Qafqaz Müsəlmanları İdarəsinin Goranboy – Naftalan bölgəsi üzrə Qazılığının və Goranboy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə Goranboy şəhər məscidində şəhid ailələri üçün iftar süfrəsi təşkil edilmişdir.
Xia.az xəbər verir ki, mərasimdə Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Zaur Əliyev və Aparatın məsul əməkdaşları, Rayonun baş Axundu Anar Orucov və Şəhid ailələri iştrak edib.
Mərasimdə Ramazan ayının dəyərlərindən söhbət aşılıb, Qurani-Kərimdən ayələr oxunub və şəhidlərimizin əziz xatirələri yad edilib.
İftar mərasimində çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Zaur Əliyev on bir ayın soltanı olan Ramazanın fəzilətindən danışıb, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, xalqımıza, dövlətimizə sülh, əmin-amanlıq diləyib.
“Bugünkü xoşbəxt günlərimiz üçün şəhidlərimizə borcluyuq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdikdən sonra bütün bayramlarımızı könülxoşluğu ilə qeyd edirik. Bir daha vurğulayıram ki, bizim onlara mənəvi borcumuz var”, – deyə Zaur Əliyev qeyd edib.
Müqəddəs Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edən Qafqaz Müsəlmanları İdarəsinin Goranboy- Naftalan rayonları üzrə Qazısı Anar Orucov bildirib ki, Ramazan bayramı insanları gözəl əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.
“Şəhidlərimiz hamımızın fəxridir. Azərbaycan xalqı və dövləti öz şəhidlərinin xatirəsini ehtiramla yad edir”. Anar Orucov Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd edib. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir.
Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla danışıblar.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.