HARDAN ALIM KƏLBƏCƏRİ - Şamil Əsgərov

HARDAN ALIM KƏLBƏCƏRİ
Buz bulaqdan danışırsan,
Hardan alım KƏLBƏCƏRİ?
Göy yaylaqdan danışırsan,
Artıb qəlbin qəm-qəhəri,
HARDAN ALIM KƏLBƏCƏRİ?

Qəm havası zilindədi,
Hələ düşmən əlindədi,
Adı elin dilindədi,
O cənnətə bənzər yeri,
HARDAN ALIM Kəlbəcəri?

Yal-yamacı, sıx meşəni,
Göz oxşayan çox guşəni,
Tər nərgizi, bənövşəni,
Gözüm görmür çoxdan bəri,
HARDAN ALIM KƏLBƏCƏRİ?

Min-min gözəl mənzərələr,
Ovçu keçməz sərt bərələr,
Gen dərələr, nələr-nələr...
Olub üçün dərdi-səri,
HARDAN ALIM KƏLBƏCƏRİ?

Ğözəllikdə taysız idi,
Çeşmələri saysız idi,
Qədərsizdi dərdi indi,
Tutqu çayı, xan Tərtəri,
HARDAN ALIM KƏLBƏCƏRİ?

İstisuyu- dərd davası,
Loğman idi saf havası,
Bizə olub qəlb nəvası,
Qoruyuruq hələ dəri,
HARDAN ALIM KƏLBƏCƏRİ?

Həmərsin qan dərmanıydı,
Moruq, zirinc loğmanıydı,
Qarağatın məkanıydı,
Hikmət idi zirvələri,
HARDAN ALIM KƏLBƏCƏRİ?

Kəklik otu, yarpız, zirə,
Yaraşırdı gül bu yerə,
Gəzdim çiçək dərə- dərə,
Utanardı ondan pəri,
HARDAN ALIM KƏLBƏCƏRİ?

Örüşləri malsız qalıb,
Arxanası balsız qalıb,
Köhlənləri nalsız qalıb,
Zülmət olub al səhəri,
HARDAN ALIM KƏLBƏCƏRİ?

Elat köçmür yaylağına,
Qızlar enmir bulağına,
Dönüb yağı dustağına,
O incini, o gövhəri,
HARDAN ALIM KƏLBƏCƏRİ?

Özğəsiylə nə işim var,
Əzrayıldan xahışım var:
- Vaxtım yetsə, dağa apar,
Al canımı yay şəhəri,
HARDAN ALIM KƏLBƏCƏRİ?

P.S.
Əsgərov Şamil Səlim oğlu (Şamil Dəlidağ) — şair, tərcüməçi, publisist, AYB-nin üzvü, filologiya elmlər namizədi Əməkdar mədəniyyət işçisi (1991).

Həyatı
Şamil Əsgərov 1929-cü ilin sentyabr ayında Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. İlk təhsilini Ağdam Dövlət Müəllimlər İnstitutunda fizika-riyaziyyat fakültəsində alıb. 1950-ci ildə doğma kəndində ixtisası üzrə müəllim işləyib, 1953-1955 illərdə Kəlbəcər rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsində fəaliyyət göstərib. 1955-ci ildə daxil olduğu Baki Ali partiya məktəbini 1959-cu ildə bitirdikdən sonra əvvəlcə Kəlbəcər rayon partiya komitəsində təlimatçı, az sonra "Yenilik uğrunda" rayon qəzetinin redaktoru işləyib. 1961-1965-ci illər əzrzində Kəlbəcər rayon Baş Dövlət Tədarük müfəttişi, rayon orta məktəbinin direktoru vəzifələrini icra edib. 1965-1968 illərdə Kəlbəcər rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. Sonrakı on il ərzində Kəlbəcər rayonu Xalq maarifi şöbəsinin müdiri olub.

Şamil Əsgərov 80-ci illərin əvvəlindən başlayaraq Kəlbəcər Tarix-diyarşünasliq muzeyinin yaratmış və ömrünün sonuna qədər bu muzeyin direktoru kimi fəaliyyət göstərmişdir. O, 30-dan çox kitabın müəllifidir. Bir çox elmi araşdırmalar aparmış, tərcüməçilik fəaləyyəti ilə məşğul olmuşdur. 2005-ci il may ayının 20-də Bakıda vəfat etmışdir.

Yaradıcılığı

Şamil Dəlidağ 50-ci illərin əvvəllərində "Çəkər", "Döndərər", "Mən nəçiyəm ki", "Yazılmış" rədifli qoşmaları ilə özünü oxuculara təqdim emış və 60-ci illərdə "Dağlar, arxalı dağlar" poemasının müəllifi kimi yaddaşlara iz salmışdır. Sonralar bir neçə dəfə "Dəlidağa salam" adı ilə təkrar nəşr olunan poema Azərbaycan xalqının mənəvi tarixinin, kənd həyatının yaddaşlardan silinməkdə olan adət-ənənələrinin poetik ümumiləşməsidir.

Sonraki yaradıcılığında Şamil Dəlidağın bütün poeziyası ünvanlıdır, konkret şəxsiyyət, hadisə və məqamla bağlıdır. Onun poeziyasının mahiyyəti onun fəlsəfi fikir daşıyıcısı kimi konkret şəxsiyyətinin həyata, ictimai-siyası duruma poetik baxışı kimi qiymətləndırmək olar. Xeyrlə şərın, yaxşı ilə pisın, mərdliklə namərdliyin mübarızəsı kimi bəşəri mövzular şairin şerlərinın əsas mövzusunu təşkil etmışdir. Şair sadəcə poetik təsvirçi olmayıb qaldırdığı hər sualın həllinı nikbunliklə çözməyə çalışır və çox zaman bu həllı xəlqilikdə, haqq uğrunda mübarizədə, qurub-yaratmaqda və həyatın bəxş etdıyı bütün gözəlliklərdən zövq almaqda görür.

Poetik fikir traiximizi öyrənmək baxımından Şamıl Dəlidağın "Azərbaycan dilinin cinas lüğəti", Azərbaycan dilinin qafiyə lüğəti", "Törəmə sözlər lüğəti", "Mənzum frazelogiya lüğəti" kimi elmi və poetik əsərləri onun bir alim kimi yeni keyfiyyətlərini üzə çixardı. Bu əsərlər Azərbaycan dilinin məzmun zənginliyini, poetik ifadə tutumunu əyani göstərən tədqiqat əsərləridir.Burada tərtibçilikdən çox poetik durum, bədii fəhm üstünlük qazanır. Azərbaycan dilinin leksikasının tədqiqi istıqamətində bu tədqıqatların böyük əhəmiyyəti var.

Ömrünün son 15 illik yaradıcılığında şair əsas etibari ilə erməni tapdağı altında olan torpaq dərdindən yazdı, insanları mübarızəyə, qeyrətə çağırdı və dağlar həsrəti ilə də dünyasını dəyışdı.

Əsərləri

Dağ üstə dağ (şerlər). Bakı: Azərnəşr, 1964, 48 səh.
Xalqın şairi (elmi monoqrafiya). Bakı: Gənclik, 1968, 92 səh.
Dəlidağın sədası (şerlər). Bakı: Gənclik, 1973, 54 səh.
Dağların hikməti (etnoqrafiyaya aid kitab). Bakı: İşıq, 1987, 100 səh.
Dağ çiçəkləri (şeirlər). Bakı: Gənclik, 1987, 120 səh.
Həyatın astarı, həyatın üzü (şerlər). Bakı: Yazıçı, 1990, 240 səh.
Şəhid muzey, şahid muzey. Bakı: Sabah, 1997, 72 səh.
Azərbaycan dilinin qafiyə lüğəti. Bakı: Sabah, 1997, 98 səh.
Loğmanın yadigarı (publisitik əsər). Bakı: Sabah, 1997, 252 səh.
Vətənə gərəkli oğul (publisitik əsər). Bakı: Çıraq, 1998, 316 səh.
Mənzum cinaslar (lüğət). Bakı: Azərnəşr, 1998, 640 səh.
Dodaqdəyməzlər (şerlər). Bakı: Çıraq, 1998, 180 səh.
Kəlbəcərin qəm dastanı, viran olan gülüstanı. Bakı: Çıraq, 1998, 314 səh.
Kürdcə-azərbaycanca, azərbaycanca-kürdcə lüğət. Kürd dilinin qafiyə lüğəti. Bakı: ELnur-P, 1999, 640 səh.
Lal qız (poema). Bakı: Nərgiz, 2003, 240 səh.
Dəlidağa salam (poema). Bakı: Nərgiz, 2003, 260 səh.
Azərbaycan dilinin qafiyə lüğəti (yeni redaktə latın əlifbası ilə) Bakı: Nərgiz, 2003, 224 səh.
Şerdə yeniliklər. Bakı: Nərgiz, 2001, 300 səh.
Azərbaycan dilinin mənzum cinas lüğəti. I cild. Bakı: Nərgiz, 2003, 284 səh.
Azərbaycan dilinin mənzum cinas lüğəti. II cild. Bakı: Nərgiz, 2003, 304 səh.
Körpələrin münəccimi (publisitik əsər). Bakı: Təfəkkür, 2003, 196 səh.
Min suala min cavab (şerlər). Bakı: Nərgiz, 2004, 152 səh.
Kərbəla müsibəti. Bakı: Nərgiz, 2004, 84 səh.
Aşıq Hüsüyn Bozarqanlı. Bakı: Sabah, 2004, 148 səh.
Törəmə sözlər lüğəti. Bakı: Sabah, 2004, 116 səh.
Döz ürəyim döz dağlara dönüncə. Bakı: Nərgiz, 2005, 200 səh.
Mənzum Frazelogiya lüğəti. Bakı: 2008, 149 səh.
Seçilmış əsərləri. Bakı: 2009

Tərcümələri
(kürd dilindən)

Əhməd Xani. Məm və Zin. Bakı: Gənclik, 1976, 144 səh.
Əli Əbdürrəhman. Ehtiram. Bakı: Azərnəşr, 1975, 74 səh.

Haqqında yazılan kitablar

Şamil Dəlidağ dastanı. Bakı: Azərnəşr, 1996, 55 səh.
Hər çeşmədən bir damla. Bakı: Araz, 2000, 400 səh.
Bir ömürdən səhifələr. Bakı: Nərgiz, 2004, 212 səh.
Dəlidağın özü kimi. Bakı: Azərnəşr, 2006, 416 səh.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT