Tofiq Zülfüqarov: - “Saakyana qarşı cinayət işi açıb, beynəlxalq axtarışa verməliyik”

Tofiq Zülfüqarov:
Elxan Şahinoğlu: “Həmsədr ölkələr separatçıları tərəf kimi bizə sırımağa çalışırlar”

Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda qurulan qondarma rejimin başçısı Bako Saakyanın Moskvaya səfər etdiyi xəbəri yayılıb. Bako Saakyanın Moskvaya səfəri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Rusiya Federasiyasına səfər edib, qanunsuz rejim nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir: “Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də ”Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini" əks etdirən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir. Qanunsuz qurumun “rəhbərinin” ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".

Qeyd edək ki, bundan əvvəl son iki həftədə Bako Saakyan Minsk Qrupunun digər iki həmsədri olan ABŞ-a və Fransaya ard-arda səfər edib. Azərbaycan XİN o zaman da bəyanat yayaraq ABŞ-ın Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağ rejimi nümayəndələrinə viza verməsinin ciddi suallar doğurduğunu bildirmişdi və Vaşinqtona etirazını ortaya qoymuşdu. Ən sərt bəyanatı isə Azərbaycan XİN Saakyan Parisə gedən zaman vermişdi. Bəyanatda hətta Fransanın Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması mövzusunun müzakirəyə çıxarıla biləcəyi xəbərdarlığı yer alırıdı.

Saakyanın ard-arda Minsk Qrupu həmsədri olan ölkələrə səfərlər etməsinin arxasında nələrin dayana biləcəyi haqda müxtəlif ehtimallar irəli sürülür. Bir sıra politoloqlar hesab edir ki, Dağlıq Qarabağdakı rejim proseslərin onların zərərinə getməyə başladığından narahatlıq keçirir. Saakyanın əl-ayağa düşməsi bununla bağlıdır.

Bəzi siyasi analitiklər isə Saakyanın səfərlərinin qondarma rejimin tərəf kimi qəbul etdirilməsi üçün həyata keçirildiyini düşünür.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qondarma, işğalçı qurumun başçısı Bako Saakyan Ermənistan vətəndaşıdır və şübhəsiz Rusiyaya da Ermənistan diplomatik pasportu ilə gedib: “Amma bu adam özünü necə istəyir o cür təqdim edir. Biz bilirik ki, Saakyanın addımları Azərbaycan qanunlarına ziddir. Bu baxımdan Azərbaycan hüquq-mühafizə orqanları ona qarşı cinayət işi açmalıdırlar. Çünki Saakyanın əməlləri Azərbaycan dövlətçiliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı əməllərdir. Odur ki, məhkəmə qərarı çıxarılmalıdır və həmin qərar əsasında biz istənilən dövlət qarşısında, o cümlədən Rusiya qarşısında məsələ qaldıra bilərik. Yəni Bako Saakyanın o cür səfərlərinin qarşısını siyasi bəyanatlarla deyil, hüquqi çərçivədə addımlar atmaqla ala bilərik. Azərbaycan həm İnterpol vasitəsilə, həm də MDB vasitəsilə xüsusi hüquqi mexanizmlər vasitəsilə bunu edə bilər. Bako Saakyan əvvəllər də Rusiyaya və digər ölkələrə səfər edib. Şübhəsiz ki, onun məqsədi və arzusu qondarma işğalçı rejimi beynəlxalq miqyasda mümkün qədər qəbul etdirməkdir. Biz səfər etdiyi ölkələrdə heç bir şəkildə qəbul edilməməsi üçün hüquqi addımlar atmalıyıq. Hüquqi addım isə ona cinayət açıb, beynəlxalq axtarışa verməkdi. Qanunun gücünü tətbiq eləməliyik”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, həmsədr ölkələr separatçıları tərəf kimi bizə sırımağa çalışırlar: “Bako Saakyanın ard-arda 3 həmsədr dövlətə səfərə dəvət edilməsi təsadüfi deyil. Bu 3 dövlətin həmsədrləri bir müddət əvvəl bölgədə olmuşdular, Xankəndidə Bako Saakyanla da görüşmüşdülər. Mümkündür ki, bu görüş zamanı onun gələcək səfərləri barədə fikir mübadiləsi aparılıb. Sadəcə, Bako Saakyanın 3 dövlətə dəvət edilməsi həmsədrlərin nəyinə lazımdır? Söhbət Bako Saakyanın mövqeyinin öyrənilməsindən gedirsə, onsuz da Xankəndidə onunla görüşüb istəklərini dinləyirlər. Bu səfərlərin arxasında Azərbaycan üçün başqa təhlükəli tendensiya gizlənir. Həmsədr dövlətlər separatçıların liderini Paris, Vaşinqton və Moskvaya dəvət etməklə bizə onu tərəf kimi sırımağa çalışırlar. Beləcə həmsədrlər Ermənistan hakimiyyətinin illərdir bizə qəbul etdirməyə çalışdıqları mexanizmi işə salmaq istəyirlər. Elə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın da istəyi budur”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT