2017-ci il Azərbaycan üçün uğurlu oldu: Kim bununla razılaşmaya bilər?

2017-ci il Azərbaycan üçün uğurlu oldu: Kim bununla razılaşmaya bilər?
2017-ci il Azərbaycanın dostu olmayan bir çoxlarını məyus etdi. Azərbaycana qarşı ədavətə köklənmiş, bəzən isə açıq-aşkar düşmən münasibət bəsləyən xarici kütləvi informasiya vasitələrində bizim iqtisadiyyatımız haqqında məqalələr dərc edildi və videoçarxlar yayımlandı.

İddia olunur ki, sən demə, ölkənin iqtisadiyyatı çökmək üzrə imiş, valyuta ehtiyatları isə tükənmək təhlükəsi ilə üzləşib, işsizlik artacaq, ölkəni yoxsulluq bürüyəcək və ölkə bu kəskin böhran girdabından çıxa bilməyəcək. Azərbaycanda hələ belə kəskin böhran olmayıb. Kifayət qədər ciddi maliyyə çətinlikləri mövcud olsa da, onlar ölkənin iqtisadi artımına və 2017-ci ilə nəzərdə tutulan dövlət planlarının gerçəkləşdirilməsinə, demək olar ki, təsir etməyib. Ancaq statistikaya müraciət etməzdən əvvəl, gəlin, geridə qoyduğumuz ilin ən əsas və əlamətdar hadisələrini xatırlayaq, o hadisələr ki, onların reallaşması kifayət qədər iri məbləğdə pul vəsaiti tələb edirdi. Bunlara rəğmən, ölkə müvəffəqiyyətlə bu işin öhdəsindən gəlib.

Gəlin, yada salaq... 5-ci Qlobal Forum - nüfuzlu beynəlxalq tədbir statusu daşıyan əlamətdar bir hadisə, mədəniyyətlərarası dialoq üzrə 4-cü beynəlxalq forum... Həmin forumda əksər dövlətlər Azərbaycanın multikuturalizmin mərkəzi olduğunu bir daha təsdiq etdi. 4-cü İslam Həmrəyliyi Oyunları - irimiqyaslı beynəlxalq idman tədbirində dünyanın 54 müxtəlif ölkəsindən 3 mindən çox idmançı iştirak edib, Forumula-1 üzrə növbəti Azərbaycan Qran-Prisi – yarışa tamaşa etmək üçün ölkəyə dünyanın dörd bucağından on minlərlə insan gəlib. Müəyyən məbləğlərin yatırılmasını tələb edən bir çox başqa tədbirlər də təşkil olunub. Mstislav Rostropoviç adına 9-cu Beynəlxalq Festival, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adına Beynəlxalq Musiqi Festivalı, Qəbələdə beynəlxalq musiqi festivalı, “Jara” Musiqi Festivalı və s.

Heç ciddi iqtisadi böhran keçirən hər hansı ölkə bu qədər mürəkkəb tapşırıqlar toplusu və beynəlxalq öhdəliklərin öhdəsindən gələ bilər? Xeyr, əlbəttə ki, yox. Valyuta ehtiyatları 4,5 milyard dollar artdığı , ümumi səbətin isə 42 milyard dollara çatdığı halda, 2017-ci ili nə cür uğurlu il adlandırmamaq olar? Əmin olmaq olar ki, ilin sonuna bu məbləğ daha da artacaq. Sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərə şübhə ilə yanaşmaq nə dərəcədə düzgündür. Bir halda ki, təkcə ötən ilin payızında ölkədə 220 min yeni iş yeri açılıb, onların yarıdan çoxu “daimi məşğulluq” xarakterlidir. Qeyri-neft sektoru gəlirlərində 2,5 faizlik artıma göz yummaq nə dərəcədə düzgündür; halbuki bu göstərici artıq 2017-ci ilin sentyabr ayında qeydə alınıb.

Yayda artım səviyyəsi 1,7 faiz təşkil edib; heç şübhəsiz, 2018-ci ilin yanvar ayında biz Dövlət Statistika Komitəsinin ictimailəşdirəcəyi daha pozitiv statistik məlumatlarla tanış olacağıq. Xarici ticarət dövriyyəsinə gəldikdə isə, bu. ümumiyyətlə, 7 faizlik artım səviyyəsi ilə bizi, sözün əsl mənasında, sevindirib, ixracat idxalı 4,4 milyard dollar həcmində üstələməklə, Azərbaycanı zəruri olan valyuta ilə təmin edib.

Bəli, həqiqətən, iqtisadiyyatda müəyyən çətinliklər olub, habelə bu çətinliklər 2017-ci ildə deyil, bir neçə il əvvəl, dünyada neft qiymətlərinin kəskin ucuzlaşdığı andan başlayıb. Hələ 2015-ci ildə ölkənin ümumi valyuta ehtiyatları 54 milyard dollardan çox olub. Ancaq Azərbaycanı gözü götürməyənlərin “uzaqgörənlikləri”, ölkənin defoltla üzləşəcəyi ilə bağlı proqnozları özünü doğrultmadı. Defoltun baş verməsi bir neçə səbəbə görə mümkünsüz idi. Birincisi, xarici dövlət borcuna olan nisbətdə valyuta ehtiyatlarına görə Azərbaycan ən öncül ölkələrdən hesab olunur. Fərq 4-5 dəfə çox olduğundan ölkəni hər hansı ciddi böhrandan qoruyur.

Ancaq bu, heç də ən əsas faktor deyil. Məsələ ondadır ki, böhranın baş verməsi üçün Azərbaycan iqtisadiyyatı çox elastikdir (müxtəlif situasiyalara tez uyğunlaşandır). Ölkənin iqtisadiyyatı ümumi götürdükdə o qədər də irimiqyaslı deyil və onu durğun vəziyyətdən hərəkətə gətirilməsini çətinləşdirəcək elə də böyük ətalət qüvvəsinə malik deyil. Bizdə Sovet dönəmində olduğu kimi, yalnız nəhəng və bir-birindən asılı olan müəssisələr fəaliyyət göstərsəydi, o zaman bunun öhdəsindən gəlmək, həqiqətən, çətin olardı. Xarici təsirlərdən qaynaqlanan istənilən fors-major hal sənayeni durğun vəziyyətə gətirər, işsizlik səviyyəsini artıra bilər və digər fəsadlara yol açardı. Məhz ötən əsrin 90-cı illərinin əvvəllərində, imperiya süquta uğrayan zaman biz bu mənzərənin şahidi olmuşuq. Həmin vaxt Azərbaycanda, həqiqətən, iqtisadi böhran baş vermişdi. Habelə ötən onillik ərzində bizim iqtisadiyyat tam olmasa da, əhəmiyyətli dərəcədə transformasiya olunub və bu gün bir tərəfdən iqtisadi artım platforması kimi xidmət göstərən neft sektoru, digər tərəfdən hərəkətverici qüvvəyə çevrilmiş və valyuta təzyiqlərinə tab gətirə bilən kifayət qədər elastik qeyri-neft sektoruna əsaslanır.

İnşasına, həqiqətən, real məbləğlər sərf olunmuş Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin 2017-ci ildə baş tutan açılışını da unutmaq olmaz. Böhranda olan ölkənin belə möhtəşəm, irimiqyaslı beynəlxalq nəqliyyat layihəsini gerçəkləşdirməsi mümkünsüzdür. Layihə artıq gəlir gətirir, gələcəkdə isə gəlir həcmi daha da artacaq. Belə ki, həmin dəmiryolu xətti ilə 5 milyon ton yükün daşınması planlaşdırılır, yaxın gələcəkdə isə yük daşımaları azı 3 dəfə artırılacaq.

Ancaq 2017-ci ilin uğurunun daha konkret göstəriciləri də var. Buna cəlb olunan investisiyaların həcmini misal göstərmək olar. Məsələn, hələ yay aylarında ölkə iqtisadiyyatına qoyulan investisiya 5 milyard dollar civarında olub və bu məbləğin böyük hissəsi xarici yatırımların payına düşüb. Xarici iş adamları axmaq deyil və 2017-ci ildə Azəri-Çıraq-Günəşli yatağının işlənilməsinin davam etdirilməsi haqqında yeni saziş bağlayan və bununla, razılaşmanın müddətini faktiki olaraq 2050-ci ilə qədər uzadan bir ölkəyə investisiya qoymağın nə qədər gəlirli olduğunu yaxşı başa düşür.

Saziş nəticəsində Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qalxıb və hasil olan neftin 75 faizi Azərbaycan tərəfinin sərəncamına veriləcək. Bəsirətli investorlar Şahdəniz-2 layihəsinin 96 faizindən çoxunu gerçəkləşdirmiş və Azərbaycan qazını Gürcüstana qədər çatdıran Cənubi-Qafqaz boru xətti layihəsi üzrə işlərin 98 faizini qəbul etmiş dövlətlə dostluq etməyin nə dərəcədə xeyirli olduğunu yaxşı anlayır.

Dünya Bankının “Doing Business – 2018” adlı hesabatına görə, ölkə reytinq cədvəlində əvvəlki illərlə müqayisədə 65-ci yerdən 57-ci yerə qalxdığı bir halda, geridə qoyacağımız ildə Azərbaycanın əldə etdiyi bu nailiyyətləri şübhə altında almağa kimin cürəti və ağlı çatar? İqtisadi çətinliklərlə bağlı arqument olaraq il ərzində fəaliyyətini dayandıran 10 özəl bankı göstərə bilərsiniz. Bunun çox bəsit bir izahı var, rəqabətə tab gətirməyən zəif iştirakçılar maliyyə bazarından gedir, güclülər isə bu bazarda qalır. İqtisadiyyatın bank seqmentində belə “qan təmizləməsinə” çoxdan ehtiyac var idi. Belə təmizləmə əksinə, iqtisadiyyatın sabitləşməsinə xidmət göstərir.

Dünyamalı Nurşərəf

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT