AVROPADA BİRİNCİ olmaq həm də şərəf göstəricisidir

AVROPADA BİRİNCİ olmaq həm də şərəf göstəricisidir

Bəlkə də Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə heç kəs inanmazdı ki, çox yox, cəmi 24 il sonra bu gənc, təcrübəsiz, mürəkkəb geosiyasi məkanda yerləşən ölkə qoca qitədə bir çox sahələr üzrə ilklərə imza atacaq.

Açığı, həmin inamsızlığa əsas da var idi. Çox çətin dövrdə - regional münaqişələrin, o cümlədən Qarabağ savaşının qızışdığı, ictimai-siyasi sabitliyin pozulduğu, iqtisadi böhranın tüğyan etdiyi, əhalinin sosial müdafiəsinin yaddan çıxdığı bir şəraitdə, üstəlik minlərlə qaçqın və məcburi köçkünün çöllərə düşdüyü bir vaxtda gənc dövlətin tezliklə dirçələcəyinə, bu burulğanlardan salamat çıxacağına ümid bəsləmək çətin idi. Sələfimizin - 1918-1920-ci illərdə müstəqil dövlət kimi cəmi 23 ay duruş gətirə bilmiş Azərbaycan Xalq Cümhuriyyətinin acı bir tarixi də vardı. Zaman müxtəlif olsa da, məkan və şərait eyni idi. Eyni olan həm də neft kimi qiymətli təbii sərvətə malik Azərbaycana şimaldan və cənubdan, Qərbdən və Şərqdən uzanan əllər idi. O əllər ki, fürsət düşdükdə bu gün də öz işindədir.

Amma müxtəlif olan da təkcə zaman deyil, həmçinin şəxsiyyətlər idi. Şəxsiyyəti zamanın yetişdirdiyini, zamanın formalaşmasında isə şəxsiyyətin rolunu danmaq olmaz. Təbii ki, bugünkü müstəqil Azərbaycan dövlətinin qurucusu və qoruyucusu ulu öndər Heydər Əliyevi nəzərdə tuturuq. Əgər bu gün Azərbaycan qısa müddətdə nəinki yerləşdiyi regionda, habelə qitədə ad-san sahibidirsə, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdırsa, sosial-iqtisadi inkişafına görə dünyanın ən sabit ölkələrindən biridirsə, indi isə qitənin ilk dəfə keçirilən ən böyük idman tədbirinə böyük bacarıq və uğurla evsahibliyi edə bildisə, xalqımız öncə ümummilli liderin uzaqgörən siyasətinə minnətdardır.

Məhz bu siyasətlə bütün sahələr üzrə möhkəm təməli qoyulmuş Azərbaycan dövləti Prezident İlham Əliyevin praqmatik fəaliyyəti nəticəsində dünyada söz sahibidir. Özü də sadə söz sahibi yox, eşidilən, qəbul olunan, nəzərə alınan söz sahibi. Belə olmasaydı, BMT-nin Təhlükəsizlik Şurasında təmsil edilməzdik! Belə olmasaydı, qoca qitənin enerji təhlükəsizliyinin təminatı həm də bizə etibar edilməzdi! Belə olmasaydı, ən müxtəlif beynəlxalq tədbirlərə ünvan seçilərkən Azərbaycana üstünlük verilməzdi! Və nəhayət, belə olmasaydı, ilk Avropa Olimpiya Komitəsi bu mötəbər yarışın keçirilməsini Azərbaycana həvalə etməzdi.

Bütün bunlar və xatırlatmadığımız neçə-neçə uğurlarımız dostlar üçün qürur doğuran, düşmənlər üçün göz çıxaran faktlardır. Biz bu sevincin və qısqanclığın hələ 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması, 1999-cu ilin noyabrında Bakı-Tbilisi-Ceyhan əsas boru neft kəmərinin çəkilişinə qərar verilməsi, lap bu yaxınlarda reallaşdırılmasına başlanan Trans-Adriatik və Trans-Anadolu qaz boru kəmərlərinin gündəmə gəlməsi ərəfələrində şahidi olmuşuq. Bəlkə də Azərbaycandan daha çox Avropaya gərəkli olan bu və digər mühüm beynəlxalq layihələr dostlarımızı sevindirsə də, düşmənlərimizi kədərləndirir, hətta o dərəcədə ki, onlar ölkəmizə qarşı ən çirkli oyunlara belə əl atmaqdan çəkinmirlər.

Amma nahaq! Çünki təsir əks təsirə bərabər olduğu kimi, uğurlarımızı gözü götürməyənlərin anti-Azərbaycan təbliğatları və hərəkətləri də ölkəmizin qətiyyətini, iradəsini möhkəmləndirir. Və bu qətiyyət, iradə möhkəmləndikcə dostlarımızın sayı artır, düşmənlərimizin sıraları seyrəlir. Təkcə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən Azərbaycana səs verən ölkələrin sayı kifayətdir ki, dostlarımızın çoxluğuna şübhə qalmasın. Yaxud götürək I Avropa Oyunlarının ünvanı kimi Azərbaycanın seçilməsini. Sözsüz ki, ilk dəfə keçirilən bu Oyunların Təşkilat Komitəsi yarışlara ev sahibini müəyyən edərkən bütün amilləri nəzərə almışdı. Həmin amillər sırasına yarışlara ev sahibliyi edəcək ölkənin idman qurğularından, müvafiq infrastrukturdan tutmuş, çoxminli idmançı və tamaşaçı-qonaqları qarşılayıb yerləşdirmək imkanınacan daxildir. Biz hələ məsələnin başqa tərəflərini - yarışların keçiriləcəyi ölkənin maddi-iqtisadi imkanını, ictimai-siyasi sabitliyini, kriminogen durumunu və digər məsələləri demirik. Bunun üstünə dörd bir tərəfimizin od tutub yandığını, terrorun az qala gündəlik həyat tərzinə çevrildiyini də gəlsək, onda Azərbaycanın hansı tələblərə cavab verdiyi məlum olar. Məlum olar ki, Azərbaycan Avropada təkcə iqtisadi inkişaf sürətinə görə yox, həm də çox məsuliyyətli və çoxminli qitə yarışmasının tələblərinə cavab verən birinci ölkədir. Birinci olmaq isə hər bir ölkə üçün şərəf göstəricisidir.

Qoy heç kəs bu sözləri pafoslu təbliğat kimi başa düşməsin. Ola bilsin Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin siyasi və iqtisadi dividendləri yaxşı dərk etməyənlər də var idi. Bu səbəbdən bəziləri belə bir möhtəşəm qitə yarışmasına yalnız xərclənən vəsait çərçivəsindən baxırdı. Belə naşı yanaşma savadsız mühasibin mədaxili unudaraq məxaricin hesabını aparmağına bənzəyir. Halbuki kütləviliyinə, səviyyəsinə və tələblərinə görə heç də Olimpiadadan geri qalmayan Avropa Oyunlarının Azərbaycana verdiyi və verəcəyi xeyri görmək üçün elə də savadlı olmağa ehtiyac yoxdur. Sadəcə, bilərəkdən və bilməyərəkdən daxildə yaranan qərəz və qısqanclığı kənara qoymaq lazımdır. Dərk etmək lazımdır ki, belə bir tədbirlər ev sahiblərinə yalnız xərc və əziyyət versəydi, bunun üçün təşkilat komitələrinin qapısında uzun növbələr yaranmazdı. Elə dünyanın onlarla telekanalının Azərbaycandan reportajlar verməsinin, yüzlərlə xarici jurnalistin qonağımız olmasının mahiyyətini də dərk etmək çətin deyil. I Avropa Oyunları böyük uğurla sona çatdı. Azərbaycan Avropanın, həmçinin dünyanın çoxmilyonlu idman ictimaiyyətinin diqqətini cəlb etdi. Bu, bədxahlara ən yaxşı cavabdır!

Sonda bir məqama da toxunaq. Əgər Azərbaycana sahəsindən asılı olmayaraq, ev sahibliyi etdiyi hansısa beynəlxalq tədbir ərəfəsində siyasi basqı edilirsə, deməli, həmin tədbirin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Gəlin bunu unutmayaq! Azərbaycanın birinci olmasını istəməyənlərin sayı azalsa da, niyyətləri qalır.

“Azərbaycan”

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Elba" MMC-yə məxsus heyvan kəsimi sexində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilmişdir
Daşkəsən Rayonunun ərazisində yerləşən "Elba" MMC-yə məxsus heyvan kəsimi,
Salyanda avtomobil piyadanı vurub
Salyanda avtomobil piyadanı vurub
Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub. Xia.az APA-ya istinadən
reklam
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı - YENİLƏNİB
Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
“Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 28-ə olan USD/AZN məzənnəsini
 
XİA.az - TƏQDİMAT