Prezident İlham Əliyevin davamlı, sistemli islahatları Azərbaycanın iqtisadi qüdrətini və əhalinin sosial rifahını daha da yüksəldib

Prezident İlham Əliyevin davamlı, sistemli islahatları Azərbaycanın iqtisadi qüdrətini və əhalinin sosial rifahını daha da yüksəldib
Milli Məclisin deputatı Bəxtiyar Sadıqov
- Bəxtiyar müəllim, 2019-cu ilin ötən dövrü ölkəmizdə mühüm ictimai-siyasi hadisələrlə zəngindir. Bunlardan biri də Prezident İlham Əliyevin şəhid ailələrinin üzvləri ilə görüşüdür. Bu görüş cəmiyyətə hansı mesajı verdi, ictimaiyyət tərəfindən necə qarşılandı?

- Bu görüş Azərbaycanda ictimaiyyətin bütün təbəqələri tərəfindən böyük rəğbətlə qarşılandı. Cəmiyyətimizin vətənpərvərlik hissinin daha da güclənməsinə xidmət etdi. Şəhid ailələrinin timsalında hər kəs bir daha əmin oldu ki, güclü Azəbaycan dövləti kimi dayağı var.

Dövlət, xalq onda böyük sayılır ki, onun uğrunda canından keçənləri olur. Bu mənada xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı var. Biz sovet hakimiyyətinin çətiri altında birləşdirilmiş digər xalqlardan fərqli olaraq azadlığımızı rahatlıqla əldə etmədik. Bu yol xalqımız üçün hamar olmadı, enişlərdən-yoxuşlardan, dolanbaclardan keçdik, Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə vətən övladı silaha sarıldı, qan tökdülər, canlarını fəda etdilər.

Şəhidlərimizin canlarını qurban verdikiləri Azərbaycan indi sayılıb-seçilən, müstəqil siyasət yürüdən, heç bir kənar qüvvədən asılı olmayan dövlətdir. Şəhidlərin vaxtilə sıralarında vuruşduqları ordu isə indi dünyanın ən qüdrətli silahlı qüvvələri sırasında yer alıb.

Şəhidlərimizin ruhu həm də ona görə rahatdır ki, əmanət qoyub getdikləri doğmalarının - valideynlərinin, övladlarının yanında qüdrətli Azərbaycan dövləti var. Şəhidlərin xatirəsi bizə nə qədər əzizdirsə, onların əzizlərinin, ailələrinin sosial rifahı, mənzil-məişət şəraiti də bir o qədər dövlətimiz üçün əzizdir və daim diqqət mərkəzində saxlanılır. Bu sahədə ən gözəl nümunələri isə Azərbaycan Prezidenti cənab İlham Əliyev ortaya qoyur.

Hələ ötən ilin aprelində seçkilərdə xalqın birmənalı dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin ilk fərmanının məhz şəhid ailələri ilə bağlı olması dövlət başçısının şəhidlərin əziz xatirəsinə dərin ehtiramının və şəhid ailələrinə qayğısının təzahürüdür. 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutuldu. Bu fərman həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının sosial siyasətinin başlıca məqsədlərindən biri olduğunu təsdiq etdi, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılandı.

Bu il yanvar ayının 28-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşü və 11 min manat məbləğində birdəfəlik ödəmə alacaq vətəndaşların sayının artırılması barədə yeni fərmanı cənab İlham Əliyevin böyüklüyünü, şəhidlərimizə və onların ailə üzvlərinə olan ehtiramını bir daha sübut etdi. Bu görüş həmin ailələrə yüksək səviyyədə diqqət və qayğının növbəti sübutu kimi Azərbaycan ictimaiyyəti tərəfindən rəğbət və minnətdarlıqla qarşılandı.

Qeyd edim ki, ölkədə şəhid ailələrinin, o cümlədən döyüşlərdə əlil olmuş şəxslərin sosial rifahının daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, indiyədək bu statusu daşıyan vətəndaşlara dövlət tərəfindən 6 min 654 mənzil verilib. Təqdirəlayiqdir ki, təkcə ötən il şəhid ailələrinə və müharibə əlillərinə planlaşdırıldığından 3 dəfə artıq - 626 ev verilib. Bu il həmin vətəndaşlara təxminən 800 mənzil verilməsi nəzərdə tutulur.

Şəhid ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği də ötən dövrdə mütəmadi olaraq artırılıb. Sonuncu dəfə yanvarın 30-da Prezident İlham Əliyev bu barədə müvafiq fərmanı imzalayıb. «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında» fərmana əsasən, şəhid ailələrinə verilən Prezident təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 300 manat müəyyən edildi.

