“Qara rəngli çanta al, pulu ona qoy, üstünə göyərti at, MTN-ə gətir” - İSTİNTAQ

“Qara rəngli çanta al, pulu ona qoy, üstünə göyərti at, MTN-ə gətir”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi İbtidai istintaq idarəsinin 2-ci şöbə rəisi Vüsal Ələkbərov iş adamı Namil Rzayevdən hədə-qorxu yolu ilə 404 min 700 manat məbləğində pulunu ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsinə göndərilən cinayət işində qeyd olunub.

Zərərçəkmiş şəxs qismində tanınan Namil Rzayev bildirib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına öz adına 428.400 manat məbləğində əmanət qoyub. 2008-ci ilin oktyabr ayında istifadəsində olan mobil telefon nömrəsinə Vüsal adlı şəxs zəng edib və onu MTN-ə çağırıb: “Mən də həmin çağırışa əsasən MTN-ə getdim. Əsas giriş qapısında qeydiyyata alındım, tanımadığım bir əsgərin müşayiəti ilə xatırlamadığım mərtəbədə boş otağa aparıldım. 15-20 dəqiqədən sonra istintaq baş idarəsinin şöbə rəisi Vüsal Ələkbərov məni öz xidməti otağında qəbul etdi.

Vüsal Ələkbərov dedi ki, rəhbərliyin göstərişi var, səni həbs etməliyəm. Səbəb kimi isə “Texnikabank”a əmanət qoymağımı göstərdi. Banka əmanət qoymağımın hansı cinayət sayıldığını soruşdum. Vüsal cavabında dedi ki, mən bilmirəm, bu, rəhbərliyin göstərişidir, sən ya biz deyəni etməlisən, ya da biz səni həbs etməliyik.

Vüsal daha sonra məni istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyevin yanına apardı. Mövlam bildirdi ki, siyahıda sənin də adın var, sən Zal Yusifovla əlbir olmusan, yüksək faizlər almısan. Eldar Mahmudovun göstərişi var, o deyib ki, mən Namil Rzayevi yaxşı tanıyırasm, 1.000.000 ABŞ dolları gətirsin, yoxsa onu da həbs etməliyik”.

Namil Rzayev qeyd edib ki, həmin gün axşama qədər MTN-də ifadəsi alındıqdan sonra sərbəst buraxılıb: “Bir neçə gündən sonra Vüsal Ələkbərov mənə zəng vurdu və bildirdi ki, rəhbərlik razılaşıb, sənin xahişin nəzərə alınıb, 700.000 ABŞ dolları məbləğində pul gətirməlisən. Cavab olaraq o qədər pulumun olmadığını bildirdim. Həmin ərəfədə tanışlarım Hüseyn Səfərov və Nizami Kazımovun eyni ittihamla MTN tərəfindən həbs edildiyini öyrəndiyimdən, Vüsal Ələkbərov və Mövlam Şıxəliyevin hədə-qorxu ilə məndən pul tələb etmələrini nəzərə alıb pul toplamağa başladım.

Mövlam Şıxəliyevi uzun illər tanıdığımdan 2008-ci ilin noyabr ayının əvvəllərində ona zəng vurdum və görüşmək istədiyimi dedim. Mövlam Şıxəliyev görüşmək üçün razılaşdı. Mən də həmin günü axşam sürücüm Bədrəddin Sultanovla gedərək Mövlam Şıxəliyevin yaşadığı 28 May küçəsində onunla görüşdüm.

Özümlə rəngli sellofan torbaya bükülmüş 200.000 dolları ona verdim. O, pulu götürərək imkan daxilində mənə kömək göstərəcəyini bildirdi”.

Namil Rzayev bildirib ki, bundan 10-15 gün sonra Vüsal Ələkbərov oan yenidən zəng vurub: “Vüsal Ələkbərov bildirdi ki, rəhbərliyin göstərişi var, 300.000 dollar gətirməlisən, yoxsa səni həbs edəcəyik, get Xəqani küçəsində “Tahir” marketi keçən kimi dəftərxana ləvazimatları satılan mağaza var, oradan 250 manata qara rəngli dəri çanta var, onu al, pulu onun içinə qoy, üstünə də göy-göyərti al, qoy, MTN-ə gətir.

Həbs olunaqcağımdan qorxduğum üçün Səbail rayonu, Neftçilər prospektindəki evimi dəyər-dəyməzinə, yəni 320.000 manata satdım. Daha sonra həmin pulu dollara çevirdim. Vüsal Ələkbərovun dediyi çantanı alıb, 300.000 dolları həmin çantaya yığdım, üstünü də göy-göyərti ilə örtdüm.

2008-ci ilin noyabr ayının axırlarında dostum Hüseyn Mustafayev və sürücüm Bədrəddin Sultanovla birlikdə “Lexus” markalı maşınla MTN-nin inzibati binasının arxa tərəfinə getdim. Maşından tək düşərək çantanı məni gözləyən Vüsal Ələkbərova verdim”.

Maraqlı məqam ondan ibarətdir ki, Namil Rzayevlə təqsirləndirilən Vüsal Ələkbərovun üzlüşdirməsi keçirilib. Bu zaman Vüsal Ələkbərov cinayət törətməkdə bir daha ifşa olunacağından ehtiyat edib və hüquqlarından istifadə edərək heç bir səbəb gətirmədən istintaq hərəkətlərinin keçirilməsindən imtina edib.

Vüsal Ələkbərov zərərçəkmiş Namil Rzayevin epizodu üzrə özünü müdafiə xarakterli ifadə verib. O, bildirib ki, Namil Rzayev “Texnikabank” ASC-nin “Bakı” filialının rəhbər şəxslərinin cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: “Namil Rzayevin istintaqa dəvət olunarkən istintaq qrupunun hazırda xatırlamadığım üzvü onun baş idarənin rəisi Mövlam Şıxəliyevi tanıdığını, onunla görüşmək istədiyini deyib.

Bununla əlaqədar onu Mövlam Şıxəliyevin yanına apardıq. Onlar mehribancasına öpüşüb-görüşdülər. Mövlam Şıxəliyevə Namil Rzayevin iş üzrə zərərçəkmiş olduğunu məruzə etdim. Bu zaman Namil Rzayev Zal Yusifovu söyərək qohum-əqrabasından yığaraq faizə qoyduğu pulu qaytarmadığını dedi və köməklik edilməsini xahiş etdi.

Mövlam Şıxəliyev isə zərərçəkmişlərə dəymiş ziyanın maksimum ödənilməsi üçün nazir Eldar Mahmudovun göstərişi olduğunu bildirdi, bunun üçün çalışacağını dedi. Bundan sonra Namil Rzayevi yola saldıq. Növbəti günlərdə iştirakımla istintaq hərəkətləri aparıldı. Lakin sonda borcun qaytarılmasına nail olunmadı”.

Vüsal Ələkbərov törətdiyi cinayət əməlindən yaxa qurtamaq məqsədilə bildirib ki, Namil Rzayevdən nə özünün, nə də Mövlam Şıxəliyevin hər hansı qanunsuz tələbi olmayıb, hədə-qorxu yolu ilə 1.000.000 ABŞ dolları tələb edilməyib.

O, Namil Rzayevdən 300.000 ABŞ dolları götürməsi və pulu 250 manat dəyərində olan çantaya qoymasını tələb etməsi ittihamını da etiraf etməyib.

Vüsal Ələkbərov deyib ki, Namil Rzayevdən hər hansı məbləğdə pul almayıb: “Namil Rzayev istintaqın sonunadək dəfələrlə idarəyə gəlib-gedib, hər dəfə də ziyanın ödənilməsi üçün Zal Yusifova təsir edilməsini xahiş edib”.

Zərərçəkmiş Namil Rzayev istintaqa verdiyi ifadələrini Mövlam Şıxəliyevlə üzləşdirilmə zamanı da bir daha təsdiq edib.

Bu epizod üzrə Mövlam Şıxəliyev şahid qismində istintaqa ifadə verib. O, bildirib ki, Namil Rzayevi 1993-cü ildə Qaradağ rayon Polis İdarəsinin rəis müavini Eldar Rzayevin qohumu kimi onun yanına gəlib-gedərkən görüb: “Bundan başqa, 1997-ci ildən yaşadığım Bakı şəhəriNizami küçəsi, 93 ünvanında yerləşən evimin həyətində Namilin ofisi olub, onunla hərdənbir həyətdə görüşmümük. Onunla aramızda ədavət və ya düşmənçilik olmayıb. Namil Rzayev mənə hər hansı məbləğdə pul verməyib. Yalnız bankda batan pulunun qaytarılmasında ona köməklik göstərməyimi xahiş edib. Namilə bunu yalnız məhkəmə qaydasında edə biləcəyimi izah etdim. Onunla pul almağım barədə hər hansı danışığım olmayıb”.

İstintaq sənədlərinə görə, Vüsal Ələkbərovun Namil Rzayevdən hədə-qorxu yolu ilə pul tələb etməsi, həmçinin alması tam sübuta yetirilib. Bu tərəflərin arasında aparılan telefon danışıqları, MTN-ə dəfələrlə dəvət edilməsi, gün ərzində orada saxlanılması ilə də sübut olunub.

Hacı Zeynalov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT