AZADIN AZADLIQ EŞQİ

ZƏFƏR YOLU

24 Sentyabr 2021 | 13:39

1199 dəfə oxunub

Vətən sevgisi deyildimi, bax o zaman axar sular dayanır. Bütün sevgilərin başında dayanan Allah belə buyurur ki, Vətəni sevmək imandır. Dünyaya gələn hər bir insan ölüm üçün addımlar. Ölüm səbəbləri isə müxtəlif olur. Bu səbəblərin ancaq biri  müqəddəsdir, ucadır, alidir. Bu Şəhidlik məqamıdır. Şəhidlik Allah yolunda, haqq yolunda, Vətən yolunda cihad edib canından keçənlərin məqamıdır. Şəhidlik hər insana nəsib olmur. Maraqlı burasıdır ki, o yola addım atanlar sanki gözəgörünməz bir qüvvə tərəfindən müjdələnir. Təsadüfi deyil ki,44 günlük haqq savaşımızda Şəhadət məqamına ucalan oğullarımız, qızlarımız öncədən sevə-sevə getdiyi bu yolun dönüşü olmaycağını bilirdi. Şəhidlərimiz haqqında yazılan bir çox əsərlərdə bu məqamı açıq-aşkar görmək mümkündür. 
      Tapdıqov Azad Azər oğlu 1 fevral 1997-ci ildə Ağcabədi rayonunun Yuxarı Avşar kəndində dünyaya göz açıb. Həqiqi hərbi xidməti dövründə böyük qələbəyə aparan aprel döyüşlərinin iştirakçılarından olub. Xidmətini başa vurduqdan sonra müxtəlif sahələrdə fəaliyyət göstərib. 2020-ci ilin Tovuz hadisələri zamanı ailəsindən xəbərsiz könüllü olaraq ordu sıralarına yazılır. İllərdir arzusunda olduğu torpaqların azadlığı uğurunda Şəhid olacağına and içir. 
   Nəhayət arzuladığı gün gəlir. Zəfər tariximizin ən şanlı döyüşlərindən biri kimi yadda qalan 2-ci Qarabağ müharibəsi başlayanda Azad Bakı şəhərində olur. Atasına zəng edərək çağırış olarsa mütləq ona bildirməklərini xaiş edir. Azadın gözlədiyi gün çox da uzun çəkmir. Sentyabr ayının 29-na çağırış gəlir.
     Həmin axşam Bakıda dostları ilə vida məclisi təşkil edir və qürurla onlara zəfər müjdəsini gətirəcəyini bildirir. "Vətənimizi, anamızı, bacımızı qorumaq hər birimizin boynunun borcudur. Bu bizim haqq savaşımızdır. Əmin olun ki, Allah hər zaman haqqlıların yanındadır. Biz zəfər çalacağıq, şəxsən özüm sizə qələbə xəbərini çatdıracağam" 
     Sabahı Ağcabədiyə yola düşür. Evə çatana qədər uzaqda olan bütün doğmaları ilə telefon əlaqəsi saxlayıb vidalaşır. Sanki Şəhadət zirvəsinə ucalacağı Azada əyan olmuşdur. Evə çatanda isə doğmaları ilə görüşüb son dəfə doğulub boya-başa çatdığı Avşar kəndinə vida edirmiş kimi baxıb Ağcabədidə yerləşən Laçın şəhərciyinin əznində olan hərbi hissəyə yola düşür. Oktyabr ayının 7 qədər təlimlərdə iştirak edib 7-si Füzuli istiqamətində gedən döyüşlərə qatılmaq üçün yola düşür.
     Azad müzəffər ordumuzun hər gün irəlilədiyini görüb daha həvəslə döyüşlərə atılır. Döyüş yoldaşlarına hər an ruh yüksəkliyi verməyə çalışır. Qısa müddət ərzində bütün silahdaşları Azadı sevir.
      Oktyabr ayının 9 döyüşlərin qızğın getdiyi bir məqamda dostunun atəş altında qaldığını görüb ona kömək etmək üçün meydana atılanda mənfur düşmənlərin atdığı gülləyə tuş gələrək müqəddəs Şəhidlik məqamına ucalır. 
     Tapdıqov Azad Azər oğlu dostlarına verdiyi sözü yerinə yetirib qələbə xəbərini özü verə bilməsə də onun döyüş yoldaşları cəmi 1 ay sonra 9 noyabrda nəinki Azadın dostlarına bütün dünyaya Azərbaycanın zəfərini duyurdu.
       Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra Tapdıqov Azad Azər oğlu "Vətən uğrunda" medalı ilə təltif olunub. Doğma kəndində adını daşıyan küçə və ehsan bulağı Azadın ölümsüz olduğunun göstəricisidir.
      Məzarında rahat uyu, Şəhidim, uğurunda can verdiyin torpaqlar indi düşmən tapdağında inləmir. Ruhun şad olsun!

Aynurə İnci



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021