Mayın 8-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ölkəmizdə ilk dəfə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinika Qatarı fəaliyyətə başlayıb.
Mayın 8-dən 12-nə kimi davam edəcək Qatarın ilk səfəri Astara rayonundan başlayır. Aksiyanın məqsədi pasiyentlərin operativ müayinə və müalicəsini aparmaqla yanaşı, lazım olduğu təqdirdə onları cərrahi əməliyyat etməkdir. Astara rayonunda keçiriləcək müayinə aksiyasında həmvətənlərimizlə yanaşı, İran İslam Respublikasının vətəndaşlarının da müayinəsi nəzərdə tutulur.
Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində davam edəcək.
Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni isə 3 metrdir. Qatarda yerləşən Dəmiryolu Səyyar Klinikası müasir oftalmoloji avadanlıqlarla təchiz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur. Səyyar Klinika texniki hissə, oftalmoloji müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burda yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla əməliyyatların aparılması üçün xüsusi avadanlıqlar mövcuddur. Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Bundan əlavə Səyyar Klinikada istirahət, qeydiyyat və sanitariya otaqları fəaliyyət göstərir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.