Hər bir azərbaycanlının Prezidenti

Hər bir azərbaycanlının Prezidenti

İlham Əliyevin əhalinin sosial müdafiəsi sahəsində həyata keçirdiyi siyasət dünyada unikal modellərdəndir

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursuna malik olması, sosial cəhətdən həssas əhali qruplarının da etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.

“Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir” deyə bəyan edən dövlət başçısı respublikanın dayanıqlı iqtisadi inkişafına yönələn bütün islahatlarda ilk növbədə mühüm sosial proqramların icrasını, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin təmin edilməsini dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edib. Bu istiqamətdə təkcə 2016-cı ildə 30-dək fərman və sərəncamın imzalanması ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn əməkhaqları və pensiyaların, təqaüd və müavinətlərin növbəti dəfə artırılması ilə nəticələnib.

Mənzil təminatı

Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün onların yeni mənzillərlə təminatı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının 20 iyun 2014-cü il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamı bu istiqamətdə işləri daha da gücləndirib.

Sərəncamın icrası istiqamətində işlərin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2016-cı ilin ötən dövründə 30-dan çox rayonda 140 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası, Abşeron rayonunda təmir etdirilmiş 64 mənzil istifadəyə verilməklə, 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillə təmin olunub. Fərdi evlərin təqdim olunması tədbirlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə edildiklərinə, o cümlədən yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Ümumilikdə bu vaxta qədər nazirliyin xətti ilə 5,5 min nəfərə yaxın əlil və şəhid ailəsinə mənzil verilib. Onlardan 5015 nəfəri Qarabağ müharibəsi əlili və şəhid ailəsi, qalanları İkinci Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri, gözdən əlillər və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlardır.

Minik avtomobilləri ilə təminat

Prezident İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamları müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtombilləri ilə təminatı işlərinin əhəmiyyətli şəkildə sürətlənməsinə şərait yaradıb. Bu sərəncamların icrası sayəsində 2014-2015-ci illərdə və 2016-cı ilin ötən dövründə 2063 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-Lifan” markalı minik avtomobili verilib. Beləliklə, indiyədək 5,9 min nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunub.

Ünvanlı dövlət sosial yardımı

Aztəminatlı ailələrin müdafiəsində ünvanlı dövlət sosial yardımı mühüm rola malikdir. Bu məqsədlə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 20 milyon manat vəsaitin ayrılması ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə Prezident qayğısının növbəti əməli ifadəsidir.

2016-cı ilin 1 dekabr vəziyyətinə 162 min ailə (707 min nəfər ailə üzvünü əhatə edir) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. 2016-cı il fevralın 15-dən istifadəyə verilən Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən cari ilin 1 dekabrınadək 57 838 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin olunub. Cari ilin noyabr ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 151,54 manat təşkil edib.

Pensiya təminatı

Ölkəmizdə sosial müdafiənin əsas istiqamətləri sırasında əhalinin pensiya təminatı mühüm yer tutur. Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 312 min nəfərdir. Əmək pensiyasının baza hissəsinin 2016-cı il fevral ayından 10 faiz və sığorta hissəsinin ilin əvvəlindən 4 faiz artırılması nəticəsində bu ilin 1 noyabr tarixinə olan məlumata görə, əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7,6 faiz artaraq 191,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 212,50 manata çatıb.
2016-cı ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən əmək pensiyaları üzrə xərclərə əvvəlki ilin müvafiq dövrünə nisbətən 216 mln manat və ya 8,4 faiz çox vəsait yönəldilib. Fonda daxilolmaların səviyyəsinin mütəmadi artımı fondun xərclərinin 98,2 faizini təşkil edən pensiya və müavinətlərin də vaxtından əvvəl maliyyələşdirilməsinə şərait yaradıb.

Fərdi uçot sistemi

Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olan fərdi uçot sistemi məcburi dövlət sosial sığorta ödənişinə cəlb edilən vətəndaşlar haqqında məlumatların uçotunun təşkilini və aparılmasını təmin edir. 2006-cı ildən fəaliyyətə başlayan və hər bir şəxsin gələcək layiqli pensiya təminatı üçün fərdi hesabına kapital toplamasına imkan verən bu sistemin əhatə etdiyi vətəndaşların sayında artım dinamikası 2016-cı ildə də davam edib. Cari ilin yanvar-noyabr aylarında əlavə olaraq 172 829 nəfərə fərdi hesab açılmaqla, fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 1 dekabr 2016-cı il tarixinə 3 352 983 nəfərə çatıb.

Sosial müavinət və təqaüdlərlə təminat

Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial müavinət və təqaüd sisteminə malik ölkədir. Hazırda respublikamızda əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara, müharibə veteranlarına, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə), habelə ailə başçısını itirməyə görə, 3 yaşınadək uşağa qulluğa görə, yaşa görə, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə, bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə və s. aylıq müavinətlər, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, uşağın anadan olmasına görə və s. növlərdə birdəfəlik müavinətlər ödənilir.
Eyni zamanda, Azərbaycanın Milli Qəhrəmanları (həlak olanların ailə üzvləri), müharibə əlilləri və onlara bərabər tutulanlar, şəhid ailələri, İkinci Dünya müharibəsi iştirakçıları, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlillər, fəxri adları olanlar və digər kateqoriyadan olan vətəndaşlar Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər.
Ümumilikdə 2016-cı ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 448 956 nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57 191 nəfərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilib. Prezidentin müvafiq fərmanları və sərəncamı ilə sosial müavinətlərin və təqaüdlərin 2016-cı ilin fevralından növbəti dəfə artırılması təmin edilib.

Sosial xidmətlər

Sosial cəhətdən həssas əhali qruplarının ehtiyac duyduqları sosial xidmətlərlə təminatı sosial müdafiə sisteminin əsas istiqamətlərindən biridir. Hazırda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 11 855 nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada, 1 102 nəfərə sosial xidmət müəssisələrində stasionar şəraitdə xidmətlər göstərilir.
Son illərdə sosial xidmətlərin də əhatə dairəsi xeyli genişlənib. Belə ki, nazirliyin sosial sifarişləri əsasında və müəyyən etdiyi prioritet istiqamətlər üzrə ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar da reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilirlər. Bu məqsədlə müvafiq layihələr çərçivəsində Bakıda və ölkənin regionlarında qayğı və reabilitasiya mərkəzləri yaradılaraq, qeyd edilən uşaqların ehtiyac duyduqları sosial xidmətlərlə təminatı həyata keçirilir. Cari ildə 2 min nəfərdən çox uşağa sosial sifarişlər üzrə icra olunan layihələr çərçivəsində səyyar formada sosial xidmətlər göstərilib. Müvafiq layihələr çərçivəsində onlara sosial-psixoloji yardımın göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, onların psixo-sosial dəstəklə təmin edilməsi və s. istiqamətlərdə də işlər aparılır. Ümumilikdə, cari ildə 15 min nəfərə yaxın şəxs səyyar və stasionar formada sosial xidmətlərlə təmin edilib.

Tibbi-sosial reabilitasiya xidmətləri və əlilliyi olan şəxslərin asudə vaxtının təşkili

Prezident İlham Əliyevin əlilliyi olan insanlara diqqət və qayğısı həmin şəxslərin sağlamlığının bərpası, onların reabilitasiyası tədbirlərinin daim güclənməsi ilə bərabər, ölkədə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulmasına da şərait yaradıb.
Dövlət başçısının iştirakı ilə 2015-ci ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi, burada yaradılan və Cənubi Qafqazda analoqu olmayan yüksək səviyyəli reabilitasiya şəraiti bunun əyani nümunəsidir. Bu mərkəzdə və digər reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərin müasir tibbi avadanlıqlarla, səmərəli üsullarla reabilitasiyası istiqamətində məqsədyönlü işlər aparılır.
2016-cı ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələri tərəfindən 21,9 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib, onlara ümumilikdə 31,5 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1 117 ədəd əlil arabası, 663 ədəd eşitmə aparatı verilib. Bu təbəqələrdən olan 128 nəfər şəxsin xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Eyni zamanda, cari ilin yaz-yay mövsümündə 1 015 nəfər əlilliyi olan şəxs ölkənin istirahət mərkəzlərinə istirahətə göndərilib, 5 min nəfərə yaxın imtiyazlı şəxs sanator-kurort yollayışı ilə təmin edilib.

Əmək hüquqlarının təminatı

Ölkədə aparılan sosial siyasət vətəndaşların əmək hüquqlarının etibarlı müdafiəsini də nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların müraciətlərinə əsasən cari ilin yanvar-noyabr aylarında görülən tədbirlər sayəsində 826 195 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin məbləğin 94,7 faizi gecikdirilmiş əməkhaqlarından, qalan hissəsi isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub. Bu dövrdə qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmiş 21 nəfər vətəndaşın yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.
Bununla yanaşı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir, işəgötürənlərin, əmək kollektivlərinin əməyin mühafizəsi norma və standartları, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktiki tədbirlər barədə dolğun şəkildə məlumatlandırılması təmin olunur.

Məşğulluq

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində əmək resurslarından səmərəli istifadənin təmin edilməsi, əmək bazarının inkişafı əsas prioritetlərdən biridir. Bu sahədə aparılan işlərin davamı olaraq, 2016-cı ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən 55 118 nəfər işlə təmin edilib. Bu da 2015-ci il üzrə müvafiq göstəricidən təqribən 2 dəfə çoxdur. Həmçinin bu dövrdə 1 142 nəfər haqqı ödənilən ictimai işlərə, boş vaxtlarında əlavə qazanc əldə etmək istəyən 2 926 nəfər əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilib, 11 444 nəfərə işsizlik müavinəti təyin edilib.
İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və rəqabət qabiliyyətinin artırılması həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqamətini təşkil edir. 2016-cı ilin 11 ayı ərzində nazirliyin xətti ilə 3 560 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Onların 450 nəfəri əlilliyi olan şəxslərdəndir.
Bu təbəqədən olan insanların əmək bazarına çıxış və reabilitasiya imkanlarının genişlənməsində Azərbaycan Prezidenti
İlham Əliyevin iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi mühüm rola malikdir. Cari ilin 1 dekabr tarixinədək həmin mərkəzdə 1000 nəfərə qədər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul olunub.
Gənclərin düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi onların gələcəkdə əmək bazarına inteqrasiyası, uğurlu əmək fəaliyyəti üçün xüsusi önəm kəsb edir. Bu məqsədlə onlar arasında valideynlərin iştirakı ilə peşəyönümü tədbirləri də davam etdirilir. Cari ilin 11 ayında nazirliyin xətti ilə əksəriyyəti yuxarı sinif şagirdlərindən ibarət olan 102 337 gənc peşəyönümü tədbirlərinə cəlb olunub, onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar, peşəyönümü məsləhət və tövsiyələr verilib.

Özünüməşğulluq

Ölkə rəhbərinin 7 aprel 2016-cı il tarixli sərəncamı ilk dəfə olaraq ölkəmizdə dövlət səviyyəsində özünüməşğulluq proqramının həyata keçirilməsinə, aztəminatlı ailələrin biznes imkanlarına malik olmalarına əsas yaradıb. Aztəminatlı ailələrin mövcud potensialları müqabilində özünüməşğulluq fəaliyyətinin təşkili üçün sərəncama əsasən ayrılmış 6 milyon manat hesabına ölkə üzrə aztəminatlı ailələr arasından seçilmiş təqribən 1400 ailənin özünüməşğulluğu təmin olunacaq.
Sərəncamın icrası ilə bağlı nazirliyin “İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili tələbləri” əsasında məqsədyönlü işlər aparılır. Belə ki, Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə 146 nəfər təlimçi hazırlanıb. Onlar tərəfindən işaxtaran və işsiz kimi qeydiyyatda olan, özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslərə biznesin təşkili ilə təlim kursları keçirilir. İndiyədək təlim kurslarını bitirmiş şəxslərdən 600 nəfəri qiymətləndirmədən keçib. Biznes-planları müsbət qiymətləndirilən şəxslərin ailə təsərrüfatlarının maddi-texniki bazasının yaradılması təmin ediləcək.
Özünüməşğulluq proqramı respublikamızda ailə biznesinin inkişafına səbəb olmaqla, sosial-iqtisadi tərəqqi proseslərində vətəndaşların iştirakının daha da genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafında növbəti irəliləyişlərə imkan yaradıb. Bu proqramın uğurlu nəticələri gələcəkdə də qeyd olunan istiqamətdə tədbirlərin yüksələn xətlə davam etdirilməsini şərtləndirəcək.

Əhaliyə müasir və şəffaf xidmətlər sisteminin qurulmasına yönələn islahatlar

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əmək və sosial müdafiə, tibbi-sosial ekpertiza və reabilitasiya sahələrində elektron texnologiyaların tətbiqi vasitəsilə əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşdırılması yönündə mühüm islahatlar aparılıb. Bununla əlaqədar ilk növbədə, müvafiq qanunvericilik bazasında vətəndaşlara qeyd olunan sahələr üzrə rahat və şəffaf xidmətlərə çıxış imkanlarının yaradılmasına yönələn təkmilləşdirmə işləri görülüb.
2006-cı ilin əvvəlindən Azərbaycanda beynəlxalq standartlara cavab verən, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı vahid mexanizm əsasında avtomatlaşdırılmış sığorta-pensiya sisteminin tətbiqinə başlanıb. Həmin sistem əsasında Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı mexanizmi formalaşdırılıb. Həmin sığorta-pensiya sisteminin ən mühüm cəhəti pensiyaların məbləğinin hər kəsin ödəmiş olduğu sığorta haqlarına, sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsidir. Bu, dünyada ən ədalətli bir hal kimi qəbul olunur.
İslahatların davamı kimi 2014-cü ilin iyulundan əmək müqavilələrinin elektron qeydiyyatı sistemi istifadəyə verilib. Bununla da əmək bazarına dövlət nəzarəti sahəsində idarəetmə mexanizminin müasir meyarlara uyğun, obyektiv və səmərəli təşkili, əmək bazarının dəqiq və əhatəli uçotunun aparılması və əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılması təmin edilib. Eyni zamanda, bu münasibətlər üzrə sosial sığorta və vergi daxilolmalarının artırılmasına, işçilərin əmək və sosial hüquqlarının formalaşması üçün mühüm əsasların yaradılmasına şərait yaranıb. İstifadəyə verildiyi vaxtdan bu ilin 1 dekabr tarixinə qədər əmək müqavilələrinin elektron qeydiyyatı sistemindən 6,4 milyon dəfədən çox istifadə edilməsi bu sistemin əhalinin ən çox istifadə etdiyi elektron nailiyyətlər sırasında olduğunu göstərir.
2016-cı il fevralın 15-dən istifadəyə verilən ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) isə dövlət sosial yardımlarının avtomatlaşdırılmış rejimdə təyinatının həyata keçirilməsinə imkan verib. VEMTAS ötən müddətdə gözlənilən səviyyədə özünü doğruldaraq, dövlət sosial yardım sistemində elektron texnologiyaların tətbiqi yolu ilə məmur-vətəndaş təmaslarının tam aradan qaldırılması və vətəndaşların şəffaf xidmətlərlə təminatına nail olunması sahəsində ölkəmizin uğurlu islahat təcrübəsidir. Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, habelə həmin qərarlar barədə vətəndaşların məlumatlandırılması prosesinin tam avtomatlaşdırılmış şəraitdə, heç bir məmur müdaxiləsi mümkün olmadan, tam şəffaf şəkildə həyata keçirilməsini təmin edir.
Əlilliyin qiymətləndirilməsi sisteminin də avtomatlaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılaraq istifadəyə verilib. Artıq ölkədə əlilliyin qiymətləndirilməsi prosesi məmur-vətəndaş təmasları olmadan, elektron infrastruktur üzərində tam obyektiv və şəffaf şəraitdə aparılır.

Elektron xidmətlər

Son illərdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində elektron texnologiyalardan istifadənin genişləndirilməsi, əhali ilə sıx ünsiyyətin mövcud olduğu fəaliyyət sektorlarının təkmil proqram təminatları əsasında avtomatlaşdırılması həmin sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəviyə keçirilməsinə imkan verib.
Hazırda nazirliyin əhali üçün aktual olan bütün iş sahələrində 30-a yaxın elektron xidməti vətəndaşların istifadəsindədir. Bu “e-xidmətlər” “Elektron Hökumət” portalında ən çox istifadə edilən xidmətlər sırasındadır. “E-xidmətlər”ə ictima maraq getdikcə artmaqda davam edir. Bunun əyani təzahürü kimi, əvvəlki ayla müqayisədə bu ilin noyabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin sayı 9,5 faiz artaraq 569 639-a çatıb. Ümumilikdə, cari ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-xidmətlər”indən 5 milyon 661 min dəfə istifadə edilib.

Beynəlxalq uğurlar

Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sistemi səmərəli və şəffaf olmaqla yanaşı, əhatəliliyi ilə də diqqəti cəlb edir. Dünya Bankının mütəxəssislərinin hesablamalarına görə, hazırda Azərbaycanın sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edən bu sistem yoxsulluğun azaldılmasında mühüm rol oynayır.
Ölkəmizdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində yeni elektron sistemlər ölkəmizə məxsus olan, milli səviyyədə təşəbbüslərin nəticəsi kimi formalaşan uğurlu innovativ təcrübələr kimi beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. BMT tərəfindən Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərin Cənub-Cənub Əməkdaşlığı müstəvisində digər ölkələrdə də tətbiqinin təşviq olunmasına başlanılıb. Bu məqsədlə cari ilin may ayında həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib.
Bu gün İKT-nin tətbiqi sahəsində uğurlu təcrübə kimi mötəbər beynəlxalq qurumlar, o cümlədən Dünya Bankı tərəfindən maraqla qarşılanan elektron sistemlərdən biri də Azərbaycanda qurulmuş ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemidir. Dünya Bankının ekspert qrupunun xahişinə əsasən, həmin qurumun ABŞ-ın Vaşinqton şəhərində yerləşən ofisində Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin təqdimatının keçirilməsi də nəzərdə tutulub.
Ölkəmizdə sosial təminat sistemində İKT-nin tətbiqinin genişlənməsi sahəsində görülən işləri Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) da yüksək qiymətləndirir. 2016-cı ilin aprel ayında İsveçin paytaxtı Stokholm şəhərində keçirilmiş Avropa Regional Sosial Təminat Forumunda sosial təminat sistemlərində innovativ yanaşmaların və qabaqcıl texnologiyaların tətbiqi ilə seçilən iş təcrübələrinin mükafatlandırılması mərasimində Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” xidməti BSTA-nın Müsbət Təcrübə üzrə fəxri diplomuna layiq görülərək, müsbət təcrübələr üzrə məlumat bazasına daxil edilib.
2016-cı ilin noyabr ayında keçirilən BSTA-nın Dünya Sosial Təminat Forumunda sosial təminat sahəsində ölkəmizdə aparılan uğurlu islahatlar, İKT-nin geniş tətbiqi sahəsində Azərbaycanın zəngin və uğurlu təcrübəsi nəzərə alınaraq, Azərbaycan ikinci dəfə BSTA-nın büro üzvü və Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Komitəyə Avropa regionundan sosial təminat sahəsində mütərəqqi təcrübəyə malik 13 ölkə daxildir.

2017-ci ildə...

Prezident İlham Əliyevin sosialyönümlü siyasəti Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti ildə də məqsədyönlü addımların atılacağına təminat verir. Bu amil gələn ilin dövlət büdcəsində də öz əksini tapıb. Belə ki, 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizi məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulub.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin növbəti il üçün xərcləri cari ilin icra göstəricisinə nisbətən 248 milyon manat və 8 faiz çox olmaqla 3,4 mlrd manat həcmində olacaq. Bu artım hesabına əmək pensiyaları üzrə xərclərin 229 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərin 5,6 milyon manat, digər xərclərin isə 13,4 milyon manat artırılacağı gözlənilir. Gələn il fondun xərclərinin 97,6 faizi, yəni, 3318 milyon manat vəsait əhaliyə ödənişlərə yönəldiləcək ki, bu da cari ildəkindən 7,6 faiz çoxdur.
2017-ci ildə əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi və ümumən pensiyaçıların sosial müdafiəsi tədbirləri nəticəsində pensiyalarda artım dinamikası davam edəcək və gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 5,8 faiz artaraq 202,3 manata çatacağı gözlənilir. Eyni zamanda, ünvanlı dövlət sosial yardımının hesablanması üçün ehtiyac meyarının növbəti dəfə artırılması həm bu yardımların məbləğinin, həm də sosial yardım sisteminin əhatə dairəsinin artmasına imkan verəcək.
Qeyd olunanlar “Biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik” - deyən Prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq ölkəmizdə 2017-ci ildə də əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, bütün sosial proqramların uğurla davam etdirilməsinin prioritet istiqamətlər olacağını deməyə əsas verir.

"Azərbaycan" qəzeti (24.12.2016)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dövlət universitetləri təhsil haqqını artırır?
Dövlət universitetləri təhsil haqqını artırır? - VİDEO
Dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil
Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işinə xitam verildi
Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işinə xitam verildi
Tanınmış psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı başlanmış cinayət işinə
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
reklam
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan
Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1952-ci il təvəllüdlü
Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer
 
XİA.az - TƏQDİMAT