Təranə Səmədova: - “Düşünürlər ki, ancaq kişilər sərxoş ola bilər...”

Təranə Səmədova:
Moderator.az xəbər verir ki, prodüser Təranə Səmədova musavat.com saytının suallarını cavablandırıb.

- Dağıstanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən prodüser Tolik açıqlama verib ki, həmkarları onu təbrik etməyib. Onun bazar günü təşkil etdiyi məclisdə sizin olmamağınız da diqqət çəkdi. İki prodüser arasında nələr yaşanır?

- Tolikin ad almasını kiminsə “İnstagram” səhifəsində gördüm. Bu adın Azərbaycanda deyil, Dağıstanda verildiyinə görə, o qədər də önəmli hesab etmədim. Mən gündə kimisə sosial şəbəkədə təbrik edən deyiləm, bayramları, matəm günlərini öz səhifəmdə yazmıram. Dərdimi, sevincimi qəlbimdə yaşayıram. Qara matəmdə də kiməsə göstərmək üçün yas saxlamıram. Röya əməkdar artist adı aldı, onun göz yaşlarını müğənni Zamiq Hüseynovun paylaşdığı videoda gördüm, ürəkdən sevindim və paylaşdım. Məndə artistlik yoxdur, içimdən gəldiyi kimi davranıram. Murad Dadaşov fəxri ad alanda veriliş aparırdım, onu da efirdən təbrik etdim. Müəyyən insanlar var ki, çox əziyyət çəkirlər. Onların ada layiq görülməsi məni çox sevindirir. Tolikin də sevincinə şərikəm. Düşündüm ki, üz-üzə gələndə təbrik edərəm. Mən bəziləri kimi yaltaqlana bilmirəm. Onu təbrik edənlərin 70%-i işinin xətrinə təbrik edib ki, sabah Tolik ona toy verəcək. Ötən gün telefonla danışdıq, dedi ki, məndən inciyir. Mən onu qınamıram, uman yerdən küsərlər. Amma məni yığıncağına dəvət etsəydi, gedib yüksək səviyyədə iştirak edərdim. Deyib ki, həmkarlarından Təranə onu təbrik etməyib. Onun elə günləri olub ki, heç bir müğənni ilə çalışmayıb, mən onun üçün narahatlıq keçirmişəm. Mən hazırda heç bir müğənni ilə çalışmıram. Tolik dəfələrlə efirdə deyib ki, “o prodüserlərdənəm ki, mənə hər zaman tələbat var, hamı mənimlə işləmək istəyir”. Çox danışıb könül bulandırmaq istəmirəm. Allah hər kəsə ürəyinə görə versin. Allah mənim Tolikə olan sevgimi bilir. Bizim aramızda soyuq müharibə yoxdur, işimizin peşəkarıyıq. O gün zəng etdim, barışdıq.

- Sonuncu dəfə İradə Mehri ilə çalışırdınız. Deyəsən, onunla da işbirliyinə son qoymusunuz. Təranə niyə heç bir müğənni ilə çalışmır?

- Bir aydır ki, heç kimlə çalışmıram. Tamamilə işsiz qalmamışam, tədbirlər təşkil edirəm. Özümə uyğun müğənni tapa bilmirəm. Prodüser qapımın üzərinə xeyriyyə fondu yazılıb, gələn deyir ki, pulum yoxdur, kömək et. Yardım əli uzatmaqdan bezmişəm. Devalvasiyadan sonra insanların gəlir yeri azalıb. Başını aşağı salıb, əziyyət çəkən, pul qazanan sənətçi ilə işləmək istəyirəm ki, işlərinə təkan verim. Yeni başlayan müğənnilərlə işləmək istəmirəm. Son çalışdığım müğənniyə öncədən etiraz etmişdim, sonradan xahiş etdilər ki, yaxşı qızdır, dəstək ol, irəli getsin. O xahişləri edən insanlara xətir onunla çalışdım. İndi isə peşmanam.

- Adətən, çalışdığın sənətçilərlə qalmaqallı şəkildə ayrılırsan. İradə ilə ayrılığınız səssiz oldu.

- Mən bu gün İradə ilə ayrıldığımı dedim. Sabah qalmaqal salmaq istəyən mətbu orqan İradədən açıqlama alacaq və söhbət böyüyəcək. İradə hansısa media nümayəndəsinə maraqlı deyilsə, söhbət bağlanacaq. Qalmaqal olması üçün hər iki tərəfin dominantlığı önəm daşıyır. Mənim üçün xoşdur ki, bu söhbət açılmasın. İradə ilə ayrıldığım formada heç kimlə ayrılmamışam. Məni o dərəcəyə çatdırıb ki, onu təhqir edib masadan qovmuşam.

- Bir ifaçını sıfırdan götürüb, 2 aya məşhur etmək üçün nə qədər pul lazımdır?

- Bir müğənninin populyarlaşması üçün onu hər gün efirə çıxarmaq, xəbər portallarında xəbərlərini yaymaq lazımdır. Amma onun sevilən və yadda qalan olması müğənninin özündən asılıdır. O düzgün mahnı seçməli, doğru piar aparmalıdır. Bir ifaçını iki aya səviyyəli formada tanıtmaq üçün 60 min pul lazımdır. Bu onun geyimləri, mahnı seçimi, televiziya və radiolarda qonaq olması və klipindən asılıdır. Heç kim bu gün heç kimə havayı heç nə etmək istəmir.

- Olub ki, işbirliyi təklif edən insanın uğur qazanmayacağını bilmisiniz. Amma pul xətrinə onunla çalışmışınız?

- İki dəfə elə müğənni ilə çalışmışam. Hər şeydən əvvəl insan həyatda məqsədli olmalıdır. O insanın perspektivi olsa da, qarşısına məqsəd qoymalıdır ki, ulduz olacaq. Mən perspektivi olan müğənni ilə çalışmışam. Onlardan ulduz olmayanların mənəvi, fiziki, maddi gücü olmayıb. Adam olub ki, maddiyyatı da, səsi də güclü olub, lakin mənəvi problemləri olduğu üçün məşhurlaşa bilməyib. Səhv mahnı seçimləri və dikbaşlığı ona mane olub.

- Prodüser olaraq kifayət qədər tanınırsınız. Çalışdığınız müğənnilər sanki sizin kölgənizdə qalır. Bu fikirlə razısınız?

- Hər zaman bütün məsuliyyəti üzərimə götürürəm. Biz Günay İbrahimli ilə ayrılanda dostlarımızdan biri dedi ki, Günay sənin kölgənin altında qalmaqdan bezmişdi, özü ulduz olmaq istəyirdim. Bəlkə də, 5 səbəbdən biri bu idi. Özünü müstəqil tanınmaq istəyirdi. Amma düşünürəm ki, sağlam işbirliyinin nəticəsində ikimiz də ucalacaqdıq. Mən Günayın işgüzarlığını çox bəyənirəm. Mən digər müğənnilərdən ayrılan kimi yoxa çıxırlar.

- Günayla yenidən işbirliyi gözlənilirmi?

- Bu barədə heç nə deyə bilmərəm. Mən yaşca ondan böyüyəm, onun sıfırdan qalxmasına kömək etmişəm. İndi durub ona işbirliyi təklif etməyi düzgün hesab etmirəm. Sağlam düşüncəli müğənni özü düşünməlidir ki, ona mənim kimi prodüser lazımdır. Mən hegemonluq edib, mənəm-mənəm demirəm. İşimi peşəkarcasına görən biri kimi gücümü hər müğənniyə sərf etməyə heyfim gəlir. Toliklə müğənninin hər addımına can yandırırıq. Günay özü gəlib desə, işbirliyi qurmaq haqda düşünərəm. Yayda bir dəfə yazdım ki, gəl görüşək, amma mesajım cavabsız qaldı. Yeni il günü qarşılaşdıq, söhbətləşdik. Mənim Günayın üzərində haqqım var. O mənə ərk edib nə desə, köməklik edərəm. Bu yaxınlarda mağaza açılışı olacaq. Mağazanın hədiyyə olaraq geyim təqdim edəcəyi müğənnilər arasına Günayın da adını yazdırmışam. Heç vaxt işləyib ayrıldığım müğənninin qarşısına sədd çəkməmişəm.

- Hazırda müğənnilərin çoxu prodüserinə qulluqçu kimi yanaşır. Tədbirlərdə tez-tez qarşılaşırıq ki, müğənni prodüserinə insanların içərisində qışqırır, onu alçaldır...

- Onlar prodüser deyil. Prodüser Kənan Bayramov bizim dostumuzdur, bu sözləri pis məqsədlə demirəm. Yadımdadır ki, illər öncə Rəqsanə İsmayılova “Maşın show”da idi. Yanına getdim, mənə dedi ki, bayaq prodüser Kənan Bayramov gəlmişdi, Röya ona nələr dedi, Kənan kişi olaraq səsini də çıxartmadı. Bildim ki, sözü mənə eşitdirir. Dedim ki, sabah mənim abrımı ətəyimə bükə biləcəyini düşünürsənsə, yanılırsan. Röyanın hansı əsasda Kənana əsəbləşdiyini də bilə bilmərik. Mən təhqir olunacağım şəraiti yaratmıram. Bir dəfə Rəqsanə ilə Moskvaya getmişdik, oteldə çamadanlarımızı boşaldırdıq. Mənə dedi ki, “prodüser Zorik yaxşı idi, gələn kimi paltarlarımı ütüləyib dolaba yığırdı”. Cavab verdim ki, paltarlarına baxan axtarırsansa, özünə “qarderobşik” tut. Mən özümə hörmət qoyan biriyəm. Amma müğənni ilə sırf dostluğum varsa, sumkasını da daşıyaram, üstü toz olar, əyilib silərəm.

- Uzun illər idi ki, şou-biznesdə yaşanan qalmaqallar diqqət çəkmirdi. Son zamanlar, əsasən də, devalvasiyadan sonra məşhurlar qalmaqala meylli olub. Sizcə səbəb nədir?

- Tanınmaq istəyi insanlarda xəstəliyə çevrilib. Ətrafımda bir insan var, teleaparıcı olmaq istəyir. Lakin onun söz bazası, danışıq diksiyası və s. aparıcıya uyğun gəlmir. Dözməyib mənə dedi ki, gəl qalmaqal edək. Dedim ki, real qalmaqallarımdan bezmişəm. Səninlə qalmaqal kimin nəyinə lazımdır? İnsanlar reallığın gözünə baxa bilməlidir. Mənə deyirlər ki, “aparıcılığın yaxşı alınırdı. Niyə davam etmədin?” Mən keçən ildən bəri 15 kilo çəki almışam. Televiziya isə adamı 6-8 kilo artıq göstərir. Bu reallığı qəbul edirəm və ona görə də bəlli çəkiyə düşməmiş efirə çıxmayacağam. İndi televiziyada boşluq var. Hər şey insanlar üçün bəsitləşib. Səs-küy salacaq layihə olsa, teleaparıcı olaraq efirə qayıdacağam.

- Arıqlamaq demişkən, küsülü olduğunuz keçmiş məşqçiniz Ceyhun Vəliyevlə barışmısınız. Sizin aranızda sevgi münasibətinin olduğu deyilirdi. Bu barışıq necə oldu? Hazırda münasibətləriniz dost, yoxsa sevgili kimidir?

- Ceyhunla barışmışıq. Mən incimişdim, sonra yenə də xətrimə dəydi və küsdük. O, çalışdığı idman zalından uzaqlaşdırılandan sonra o məkana getmədim. Bu da onda təəccüb doğurdu. Bir müddət əvvəl barışdıq. Bizim hər zaman münasibətimiz dost kimi olub. İndi aradan soyuq küləklər əsmiş dostluğumuz var.

- Adınız tez-tez müxtəlif adamlarla sevgi münasibətlərində çəkilir. Bir ara məmur sevgilinizin olması haqda da xəbərlər yayılmışdı. Şəxsi həyatla bağlı xəbərlərə reaksiyanız necə olur?

- Bu cür xəbərlərə gülüb keçirəm. Hazırda şəxsi həyatımda heç kim yoxdur. Mənimlə münasibət qurmaq istəyən insanlar olsa da, istədiyim kriteriyada adam tapmaq çətindir. Sevəcəyim adam məndən daha güclü olmalıdır. Bütün yükü üzərində daşıyan mən olacağamsa, o münasibət alınmayacaq. Hazırda güvənə biləcəyim dostlarım var. Bir qadının cəmiyyətdə üzləşəcəyi problemi özüm təkbaşına həll edə bilirəmsə, həyatımda olmağa iddialı olan insan problemlərin öhdəsindən gələ bilmirsə, mən o insanla necə münasibət qurum?

- Sizin sərxoş halda avtomobil idarə etməyiniz və yol polisi ilə problem yaşamağınız bir müddət mətbuatın gündəmini zəbt etdi. Diqqət etmisinizsə, kişi sürücülərin deyil, qadın sürücülərin polis tərəfindən saxlanılması hər zaman ajiotaj yaradır. Sizcə bunun səbəbi nədir?

- Tək Azərbaycanda bu məsələ böyüdülür. Bizdə düşünürlər ki, ancaq kişilər yeyib içə bilərlər. Bir xanımın yeyib-içməyi, sərxoş olması, qlobal problem kimi qəbul edilir. Hər mövsüm bir məsələ gündəmdə saxlanılır. Bu aralarda qadınların sərxoş halda avtomobil idarə etməsi diqqət çəkir. Zamanı gələndə bu mövzu da aktuallığını itirəcək.

- Bir az da qızınızdan danışaq. Tək qız böyütmək sizin üçün nə dərəcədə çətindir?

- Qızımın həm atası, həm anasıyam. Nənəsinin yanında böyüyür. Bu il məktəbə gedəcək. Qızımın tərbiyəsi məni çox narahat edir. İndi qız övlad böyütmək çətindir. 6 yaşı var, tərbiyəsi ilə nənəsi məşğul olur. Onu ölkəyə xeyirli övlad kimi böyütmək istəyirəm.

- Qızınız şou-biznesə meyl etsə, münasibətiniz necə olar?

- Onda hələ xüsusi istedad görməmişəm. Böyüdəkcə istedadı üzə çıxsa, şou-biznesdə olmasının qarşısını almaram, düzgün yol göstərərəm. Arzu edirəm ki, savadlı, şou-biznesdən uzaq adam olsun. O vaxt məni düzgün istiqamətləndirən adam olmayıb. Bu sahədə yavaş-yavaş püxtələşdim. Heç vaxt tanınmış və kameralar önündə olmaq istəyən biri olmamışam. Mən mərkəzdə olmağı və diqqət çəkməyi bacaran biriyəm. Qızımın da bu sahədə bacaracağı iş olsa, ona dəstək olaram.

- Qızınız ailə qurmağınıza qarşı çıxsa, onun mövqeyi ilə razılaşarsınız?

- Qızım hələ balacadır. Onun qarşı çıxması üçün böyüməyi lazımdır. Mən ailə qurmaq istəsəm, səviyyəli və qızıma layiq biri ilə evlənərəm. Hər zaman qızımla hər şeyi danışıb həll edirəm, inanmıram ki, nə vaxtsa, qarşıma çıxıb “Evlənmə, istəmirəm” deyəcək. Bizim ailədə mən valideynəm, o övladdır. Ona səlahiyyət verilmir ki, mənim qarşıma sədd çəksin. Ona əşya kimi yanaşmıram, amma uşağın öz yeri var.

- Xaricdə sənət adamları ölkədə baş verən hadisələrə münasibət bildirir. Hər hansı problemə diqqət çəkmək üçün videoçarxlar çəkirlər. Hazırda Azərbaycanda gündəmdə intiharlardır, canına qıyanların sayı günbəgün artır. Bizdə niyə sənət adamları hər şeyi görməzdən gəlir?

- Mən normal sosial aksiya olsa, qoşularam. Bizimkilər özlərini xeyirxah göstərməyə öyrəşiblər. Reklam olmasa, havayı iş görməyəcək. Mən istəyərəm ki, bizdə də sənət adamları problemlərə diqqət çəkmək üçün addımlar atsınlar. Mən tək nə isə etsəm, gülüb lağa qoyacaqlar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan-İran sərhədində insident
Azərbaycan-İran sərhədində insident
Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Goranboy rayonunun Şəfibəyli
reklam
Bakıda özünü dənizə ataraq intihar edən şəxs 4 uşaq atası olub
Bakıda özünü dənizə ataraq intihar edən şəxs 4 uşaq atası olub - VİDEO
Dünən depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə
Mikayıl Müşfiqin heykəli bərpa olunaraq, yerinə qoyulub
Mikayıl Müşfiqin heykəli bərpa olunaraq, yerinə qoyulub - VİDEO
Mikayıl Müşfiqin heykəli yerinə bərpa olunub. XİA.az xəbər verir ki, bu
İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə
 
XİA.az - TƏQDİMAT