Əli bayraqlı xalqın alın yazısı

Əli bayraqlı xalqın alın yazısı

Xoş o xalqın halına ki, yüksəklərdə dalğalanan bayrağı var.

Yüksəklərdə dalğalanan bayraq müstəqil dövlət, azad millət deməkdir.

Azadlığı olan dövlətin öz əli-öz başıdır, bir başqası onu əzə, istismar edə, soyunu qırıb-quruda, çarəsiz duruma sala bilməz.
Bayrağı olmayan millət başqalarının mərhəmətinə, insafına ümid edərək baş girləməyə məhkumdur.

Yer üzündə öz bayrağı olmayan, bu üzdən artmayan, güclənməyən, parça-parça olub dörd-beş dövlətin içərisində əriyən millətlər var.

Bu canavarlar dünyasında çox bayraqsız xalqlar məhv olub-gedib, assimlyasiya olunublar, böyük xalqların içində əriyib, onları da daha da böyüdüblər.

Bayraq uğrunda savaşlarda qanını qaşığa qoyan, amma bunu bayrağına həkk edə bilməyən, son nəticədə qırılıb yarıbayarı olan xalqlar da olub və var.

Bizim, xalq olaraq bir yalançı bayraq altında toplaşdığımız illər də olub. SSRİ dövlətinin qırmızı bayrağı bizi – yüzlərlə xalqı birləşdirsə də, sonda əsas funksiyasını yerinə yetirmədi, lazımi anda o bayraq bizi qorumadı, əksinə, bizi onunla əzdilər.

SSRİ dövlətinin bayrağı əslində özünü lap əzəldən rus bayrağı kimi aparırdı. Dövlətin ömrü isə doğulub-böyüyüb, yetkinləşən insanın ömrü qədər oldu. SSRİ-nin körpəliyi xəstəhal, uşaqlığı nadinc, gəncliyi dəlisov, orta yaşlılığı kölə zəhmətkeşliyi, qocalığı deyingən və marazmlı keçdi və nəhayət, ölüb getdi və ortada son nişanəsi – bayrağı da qalmadı.

O cür süni dövlətlərin bir dəfə enən bayrağı bir daha qalxmır. Çünki hər bayrağı göylərə qaldıran, ona sahib çıxan, ondan ötrü can verən bir millət olmalıdır.

Bayraq simvoldur, adi ipək-qumaş parça deyil. Tarixən bayrağı endirilən millətin insanları əsir edilib, kölə kimi bazarlarda satılıb, vətəndən didərgin salınıb, min kilometrlərlə uzaqlara sürülüb.

Bu baxımdan bayraq məsələsi heç də mənəviiyyat kateqoriyasina aid deyil. Bayraq həm də maddidir. Dünyanın hər tərəfində ona yalnız ideoloji səciyyə daşıyan predmet kimi baxmırlar. Praqmatik insanlar açıq şüurla anlayırlar ki, əgər hansısa bir ölkədə sənin bayrağını yandırırlarsa, təhqir edirlərsə, o ölkə sənə düşməndir, sənin özünü də yandıra, təhqir edə bilər.

Bir çox dövlətlərin bayraq məsələsinə həssaslığı o üzdəndir.

Çox səfər edən, dünyanı gəzən insanlar dəfələrlə sınayıblar, əgər getdikləri ölkədə, şəhərdə yüksəklərdə dalğalanan milli bayraqlarını görürlərsə, istər-istəməz sevinirlər. Ona görə ki, o dalğalanan bayrağın altı onlar üçün təhlükəsizlik vahəsidir, qoruyucu çətir deməkdir və onlar haqsızlığa, hücuma məruz qalsalar, o bayrağın altında özlərinə güclü müdafiəçi tapacaqlar.

Bayraq budur. Adi günlərdə, asudə vaxtlarda çox adam onun qədrini bilməyə, fərq etməyə bilər. Fəqət dara düşəndə adamın, eləcə də millətin köməyinə o bayrağı öz namusu sayan dövlət çatır.

Öz dövlətinin bayrağına xor baxan istənilən adam xaindir və ya manqurtdur. Kim bunu şüurlu şəkildə edirsə, birincidir, kim bilməyərəkdən, cahillikdən edirsə, ikincidir.

Azərbaycan xalqı öz bayrağını 71 illik fasilə ilə iki dəfə qaldırıb. Və 27 ildir sevə-sevə ucaldır, qoruyur, əziz tutur.

Bu bayrağın bayraq olması asan başa gəlməyib, onun uğrunda minlərlə şəhid vermişik. Bu gün bu ay-ulduzlu üç rəngli bayraq Azərbaycan respublikasında yaşayan hər bir xalqın və vətəndaşın doğma bayrağıdır. Onu idmançılar da sevə-sevə daşıyırlar, diplomatlar da, əsgərlər də. Bu bayraq yaşından, cinsindən asılı olmayaraq, hər kəs üçün əzizdir.

“Müqəddəs bayraq” anlayışı heç də havayı, pafosa bələnmiş söz birləşməsi deyil. Bilənlər üçün böyük sözdür.

Bu əziz gündə bizə bu əziz bayrağı başımızın üzərinə qaldıran, dövlət rəmzi edən dahi insanlara sonsuz minnətdarlıq ifadələri ünvanlamaq düşür. O böyük kişilər bu əzəmətli bayrağı qaldırmasaydılar... heç bu sətirlər də yazıla bilməzdi. Çünki bayraqsız millətin dilini də kəsir, yazısını da pozurlar.

Bayrağınız mübarək! Bayramınız mübarək!

Xalid KAZIMLI

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT