Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olublar

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olublar
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olublar, Fəvvarələr Meydanı parkı, ictimai parkinq və piyada keçidi kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına ötən müddətdə görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindəki yeraltı piyada keçidində işlər tamamlanmaq üzrədir. Burada 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb, hazırda mərmər-qranitdən istifadə olunmaqla tavanın üzlənməsi işləri davam etdirilir. Həmin keçiddə 8 eskalator quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində daha iki piyada keçidinin inşası nəzərdə tutulur.

“Bakı Ağ Şəhər” layihəsi üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla yeni salınan yolların ümumi uzunluğu 22,3 kilometrə çatacaq, eni isə 16 metrdən 47 metrədək dəyişəcək. Ümumilikdə, burada 63 çoxsaylı kəsişən yolun təmiri və asfaltlanması həyata keçiriləcək. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsi 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir.

“Ağ Şəhər” layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 2 kilometrə çatan əsas və kəsişən bir neçə küçədə işlər yekunlaşıb. Layihə çərçivəsində küçələrdə 20 min kvadratmetr piyada səkisi və yolayrıcı inşa olunub. Yolların kənarında 300-dək çinar və zeytun ağacı əkilib. Yeni salınan küçələrdə hərəkətin normal təşkili üçün 200-ə qədər yol nişanı quraşdırılıb.

Dövlətimizin başçısı və xanımı Yaşıl Ada kvartalının artıq məskunlaşdırılan ilk məhəllələri ilə tanış olublar.

Xüsusi detallarla bəzədilən, klassik üslublu Paris evlərinin məhəllələrində abadlıq və yaşıllıq, infrastruktur-kommunikasiya işləri aparılıb. Burada sakinlərin rahatlığı və dolğun istirahətləri üçün hərtərəfli şərait var. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü avtodayanacaq yaradılıb. Məhəllələrin təhlükəsizliyi də sutka ərzində diqqətdə saxlanılır. Paris evlərində dayanıqlı elektrik enerjisi, su, qaz, kanalizasiya xətləri, internet və İPTV artıq sakinlərin istifadəsinə verilib.

Sonra Prezident İlham Əliyevə 2-ci Yaşıl Ada küçəsində aparılan işlər barədə məlumat verilib. Buradakı binaların üzərində xüsusi dizaynlı ad lövhələri, klassik üslublu saat, küçələrin adlarının piyada yollarında qeyd edilməsi, binaların vitrinlərinin “Ağ Şəhər” haqda məlumat plakatları ilə bəzədilməsi, müxtəlif növ ağaclar və həmçinin Yaşıl Ada Evlər zonasına giriş binası diqqəti xüsusilə cəlb edir. Yollarda piyadalar, əlillər və xüsusi qayğıya ehtiyacı olanlar üçün də müvafiq şərait yaradılıb. Avtomobillər üçün xüsusi dayanacaq yerlərinin olması piyadaların təhlükəsiz və sərbəst gediş-gəlişinə imkan verir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Yaşıl Ada kvartalı çərçivəsində salınan yeni yaşıllıq məkanı ilə də tanış olublar. “Sahil 14” və “SETA” MTK yaşayış kompleksləri arasındakı bu xudmani yaşıllıq məkanı kvartalın bənzərsiz memarlıq üslubunu üzvi şəkildə tamamlayır. Avtonəqliyyat vasitələrindən azad ərazi sakinlərin rahatlığı və istirahəti üçün işıqlandırma sistemi, velosiped dayanacaqları, küçə mebelləri ilə təmin olunub, buradakı yaşıllıqlar göz oxşayır.

1-ci Yaşıl Ada küçəsindəki yeni yol da müasirliyi ilə diqqəti çəkir. Burada “Müşahidəçi 2” daş heykəli qoyulub. Xatırladaq ki, “Müşahidəçi 1” daş heykəli 2016-cı ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Daşın Nəğməsi” birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində təqdim olunub. “Müşahidəçi 2” heykəli “Bakı Ağ Şəhər”in inkişafını və buradakı dəyişiklikləri müşahidə edən insan anlamı daşıyır. Heykəlin yaxınlığında yerləşdirilən günəş enerjisini elektrik enerjisinə çevirən dizayner skamyası elektron cihazlar üçün nəzərdə tutulub.

Sonra dövlətimizin başçısı və xanımı “Bakı Ağ Şəhər” ərazisində tikinti işlərinin gedişi ilə tanış olmaq üçün avtobusla gəzintiyə çıxıblar.

Şəhərin qədim və iri parklarından olan Nizami Parkının yaxınlığında yerləşən Knightsbridge (Naytsbric) kompleksində yaşayış binaları, biznes mərkəzi və məktəbin tikintisi aparılır. Park rayonunda 20 mərtəbəli binalar inşa olunur, yeni istinad divarı tikilir.

Mərkəzi Bulvar küçəsində də tikinti işləri davam edir. Eni 37 metr, uzunluğu isə 2 kilometr olan bu yol “Bakı Ağ Şəhər”in mərkəzi ilə kəsişir və layihənin bir neçə rayonlarını birləşdirir.

Burada “Ağ Şəhər”in Mərkəzi Park Rayonu salınacaq. Yaşayış binaları və biznes mərkəzindən ibarət rayonun adı burada salınacaq böyük parkdan qaynaqlanır. “Ağ Şəhər”in şimal hissəsindəki Babək rayonunda da inşaat işləri səngimir. Müasir üslublu evlərdən ibarət həmin rayonda yeni meydan tikilir.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçına məlumat verilib ki, Fəvvarələr Meydanının sahəsi keçmiş “Qara Şəhər”in ən çox çirklənmiş ərazilərindən biri sayılırdı. Yeddimərtəbəli müasir üslublu yaşayış binaları, park, ictimai avtodayanacaq və piyada keçidindən ibarət olacaq bu kvartalda hazırda tikinti işləri gedir. Yaşayış binalarının əhatə etdiyi parkda 3 qrupdan ibarət fəvvarələr, eksklüziv uşaq meydançası, xüsusi landşaft dizaynı və 760 yerlik yeraltı avtodayanacaq tikiləcək. Fəvvarələr Meydanında layihələndirilən park və piyada keçidi “Ağ Şəhər” boyunca piyadaların gəzintisi və mənalı istirahətinə geniş imkanlar açacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və körpü vasitəsilə birbaşa “Ağ Şəhər” bulvarına qədər 2 kilometrlik yolu gedib-gələ biləcəklər. Bildirilib ki, Nobel prospekti boyunca Fəvvarələr Meydanının “ləndmark”ı sayılan Şərq-Qərb ofis binaları yerləşəcək. Bu ofis binalarının mərkəzində yeni Central Plaza meydanı Hollandiyanın UN Studio memarlıq bürosu tərəfindən layihələndirilib. “Ağ Şəhər”də salınan metro stansiyalarından birinin çıxışı da məhz bu ofis kompleksinin yerləşdiyi ərazidə olacaq.

Sonra Prezident İlham Əliyev “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlini qoyub.

Daha sonra dövlətimizin başçısı və xanımı burada ağac əkiblər.

Sonda xatirə şəkli çəkdirilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT