19 yaşlı qazi: “Döyüş yoldaşlarımın şəhid olması mənim üçün çox ağır mənzərə idi”

ZƏFƏR YOLU

16 Sentyabr 2021 | 10:49

377 dəfə oxunub

Müharibə başlayanda beş ayın əsgəri olan Tanrıverdi Muradov 18 yaşı olmasına və təcrübəsinin azlığına baxmayaraq, çəkinmədən irəli atılanlar sırasında idi. Gənc savaşçı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirakına görə qürurlu olduğunu deyir.

Xia.az xəbər verir ki, iki bacının bir qardaşı olan Tanrıverdi Muradov 2002-ci il martın 29-da Goranboy rayonunun Xan Qərvənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci ilin aprel ayında hərbi xidmətə çağırılıb. Hərbi xidmətə yola düşəndə ağlına gəlməzdi ki, qısa müddətdən sonra müharibə başlayacaq və torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan qurtarılmasında yaxından iştirak edəcək:

“Hər zaman əzəli və əbədi torpaqlarımızın düşmən tapdağından xilas edilməsi uğrunda döyüşlərə hazır idim. Çox sevinirəm ki, haqq savaşında iştirak etmək mənə də qismət oldu. Cəbrayıl, Zəngilan və Qubadlı rayonları uğrunda döyüşlərdə iştirak etdim. Oktyabrın 21-də Qubadlıda yaxınlığımıza minaatan mərmisinin düşməsi nəticəsində sağ qolumdan ağır yaralandım. Çox təəssüf ki, həmin zaman döyüş yoldaşlarımdan bir neçəsi gözlərimin qarşısında şəhid oldu. Bu, mənim üçün çox ağır mənzərə idi. Çünki hərəmiz ölkənin fərqli bölgəsindən, müxtəlif rayonlardan gəlsək də, bir-birimizi tanımasaq da doğmalaşmışdıq. Müharibə zamanı heç kəs özünü düşünmürdü, hər kəs bir-birini düşmən gülləsindən qorumağa, təhlükələrə baxmayaraq, yaralanan döyüşçünü savaş zonasından çıxarmağa çalışırdı. Nə döyüşləri, nə də silahdaşlarımı heç zaman unutmayacam. Şəhid olan bütün döyüş yoldaşlarımın qisasının alınması ürəyimə az da olsa rahatlıq verir”.

Vətən müharibəsi qazisi bildirib ki, ölkəmizdə qolundan cərrahi əməliyyat keçirsə də, müalicəsinin davam etdirilməsi məqsədilə Türkiyəyə göndərilməsi qərara alınıb:

“YAŞAT” Fondunun dəstəyi ilə müalicə məqsədilə qardaş ölkəyə göndərildim. Orada əməliyyat olundum və qoluma sinir köçürüldü. Hazırda səhhətimdə əvvəlkinə nisbətən irəliləyiş var. İki aydan sonra yenidən fondun dəstəyi ilə müayinə məqsədilə Türkiyəyə yollanacam. İnanıram ki, müalicələr öz bəhrəsini verəcək və əvvəlki sağlamlığıma qovuşacam. Həm döyüşlər zamanı, həm də ondan sonra dəstəyini əsirgəməyən, fonda ianələr edən xalqımıza minnətdaram”.

Qeyd edək ki, Tanrıverdi Muradov “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 



SON XƏBƏRLƏR

24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021