"Bu qadağalar götürülsün" – Fazil Mustafa

SİYASƏT

12 Oktyabr 2021 | 13:34

544 dəfə oxunub

Kitab sərgilərinə dövlətin böyük vəsait ayırmasına ehtiyac yoxdur. Hökumət sadəcə kitab nəşriyyatlarını ayda bir dəfə kitab sərgisi keçirmələri üçün yerlə təmin etməlidir. Təklif edirəm, ayda 5 gün də olsa, kitab sərgisi keçirilsin.

Xia.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.

“Ölkədə kitaba marağın artırılması vacibdir. Çayxanalarda nərd, damino arxasında vaxtını öldürən on minlərlə Azərbaycan vətəndaşının fonunda alternativ olaraq sərgiyə gələn, kitabla maraqlanan on minlərlə vətəndaşımız da var. Əlavə dəyər vergisinin (ƏDV) ləğvi istiqamətində məsələ qaldırmışıq. ƏDV bizdə 18%-dir, üstəlik 18% də gömrük rüsumu nəzərdə tutulub. Bu, kitabın qiymətinin baha olmasının əsas səbəblərindən biridir. Bu istiqamətdə müəyyən işlərin görülməsi mümkündür. Bu minimum vergi yüküdür. Heç bir əhəmiyyəti yoxdur. Büdcəyə təsir edəcək mahiyyətdə deyil. Təklif edirəm, ƏDV götürülsün”, - millət vəkili qeyd edib.

Fazil Mustafa bildirib ki, ölkəmizdə dini və başqa kitabların qadağası da mövcuddur:

“Bu qadağanın da heç bir əhəmiyyəti yoxdur. Elektron versiyada istənilən kitabı hər kəs oxuya bilər. Bu qadağanı da götürmək lazımdır. Kitab qadağası nə deməkdir? Belarusda kitab mağazalarının hamısı vergidən azad olunub. Heç olmasa başqa ölkələrdə olan müsbət nümunələri götürsək, müsbət tendensiyanın əsasını qoyarıq. Rayonlarda da kitab sərgilərinin keçirilməsini stimullaşdırmaq lazımdır. Hesab edirəm ki, bu, Azərbaycanda düşüncə inkişafına səbəb ola bilər”.(axar.az)



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021