiyevə qarşı səsləndirdiyi əsassız ittihamlarla bağlı Milli Məclis üzvlərinin narahatlığına səbəb olan məqamlara dair aşağıdakıları bildirmək istəyirik: 2016-cı ildə səfir A.Xudiyev tərəfindən Ukraynadakı səfirliyin inzibati binası təhvil alınarkən, onun qəzalı olub-olmamasının qiymətləndirilməsi və binada çatların yaranma səbəbinin müəyyən edilməsi məqsədilə səfirlik tərəfindən Ukrayna Tikinti-konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edilib və müvafiq ekspertizanın təyin edilməsi üçün mütəxəssislər dəvət olunub. Ekspertizanın yekun rəyinə əsasən müəyyən olunub ki, binanın zirzəmisi və damı qəzalı vəziyyətdədir.

Bildirmək istəyirik ki, 2007-2009-cu illərdə səfirliklə Ukrayna vətəndaşı, “SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova arasında bağlanmış müqaviləyə əsasən Səfirliyin inzibati binasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. Lakin İnstitut tərəfindən aparılmış araşdırmada binada heç bir əsaslı təmir işlərinin aparılmadığı aşkarlanıb.

Daha sonra səfir A.Xudiyev S.Həşimovanı səfirliyə dəvət edərək, ekspertizanın rəyini onun diqqətinə çatdırıb və bağlanmış müqavilənin şərtlərinin düzgün yerinə yetirilməməsi ilə bağlı iradlarını bildirib. S.Həşimovadan xahiş olunub ki, həmin müqaviləyə əsasən Səfirliyin binası tam təmir olunaraq təhvil verilsin. Çoxsaylı müraciətlərə baxmayaraq, şirkət əsaslı təmirin aparılmasından imtina edərək görülmüş işlərlə bağlı heç bir təhvil-təslim sənədlərini səfirliyə təqdim etməyib.

S.Həşimovanın Ukrayna vətəndaşı olduğunu və həmin şirkətin Ukraynada təsis edilərək qeydiyyatdan keçdiyini nəzərə alaraq, sözügedən müqavilənin icrasını tam təmin edilməsi məqsədilə Səfirliyin müraciəti əsasında Ukrayna Baş Prokurorluğunda araşdırmalar aparılır.

Səfirlik tərəfindən T.Əliyevlə bağlı hər hansı məsələdə yerli hüquq-mühafizə orqanlarına, eləcə də Ukrayna daxili işlər naziri A.Avakova müraciət edilməyib. Hesab edirik ki, xüsusilə A.Avakovun adının hallandırılması və bu ətrafda eyforiya vəziyyətinin yaradılması məqsədyönlü və qərəzli xarakter daşıyır. Onu da xüsusilə qeyd etmək istəyirik ki, sözügedən məsələ ilə bağlı yekun hüquqi qiymətin verilmədiyi halda bəzi kütləvi informasiya vasitələrində hər hansı bir fikrin söylənilməsi məqsədəmüvafiq deyil".

Səfirliyin gecikmiş reaksiya təəccüb doğurmaqla yanaşı bir sıra sualları yenə açıq buraxıb. Əvvəla, niyə səfirlik şikayət məsələsi hətta Milli Məclisdə müzakirə səviyyəsinə çıxmadan təkzib edilməyib. Əgər belə bir şikayət yoxdursa, niyə T.Əliyevin evində axtarış aparılıb?

Yeri gəlmişkən, Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rüfət Quliyev BakuPost-a müsahibəsində bu qalmaqalla bağlı səfirlə danışdığını deyib. O, Azər Xudiyevin Ukrayna hüquq-mühafizə orqanlarına müraciət etdiyini təsdiqləyib: “Azər Xudiyev rəsmi formada təmir aparmış Ukrayna şirkətindən şikayət edib. Azər Xudiyevin Tələt Əliyevin adını şikayətində yaza da bilməz, ixtiyarı yoxdur. Səfir Ukrayna şirkətilə bağlı müraciət edib. Şirkət də yoxlanmağa başlayanda sabiq səfir şirkəti müdafiə etməyə başlayıb. Bu məsələni qapalı formada araşdırmaq mümkün idi. Təəssüf ki, Tələt Əliyevin keçirdiyi mətbuat konfransı ilə bütün bu məsələlər bu formada üzə çıxdı, yayıldı”.

Deputat deyib ki, Azər Xudiyev rəsmi icazə olmasa idi, belə addım atmazdı: “Azər Xudiyev Xarici İşlər Nazirliyinə rəsmi məktub yazıb, müraciət edib. Mən burada tərəflərdən hər hansı birini müdafiə edəcək mövqedə deyiləm. Bu gün rəsmi səfir Azər Xudiyevdir, sabiq səfir Tələt Əliyev də hörmətli ağsaqqaldır. Pis vəziyyətdə qalmışıq”.

Maraqlıdır ki, bu qalmaqalla bağlı məlumatlı olan deputat səfirin erməni daxili işlər nazirinə müraciət etdiyini təkzib etməyib. O deyib ki, bu məsələlərdən bizə qarşı istifadə edən ermənilərə bəhanə verməməliyik: “Amma bu o demək deyil ki, Arsen Avakov səhər işə gəlir, düşünür ki, azərbaycanlılara qarşı necə pislik edib. Arsen Avakov orada pul qazanır, hamı da bunu bilir. Müəyyən siyasi məsələlərə görə ona toxunmurlar. Hamı bilir ki, bu insan biznesmendir. Təbii ki, sabah hər hansı bir məsələdə o, ermənilərin tərəfindən olacaq. Bu, birmənalıdır və bunu da başa düşmək lazımdır”.

ORXAN,
“Yeni Müsavat”

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT