HƏDƏFDƏN YAYINMAYAN HƏDƏF

ZƏFƏR YOLU

23 Sentyabr 2021 | 09:07

1119 dəfə oxunub

Şəhid Xəzər Bayramovun xatirəsinə həsr olunub

"Dünyanın gözü Qafqaz, Qafqazın gözü Azərbaycandır" demişlər. Bu ifadəni işlədərkən həqiqətən də yanılmayıblar. Bunun nəticəsidir ki,  Vətənimiz yadellərin yad baxışına məruz qalıb. Əsirlər boyu yurdumuza təcavüz siyasəti həyata keçiriblər. Ancaq qəhrəman millətimiz heç vaxt yenilməyib daxilən. Səbrlə, təmkinlə zamanı gələndə qisasını almağı bacarıb, necə ki, 44 günlük haqq savaşımızda. 
      Ömrünü Vətənin ömrünə calayan, azadlığı uğurunda gözünü qırpmadan ölümə atılan oğullarımız, qızlarımız var olduqca Azərbaycan adlı bir ölkə də var olub, dostlarını sevindirib, düşmənləri qorxuya salacaq. 
       Bu qəhrəman oğullardan biri də Şəhid Xəzər Azad oğlu Bayramovdur. Xəzər cəmi 23 illik ömrünə qorxmazlığı, mərdliyi, cəsarəti, həm də Vətənə olan sarsılmaz sevgisini sığdırdı. Vətən uğrunda göz qırpmadan  candan keçərək hər kəsə örnək oldu.
      Xəzər Azad oğlu Bayramov 1997-ci il  14 noyabrda Ağcabədinin Qaravəlli kəndində dünyaya göz açdı. 2004-_2015-ci illərdə orta təhsilini doğulduğu kənddə alır. 2016–ci ildə həqiqi hərbi xidmətə yollanır. Xidməti layiqincə başa vurur. Özü ilə böyüyən Vətən sevgisi Xəzəri hərbə yönəldir . 2019 -cu ilin yanvarından müddətdən artıq hərbi xidmətini tank heyyətində “tuşlayıcı” olaraq  davam etdirir. Xəzər Bayramovun əsas amalı, torpaqlarımızın azad olmasında iştirak etmək idi. Uşaqlıqdan ürəkli, mərd, sakit təbiətli və ən əsası düşmənə qisas hissiylə böyüyürdü. Böyüdükcə də sevgisini qəlbində  daha çox böyütdü, Vətən torpaqlarının azadlığı arzusuyla yaşadı, müharibəni  həsrətlə gözlədi Xəzər.
      27 sentyabr 2020 ci il tarixində  başlanan Vətən müharibəsi elə həmin gün idi. Xəzər Bayramovun qisas hissi Vətən sevgisiylə alovlanmışdı. Müharibənin ilk günlərindən tank heyyətində “tuşlayıcı “ kimi döyüşlərdə iştirak edir və qəhrəmanlıqlar göstərir. Komandirinin sözlərinə görə, Xəzərin heç bir hədəfi boşa çıxmazdı. Döyüş yoldaşlarıyla birlikdə düşmənin 8 tankını və digər texnikalarını məhv edir. Əfsus ki, hədəfdən yayınmayan Xəzər oktyabr ayının 2-də özü düşmən mərmisinin hədəfinə çevrildi.  Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən, 3 heyyət  ( tank komandiri Dəyanət Əliyev,Xəzər Bayramov və Elçin Hüseynov) olmaqla idarə etdikləri tank mənfur qonşularımızın atdığı mərmi nəticəsində alışmağa başlayır. Tank komandiri Dəyanət Əliyev döyüş yoldaşlarını xilas etməyə çalışsa da, tank düşmən tərəfindən ikinci dəfə hədəf alınır.... Hər üç heyyət, eləcə də Xəzər Bayramov şəhidlik zirvəsinə ucalır...
Müharibə bizlərə bu cür oğulları tanıtmaqla yanaşı, həm də bəzi ailə sirlərini də açdı.
 Müharibə zamanı qardaşların, əmioğluların iştirakının, qəhrəmanlıqlarının şahidi olmuşduq. Döyüşçü qardaşlardan idi Xəzər və Niyaz Bayramovlar qardaşları. Xəzər hərbiçi, Niyaz isə əsgər kimi qatıldı döyüşlərə. Hər ikisi müxtəlif hərbi hissələrdən qatılsa da eyni istiqamətdən keçdi döyüş yolları, Füzulidən. Amma Niyaz əmisi oğlu bilirdi Xəzəri şəhid olana qədər. Çünki Niyaz doğulduqdan sonra əmisinə övladlığa verilmişdi. Xəzər şəhid olandan 21 gün  sonra Niyaz yaralanır. Hospitalda yatarkən Xəzərlə qardaş olduğunu öyrənmişdi. Müharibə bu sirrin üstünü açdı...
Niyaz Hospitaldan qayıdanda getdiyi ilk ünvan Xəzərin məzarı oldu. Bu dəfə əmioğlu kimi deyil, Şəhid qardaşı kimi gəlmişdi məzarına...
     Xəzər Bayramov ölümündən sonra “Vətən uğrunda” və “ Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.
Ruhun şad olsun şəhidim!
Aynurə İnci



SON XƏBƏRLƏR

24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021