Vüqar Bayramov: - "Bazarda manatın dəyərinin nə vaxt qalxacağı Mərkəzi Banka da məlum deyil"

Ölkədə dollar qıtlığı var

Vüqar Bayramov:

Bəzi banklar öz müştərilərinə az miqdarda dollar satsa da, son iki həftədir ki, satış dayandırılıb.

Vətəndaşlar dollar əldə etmək üçün qara bazara üz tutur.

Dollar qıtlığı nədən xəbər verir? Manat kəskin ucuzlaşacaqmı?

Bu və digər sualların cavabını iqtisadçı ekspert Vüqar Bayramov Ölkə.Az-da cavablandırıb:

"Sentyabr ayında bildirmişdim ki, ilin sonu, dekabr ayı Mərkəzi Bank üçün çox çətin olacaq. Sentyabr ayında manat bir az möhkəmlənəndə bəzi vətəndaşlar arasında əmanətlərin dollarla, yoxsa manatla saxlanılması barədə müəyyən müzakirələr gedirdi. Təbii ki, manatın möhkəmlənməsinin uzunmüddətli xarakter daşımadığı məlum idi. Sentyabr ayında dekabra doğru dollara tələbin artacağını, manatın məzənnəsində azalmalar müşahidə olunacağını proqnozlaşdırmışdım".

Dekabr ayında manatın məzənnəsinin azalmasının səbəbini iqtisadçı ekspert bu cür şərh etdi:

"Adətən dekabr ayında xarici valyutaya tələb yüksək olur. Çünki dekabr ayına qədər həm dövlət, həm özəl şirkətlər, həm də banklar xarici borc öhdəliklərini ödəməlidir. Qiymətləndirməmizə görə həm dövlət, həm də özəl şirkətlərin illik borc öhdəliyi təxminən 4 milyard dollardan çoxdur. Bu da kifayət qədər böyük rəqəmdir və söhbət bu rəqəmin xarici valyuta ilə qaytarılmasından gedir. Eyni zamanda, dekabr ayında adətən idxalın artması müşahidə olunur. İdxal artdığı üçün daha çox valyutaya ehtiyac olur, nəticə etibarı ilə dollara tələb artır. Dekabr ayında xarici səfərlər çoxalır. Bu da xarici valyutaya olan tələbi artıran amillərdəndir.

Gözlənilən oldu. Dekabr ayında dollara tələbin yüksəlməsi qeydə alındı. Dollara tələbin yüksəlməsi valyuta bazarında əslində əvvəllər müşahidə edilməyən bir mənzərəni ortaya çıxardı. Bankların demək olar ki, əksəriyyəti dollar satışını dayandırıb. Qara bazar məhdudlaşdırılıb. Qara bazardan da xarici valyuta almaq imkanları yoxdur. Nə banklar, nə də qara bazar dollar satır. Bunun nəticəsində də dollar almaq xeyli çətinləşib".

Bu hal nəyin göstəricisidir? sualına Vüqar Bayramov cavab olaraq bildirdi ki, Mərkəzi Bank dollara olan tələbi ödəyə bilmir:

"Əgər banklar dollar satmırlarsa, demək ki, bankların dollar təklifi yoxdur. Qara bazar qeyri-qanunidir. Hətta sahibkarlar belə qara bazardan dollar almaq fikrində deyillər. Bunun nəticəsində xaricə getmək istəyən, xüsusən ödəniş etmək istəyən orta və kiçik sahibkarlar və ya yığım etmək istəyən vətəndaşlar dollar almaq problemi ilə üzləşiblər. Çox təəssüf ki, bu problem özünü son iki həftədə daha çox biruzə verir. Bir neçə həftə əvvəl dollar almaq mümkün idisə, son iki həftədir ki, banklardan dollar almaq problemə çevrilib".

Yeni ilin bizə nə vəd etməsi ilə bağlı məsələyə münasibət bildirən iqtisadçı ekspert dedi ki, qeyri-müəyyən mənzərə Mərkəzi Bankın yeni sürprizi ilə nəticələnə bilər:

"Adətən Mərkəzi Bank ilin sonunda və əvvəlində sürprizlər edir. Mərkəzi Bankın iki seçimi var. Mərkəzi Bank ya indiki siyasəti davam etdirməlidir, yəni mərhələli şəkildə manatın ucuzlaşması prosesi getməlidir. Bunun nə vaxta qədər davam edəcəyi bəlli deyil. Neftin dünya bazarında qiyməti aşağı düşəndə Mərkəzi Bankın rezervləri 15,3 milyard dollara yaxın idi. İndi isə bu rəqəm 4 milyarddır. Mərkəzi Bank 11,3 milyard dollar xərcləyib. Ancaq manatın bazar dəyəri müəyyənləşməyib. Mərkəzi Bank mövcud tənzimləmə prosesini- üzən valyuta rejimini davam etdirdikdə əslində sonu bəli olmayan bir prosesi davam etdirir. Manatın bazar dəyəri yoxdur. Manat nə zaman bazarda dəyər qazanacaq, bu, Mərkəzi Bankın özünə də bəlli deyil.

Mərkəzi Bankın ikinci seçimi ilin əvvəlində liberal məzənnə siyasətinə keçiddir ki, təəssüflər olsun ki, Mərkəzi Bank liberal məzənnə siyasətinə hazır deyil. Bazarın dollar təklifi yoxdur, psixoloji təzyiqlər var, milli valyutaya inamsızlıq var. Bu onu göstərir ki, Mərkəzi Bank liberal məzənnə siyasətinə hazır deyil. Mərkəzi Bank hazırlıq tədbirləri görmədən liberal məzənnə siyasətinə keçsə, bu, milli valyutanın sıçrayışlı dəyər itirməsinə gətirib çıxaracaq.

2017-ci ildə liberal məzənnə siyasəti tətbiq olunacaq. Ancaq il 12 aydan ibarətdir. Bu, hansı ayda olacaq, artıq Mərkəzi Bankın seçimidir. Mərkəzi Bank bütün hallarda liberal məzənnə siyasətinə hazırlıq tədbirləri görərək keçməlidir. Cari tələbi ödəməyə çalışmalıdır. Psixoloji təzyiqləri yumşaltmalıdır. Əks halda, bu, manat üçün heç də yaxşı keçid olmayacaq.

Hər iki halda 2017-ci ildə manat dəyərini itirəcək. Birində mərhələli şəkildə itirə bilər, digərində isə sıçrayışla itirə bilər. Bu seçimi Mərkəzi Bank edəcək. Bütün hallarda dollar qıtlığı yaxşı ssenaridən xəbər vermir".

Səxavət Məmməd

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ ev
İlham Əliyev Saatlı rayonuna səfər edib
İlham Əliyev Saatlı rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir.
reklam
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
Ukraynada “Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş yük
Ucarda yük maşınları ağır qəza törədib:
Ucarda yük maşınları ağır qəza törədib: - Ölən var
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azad Cavadov:
Azad Cavadov: - Bağlanmış bankların əmlakını satmağa hazırlaşırıq
“Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu
 
XİA.az - TƏQDİMAT