Şəhidlər bizim müqəddəs and yerimiz, qürur mənbəyimizdir. Onlar heç vaxt unudulmayacaq, həmişə minnətdarlıq duyğuları ilə yada salınacaq, xatirələrinə dərin ehtiram bəsləniləcək. Bu, indi də belədir, sabah da belə olacaq. Bu mənada Prezident İlham Əliyevin şəhid ailələri ilə səmimi görüşü şəhidlərin əziz xatirəsinə ehtiramın böyük nümunəsi idi. Bununla, həm də bir həqiqət növbəti dəfə öz təsdiqini tapdı ki, Prezident İlham Əliyevin sayəsində şəhid ailələri haqlı olaraq ən yüksək dövlət qayğısı ilə əhatə olunublar.

- Ötən ay Prezident İlham Əliyev ardıcıl olaraq sosial məsələləri əhatə edən sərəncamlar imzaladı. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Dövlət də ailə kimidir. Hər bir ailənin öz gəliri olur və ailə həmin gəlirə uyğun xərclərini müəyyən edir. Yəni, ailənin kommunal xərcləri, o cümlədən hər bir üzvünün qida, geyim və digər ehtiyacları var. Ailə öz ehtiyaclarına uyğun olaraq xərclərini bölür və hissə-hissə qayğılarını yoluna qoyur. Dövlət də belədir, nə qazanırsa onu xərcləyir. Ayrı-ayrı sahələrin xərclərinin ödənilməsi üçün dövlət əvvəlcə o pulu tapıb büdcəyə cəlb etməli, sonra istifadə etməlidir. Bu mənada Azərbaycan iqtidarının daim öz vətəndaşının qayğısına qaldığını, hər bir sahənin inkişafı üçün lazımi qədər vəsait ayırdığını görməmək mümkün deyil. İlk növbədə, həmişə çalışıb ki, gəlirindən, qazancından vətəndaşların sosial rifahının yüksəldilməsinə sistemli şəkildə pul ayırsın.

Biz həmişə dövlət büdcəsini müzakirə edərkən onu sosialyönümlü büdcə adlandırırıq. Bu o deməkdir ki, ilk növbədə, sosial ehtiyacların daha dolğun ödənilməsi və vətəndaşların rifahının yüksəldilməsini əsas məqsəd kimi qarşıya qoymuşuq.

Amma dövlətin inkişafı üçün də xərclər tələb olunur. Bildiyiniz kimi, indiyədək Azərbaycan qlobal enerji layihələrinin həyata keçirilməsinə sərmayələr yatırıb. Çünki ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, enerji layihələrinə çəkilən xərclər gələcəkdə qazanc şəklində dövlətə qayıdacaq. Bu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun, “Cənub qaz dəhlizi”nin çəkilməsinə nail oldu. Çünki bunların hər biri Azərbaycanın inkişafına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə, imicinin yüksəlməsinə və həm də əhalinin sosial rifahının daha da yaxşılaşmasına xidmət edir.

Lakin Azərbaycan iqtidarı bununla kifayətlənmir. Son 15 ildə ölkədə regionların tarazlı inkişafına xidmət edən 3 dövlət proqramı icra olunub. Bu proqramlar xüsusən qeyri-neft sektorunun inkişafını təmin edib, bütövlükdə Azərbaycan iqtisadiyyatının 3 dəfədən çox artmasına yol açıb. Salınan sənaye parkları, aqroparklar məhz bir məqsədə – inkişafa xidmət edir. İqtisadi inkişafın təmin olunması ilə yanaşı, əhalinin fasiləsiz enerji verilməsi, içməli suya olan tələbatın ödənilməsi, bütün yaşayış məntəqələrinin qazlaşdırılması son 15 ildə ölkədə həyata keçirilən inkişaf siyasətinin prioritetlərini təşkil edib. Bu illərdə yolların yenidən qurulması da diqqət mərkəzində olub. Çünki yol inkişaf deməkdir və bu məqsədlə olduqca vacib layihələr həyata keçirilib. Şərq-Qərb, Şimal-Cənub istiqamətində nəqliyyat dəhlizi yaradılıb. Gediş-gəlişi asanlaşdırmaq üçün bəzi yerlərə, hətta tarix boyu avtomobil yolu olmayan yaşayış məntəqələrinə müasir yollar çəkilib.

Yəni də bütün bunların hər biri külli miqdarda vəsait tələb edir. Lakin bu dövrdə Azərbaycan iqtidarı bütün bu vəzifələrin öhdəsindən inamla gəlib. Hər bir sahəyə lazımi qədər vəsait yönəldilib, iqtisadiyyatın inkişafı təmin olunub. O cümlədən, kənd təsərrüfatının inkişafı təmin olunub, bunun üçün on minlərlə hektar yeni əkin sahəsi becərilməyə cəlb olunub, suvarma üçün yeni su anbarları inşa olunub. Bütün bunlar isə öz növbəsində insanların sosial güzəranının yaxşılaşması deməkdir. Məsələn, yeni açılan müəssisələr, təsərrüfatlar yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin olunmasına, yoxsulluğun aradan qaldırılmasına xidmət edir. Görünən odur ki, dövlət həm bu gün vətəndaşının qayğısına qalır, həm sabah, həm də perspektivdə. Ona görə də qarşıya qoyulan məsələlər mərhələ-mərhələ həll olunur.

Onu da qeyd edim ki, Azərbaycanda dövlət başçısı pensiyaların, müavinətlərin artırılması ilə bağlı hər il sərəncamlar verib. Son vaxtlar isə artan maliyyə imkanlarımız əhalinin digər sosial ehtiyaclarının ödənilməsinə yol açır. Təkcə fevral ayında dövlət başçısının imzaladığı sərəncamlar göstərir ki, Azərbaycan iqtidarı artan maliyyə imkanlarından ilk növbədə öz vətəndaşının sosial rifahının gücləndirilməsi üçün istifadə edir.

Minimum əməkhaqqının məbləğinin 50 manat artırılaraq 180 manata çatdırılması, əmək pensiyalarının minimum məbləğinin 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırılması, təqribən 100 minə yaxın tələbənin təqaüdünün artırılması, Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 16 min vahid artırılması, problemli kreditlərlə bağlı məsələnin öz həllini tapması ölkədə həyata keçirilən təkmil və ardıcıl sosial siyasətin ayrı-ayrı nümunələridir.

Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı isə sosial sahədə atılan addımların davamı kimi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Bu onu göstərir ki, respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılmasına da dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.

Bütövlükdə, bütün bunlar təsdiqləyir ki, dövlət öz vətəndaşının sosial rifahı üçün bütün lazımlı addaımlar atır. Amma əvvəldə qeyd etdiyim kimi, bunlara nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın, gəlir gətirən sahələrin inkişafına nail olmaq lazımdır. Təbii ki, maliyyə imkanlarımız artdıqca bu sahədə növbəti addımların da şahidi olacağıq.

Bir məqamı da unutmayaq. Hazırda bizim iki vacib problemimiz var ki, onlara daim diqqət yetirməli və lazım olduğu qədər vəsait ayırmalıyıq. Bunun biri çətin şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasıdır. Bunun üçün külli miqdarda vəsait tələb olunur. Artıq indiyədək ölkədə 100-dən artıq yeni qəsəbə salınıb və bu iş davam edir.

İkinci sahə isə ordu quruculuğudur. Çünki Azərbaycan müharibə şəraitindədir və əsas ağrılı problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə biz daim düşməndən güclü olmalıyıq. Güclü Azərbaycan Ordusu isə danışıqlar prosesində ölkəmizin üstünlüyünü təmin edən mühüm amildir. Digər tərəfdən, Ermənistanı sistemli şəkildə silahlandırdıqlarına görə biz silahlanmaya daha çox vəsait ayırmalı və üstünlüyü daim qoruyub saxlamalıyıq.

- Bəxtiyar müəllim, Azərbaycanın bütün uğurlarını həmişə inkar etmiş dağıdıcı müxalifət sosial məsələlərlə bağlı atılan addımları öz adına çıxmaq istəyir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanda bütün iqtisadi və sosial təşəbbüslər dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilir. Əgər biz Prezident İlham Əliyevin gördüyü işləri öz adına çıxmaq istəyən Əli Kərimlinin iqtidarda olduğu dövrə nəzər salsaq görərik ki, hətta 1992-ci ildə növbəti ilin dövlət büdcəsi təsdiq olunmadı. Çünki dövlətin büdcəsi boş idi, gəliri yox idi. Əgər Əli Kərimli belə bacarıq sahibidirsə, o zaman niyə ölkəni iqtisadi böhrandan çıxara bilmədilər?

Bu cür boş-boş iddialarla çıxış etmək dağıdıcı müxalifətin köhnə vərdişidir. İkincisi isə mən təəccüblənirəm ki, nə əcəb indiyədək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, “Cənub qaz dəhlizi”ni, ordumuzun dünyanın 50 güclü ordu sırasında yer almasını, qaçqın şəhərciklərinin tikilməsini, 3 peykimizin orbitə göndərilməsini, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini Əli Kərimli öz adına çıxmayıb?! Nə əcəb, demir ki, biz bu məsələləri qaldırdıq sonra İlham Əliyev etdi. Bəlkə Ələt azad iqtisadi zonasının yaradılması təklifini də Əli Kərimli verib? Bütün bunları Azərbaycan hakimiyyəti edəndə, Prezident İlham Əliyev bu inkişafı təmin edən dövlət proqramlarını təsdiqləyəndə, Azərbaycanı kosmik dövlətə çevirəndə, qlobal enerji və nəqliyyat layihələrinə başlayanda Əli Kərimli hardaydı? Əlbəttə, qrant axtarışında!

Əli Kərimli onsuz da bu cür gülməli iddiaları ilə xalqın qınaq hədəfinə çevrilib. Xalq bu müxalifətin dabbaqda gönünə bələddir. Birillik yarıtmaz iqtidarları ilə xalqa və dövlətə vurduqları yaraları insanlar heç vaxt onlara bağışlamayacaqdır!

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT