Prezident İlham Əliyev qarşıdan gələn dövrdə ölkəmizin mədəni inkişafının əsas vəzifələrini müəyyənləşdirdi

Prezident İlham Əliyev qarşıdan gələn dövrdə ölkəmizin mədəni inkişafının əsas vəzifələrini müəyyənləşdirdi
Prezident İlham Əliyev: Mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Prezident İlham Əliyev belə görüşlərin keçirilməsinə və ölkəmizin hazırkı yüksək inkişaf mərhələsində mədəniyyət sahəsində görüləcək işlərlə bağlı müzakirələr aparılmasına ehtiyac olduğunu bildirib. Dövlət başçısı səmimilik şəraitində keçən görüşdə ziyalılarla mədəni inkişaf məsələlərini geniş müzakirə edib. Prezident İlham Əliyev görüşdəki çıxışında verdiyi ciddi mesajlarla əslində milli-mədəni inkişafın prioritetlərini müəyyənləşdirib. Eyni zamanda, görüşdə respublikamızın görkəmli mədəniyyət və incəsənət xadimləri çıxış edərək ölkəmizdə milli mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər və bir sıra təkliflər səsləndiriblər.
Azərbaycanda milli mədəniyyətimiz dövlət və şəxsən Prezident İlham Əliyev tərəfindən güclü şəkildə himayə olunur
Milli mədəniyyət hər bir xalqın inkişafında, qloballaşma şəraitində öz identikliyini qoruyub saxlamasında müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan müstəqil respublikamızın və xalqımızın xoşbəxtliyi ondadır ki, əcdadlarımız əsrlər boyu yaşadıqları coğrafiyada zəngin mədəniyyət yaratmışlar və ənənələr bu gün də yaşayır. Müxtəlif janrlarda yüksək peşəkarlıqla yaradılan mədəniyyət nümunələrimizin dünyanı fəth etməsi - musiqimizin məşhur konsert salonlarında səsləndirilməsi, xalçalarımızın, rəssamlarımızın əsərlərinin beynəlxalq miqyasda tanınan muzeylərin ekspozisiyalarını bəzəməsi, sərgilərdə, festivallarda nümayiş etdirilməsi, klassik və müasir ədiblərimizin əsərlərinin xarici dillərə tərcümə olunaraq kütləvi tirajla çap edilməsi son dərəcə qürurverici haldır.
Müasir dövrdə milli mədəniyyətimizin inkişafından, öz ənənələrini qoruyub saxlamasından və daha da zənginləşməsindən söhbət açarkən bütün bu proseslərdə əsas amillərdən biri qismində çıxış edən davamlı dövlət qayğısının önəmini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, respublikamızda milli mədəniyyətimizə hərtərəfli dövlət qayğısı siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Son 15 ildə isə Prezident İlham Əliyev bu siyasəti eyni ardıcıllıqla davam etdirib. Müstəqil Azərbaycanda milli mədəniyyətimiz dövlət və şəxsən Prezident İlham Əliyev tərəfindən güclü şəkildə himayə olunur. Yuxarıda bəhs olunan görüşdə respublikamızda mədəniyyətimizin inkişafı ilə bağlı görülmuş işlər barədə ətraflı söhbət açılıb.
Görüşdə qeyd olunduğu kimi, son 15 ildə respublikanın dinamik inkişafına hədəflənən məqsədyönlü siyasət həyata keçirilib, müxtəlif istiqamətlərdə islahatlar aparılıb və bütün bunlar öz müsbət nəticəsini verib. Belə ki, müstəqillik illərində Azərbaycan güclənib, ölkənin iqtisadi və maliyyə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Məhz bu amil də digər sahələr kimi, milli mədəniyyətimizin inkişafına, bu sahədə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsinə daha böyük həcmlərdə vəsait ayrılmasına imkan verib. Sevindirici haldır ki, bu gün Bakıda ən müasir avadanlıqlarla təchiz edilən teatrlar, konsert salonları fəaliyyət göstərir. Paytaxtdakı, demək olar ki, bütün teatrların, muzeylərin binaları əsaslı şəkildə təmir edilib. Ümumiyyətlə, mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin miqyası kifayət qədər genişdir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız - Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin muzeyləri demək olar ki, tam şəkildə əsaslı təmir edildi - Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi”.
Mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə böyük diqqət və qayğının nəticəsidir ki, ölkə miqyasında dini abidələr bir-birinin ardınca yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilir. Bu sırada böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərinin, Gəncədəki İmamzadə dini-tarixi memarlıq kompleksinin, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidinin əsaslı şəkildə bərpa edilməsini nəzərə çatdıra bilərik. Bakıda tikilən və 2014-cü il 26 dekabr tarixində istifadəyə verilən Heydər Məscidi son dərəcə gözəl memarlıq nümunəsidir. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Əlamətdar haldır ki, cənab İlham Əliyevin 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Prezident seçildikdən sonra verdiyi ilk qərarlardan biri məhz milli mədəniyyətimizlə, ədəbiyyatımızla və dilimizlə bağlı olub. Prezident İlham Əliyevin Azərbaycan və dünya ədəbiyyatının klassiklərinin əsərlərinin latın qrafikasında çap olunması ilə bağlı müvafiq sərəncamlar imzalaması Onun milli təəssübkeşliyinin bariz nümunəsidir. Xatırladaq ki, həmin dövrdə ölkəmiz latın qrafikalı əlifbaya keçsə də, klassiklərimizin əsərləri kiril əlifbası ilə çap olunmuşdu. Prezident İlham Əliyev ölkənin maddi imkanlarının aşağı səviyyədə olmasına baxmayaraq, nəinki Azərbaycan ədəbiyyatının klassiklərinin, eləcə də dünya ədəbiyyatının görkəmli şair və yazıçılarının əsərlərinin dilimizdə latın qrafikasında nəfis tərtibatla çapının həyata keçirilməsinə lazımi qədər vəsait ayırdı. Dövlət başçısı tərəfindən mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə belə həssas münasibətə dair faktlar kifayət qədər çoxdur.
Görüşdə də vurğulandığı kimi, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Rəşid Behbudovun və digər görkəmli mədəniyyət xadimlərimizin xatirələrinin əbədiləşdirilməsi deyilənlərə nümunədir. Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinin sosial müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinə hərtərəfli qayğı göstərilməsinin ölkəmiz üçün səciyyəvi hal olduğuna diqqət çəkərək bildirib: “Xalq qarşısında, dövlət qarşısında xidmətlər göstərmiş, xalqın sevgisini qazanmış mədəniyyət xadimləri dövlət tərəfindən mütləq dəstəklənməlidir”.
Mədəniyyətimizə qayğı siyasəti bundan sonra da davam etdiriləcək
Görüşdə Prezident İlham Əliyevin verdiyi mesajlardan bəlli olur ki, ölkəmizdə mədəniyyətin inkişafı perspektivdə də dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edəcək. Bütövlükdə, Azərbaycan Prezidenti qarşıdan gələn dövrdə ölkənin mədəni inkişafının əsas vəzifələrini müəyyənləşdirib.
“Mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq”, - deyə dövlət başçısı vurğulayıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bildirib ki, görüşdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin irəli sürdükləri təkliflər təhlil olunaraq proqram halına salınacaq və qarşıda duran məsələlər ardıcıllıqla həllini tapacaq. Dövlət başçısı səsləndirilən bir sıra təkliflərə isə elə görüşdəcə Özünün müsbət münasibətini ifadə edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin Şüvəlandakı yaradıcılıq evinin bərpasına başlanılıb. Orada müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün soydaşlarımız hazırda yeni mənzillərə köçürülür. Köçürmə prosesi başa çatdıqdan sonra yaradıcılıq evi əsaslı şəkildə təmir olunaraq yazıçıların ixtiyarına veriləcək. Eyni zamanda, Şabran rayonunda da yazıçılar üçün Müasir Yaradıcılıq Mərkəzi yaradılır. Bundan başqa, dövlət başçısının tapşırığına əsasən, Bakıdakı Heydər Məscidinin yaxınlığında yazıçılar üçün 16 mərtəbəli yaşayış evi tikiləcək və bununla da onların mənzilə olan ehtiyacları aradan qaldırılacaq. Prezident İlham Əliyev onu da bəyan edib ki, dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün də yeni yaşayış binası tikilməlidir.
Dövlət başçısı görüşdə televiziya kanallarında bədii şuraların yaradılması ilə bağlı təklifə Öz müsbət münasibətini bildirib. Qeyd edək ki, bu məsələ çoxdan gündəmdə olsa da, indiyədək həllini tapmayıb. Nəzarət zəif olduğuna görə bir sıra hallarda bədii-məzmun cəhətdən aşağı səviyyəli musiqilər efir məkanını zəbt edir ki, bu da cəmiyyətdə bəzən narazılıqlar yaradır. Dövlət başçısı bildirib ki, bədii şuraların yaradılması məsələsində Azərbaycan Dövlət Televiziyası - AzTV birinci olmalıdır. Digər kanallarda da bədii şuraların yaradılması tövsiyə olunur.
Prezident İlham Əliyev görüşdə teatr işçilərinə şad bir müjdə çatdırıb. Bu müjdə teatr işçilərinin maaşlarının əhəmiyyətli dərəcədə artırılması ilə bağlıdır. “Teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlansın və əməkhaqları əhəmiyyətli dərəcədə artırılsın. Biz bunu mütləq etməliyik”, - deyə dövlət başçısı vurğulayıb.
Görüşdə səsləndirilən təkliflərdən biri Bakıda Hacı Zeynalabdin Tağıyevə abidə ucaldılması ilə bağlı olub. Prezident İlham Əliyev bu təklifi də dəstəklədiyini bildirib. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev qazandığı pulların böyük bir hissəsini xeyriyyəçilik məqsədlərinə, o cümlədən də xalqın maariflənməsinə xərcləyib. Bir neçə il bundan əvvəl H.Z.Tağıyevin evi - indi orada Azərbaycan Tarixi Muzeyi yerləşir - Prezident İlham Əliyevin tapşırığı əsasında yüksək səviyyədə təmir edilib. Dövlət başçısı böyük xeyriyyəçinin xatirəsinə dərin ehtiram bəslədiyini nəzərə çatdırıb və bildirib ki, onun abidəsinin ucaldılması ilə bağlı təklifi dəstəkləyir.
Bütün bu deyilənlər Azərbaycanda mədəniyyətə dövlət qayğısının yüksək səviyyədə olduğunu əyani şəkildə təsdiqləyir. Azərbaycan dövləti inkişaf etdikcə, ölkənin iqtisadi-maliyyə imkanları genişləndikcə, milli mədəniyyətimizə, bu sahədə fəaliyyət göstərən insanlara qayğı da artıb və bundan sonra da belə olacaq.
Mübariz ABDULLAYEV

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT