Acun Ilıcalıdan “Fənərbağça”ya transfer zərbəsi
“Fənərbağça”nın braziliyalı ulduzu Anderson Taliska “Hall Siti”dən gələn təklifi dəyərləndirmək istədiyini klub rəhbərliyinə rəsmən bildirib.
Xia.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, təcrübəli hücumçunun əsas hədəfi Acun Ilıcalının sahibi olduğu İngiltərə klubuna transfer olmaqdır.
Məlumata görə, Taliska Acun Ilıcalının komandasından gələn cəlbedici təklifi qəbul etmək niyyətindədir. Rəhbərliyə ayrılmaq qərarını çatdıran “sambaçı”nın Premyer Liqada mübarizə aparmağa hazırlaşan İngiltərə təmsilçisi ilə ilkin razılıq əldə etdiyi iddia olunur. 32 yaşlı futbolçunun Türkiyədə və “Fənərbağça”da özünü xoşbəxt hiss etməsinə baxmayaraq, karyerası ilə bağlı bütün yeni seçimlərə açıq olduğu vurğulanır.
Digər tərəfdən, klub prezidenti Aziz Yıldırım və idarə heyəti yeni transferlərə maliyyə mənbəyi yaratmaq məqsədilə yüksək maaş alan futbolçularla yolları ayırmağı planlaşdırır. Məhz bu strategiyaya əsasən, illik xalis qazancı 7.5 milyon avro olan Taliskanın gedişi maaş büdcəsində yer açmaq üçün ideal fürsət kimi qiymətləndirilir.
Həmçinin Anderson Taliskanın transferi ilə bağlı “Hall Siti”dən gələcək rəsmi addımların klub rəhbərliyi tərəfindən diqqətlə izləniləcəyi bildirilib.
Qeyd edək ki, təcrübəli oyunçunu Səudiyyə Ərəbistanından “Fənərbağça”ya gətirən şəxs məhz Ali Koç dönəmində idarəçi kimi fəaliyyət göstərən Acun Ilıcalı olmuşdu.
“Fənərbağça” forması ilə bütün turnirlərdə ümumilikdə 68 qarşılaşmada meydanda olan 32 yaşlı ulduz futbolçu bu matçlarda rəqib qapılarına 39 dəfə yol tapıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb.