Tarixin ən qüdrətli Azərbaycanı...

Tarixin ən qüdrətli Azərbaycanı...
Tarixin ən qüdrətli Azərbaycanını yaradan LİDERin - İlham Əliyevin siyasi kursu daimi olacaq.

Ulu öndərin həyatı və fəaliyyəti narahatlıq, axtarış, vətənə, xalqa bağlılıq, işgüzarlıq, cəsarətlilik, dözümlülük, fədakarlıq, təşəbbüskarlıq, uzaqgörənlik, qayğıkeşlik və tələbkarlığın bir insanda üzvü surətdə birləşməsinin parlaq nümunəsidir. Heydər Əliyevin bütün bu insani keyfiyyətləri, xalqa bağlılığı və xalqa xidmət etmək istəyi onun həm XX əsrin 70-80-cı illərində, həm də müstəqillik illərində yeritdiyi siyasətdə təzahür etmişdir. Heydər Əliyev siyasəti əvvəldən sonadək ümumxalq mənafeyinin milli mənafe ilə sıx əlaqədə müdafiəsinə və reallaşdırılmasına yönəldilmişdir. Bu səbəbdən əhalinin böyük əksəriyyətinin bu siyasəti müdafiə edəcəyinə möhkəm inam üzərində qurulur. Bu inam onun rəhbər olduğu bütün illərdə özünü doğrultmuşdur. Belə ki, vaxtında təşkiledici, səfərbəredici və tənzimləyici tədbirlər həyata keçirməklə bu mənafelərin reallaşmasına nail olunurdu.Heydər Əliyev siyasətinin uğurlar qazanmasında varislik prinsipinə əməl olunması, hadisə və proseslərə tarixi səpkidə yanaşılması, keçmişdə əldə olunmuş nailiyyətlərə hörmətlə yanaşılması və digər bu xarakterli amillər də mühüm rol oynamışdır.

Azərbaycanın dövlət müstəqilliyi tarixindən yazmaq istəyirəm, əslində... Hər bir dövlətin qüdrətli olmasını şərtləndirən başlıca amillərdən biri məhz uşaqların hansı ideya, hansı mənəvi dəyərlər əsasında formalaşdırılıb yetişdirilməsidir. Bu məsələyə toxunarkən bir fikir yadıma düşür: “Uşaqlar bizim gələcəyimizdir“. Bəli, əgər qüdrətli dövlət olmaq istəyirsənsə uşaqları xalqına, millətinə, Azərbaycanına sevgi və məhəbbət ruhunda tərbiyə etməlisən. Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan xalqımızın gənc nəsli onlardan xəbərdar olmalı, ulu babalarının bu müqəddəs torpaq uğrunda necə mübarizə apardıqlarını bilməlidir.Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətən sevgisi, ana sevgisi qədər müqəddəsdir.İndiki tarixi mərhələdə Azərbaycan gənclərində vətənpərvərlik hisslərinin formalaşması Azərbaycan üçün milli demokratik dövlət quruculuğu ilə sıx bağlılıqda olmalıdır. Vətənə məhəbbət hər şeydən əvvəl dövlət quruculuğunda fəal iştirakda ifadə olunmalıdır. Doğma yurda sədaqət hər şeydən əvvəl mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Vətənin maraqlarını qorumaq istəyi müstəqilliyi və ərazi bütövlüyünü, millətin maddi və mənəvi dəyərlərini qorumaq kimi başa düşülməlidir. Bütün bunların mənəvi-əxlaqi stimullaşdırıcısı isə vətənin keçmişi və indiki tarixi haqqında obyektiv biliklərə əsaslanan qürur hissi olmalıdır.
Düşüncələrim yüz illərin o üzündən bugünkü Azərbaycana tərəf gələn uzun, incə bir yola çıxır...Heydər Əliyev siyasəti, onun tarixi nailiyyətləri haqqında çox yazılmış, müdrik fikirlər irəli sürülmüşdür. Şübhə yoxdur ki, bundan sonra da yazılacaq, dəyərli fikirlər söyləniləcəkdir. Hər dəfə də bu siyasətə uğurlar qazandıran yeni keyfiyyətlər aşkara çıxarılacaqdır.Müasir dövrdə ulu öndər Heydər Əliyev siyasətini yeni formalarda davam və inkişaf etdirmək onun layiqli varisi Prezident İlham Əliyevə də böyük müvəffəqiyyət qazandırmışdır. Bu siyasət ölkəmizin ildən-ilə sürətli inkişafına səbəb olur və dünyanın inkişaf etmiş dövlətləri arasında öz layiqli yerini tutmasına doğru aparır.İstər-istəməz qarşıya belə bir sual çıxır: Heydər Əliyev siyasəti hansı keyfiyyətlərə malikdir ki, o ən çətin anlarda xalqı, ölkəni düşdüyü çətin vəziyyətlərdən xilas etmiş, böyük inkişaf yoluna çıxartmış və bununla da Heydər Əliyevə və onun siyasətinə ölməzlik, əbədi yaşamaq hüququ qazandırmışdır? Ümumiyyətlə, sahibinə qələbələr qazandırıb, hörmət, nüfuz gətirən siyasət hansı keyfiyyətlərə malik olmalıdır?Əlbəttə, bu suallara ətraflı və əsaslandırılmış cavablar vermək üçün geniş tədqiqat aparmaq vacibdir. Biz isə imkanımız daxilində bu keyfiyyətləri ümumi nəzəri-metodoloji səpkidə şərh etməyə və ümumiləşdirməyə çalışacağıq. Eyni zamanda, qeyd etməyi vacib bilirik ki, bu sualların ən aydın və düzgün cavabları Heydər Əliyevin öz siyasətində əksini tapmışdır. Əgər bu cavabları qısa formada ifadə etmək də olar: öz xalqını sevmək, onun bütün sahələrdə inkişafına xidmət etmək arzusu və bunun siyasətin bütün cəhətlərində öz ifadəsini tapması Heydər Əliyev siyasətinə böyük uğurlar qazandıran ən mühüm keyfiyyətlərdir.Adətən, dövlət başçılarının, görkəmli siyasi liderlərin bütün insani keyfiyyətləri, onları geniş miqyaslı fəaliyyətə sövq edən arzu və istəkləri özlərinin siyasətində təzahür edir. Onlar siyasətdən cəmiyyətlə bağlı öz amal, istək və arzularını həyata keçirmək üçün qüdrətli bir vasitə kimi istifadə edirlər. Lakin siyasətin düzgünlüyünü müəyyən edən hakim siyasətçi özü deyil, zamandır, tarixdir. O həm siyasətin müəyyən edilməsinə hökm verir, həm də icrasının düzgünlüyünə aid son qərarı qəbul edir. Beləliklə, son nəticədə dövlət başçısının, siyasi liderin bu siyasətində ifadə olunan arzuları, istəkləri ya zamanın sınaqlarından keçərək öz düzgünlüyünə haqq qazandırır: cəmiyyətin tərəqqisinə, inkişafına nail olunur, onun müəllifi isə nüfuz, müvəffəqiyyət qazanır; ya da zaman, tarix bu siyasəti qəbul etmir: siyasətçi özü də məğlub olub, həyat səhnəsini tərk etməli olur.
XX əsrin əvvəllərində milli ruhun doyunca yaşamağa macal tapmadığı istiqlal vüsalı vaxtın üzərindən əsrin sonlarına, Vətənin müstəqilliyinin ikinci dəfə bütün dünyaya bəyan edildiyi xoş bir payız gününə - 1991-ci ilin 18 oktyabrına körpü salır.
Tarixin ixtiyarına verilən hər əsr xalqların keçmiş kitabındakı bir səhifədir.
Hər toplumun yaşadıqları, bu səhifədə bir cür görünür, hər xalq bu səhifədə özünü bir tərzdə ifadə edir.
Azərbaycan xalqı bir əsrdə iki dəfə dövlət müstəqilliyinə nail olmuş toplumdur və bu, tariximizin XX əsrə aid səhifəsindən gələn ən parlaq işıqdır. Yeni minillik isə bizim üçün müstəqil Azərbaycanın miqyasca əsrin də deyil, minilliyin özünün hüdudlarını əhatə edə biləcək qədər möhtəşəm nailiyyətləri ilə başlanır.
Azərbaycan Xalq Cümhuriyyətinin iki illik mövcudluğunu da nəzərə alsaq, istiqlalımızın artıq 29 yaşa çatması və dövlətimiz yaşa dolduqca onun uğurlarının, dünya düzənindəki yerinin də böyüməsi bu nailiyyətlərin ən mühümüdür.
Və bu 29 ilin düz tən yarısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. 2003-cü ilin oktyabrından keçən müddət ölkəmizin dövlət müstəqilliyinin bərpasından ötən illərinsə yarıdan da çoxu edir...
Publisistik təəssüratlarımı rəqəmlərin müqayisəsi üzərində qurmaq niyyətində deyiləm, əsla. Sadəcə, bəzi maraqlı təsadüflər zamanı rəqəmlərin işığında görmək, tarixi təkcə fakt və hadisələrlə deyil, eyni zamanda vaxtın necə tarixə çevrildiyini ifadə edən rəqəmlərlə də duymaq imkanı yaradır.
Bu sıradan daha bir maraqlı təsadüf: cənab İlham Əliyevin ölkəmizə 14 illik rəhbərliyi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik dövrü ilə təqribən üst-üstə düşür.
Bu, təkcə zamanın bərabərləşməsi deyil, eyni zamanda mahiyyətin, yerinə yetirilən tarixi missiyanın da vaxtın axarında bir-birinə tən gəlməsidir...
Heydər Əliyev sovet ölkəsinə rəhbərlik edirdi. Sovet cəmiyyəti elə bir həyat tərzi idi ki, onun xarakterini bütün müsbət və mənfi cəhətləri ilə birgə indiki nəslin təsəvvüründə canlandırmaq bəzən çətinlik törədir. Yeni zəmanənin övladları belə bir cəmiyyəti anlaya bilmirlər. Açığını deyim ki, vaxt keçdikcə özüm də o quruluşun mahiyyətini anlamaqda, bəzi suallarıma cavab tapmaqda çətinliklə üzləşirəm.
Bu cəmiyyətin ifşasına yönəlmiş tutarlı çıxışlardan biri dissident yazıçı Aleksandr Soljenitsinin “Yalansız yaşamaq” essesi idi. Amma, indi fikirləşirəm, doğrudanmı sovet ideologiyası büsbütün yalan üzərində qurulmuşdu?! Bəs axı biz bu ideologiyaya səmimi-qəlbdən inanırdıq. Həqiqətən bizə elə gəlirdi ki, cəmi bir neçə ildən sonra kommunizmə çatacağıq.
Sovet cəmiyyəti kommunizm təbliğatı isteriyası içində yaşayan, belə bir xoşbəxt gələcəyin tezliklə qurulub bütün dünyanı ağuşuna alacağına sidq-ürəkdən inanan insanların toplumu idi. Əslində isə sovet sistemi insanları, az qala, feodal bir mühitdə yaşadırdı. Zaman keçdikcə, ömrümüzün əsas hissəsini keçirdiyimiz o illərin mənzərəsini bax belə bir qeyri-müəyyənlik içində, amma o dövrdə olduğundan daha aydın şəkildə dəyərləndirə bilirsən.
Heydər Əliyev də sovet cəmiyyətinin yetirdiyi siyasi lider idi. O, peşəkar dövlət xadimi kimi belə bir mühitin içində yetişib püxtələşmişdi. Xidmət etdiyi kommunist ideologiyasına çoxumuz kimi səmimi-qəlbdən inanırdı və siyasi karyerasının sonrakı heç bir məqamında da onun öz keçmişinə asi çıxmasına, keçmişə qarşı inkarçı mövqe tutmasına dəlalət edən hər hansı fikrinə şahid olmadıq.
Bir tərəfdən ona görə ki, bu keçmişdə Heydər Əliyev öz şəxsiyyətinə, milli lider obrazına xələl gətirəcək hər hansı yanlışa yol verməmişdi ki, buna görə sıxıntı keçirsin. Digər tərəfdən, Heydər Əliyevin böyüklüyü onda idi ki, o ümumi sovet cəmiyyəti içində də milli dövlətin rolunu görüb dərk edir və Azərbaycanın güclənməsindən, öz inkişaf səviyyəsi ilə önə çıxmasından ötrü bütün imkanlarını ortaya qoyaraq bu məqsədinə tədricən nail olurdu.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər sovet sisteminin çox güclü vaxtları idi. İkinci Dünya müharibəsindən qalib çıxmış keçmiş SSRİ müharibənin dağıntılarını aradan qaldırıb, müəyyən sosial-iqtisadi inkişafa da nail olandan sonra dünyaya daha gur səslə meydan oxuyurdu. Heç kim ağlına gətirməzdi ki, belə bir dövlət cəmi iyirmi ildən sonra darmadağın olacaq. Bunu keçmiş SSRİ-nin adlı-sanlı liderlərindən olan Heydər Əliyev də təsəvvür etməzdi. Ona görə də ulu öndərin sovet Azərbaycanına rəhbərlik illərində cəmiyyətin hərtərəfli tərəqqisi üçün gördüyü işlərin ölkənin siyasi müstəqillik qazanması məqsədinə əsaslandığını, belə bir perspektivin o illərdən göründüyünü də düşünmürəm. Bununla belə Heydər Əliyevin ölkənin maliyyə, sosial-iqtisadi müstəqilliyi üçün ötən əsrin 70-80-ci illərində gördüyü tarixi işlər, Azərbaycan insanının həyatının yaxşılaşmasından ötrü həyata keçirdiyi inqilabi tədbirlər dolayısı ilə ölkəmizin siyasi müstəqilliyinin də əsasını qoymuş oldu.
Və birinci rəhbərliyi dövründə formalaşdırdığı bu möhkəm təməl, intellektual baza, peşəkar insan resursları siyasi hakimiyyətə qayıdışından sonra ulu öndərə müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu proseslərini daha rəvan şəkildə həyata keçirməyə, azad bazar iqtisadiyyatı mühitində ölkənin inkişafını təmin etməyə, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın bütün sahələr üzrə ilk tarixi nailiyyətlərini yaratmağa imkan verdi.
Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövrünə təxminən bərabər müddət ərzində, İlham Əliyev ulu öndərin qurduğu bu dövləti daha da gücləndirdi, onu addım-addım inkişaf etdirdi. Azərbaycanı öncə Qafqazın liderinə, sonra MDB-nin öncül ölkəsinə, ardınca dünyada böyük siyasi nüfuz qazanmış mühüm dövlətə, qlobal məkanın vacib aktoruna çevirdi. Ölkədəki inkişaf prosesini qlobal çağırışlara, ən müasir tendensiyalara uyğunlaşdırdı və beləliklə, onu milli dövlətçilik tarixinin indiyə qədərki ən qüdrətli məqamına yetirdi.
Azərbaycan dövlətinin tarixdəki ən qüdrətli illəri...
Bu dövrü hər kəs öz yanaşma tərzinə uyğun təsvir edə bilər. Tarixçi üçün bu illərin təsviri bir başqadır, ədəbiyyat adamı üçün bir başqa, siyasətçi üçün tamam fərqli. Amma bütün bu yanaşmalar insan məqamında birləşir. Azərbaycan insanının həyat və məişətində bu illərin yaratdığı rifah, inkişaf fərqi zamanın təsvirini eyniləşdirir.
Bu, elə bir inkişaf dövrüdür ki, şəxsi həyatında, gündəlik güzəranında onun təsirlərini duyub hiss etməyən elə bir vətəndaşımız yoxdur. İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə yaşanan inkişaf və tərəqqi ilə bağlı ən böyük həqiqət Azərbaycan insanı üçün bu inkişafın sıravi vətəndaşların həyatındakı əksidir.
Heydər Əliyevin xələfi isə onun min bir əziyyətlə qurduğu dövləti eyni əziyyətlər və fədakarlıqlar bahasına daha da möhkəmləndirdi, güclü etdi!
İlham Əliyev bu dövləti əvvəlkindən də qüdrətli etdi!
Və indi dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada, beynəlxalq aləmdən qüdrətli Azərbaycanın da xoş sədaları eşidilir...
Bu yaxınlarda mediada Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” yayıldı. Ötən illə müqayisədə ölkəmizin mövqeyinin daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması bu hesabatın xüsusilə əlamətdar məqamıdır. Hər cəhətdən fərəh doğuran bu yenilik ictimai həyatımızda geniş müzakirə olunur. Biz də hesabatın Azərbaycana aid məqamlarına müxtəsər bir nəzər salaq.
Dövrümüzün bu ən mötəbər beynəlxalq reytinq cədvəlində Azərbaycan öz göstəricilərinə görə dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB məkanında liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan isə 73-cü sırada yer alıb.
Hesabatda Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: təsisatlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer).
Ən böyük irəliləyişi isə ölkəmiz biznesin mürəkkəbliyi, başa düşdüyüm qədərilə, yəni biznes prosesinin sadələşdirilməsi üçün aparılmış çoxşaxəli islahatlar üzrə əldə edib - 20 pillə.
Çox təfərrüatlara varmayacağam. Bəlkə də bu quru rəqəmlər belə məsələlərlə dərindən maraqlanmayan insanlarda bir o qədər geniş təəssürat yaratmır. Amma bu sətirlərin müəllifi üçün belə bir hesabatın çox böyük mənası var.
Bir anlıq təsəvvür edək, dünyanın 174 ölkəsi iqtisadi rəqabətqabiliyyətinə görə yan-yana sıralanır və İlham Əliyevin Azərbaycanı inkişaf səviyyəsinə görə nə az, nə çox düz 139 ölkədən öndə olur!..
Özü də elə bir vaxtda ki, dünyada uzun müddətdir izlənən maliyyə-iqtisadi böhranın mənfi təsirləri hələ bitməyib. Azərbaycan iqtisadiyyatında mühüm rol oynayan neftin qiyməti hələ də ədalətli səviyyədə deyil. Belə bir əyyamda, ilin-günün bu vaxtında ölkənin inkişafını qoruyub saxlamaq və davam etdirmək o qədər də asan görünməsin...
Amma İlham Əliyev bunu bacarır və Azərbaycanı daha iki pillə də yüksəldir.
Bu, onun təsdiqidir ki, tutduğumuz yol doğru yoldur...
Bu, onun sübutudur ki, Azərbaycanın milli dövlətçiliyinin inkişafında təkamül xətti ardıcıl şəkildə davam edir və bu prosesi daha kimsə dayandıra bilməz...
Bu, onun göstəricisidir ki, Azərbaycan öz milli hədəflərini düzgün müəyyənləşdirib. Son onilliklərdə ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən kompleks tədbirlər bizi cəmiyyət olaraq öz böyük hədəflərimizə doğru yaxınlaşdırır.
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanla bağlı hər rəqəmi real həyat mənzərələrində təsəvvür etməyə çalışsaq, bu quru rəqəmlərin hər birində minlərlə sahibkarımızın rahatlaşan işini, məmnun əhval-ruhiyyəsini, milyonlarla insanımızın getdikcə bərəkəti çoxalan halal ruzisini, işləmək istəyən, iş qurmaq həvəsində olan, canını əziyyətə verib pul-para qazanmağa can atan hər bir vətəndaşımıza dövlətin dəstəyini, yenilənən yollarımızı, bəhrəsi artan tarlalarımızı, bağlarımızı, ucalan binalarımızı, işıqlanan, isinən evlərimizi, fərdi inkişafa can atıb elm-təhsil işığında zəkası aydınlanan Azərbaycan övladlarını və bütün bunların fonunda abadlaşan, qüdrətlənən Vətənimizi görəcəyik.
Budur, dövlət müstəqilliyimizin bəhrəsi, budur İlham Əliyevin prezidentlik missiyasının təzahürlərindən biri..
Azərbaycan Prezidenti mükəmməl bir məktəb keçmiş peşəkar diplomatdır. Siyasətçi ritorikasının bütün incəliklərini əxz etmiş təcrübəli dövlət adamıdır. Fikrini diplomatik ifadə tərzləri ilə qəlibə salıb, demək istədiklərini dolayısı ilə çatdırmaq onun üçün elə də çətin deyil. Amma Azərbaycanın milli maraqları məsələsində, xüsusilə Ermənistanın ölkəmizə qarşı işğal siyasəti ilə bağlı fikirlərində cənab İlham Əliyevin sözü, zərbəsi həmişə birbaşadır.
Çünki bu məsələ Azərbaycan Prezidenti üçün diplomatiyadan da çox siyasət meydanında kişiyana, mərdi-mərdanə cəngdir. Dünyanın bütün ali tribunaları İlham Əliyev üçün Azərbaycanın maraqlarının qorunduğu, düşmənin başına od ələndiyi bir səngərdir.
Son olaraq deyə bilərəm ki, Vətən mənim, sənin, bizim, sizin – hamımızındır. Vətəni olmaq həm də azadlıq deməkdir. Bu azadlığın əbədiliyi isə bizim olanın layiqincə sevilməsi, qorunması və nəsildən nəslə ötürülməsi ilə mümkündür.
Tarixin ən qüdrətli Azərbaycanını yaradan LİDERin - İlham Əliyevin siyasi kursu daimi olacaq.

Vəkil Rövşən Qasimov
Lənkəranlı

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Energetika Nazirliyinin kollegiyasının tərkibi dəyişdirildi
Energetika Nazirliyinin kollegiyasının tərkibi dəyişdirildi
Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin
Prezident nekroloq imzaladı
Prezident nekroloq imzaladı
“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının
reklam
Suriya ordusu Afrinə girdi
Suriya ordusu Afrinə girdi - Türkiyə ilə dəhşətli döyüş BAŞLANIR
"Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan ərazisi Şam qüvvələrinin
Abşeronda ağır qəza:
Abşeronda ağır qəza: - ölən və yaralanan var - VİDEO
Fevralın 16-da saat 12 radələrində Abşeron rayonunun Saray qəsəbəsində
Ukrayna tezliklə dağıla bilər
Ukrayna tezliklə dağıla bilər - Saakaşvilidən qorxunc proqnoz
“Ukrayna getdikcə oliqarxların iqtisadi maraqları ucbatından böyük mafioz
 
XİA.az - TƏQDİMAT