Bir neçə gün əvvəl Vimay klinikasında həkimlərin əməliyyat zamanı canlı yayım açması ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlamışdıq.
Xia.az-a sorğunun cavabı olaraq bildirilib ki,Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları dediyiniz hallarla bağlı əhalinin həyat və sağlamlığına mühüm təhlükə yaranması faktına əsaslanan rəsmi müraciət daxil olduqda məsələni ətraflı araşdırır və qanunvericiliyin pozulması halları müəyyən edildikdə plandankənar yoxlama keçirilir. Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət olunması şərtdir. Bu zaman tələbləri pozan şəxslər barəsində qanunvericiliklə müəyyən olunan qaydada inzibati xəta məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunur və cərimə nəzərdə tutulmaqla, aidiyyəti üzrə növbəti icraata göndərilir.
Son zamanlar mediada və sosial şəbəkələrdə yayılan faktlara gəldikdə, həmin faktlarla bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılıb və nəticə olaraq xəbərdarlıqlar və cərimələr tətbiq edilib.
Konkret olaraq, “Vimay” klinikasına gəldikdə, nəzərinizə çatdırırıq ki, tibb müəssisəinin direktoru Firudin Tahirov və bir neçə həkim Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə dəvət edilib, onlara əməliyyat zamanı çəkilişin yolverilməz olduğu ilə bağlı xəbərdarlıq edilib. Həmçinin, AEM tərəfindən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli, “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” 137 nömrəli əmr barədə məlumatlandırılıb. Həmin əmrin VI bəndində qeyd edilir ki, Tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətlərdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir.
“Vimay” klinikasının həkimlərindən izahat alınıb və bu kimi halların təkrarlanacağı halda daha ciddi sanksiyalar tətbiq ediləcəyi barədə onlara xəbərdarlıq edilib.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir.