Zamirə Hacıyeva Londonda ev dustağı edildi

Zamirə Hacıyeva Londonda ev dustağı edildi

Həbsdəki bankirin xanımı hər gün polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxa bilməz
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

“Report”un London bürosu xəbər verir ki, Böyük Britaniyanın Kral Ədalət Məhkəməsinin noyabrın 8-də keçirilən iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxa bilməz. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ötən həftə İngiltərənin paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır. Məlumata görə, ona qarşı iki mənimsəmə ittihamı irəli sürülüb.

Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində “Harrods” alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb.

Ötən həftə onun ailəsinə aid olan 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və “Christie” auiksionunda satışa çıxarılması nəzərdə tutulub.

“Mən Zamirənin Azərbaycana ekstradisiyasına çox pis baxıram. Azərbaycana gəlməsi yaxşı işdir bəyəm? Onun nə təqsiri var?”, - bu sözləri “Turan”a Zamirə Hacıyevanın baldızı Əminə Hacıyeva söyləyib. Ə.Hacıyeva qardaşı arvadı ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının obyektiv araşdırma aparacağına inanmır.

“Cahangirlə bağlı obyektiv istintaq aparılıb ki, Zamirəylə bağlı da aparılsın?”, - deyə o sual edib. Ə.Hacıyeva Z.Hacıyevanın təqsirsiz olduğunu düşünür: “Onunla bağlı cinayət işi açılıb, burda kartında 4 milyon yarım borcu vardı. Bu borc da nədən əmələ gəlib Cahangir məhkəmədə izah etmişdi. O, Zamirənin adına səhmlər almışdı, 4 milyonluq. Həmin səhmləri götürsünlər, borc bağlansın. Etmirlər. Çünki belə lazımdır”.

Ə.Hacıyeva qardaşı arvadının saxlanılmasını “burdan gedən sifariş” sayır və əlavə edir: “Hər halda hamı başa düşür ki, bu sifariş haradan gedir. Arvadı orda necə milyonlar xərcləyə bilər ki, yaxın adamlarının hamısına borcludur? Haradan çıxır bu daş-qaş? Kim belə vəziyyətə düşürsə, hər şey onun üstünə yıxılır, vəssalam... Bu qanun Moskva oliqarxları ilə bağlı çıxarılmışdı, Rusiyaya qarşı atılan addım idi. Bəs nə oldu bir Zamirəni tutdular? Hamı başa düşür ki, Zamirənin həbsi sifarişdir. Cahangirlə Zamirənin başında çatladı. Bunu etdilər ki, hamı bilsin belə də ola bilər...”

REAL Partiyasının təmsilçisi, iqtisadçı Natiq Cəfərli “Turan”a deyib ki, Böyük Britaniya qanunlarına görə ekstradisiya asan proses deyil: “Zamirə xanımın çoxuşaqlı ana olduğu, Britaniyada yatırımlar etməsi nəzərə alınacaq və bu proses illərlə uzana bilər”.

N.Cəfərlinin ehtimalına görə, Z.Hacıyeva yenidən həbs edilib ekstradisiya edilərsə məhkəmədə bankla bağlı cinayətlərin ört-basdır edilməsi mümkündür. İqtisadçı Beynəlxalq Bank rəhbərliyinin özbaşına bu qədər vəsaiti mənimsəməsinin şübhə doğurduğunu, burda açılmayan məqamların olduğunu bildirir, hətta gedişatda yüksəkvəzifəli məmurların adlarının hallandırılmasını da mümkün sayır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT