Xalqımızın sevimlisi, ehtiram bəslədiyi, güvəndiyi Birinci vitse-prezident Mehriban xanım Əliyeva

Xalqımızın sevimlisi, ehtiram bəslədiyi, güvəndiyi Birinci vitse-prezident Mehriban xanım Əliyeva
Birinci vitse-prezidentlik vəzifəsi ali hakimiyyət məqamıdır, Prezidentdən sonra başlayan iyerarxik silsilədə ilk postdur. Dövlət idarəçiliyinin ən üstün pilləsində təmsil olunacaq bu şəxsin də Prezident qədər yüksək keyfiyyətlərə, xüsusi bacarıq və qabiliyyətə malik olması, xüsusən də xalqın etimad mənbəyinə çevrilməsi vacib tələblərdəndir. Bu mühüm xüsusiyyətlər daha artıq səviyyədə Mehriban xanım Əliyevanın xarakterində və fəaliyyətində bütünlüklə əksini tapıb. Bu baxımdan "Niyə məhz Mehriban Əliyeva" ritorik sualını cavablandırmaq elə də çətin deyil.
Birinci vitse-prezident adının da mənasından göründüyü kimi, ölkənin birinci şəxsinin əsas yardımçısı, inandığı silahdaşı olmalıdır. Ötən 13 illik Prezidentlik fəaliyyəti müddətində Mehriban xanım İlham Əliyevə daim ən böyük mənəvi dəstəyi göstərib. Biz ən çətin anlarda Mehriban xanımı yalnız həyat yoldaşının yanında dayanan xanım kimi deyil, həm də Prezidentin ən yaxın və mübariz silahdaşı kimi ön cinahda görmüşük. Onun bu yönümdəki xidmətləri "birinci xanım" statusunun çərçivəsi ilə məhdudlaşmayaraq daha geniş miqyası əhatə edib.
Mehriban Əliyevanın deputat və fondun rəhbəri kimi ölkə həyatının bütün sahələrində irəli sürdüyü uğurlu təşəbbüslər, həyata keçirdiyi proseslər cəmiyyətdə onun müsbət imicini formalaşdırıb, nəticə etibarilə İlham Əliyevin siyasi nüfuzunun daha da yüksəlməsinə əməli töhfə verib. Xalqın hakimiyyətə inamının möhkəmlənməsinə Prezidentdən sonra ən böyük xidməti də məhz Mehriban xanım göstərir.
Birinci vitse-prezidentin məsul vəzifələrindən biri də Azərbaycanı xaricdə layiqincə təmsil etməkdir. Bu işi, əslində, artıq uzun illərdlir ki, Mehriban Əliyeva uğurla həyata keçirir. Heydər Əliyev Fondunun rəhbəri kimi 30-dan artıq ölkədə “Azərbaycan günləri”nin təşkilatçısı olaraq dövlətimizin haqq səsinin beynəlxalq birlikdə yayılmasına böyük töhfə verir. UNESCO və ISESCO-nun üzvü kimi bu mötəbər qurumlar vasitəsilə Azərbaycanın layiqli təbliğatını aparır. Son üç çağırışda Milli Məclisin müxtəlif ölkələrlə dostluq qruplarının rəhbəri kimi uğurlu təmsilçilik fəaliyyəti göstərib.
O, 20-dən artıq ölkənin və beynəlxalq təşkilatın ən ali mükafatları ilə təltif olunub.
Mehriban Əliyevanın əsas xarakterik göstəricilərindən biri də onun yüksək vətənpərvərlik duyğusuna malik olmasıdır. Geniş profilli fəaliyyətinin əsas qayəsi məhz Azərbaycan dövlətinə və xalqına təmənnasız xidmət, milli maraqları daim uca tutmaqdır. Hər zaman Azərbaycan naminə yorulmadan çalışır, yüksək vətəndaşlıq nümunəsi göstərir. Biz Mehriban xanımı vətən uğrunda qurban getmiş şəhid ailələrinin, həmçinin qaçqın və məcburi köçkünlərin əsas dayağı kimi daim onların yanında görürük. Düşmənin atəş zərbəsi xəttində yerləşən məntəqələrdə həmvətənlərini qucaqlayan, onlara tənha olmadıqlarını anladan Mehriban xanım həm də mübarizlik rəmzi kimi qəbul olunur.
Mehriban xanım böyük vətənpərvər kimi yeni nəslin maariflənməsinə, savadlanmasına böyük önəm verir, paytaxtdan ən ucqar kəndlərədək yüzlərlə yeni məktəbin tikilməsinə şərait yaratmaqla yüz minlərlə gəncin formalaşmasına mühüm töhfə verir. Azərbaycan muğamının, aşıq sənətinin və digər maddi-mənəvi abidələrimizin dünya inciləri kimi tanıdılması, zəngin mədəniyyətimizin təbliği, ölkəmizin haqq səsinin yayılmasına və qəbuluna yönəlmiş çoxsaylı layihələr böyük vətənpərvərlik missiyasının tərkib hissəsidir.
Prezident komandasının əsas üzvü kimi Birinci vitse-prezident öz rəhbərinə birmənalı sadiq olmalı, onunla siyasi-mənəvi vəhdət təşkil etməlidir. Artıq uzun illərdir ki, ictimaiyyət İlham Əliyevlə Mehriban xanımı bir ailənin mənsublarından daha çox məhz bir dövlətçilik ideyasının, ideoloji kursun vəhdətini təmin edən şəxslər kimi qəbul edir. Onlar vahid məramın, yekcins siyasi qayənin, böyük Heydər Əliyev yolunun ayrılmaz tərənnümçüləri, yekdil mövqenin ifadəçiləridir.
İlham Əliyevin də qeyd etdiyi kimi, xalqın Mehriban xanıma olan etimadı ölkə rəhbərinə olan inamından az deyil və bu, əslində, Prezidentə lazımlıdır. Yəni onlar vahid tam olaraq Azərbaycana xidmət edirlər və Azərbaycan xalqı da onları vahid tam kimi ən qüdrətli şəxsiyyətləri, ən böyük xeyirxahları, ən doğma dostları kimi tanıyır.
Mehriban Əliyeva bütün həyatı boyu Azərbaycan naminə çalışıb, fəaliyyət göstərdiyi bütün sahələrdə vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası yürüdüb. Bu missiya indi yeni mərhələyə qədəm qoyur.
Azərbaycan qadınının cəmiyyətdəki rolunu, ictimai-siyasi fəaliyyətini səciyyələndirən hadisələr zaman-zaman özünün inkişaf yollarında böyük mənəvi-əxlaqi dəyərlərlə müşahidə olunmuşdur. Qədim dövrlərdən başlayaraq tarixin yaddaşından günümüzə qədər yol gələn milli-mənəvi ənənələr, qadınlarımızın diplomatik xüsusiyyətləri, ədəbi yaradıcılığı, xeyriyyəçilik əməlləri, Azərbaycan qadınının ictimai şüurunda, mənəviyyatında təzahür etmiş keyfiyyətləri, mərdanə vərdişləri ilə hər zaman yaddaşımızda közərir.
Sirr deyil ki, xalqın adamı olaraq onun sevgisini qazanmaq, yalnız xalqına şərəflə, ləyaqətlə xidmət etməyin sayəsində mümkün olur. Bu gün Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da genişəhatəli fəaliyyəti tarixdə yaşamış nəcib, fədakar qadınlarımızın ibrətamiz həyatının, missiyasının yeni anlamda davam etdirilməsidir.
Bu mənada Mehriban Əliyevanın dövlətçiliyimizin möhkəmlənməsində, gəncliyin yetişməsində, milli-mənəvi irsimizə, mədəniyyətimizə, xalq musiqisinin yaşamasına, təhsilin, səhiyyənin inkişaf etməsinə qayğı göstərməsi, onun şəxsində maarifpərvər, vətənpərvər imicinin formalaşmasına səbəb olmuşdur.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva illər öncə “Yeni Azərbaycan Partiyası”nın yarandığı tarixdən, onun sıralarına qəbul olunduğu gündən əqidəsində formalaşdırdığı və böyük inam bəslədiyi, dövlətin və xalqın mənafeyinə hesablanmış Heydər Əliyev siyasi kursunun mahiyyətini bütün şüuru ilə dərk etdiyindən, fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu ideyalara layiqincə xidmət etməyə bir qədər yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Mədəniyyət Fondunun Prezidenti kimi fəaliyyətə başlayanda artıq ölkə üçün gördüyü işlər xalqı tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılananda o, özünü mənən daha güclü hesab etdi. Bundan sonra onun diqqət göstərdiyi sahələr genişlənməyə başladı. Artıq 2002-ci ildə xanım Mehriban Əliyeva həm də Azərbaycan Gimnastika Federasiyasının Prezidenti kimi fəaliyyətini genişləndirməklə, missiyasını fədakarlıqla davam etdirməyə başladı.
Vaxtilə Heydər Əliyev ölkəyə rəhbər kimi ikinci qayıdışında Azərbaycanın tarixində yeni bir dövr açdı: Birlik və İnkişaf dövrü. Ölkəmizin həyatı məhz bundan sonra özünün yeni axarına düşdü. Başsızlıq, hərc-mərclik hökm sürən ölkədə xalqı parçalanmaq, tayfalara bölünmək qorxusundan məhz xalqının, vətəninin təəssübkeşi Heydər Əliyev xilas etdi. Onun, “Azərbaycan dünyaya günəş kimi doğacaq”, uzaqgörənliyi layiqli varis Prezident İlham Əliyevin və xanımı, xalqın mənəvi anası sayılan Mehriban Əliyevanın fəaliyyətində özünün gerçəkliyini tapdı. Eyni amala, məqsədə xidmətdə də qoşa qanad olan bu cütlüyün bütün fəaliyyəti dövlətçiliyimizin maraqlarına söykənir. Bu, bəlkə də Mehriban xanımın həssaslıq, humanistlik, milli-bəşəri düşüncələrinə əməli çalışmaları ilə rövnəq verən siyasi portretinin ən xarakterik cizgisidir.
Onun genişhəcmli ictimai fəaliyyəti bütün aydınlığı ilə göstərdi ki, O, təkcə öz ailəsinə deyil, həm də xalqına məxsusdur. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyaya ürək verməsi, Onun zərif çiyinlərinə həm də ağır yük qoymuşdur. “Xalqım üçün bacardığımı etməliyəm”, fikri ömrünün mənasına çevrildi. Bütün bunlar tariximizin bir parlaq səhifəsidir.
Onun məqalələrində, çıxışlarında səsləndirdiyi fikirlərdən də aydın olur ki, qazandığı uğurlar xalq işinə məhəbbətlə yanaşması, dövlətçiliyimizin möhkəmlənməsində ciddi və davamlı çalışmaları, fədakarlığı sayəsində mümkün olmuşdur. Xalqa və dövlətçiliyimizə bunca ürəkdən xidməti milli ruha bağlılığın azərbaycançılıq ənənəsinin bəhrəsidir. Çıxışlarına diqqət kəsildikcə onu da sezmişəm ki, Mehriban xanım milli-mənəvi dəyərləri yaşatmaqdan sanki bir rahatlıq tapır, çəkdiyi əziyyətlərin uğuruna nail olanda O, çox bəxtiyar görünür.
Mehriban xanımın fəaliyyəti – naturadan gələn vətənpərvərliyi, xəlqiliyi, milli ruha bağlılığı bir bədii əsərin, tarixi romanın mövzusudur. Vaxtilə Ulu Öndərin haqqında yazdığım məqalələrin birində belə bir fikri xatırlayıram: “Heydər Əliyev xalq və tarix qarşısında məsuliyyətini dərk edir, düzəlişə, yanlışlığa yol verməyən bir tarix yaradır” (“Xalq” qəzeti, 8 may 1998). Həqiqətən də onun yaratdığı və yaşatdığı tarixi dövr, apardığı siyasət bizə imkan verib ki, tarixi səhvlərimizi araşdıraq, kökümüzün faciəsini dərk edək və aşkara çıxaraq. Bu, onun ideallarına sadiq olan, mənəvi-siyasi varisi Prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın da siyasi-ictimai fəaliyyətində açıq-aydın görünən bir həqiqətdir.
Mehriban Əliyevanın işgüzar həyatı sanki bir yaz çağı, səhərin ala-toranından sıyrılıb çıxan, yağışda yuyunaraq doğan günəşin şəfəqləri altında cilvələnən əsrarəngiz, həm də özünün fəlsəfi rəmzləri ilə nəzərləri çəkən bir mənzərəni xatırladır. Bu mənzərəyə – müdrikanə ömür yoluna nəzər salmaq, xeyirxah əməllərin saldığı naxışları dərk etmək və bu ömürdən ibrət almaq da bir hünərdir. O, bütün hallarda – xoş məqamlarda, çətin və mürəkkəb situasiyalarda belə dəyişilməzdir: dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər zaman və hər yerdə Özüdür. Ən ümdəsi də xalqın sevimlisi, ehtiram bəslədiyi, güvəndiyi bənzərsiz Birinci xanımıdır...

Vəkil Rövşən Qasimov Lənkəranlı

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - CANLI YAYIM
Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər - SİYAHI
Dövlət komitələrinə gəlincə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir?
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir? - Ekspertlərdən fərqli yanaşmalar
Ermənistanda Sej Sərkisyanın baş nazir olmasına qarşı aprelin 13-dən
reklam
MTN generallarına hökm oxunur
MTN generallarına hökm oxunur - Sübahir Qurbanova 14 il cəza
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
 
XİA.az - TƏQDİMAT