Heydər Əliyev Tarixi Yaradan Şəxsiyyətdir

Heydər Əliyev Tarixi Yaradan Şəxsiyyətdir

Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktını qəbul etdi və Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək suveren müstəqil Azərbaycan Respublikasının yaradılması işinə başladı. Lakin 1991-1992-ci illərdə A. Mütəllibovun və 1992-1993-cü illərdə Xalq Cəbhəsi-Müsavat cütlüyünün rəhbərliyi dövründə ölkədə tənəzzül daha da gücləndi. Bu isə onunla əlaqədar idi ki, hüquqi bazaya söykənən iqtisadi islahatlar aparılmadan siyasi islahatlar önə çəkilir, ölkənin inkişafını təmin edən iki ayrılmaz amilin – iqtisadi və siyasi islahatların süni surətdə bir-birindən ayrılması prosesi gedirdi. Belə bir eksperimentin aparılması isə cəmiyyət və dövlət üçün çox təhlükəli olduğundan ölkəni geri çəkirdi. 1991-1993-cü illərdə ölkə rəhbərliyi tərəfindən heç bir elmi əsasa söykənməyən bu siyasət ölkə iqtisadiyyatının dağıdılmasına, xalq mülkiyyətinin ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsənilməsinə, hərc-mərcliyin və özbaşınalığın vüsət almasına səbəb olmaqla cəmiyyət üzvlə-rində çaşqınlıq və ümidsizlik yaratmışdı. Azərbaycan Respublikası öz müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmaqla çox ağır günlərini yaşayırdı, ölkə rəhbərliyi törətdikləri əməlin girovuna çevrilərək acizlik nümayiş etdirirdi. Onu da qeyd etmək lazımdır ki, respublikamızda 1991-1993-cü illərdə həyata keçirilən dağıdıcı fəaliyyət qısa bir dövrü əhatə etsə də, öz mənfi təsirinin gücünə görə geniş və əhatəli idi. Belə ki, istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən yüz dəfələrlə artmış, büdcə kəsirinin ÜDM-ə nisbəti xeyli yüksəlmiş, ölkə iqtisadiyyatına bir manat da olsa xarici sərmayə qoyulmamış, xarici ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə azalmış, maliyyə-bank sistemi iflic vəziyyətinə düşmüşdü. Yaranmış bu acınacaqlı vəziyyətdən çıxış yolunu Azərbaycan xalqı özü müəyyən etdi və 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gətirildi. Heydər Əliyev ölkəyə rəhbərliyə başladığı ilk gündən qayda-qanunun bərpası, icra intizamına əməl edilməsi, cəmiyyətdə əmin-amanlığın bərqərar olması üçün çox mühüm və təsirli tədbirlər həyata keçirməyə başladı. İqtisadi və siyasi islahatları həyata keçirmək üçün ölkədə ilk növbədə siyasi sabitliyin mövcudluğunu yüksək qiymətləndirən ulu öndər 1994-cü ilin may ayında atəşkəs barədə müqavilə imzalanmasına nail oldu. Bu, ölkədə nisbi sabitliyin təmin edilməsi iqtisadi islahatlara başlamaq üçün əsaslı zəmin yaratdı və 1994-cü ilin sentyabr ayında dünyanın inkişaf etmiş bir çox ölkələrinin aparıcı şirkətləri ilə “Əsrin neft müqaviləsi” imzalandı. Buna baxmayaraq, müəyyən qüvvələr Azərbaycanda yeni yaranmış sabitliyi pozmaq, öz məkirli niyyətlərini həyata keçirmək üçün 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər təşkil etdilər. Lakin Heydər Əliyevin yüksək təşkilatçılığı və vaxtında həyata keçirdiyi tədbirlər bu cəhdlərin qarşısını aldı və ölkəmizdə siyasi sabitlik təmin edildi. Bundan sonra bazisi təşkil edən iqtisadi islahatlarla yanaşı, üstqurum yaratmağa xidmət edən siyasi islahatların vəhdətinə yönəlmiş tədbirlər həyata keçirilməyə başlandı. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə dostluq, sülh və əminamanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi niyyətləri özündə təsbit edən Azərbaycan Respublikasının Konstitusiyası hazırlandı və qəbul olundu. Bu sənəd hakimiyyətin bölünməsi prinsipinə əsaslanaraq mülkiyyətin dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərində olmasını elan etdi. Konstitusiyada qeyd olundu ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bütün bu müddəalar ölkəmizdə hüquqi bazaya əsaslanan demokratik islahatların keçirilməsinə imkan yaratdı.──────────────────────────────────────────────────────────── 44 Ölkə iqtisadiyyatının belə ağır vəziyyətdə olmasına baxmayaraq, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə ardıcıl və sistemli tədbirlər həyata keçirilməyə başlandı. Bu tədbirlər sırasına iqtisadi islahatların və inkişafın formalaşmaqda olan Azərbaycan modelinin tərkib hissəsi kimi bir çox irimiqyaslı sənədlərin qəbul edilməsini aid etmək olar. Bunlardan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”, “Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”, “Azərbaycan Respublikasında Kiçik və Orta Sahibkarlığın İnkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci (illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006)”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)” və ölkənin bir çox iqtisadi və sosial məsələlərinə dair digər proqramları, konsepsiyaları qeyd etmək olar. Göründüyü kimi, ölkə iqtisadiyyatının, sosial məsələlərin bütün prioritet istiqamətləri üzrə konsepsiyalar, strategiya və proqramlar qəbul edilmiş, onların icrası nəzarətə götürülmüşdü. Azərbaycan Respublikasının iqtisadiyyatında özünəməxsus yer tutan və ölkədə sosial vəziyyətə böyük təsir gücünə malik olan aqrar bölmədə də islahatların aparılması dövlət başçısından cəsarət və uzaqgörən siyasət həyata keçirilməsini tələb edirdi. SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikasında keçən əsrin 70-ci illərində aqrar sahədə yaradılmış möhtəşəm maddi-texniki baza çox qısa zamanda, demək olar ki, məhv edilmiş, əvvəllər mövcud olan iqtisadi əlaqələr qırılmış, aqrar-sənaye kompleksi özbaşına buraxılmışdı. Aqrar bölmənin belə ağır vəziyyətində rəhbərliyə gəldikdən sonra Heydər Əliyev, ilk növbədə, bu sahənin hansı istiqamətdə inkişaf etdirilməsini müəyyən etməyə başladı. Məlum oldu ki, ölkə iqtisadiyyatının mühüm sahəsi və əhalinin 50 faizini əhatə edən aqrar bölməni keçmişdə olduğu kimi, inzibati-amirlik metodu ilə idarə etməklə inkişaf etdirmək qeyrimümkündür və yeganə düzgün istiqamət aqrar sahədə köklü islahatlar aparılmaqla vəziyyəti tədricən düzəltmək olar. 1996-cı il iyunun 24-də “Respublikada aqrar islahatların gedişi vəziyyətinə və torpaq islahatları haqqında qanun layihəsinin müzakirəsinə həsr olunmuş” müşavirədə Heydər Əliyev demişdir: “Bir Prezident kimi mən Azərbayсапın aqrar bölməsində, ümumiyyətlə, iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”. Ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatının gələcək inkişafında islahatların həlledici əhəmiyyət daşıdığına böyük önəm verirdi. О bu inam və qənaətə hələ 1982-1987-ci illərdə Moskvada işlədiyi müddətdə gəldiyini və islahatların həyata keçirilməsinin təşəbbüskarlarından biri olduğunu dəfələrlə bəyan etmiş və Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra islahatlara tezliklə başlamaq üçün möhkəm qətiyyət və cəsarət göstərmişdir. Bunun üçün ilk növbədə, kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaqların özəlləşdirilməsi, kolxoz və sovxozların ləğv edilərək onların əvəzinə yeni təşkilati hüquqi formalı təsərrüfatların yaradılması, sahibkarlığın inkişaf etdirilməsi və digər islahat tədbirlərinin həyata keçirilməsi lazım idi. Aqrar islahatların hazırlanması, həyata keçirilməsi və uğurla başa çatdırılması hər şeydən əvvəl islahatın ədalətli, kənd sakinləri üçün ağrısız aparılmasını tələb etdiyindən ümummilli lider Heydər Əliyev bu məsələyə çox diqqətlə yanaşmaqla onun mərhələlər üzrə həll olunması modeli üzərində dayandı. Birinci mərhələdə (1993-1994-cü illər) aqrar islahatlar barədə ölkəmizdəki reallıqlar nəzərə alınmaqla dünya təcrübəsinin öyrənilməsinə və ümumi bir fikrin formalaşmasına diqqət yönəldildi. İkinci mərhələ (1995-1996-cı illər) aqrar islahatlara başlamaq üçün müvafiq normativ hüquqi bazanın yaradılması ilə xarakterizə olunur. Bu dövrdə aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradan qanunların və digər normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi əsas prinsip kimi müəyyən edildi. “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları və “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanı və digər qanunvericilik aktları təsdiq edilərək tətbiq edilməyə başlandı.Heydər Əliyevin dühası, qlobal inkişaf meyillərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində müstəqil Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri qısa müddətdə ləğv edildi, ölkənin ordusu yaradıldı. Asayiş və qaydaqanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunması faktlarına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi. Dövlətçilik yenidən yaradıldı, insanların öz qüvvələrinə inamı özlərinə qaytarıldı. İctimai-siyasi vəziyyətin normallaşdırılması iqtisadiyyatda zəruri dəyişiklikləri həyata keçirməyə imkan verdi. Heydər Əliyevin Azərbaycana ötən əsrin 70-80 – cı illərində rəhbərlik etdiyi dövrdə ölkədə çoxsahəli sənaye kompleksi və yüksək səviyyəli kənd təsərrüfatı yaradılmışdı. Ənənəvi neft hasilatı və emalı ilə yanaşı, neft maşınqayırması, neft kimyası, əlvan metallurgiya, cihazqayırma, elektrotexnika və elektron sahələri, yüngül və yeyinti sənayeləri sürətlə inkişaf etmişdi. Kənd təsərrüfatının səviyyəsinə görə Azərbaycan SSRİ-də qabaqcıl mövqelər tuturdu. Müstəqillik əldə etdikdən sonra ölkə öz iqtisadiyyatını bundan sonra necə inkişaf etdirəcəyi ilə bağlı çox vacib vəzifə ilə qarşılaşdı. Xalqın və ölkə rəhbərliyinin təkidi ilə Heydər Əliyevin parlament sədri seçildiyi və dövlətin müqəddəratı üçün məsuliyyəti bütünlüklə öz öhdəsinə götürdüyü 1993-cü ilin iyun ayında sənayedə və kənd təsərrüfatında, bütövlükdə ölkədə xaos hökm sürürdü. Zavod və fabriklərin avadanlığı xeyli dərəcədə talan edilmiş və oğurlanmışdı. Ölkənin təsdiq edilmiş büdcəsi – dövlətin gəlirlərinin və xərclərinin hansı mənbələrdən gəldiyini və hara xərcləndiyini müəyyənləşdirən əsas maliyyə sənədi yox idi. Ciddi problemlərdən biri də o idi ki, SSRİ dağıldıqdan sonra iqtisadiyyatın idarə edilməsinin sərt, mərkəzləşdirilmiş, planlı sisteminin mövcudluğuna son qoyulmuşdu. Bu elə sistem idi ki, hər bir müəssisənin maddi-texniki təchizatı və fəaliyyəti nəhəng ölkənin ərazisindəki onlarca müəssisə ilə kooperasiya şəraitində həyata keçirilir, məhsulun satışı mərkəzləşdirilmiş qaydada aparılırdı. Kənd təsərrüfatında da ciddi vəziyyət yaranmışdı. Bu sahənin əsas istehsal vasitəsi olan və rəsmi ideologiyaya görə ümumxalq mülkiyyəti sayılan torpaq əslində heç kəsin deyildi. Bu amil, habelə mövcud tədarük qaydası və əməyin ödənilməsi sistemi sahənin inzibati metodlarla idarə olunmasını labüd edirdi. Həmin metodların imkanları isə, demək olar, tamamilə tükənmişdi. İqtisadiyyatı bazar mexanizmləri üzərinə keçirməyin zəruri olduğu aydın idi. Məsələ bu şəkildə qoyulurdu – ölkənin mövcud olan bütün iqtisadi potensialını inkişaf etdirmək üçün nədən başlamaq lazımdır? Rəqabət şəraitində real səmərəliliyi nəzərə almaqla hansı sahələrə üstünlük verilməlidir? Heydər Əliyev dövlətin iqtisadi siyasətini müəyyən etdi. Həmin siyasətin məğzi bu idi: hökumət bütün sahələrin, zavodların, fabriklərin və müəssisələrin işləməsi üçün lazımi şərait (səhmləşdirmə, özəlləşdirmə, vergi güzəştləri və başqa güzəştlər) yaradır; iqtisadiyyatın ölkə üçün daha əhəmiyyətli sahələrinə dövlət tərəfindən hər cür yardım göstərilir. Azərbaycanın sonrakı inkişafını müəyyənləşdirən ilk və ən sanballı layihə ölkəmizin Xəzər dənizindəki neft yataqlarının işlənilməsi barədə Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi” oldu. Sonralar karbohidrogenlərin çıxarılmasına və daşınmasına dair başqa sazişlər də imzalandı. Lakin ilk müqavilənin xüsusi əhəmiyyəti vardı.Əvvəla, dünyaya elan edildi ki, siyasətdə diletantların dövranına artıq son qoyulub və Azərbaycan öz rəhbərinin simasında regionun bütün ölkələrinin hesablaşdıqları dünya miqyaslı dövlət xadimi seçib. 1994-cü ilin sentyabrında neft müqaviləsinin imzalanması ərəfəsində mövcud olan şəraiti yada salaq. Azərbaycanda mürəkkəb ictimai-siyasi vəziyyət hələ də qalmaqda idi. Qonşu dövlətlərin, demək olar, hamısı respublikamıza qarşı ciddi iddialara malik idilər və dənizdəki neft yataqlarımızın işlənilməsinə yönələn hərəkətlərimizi çox ağrılı qarşılayırdılar. İş о yerə çatmışdı ki, birbaşa hədələr də səsləndirilirdi. Rusiya Federasiyası xarici işlər nazirinin müavini mətbuat səhifələrində iddia edirdi ki, Xəzər dənizində dövlətlərin sektorları müəyyən edilmədiyindən onun ölkəsi Azərbaycanın özününkü saydığı istənilən neft yatağının işlənilməsinə başlaya bilər. Nə olacaq, Azərbaycan Rusiyaya qarşı müharibəyəmi başlayacaq? – deyə o sual verirdi. Lakin Heydər Əliyevin siyasi vəziyyəti dəqiq qiymətləndirməsi, iddialı ölkələrin sonrakı addımlarını qabaqcadan görməsi, habelə şəxsi mərdliyi sayəsində “Əsrin müqaviləsi” imzalandı.Dünyamıza nəzər salsaq görərik ki, inkişaf edən ölkələrin hər biri hansısa prinsiplərə söykənərək bugünkü səviyyəyə gəlib çatıb. Məsələn, Hindistan Mhatma Qandinin müəyyən etdiyi prinsiplərə söykənərək inkişaf edir. ABŞ bu ölkənin bani atalarının, İstiqlaliyyət Bəyannaməsini ortaya qoyanların müəyyən etdiyi xətti əsas götürür. ABŞ İstiqlaliyyət Bəyannaməsi Amerika dövlətinin və xalqının söykəndiyi prinsipləri özündə əks etdirir, eyni zamanda bu ölkə yaranarkən ortada olan ənənələr, irəli sürülən prinsiplər hələ də ana prinsiplər olaraq qalmaqdadır. Baxmayaraq ki, Böyük Britaniya konstitusiyalı monarxiyadır, bu ölkə də tarixdən gələn ideoloji prinsiplərə söykənir. Qardaş Türkiyə Respublikası Ata-türkçülük prinsiplərinə söykənir. Türkiyədə nə qədər siyasi partiyalararası dartışma, hakimiyyət dəyişikliyi və s. baş versə də, Atatürkün müəyyən etdiyi prinsiplər daim yaşayır. Azərbaycanın milli ideologiyasının və dövlətçiliyinin təməl prinsiplərinin müəyyən edilməsi məsələsi ölkəmiz 1991-ci il oktyabr ayının 18-də özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra çox ciddi diskussiya mövzusu olmuşdur. Müstəqilliyinə yenicə qovuşmuş dövlətimizin və xalqımızın gələcək inkişafı ilə əlaqədar müxtəlif ideoloji təkliflər səsləndirilirdi. Düzdür, ölkəmiz dövlət müstəqilliyinə qovuşarkən XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin müəyyən ənənələri var idi. Amma Xalq Cümhuriyyətinin az müddətdə mövcud olması və müəyyən prinsipləri ortaya qoya bilməməsi XX əsrin 90-cı illərinin əvvəllərində milli ideya axtarışı baxımından Azərbaycanda bir boşluğun olduğunu büruzə verdi. Türkçülüyə istinad etmək, dinə söykənmək və digər prinsipləri qəbul etmək təklifi ilə çıxış edənlər var idi. Amma bu təkliflərin hər biri yarımçıq idi, nə isə çatışmırdı. Hansısa elementin çatışmaması və yarımçıq tezis inkişafa, ideoloji xəttə əngəl olurdu. Bu prinsipləri tamamlamaq, inkişaf etdirmək, möhkəmləndirmək və qətiləşdirmək lazım idi. Məhz ümummilli lider Heydər Əliyev bunu qətiləşdirdi. O, nəinki Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, bu illər ərzində göstərdiyi səmərəli fəaliyyət о qədər zəngin və keşməkeşlidir ki, o, bu gün təkcə Heydərsevərləri deyil, həm də dövlət adamlarını, tədqiqatçıları da daim düşündürür və maraqlandırır. Bu böyük şəxsiyyətin dövləti idarəetmə təcrübəsinə həsr edilən çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə kitabın yazılmasına baxmayaraq, onun zəngin təcrübəsi və səmərəli fəaliyyətinin təhlilinə ehtiyac duyulan hələ açılmamış səhifələri var və bunlar öz tədqiqatçılarını gözləyir. Məlumdur ki, tarixi şəxsiyyət adım qazanmaq hər dövlət başçısına nəsib olan xoşbəxtlik deyil. Bunu qazanmaq üçün ümummilli lider adını sağlığında qazanmış Heydər Əliyev kimi gərək xalqın qarşısında böyük xidmətlərin, xalqın qəlbində məhəbbətin, bir sözlə, tarixdə izin olsun. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, ictimai şüurun son 35 ildən artıq bir dövrü əhatə edən mərhələsində özünü dünya siyasətinin görkəmli xadimlərindən biri kimi tanıdan Heydər Əliyevin adı tariximizə əbədi olaraq həkk olunmuşdur. Bu böyük şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanı, xalqımızı, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarmış və zənginləşdirmişdir.Keçən əsrin 70-ci illərinə nəzər salsaq görərik ki, həmin illərdə məhz Heydər Əliyev fiziki və mənəvi terrora məruz qalan Azərbaycan milli təfəkkürünü qoruyub saxlaya bildi. Belə ki, Heydər Əliyevin sovetlərin siyasi iyerarxiyasında rəhbərliyə gəlməsi ilə milli özünüdərk hissi gücləndi və bütün ideoloji maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Bu, əslində xalqın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi. Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə, ciddi nəzarətlə üzləşsə də, riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi. Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinin real siyasi amilə çevrilməsi oldu. Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət müstəqilliyinə zəmin yaradan siyasi, iqtisadi və hüquqi sahədə mühüm addımlar atdı. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amillər oldu. Tarixi faktlar təsdiqləyir ki, əslində SSRİ-nin dağılması prosesi 1970-ci illərin əvvəllərindən başlamışdır. Məhz belə bir gərgin siyasi dövrdə Heydər Əliyevin birinci hakimiyyət dövrü başlandı. Təbii ki, SSRİ-də hansı proseslərin getdiyi və cəmiyyətə məlum olmayan, gizli saxlanılan problemlərin mahiyyətinin nədən ibarət olduğu Heydər Əliyevə bəlli idi. Bütün bunları Heydər Əliyev yaxşı görür, siyasi imkanlarından, nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı. Ötən əsrin 70-ci illərində məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın gələcəkdə müstəqil dövlət olaraq mövcudluğunun təmin edilməsinə yönələn bir sıra kardinal addımlar atıldı. Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan qısa müddətdə aqrar ölkədən iri sənaye respublikasına çevrildi. Azərbaycanın neft emalı və neft-maşınqayırma, elektronika sənayesinin yüksək keyfiyyətli məhsulları, şərab məmulatları nəinki Sovet İttifaqı məkanında, eyni zamanda, xarici ölkələrdə də geniş şöhrət qazanmışdı. İttifaq hökumətinin xüsusi qərarları ilə Azərbaycanda üzümçülük, pambıqçılıq və onların emal sənayesinin inkişafına yeni təkan verildi. Heydər Əliyevin birinci hakimiyyəti illərində həmin sahələrin inkişafı ilə kəndlərdəki soydaşlarımızın yaşayış səviyyəsi qibtə olunacaq şəkildə yüksəldi. Palçıq evlər, daxmalar müasir kommunikasiyalı mənzillərlə əvəz edildi. Dövlət idarəçiliyi sahəsində Heydər Əliyev irsinin çox əhəmiyyətli cəhətlərindən biri də budur ki, о öz siyasətini heç bir zaman birtərəfli qurmurdu. Onun gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi. Ümummilli liderin 70-ci illərdə Azərbaycanda milli hərbi kadr hazırlığı işinə xüsusi diqqət yetirməsi də bunu bir daha təsdiq edir. О dövrdə Azərbaycanın ərazisində azərbaycanlılar hərbi kadr hazırlığına və о zamankı hərbi elitaya yaxın buraxılmırdılar. Azərbaycanda bir neçə ali hərbi məktəb olmasına baxmayaraq, bu məktəblərin minlərlə kursantı arasında yalnız beş-altı nəfər azərbaycanlı var idi ki, onların da çoxu “beynəlmiləl” ailələrin üzvləri idilər. Şübhəsiz, bu tendensiya Heydər Əliyevi narahat etməyə bilməzdi. Heydər Əliyevin şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı və bu sahədə də milliləşdirmə prosesinə start verildi. Həmin dövrdə Heydər Əliyev milli hərbi kadr hazırlığı sahəsində daha bir kardinal addım atdı. Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı ki, bu da azərbaycanlılar arasında hərbi sahəyə marağın kütləvi xarakter almasına səbəb oldu.Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi möhtəşəm islahatlar sırasında insan hüquqları sahəsi mühüm yer tutur. Totalitar sistemin iflasından sonra, bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da bir müddət hüquqi boşluq yarandı. Bu isə ölkədə hüquqi nihilizmə, qanunsuzluğa və məsuliyyətsizliyə yol açdı. Məsələnin ciddiliyini və tarixi məsuliyyəti, xalqın təkidli tələbini nəzərə alan Heydər Əliyev Azərbaycanı xilas etmək üçün yenidən siyasət meydanına qədəm basdı. O vaxt bu tarixi addıma hətta xalqımızın xaricdəki düşmənləri də xüsusi qiymət verdilər: onlar açıq-aşkar bəyan edirdilər ki, nə qədər Azərbaycanda Heydər Əliyev var, antiazərbaycan cəbhələrin bu xalqın üzərində qələbəsi mümkünsüzdür. Əlbəttə, daxili irtica da bu mətin şəxsiyyətin əleyhinə baş qaldırmışdı. Lakin bütün bunlara sinə gərən siyasi mogikan vətənin xilası, mütərəqqi islahatların və demokratik dünyəvi dövlət quruculuğu yolu üzərindəki maneələri qətiyyətlə dəf etdi, addım-addım irəliləyən ölkəni yeni siyasi perspektivə – müstəqil respublikanın geniş üfüqlərinə çıxardı. Xalqımızın haqlı olaraq Qurtuluş Günü kimi dəyərləndirdiyi 1993-cü ilin 15 iyununa qədər ölkəmizdəki ictimai-siyasi vəziyyətə qısa nəzər salsaq, burada üç dağıdıcı qüvvənin – xarici düşmənlərin müdaxiləsinin, daxili irtica qüvvələrinin və antikonstitusion proseslərin baş qaldırdığını görürük. Xalqımızın taleyində sovet imperiyasının çökməsi ilə ortaya çıxmış gözəl şansı – yeni müstəqil hüquqi dövlət quruculuğunu ən ciddi təhdid edən qüvvə bunlardan məhz üçüncüsü – ölkədə qanunsuzluq mühitinin formalaşması idi. Heydər Əliyevin rəhbərliyi ilə hələ keçmiş sovet dönəmində yaradılmış və qüvvəyə minmiş Konstitusiyanın əsas müddəaları əhəmiyyətini itirmiş, lakin yenisi isə hələ yaradılmamışdı. Dövlətin və xalqın siyasi varlığı isə yalnız hüquqi təməl üzərində yaşaya bilər. SSRİ-nin süqutu ilə meydanı bürüyən siyasi dəllallar üçün əsas məqsəd vətən və millət pərdəsi altında yalnız şəxsi fayda, ucuz şöhrət və mənsəbdən ibarət idi. Odur ki, istər xarici, istərsə də daxili düşmən qüvvələr ölkəni ümumi xaosa, o cümlədən hüquqi vakuuma sürükləmişdilər. Respublikamızda bütün bunların qarşısını ala biləcək yeganə qüvvə Heydər Əliyev idi. Azərbaycanda böyük siyasətə yenidən dönüşünə məhz Naxçıvandan, daha yaxından tanıdığı insanların içərisindən başlayan Heydər Əliyev qısa vaxt ərzində bu bölgədən start götürən milli dövlət quruculuğu xəttini çox keçmədən regional müstəvidən ümummilli yüksəkliyə qaldırdı. Belə bir mühüm tarixi mərhələdə AXC-nin II qurultayının bəzi nümayəndələri Naxçıvan MR-in statusunun, onun dövlət strukturlarının və rəhbərliyinin dəyişdirilməsinə yönəlmiş təxribatçılıq fəaliyyətinə start verdilər. AXC Naxçıvan şöbəsinin rəhbərliyi altında 1992-ci il oktyabrın 24-də muxtar respublikada dövlət çevrilişinə cəhd edildi. Naxçıvanın gələcəyi sual altına qoyuldu. Əlbəttə, belə bir mürəkkəb tarixi məqamda uzaqgörən bir siyasətçi kimi Heydər Əliyev bircə addım da geriyə çəkilə bilməzdi. Əks-təqdirdə, nəinki yalnız naxçıvanlıların siyasi varlığı silinər, hətta bütün ölkənin hələ əvvəli Atatürk tərəfindən Leninlə razılaşma əsasında əldə edilmiş 11 kilometrlik (əvvəl 14 km olub) “ümid xətti” – dünyaya beynəlxalq çıxışı qapana bilərdi. Bu isə Qars və Moskva müqavilələri ilə təsbit olunmuş çox mühüm beynəlxalq status idi. Xarici düşmən qüvvələr ölkəmizin daxilindəki irticanın əli ilə məhz bu üstünlüyü aradan qaldırmağa çalışırdılar: muxtariyyətin ləğvinə və rəhbərliyin devrilməsinə cəhdlər də bu məqsədə xidmət edirdi. Lakin Heydər Əliyev xalqın dəstəyi ilə bu qüvvələri mətanətlə tarixin arxivinə yolladı. Bu gün ölkəmizdə özünün nəhəng maliyyə potensialı ilə dünya böhranına qarşı Böyük Neft Strategiyasının da təməlində məhz Naxçıvan MR Ali Məclisinin 1992-ci il oktyabrın 25-də keçirilmiş növbədənkənar sessiyasının qərarları durur desək, səhv etmərik. Çünki həmin gün nə şəxsən Heydər Əliyevin, nə də ki, Naxçıvan camaatının taleyi həll olunurdu, əsas hədəf Azərbaycanda yeni konstitusiyalı gələcəyin – siyasi müstəqilliyin, hüququn və demokratiyanın perspektivlərinin qorunub saxlanması idi. Heydər Əliyev buna qətiyyətlə nail oldu. Ölkədə yaradıcı, işgüzar parlamentin seçilib, konstruktiv fəaliyyət üçün zəmin məhz 1995-ci il noyabrın 12-də qəbul edilmiş yeni – ilk müstəqil milli Konstitusiyamızın təsbiti ilə başlayır.1995-ci ildə ümumxalq müzakirəsi və referendumu nəticəsində legitimləşmiş Heydər Əliyevin şah əsəri – ilk milli Konstitusiya ölkədə hüquqi sistemin özülünü, onun normativ əsaslarını, azad ədalət məhkəmələrinin status və fəaliyyət prinsiplərini müəyyənləşdirdi. Məhz bu hüquqi baza üzərində Azərbaycan vətəndaşına öz hüquq və azadlıqlarını qorumaq üçün hər cür imkanlar yaradıldı, hətta onun Avropa İnsan Hüquqları Məhkəməsinə – Strasburqa müraciət etmək və öz problemini beynəlxalq insidentə çevirə bilmək şansı tanındı. Qərb hüquq sisteminə sürətlə inteqrasiya olunan Azərbaycan milli ədliyyəsi anqlosaks ədalət mühakiməsinin presedentlər təcrübəsini özünün fəaliyyəti ilə uzlaşdırma mərhələsinə qədəm qoyub. Presedentlərin german hüquq sistemi ilə ziddiyyətlərinin aradan qaldırılması prosesi gedir. Burada da Heydər Əliyevin humanizm baxışları, insan hüquq və azadlıqlarına böyük önəm verən hüquqi irsi başlıca rol oynayır. İnsan hüquqlarının və azadlıqlarının təminatının yaradılması istiqamətində Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və Milli Məclisdə qəbul edilmiş qanunvericilik aktları – “Vətəndaşlıq haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Qaçqınlar və məcburi köçkünlərin statusu haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlar ölkəmizdə sabitliyin və qanunçuluğun rəmzidir. Dahi rəhbər hər an, hər şəraitdə qanunun aliliyini qoruyub saxlamağa çağırırdı: “Qanun hamı üçün qanundur. Həm adi vətəndaş üçün, həm hakimiyyət məmuru üçün, həm dövlət məmuru üçün, həm də şəhid ailəsi üçün “. Bu gün respublikamızın hər bir vətəndaşı milli Konstitusiyamızın 127-ci maddəsinə görə tam hüquqi müdafiə təminatına malikdir: heç bir şəxs tərəfindən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulmur, qanunazidd təsir və müdaxilələr edilməsinə yol verilmir. Çünki keçmiş totalitar rejimlərdə olduğu kimi, hakimlərin siyasi və s. təcrübəsi artıq xalqımızın tarixi taleyində – minlərlə ziyalımızın 37-ci il repressiyalarında, siyasi təqiblərində və qırmızı terrorun bütün təzahürlərində özünün qara üzünü ifşa etmişdir. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi dövlət quruculuğunun əsas xətlərindən biri də məhz məhkəmələrin, hakimlərin müstəqilliyinə nail olunması idi. Dahi rəhbər çox gözəl bilirdi ki, məhkəmələrin müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir hərəkət yalnız ədliyyəyə, ədalətə və mühakimə prosesinə deyil, öncə vətəndaşların Konstitusiya ilə qorunan hüquq və azadlıqlarına qarşıdır. Məhz ona görə də ölkədə insan hüquqları və azadlıqlarının müdafiəsi onun fəaliyyətinin başlıca qayəsi, məğzi və hədəfi idi. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1996-cı ildə qəbul edilmiş “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Qanun tarixin acı dərslərini yada salmaq və bir daha onun təkrarlanmasına yol verməmək üçün böyük önəm və məna kəsb edir. İnsana ali baxışın, yüksək dəyər verilməsinin daha bir parlaq örnəyi 1998-ci il fevralın 10-da bütün Şərq xalqlarının tarixində ilk dəfə olaraq məhz Azərbaycanda – Prezident Heydər Əliyevin imzası ilə ölüm cəzasının ləğv edilməsi oldu. Heydər Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinin mühüm bir istiqaməti də söz və mətbuat azadlığı ilə bağlıdır. O öz şəxsi həyat təcrübəsindən və tarixdən çox gözəl bilirdi ki, insanların öz fikrini maneəsiz, senzurasız başqalarına çatdırmaq məqsədilə apardığı mübarizə istər hüquqi, istərsə də mənəvi baxımdan nə qədər çətin və mürəkkəb bir prosesdir.Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Heydər Əliyev bütün müsbət xüsusiyyətləri ilə yanaşı, həm də böyük ürək sahibi idi. Hətta ona qarşı dönük çıxmış, xəyanət etmiş insanları da bağışlamağı bacarırdı. Bu insan üçün vətən, millət, xalq daha önəmli idi, nəinki şəxsi ambisiyalar. O, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri kimi çıxışında da bu barədə belə demişdir: “Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq vaxtıdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam “. Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdir. Təbii ki, bu kitablarda ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı kimi, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir. Heydər Əliyev həm də ədalətli bir dövlət başçısı idi. Məhz özü ədalətli adam olduğu üçün hadisələrə də bu konteksdən yanaşmağı bacarır, dünya ictimaiyyətini, beynəlxalq qurumları və s. ölkəmizin mübtəla olduğu münaqişənin həllində ədalətli olmağa çağırırdı. O, sərt olmağı bacarırdı, insanları səhvlərinə görə cəzalandırırdı, ancaq heç vaxt ədalətsiz qərar qəbul etmirdi. Onun cəzası vicdan və ədalət kateqoriyalarının həmişə, hər yerdə və hər bir şəraitdə prinsipial qələbəsini təmin etmək kimi nəcib və sosial-mənəvi missiyaya hesablanmışdı. Bütün bunlar Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə də açıq-aşkar hiss edilirdi. Ulu öndərin öz sözləri ilə desək: “Dövlət inamsızlıq üzərində qurula bilər, ədalətsizlik üzərində yox”. Azərbaycan xalqı, onun ayrı-ayrı nümayəndələri Heydər Əliyevi haqlı olaraq, xilaskar adlandırırlar. Əlbəttə, ona görə haqlı deyirik ki, təkcə elə ötən əsrin 80-90-cı illərində xalqımızın məruz qaldığı xarici irtica və daxili destabillik faktoru necə böyük bəlalardan xilas olduğumuzdan xəbər verir. Bu xilasın başlıca səbəbi isə Heydər Əliyevin daim öz xalqı ilə birlikdə olması idi. 1994-cü ilin “məşhur” oktyabr hadisələri zamanı ulu öndərin “…İndi bizim hamımız üçün çox həlledici məqamdır, həlledici dəqiqədir. Kim Azərbaycana doğrudan ürək yandırırsa, bu həlledici dəqiqələrdə bizimlə olmalıdır. Sizinlə görüşmək istəyirəm, sizdən kömək gözləyirəm” sözləri ilə ifadə olunan xalqa müraciətindən bir saat keçməmiş, Prezident Sarayının qarşısındakı meydanda yüz minlərlə insan dənizi kükrəyirdi. Heydər Əliyev-Xalq, Xalq-Heydər Əliyev birliyinin qüdrəti və qüvvəsi bircə bu faktla isbat edilir.

Vüsal Süleymanov (Heydər Əliyevçi)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-ə olan USD/AZN məzənnəsini
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
2017-ci ilin iki həftəsi ərazisində ölkədə intihar edənlərin statistikası
reklam
Cəbhədə silahlar susmur
Cəbhədə silahlar susmur
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Füzuli rayonunun
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə,
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü
 
XİA.az - TƏQDİMAT