Hər bir uşaq özəldir

24 Sentyabr 2021 | 09:00

1291 dəfə oxunub

Hər bir gənc qızın öz idealları, öz düşüncə tərzi , öz xəyalları vardır. Hər birimiz insan olaraq doğuluruq. Amma eyni düşüncəyə, eyni yaşayışa malik deyilik. Eyni yoldan gedir yolumuz, kimi çox enişlisinə, kimi çox yoxuşlusuna rast gəlir. Bu son demək deyildir, ümid hər zaman vardır. Ümid varsa, bu son yox , yeni bir başlanğıca işarədir. Əvvəl də qeyd etdim ki, hər bir gənc qızın öz xəyalları vardır. O xəyallar ki, hər gün öz aləmində uzaq səfərlər edir, səfərin sonu ya kədərlə, ya da həyat verici bir gülüşlə bitir. Hər bir gənc qızın xəyalında, idealında qurduğu ağ atlı oğlan vardır. Bir gün gələcəyini gözləyər, sən onu görmədən belə xəyallarında sevərsən, eşqin ən saf halıdır görmədən sevmək. Uşaq vaxtı ən çox qurduğum xəyalım ağ atlı oğlana qovuşmaq və analıq hissini yaşamaq idi. Kim bilir, bəlkə də atamı tez itirdiyim üçün görmədiyim birindən ata qayğısı gözlədim, anamdan gördüyüm o qayğını, o sevgini öz övladıma yaşatmaq istədim. 
Inci qara gözləri kədərə bürünmüş, zil qara saçlara dən düşmüş Məryəm anam. Həyatımı anama borclu idim, onun sayəsində həyatda dik durmağı öyrənmişdim.
Yaş ötürdü, gedirdi zaman, bir gün heç gözləmədiyim ağ atlı oğlan ürəyimin qapısını çaldı, ürək tərəddüd etmədən qapını açdı, beləcə iki bədəndə bir ürəyin sevgisi başladı. Qara göz, qara saçlı uzun boy, enli kürəkli xoşbəxtlik bəxş edən gülüşü olan Səid. O gəldi həyatıma, hər şey dəyişdi, xoşbəxtlik hissini o mənə yaşatdı, iki nəfərlik ailəmiz vardı 
_ o və mən. Ailənin təməlini möhkəmləndirmək üçün birinə ehtiyac vardı. Körpəmiz... 
O hələ doğulmamışdı, bətnimdə olması, varlığını hiss etməm mənə güc verirdi. Analıq hissini yaşamağıma saylı günlər qalmışdı, səbirsizliklə onu isti ana qucağına alacağım günü gözləyirdim. Müəyyən vaxt keçdikdən sonra, nəhayət, Əli adlı oğlumuz dunyaya gəldi, gəlişi kiminə sevinc, kiminə kədər gətirdi. Gözləmədiyimiz hadisə ilə üzləşdik. Əli daun sindromlu doğulmuşdu. Hər birimiz şokda idik, bu necə ola bilərdi axı ? 
Özümün daun sindromlu xəstələr haqda azdan - çoxdan məlumatım vardı, irsi xəstəlik olduğunu bilirdim və əsası, bu xəstəliyin anadan keçdiyini də. Axı mənim elə bir problemim yox idi,geriyə bir səbəb qalırdı
_ orqanizmdə olan mikroblar. Əli bətnimdə olduğu zaman müalicələr də edirdik, həkim nəzarətində qalmışdım.Görünür, müalicəm doğru aparılmamışdı. Olsun,bu analıq hissini yaşamağıma maneə törətmirdi, əksinə daha da çox sevirdim onu, bütün sevgimi ona verməyə çalışırdım. Əli böyüdükcə sevgim daha da dərinləşirdi, hər gün onu müşahidə edirdim, apardığım müşahidələr nəticəsində onda yeni - yeni kəşflər etməyə başladım. Daun sindromlu uşaqlar çox həssas olurlar,qayğıya daha çox ehtiyacları olur. Ana qayğısını əsirgəmirdim, heç ağlımın ucundan belə keçirtmirdim. Axı o mənim övladım idi, ana sevgisini o yaşatmışdı mənə. Ana öz övladından üz çevirə bilərmi, sizcə ? Əlbəttə, yox övladdan qayğını əsirgəmək axmaqlıqdır. 
Əli böyüdükcə hiss edirdim ki, Səid ona qarşı biganə qalır,ondan uzaq durmağa çalışır. Belə hallarla rastlaşanda canım yanırdı, axı niyə belə olmalıdır ? Qüsurlu doğulan uşaqların sevilməyə haqqı yoxdurmu ? Niyə yaşamaqdan məhrum edilməlidirlər ? Ola bilər davranışları, düşüncə tərzləri bizimki kimi deyil, lakin onlar da insandır, hər qüsuru olana "xəstə" demiyin, onlar fərqlidilər sadəcə.Səidin gedişi atamın gedişini xatırlatdı, amma bir fərqlilik vardı, mənim atamı fələk apararaq soyuq məzarı seçdi, Səid isə halalı qala - qala şərəfsizcə naməhrəmlərin qollarını məskən seçdi. Mən Səidə heç cür haqq verə bilmirdim, axı niyə belə bir addım atmağı seçmişdi, mən ona pis həyat yoldaşı olmamışdım və ona qarşı yanlış bir hərəkət etməmişdim.Əliyə görə etmişdisə, görünür öz keçmişini unutmuşdu. Səid evin tək övladı olub,ailəsi də ziyalı və seçilən ailələrdən biri idi Səid anadan olan zaman həkimlərin dediklərinə görə sağlam uşaq imiş, hər hansı problemi yoxmuş. Amma müəyyən vaxt keçdikdən sonra Səiddə bəzi problemlər üzə çıxıb, ilk başlarda əhəmiyyət verilməyib, 3-4 yaşı olan vaxt doğru - düzgün iməkləmirmiş hətta, halbuki yeriməsi lazım idi . Xoşbəxtlikdən sevincləri yerə - göyə sığmayan ailə bir göz qırpımında kədərə bürünmüşdü. Ondan sonra ailələrində problemlər yaranıb, Səidin etdiyi kimi atası da onları tərk edib. 
Yazıq anası Səidi bir çox həkimlərə aparmış, uzun sürən müalicələrdən sonra və Səidin anasından aldığı güc, inam sayəsində yerimişdi və gələcəkdə də özünə bir mövqe tutmuşdu. Öz taleyini övladına necə yaşatmaq istər insan, onu anlamırdım. Axı özü də bu çətinlikləri görmüşdü. Görəsən, zərrə qədər də mi övladına qarşı sevgisi yox idi ? Əlinin varlığı, nəfəsi mənə yaşamağa həvəs verirdi, mən Əlinin öz ayaqları üzərində durmağını istəyirdim. Analıq borcumu yerinə yetirib, ona bir çox işlərdə kömək göstərirdim. Əli çox gözəl piano çalırdı, onu musiqi müəlliminin yanına da göndərirdim. Əli çox qısa zamanda məni nailiyyətləri ilə sevindirdi. 
Bir gün Əlinin müəllimi mənə zəng edib , - Hülya xanım , musiqi festivalı keçiriləcək, Əlinin də orda iştirak etməsini istəyirik. Olduqca bacarıqlı uşaqdır, _ dedi.
Əlinin müəlliminin sözlərini eşitdiyim zaman çox sevinmişdim və göz yaşlarıma hakim ola bilməmişdim. Bir həftə sonra festival baş tutdu və biz də anamla Əlini tək qoymamaq üçün getmişdik, zaldan onu izləyəcədik. Əli isə uşaqların yanına getmişdi, səhnəyə çıxmağa hazırlaşırdılar. Bilirsiniz, həyat çox qəribədir, gözlənilmədən Səid bir qadınla zala daxil oldu. Görünüşə görə övladlarını gətirmiş olmalı idilər. Səidin yanındakı qadın balaca bir qıza əl edərək gülümsəyirdi. "Biz sənə güvənirik qızım" deməsi məni xəyallara apardı. Axı niyə Səid ? Bu sualı dəfələrlə təkrarladım, bununla yanaşı könül qırıqlığı vardı içimdə. Birinin mənə, Hülya qızım , Əli səhnəyə daxil olacaq indi, - deməsilə sanki ayıldım. Qürurla oğluma baxırdım, müəyyən vaxt keçdikdən sonra qaliblər müəyyənləşdi. Birinci yerə oğlum Əli seçilmişdi. Sevincimi necə ifadə edim, ya göstərim, bilmirdim. Əli mənə baxaraq sözə başladı, gözlərini məndən ayırmırdı: 
_ Bu gün birinci yerə layiq görülmüşəmsə, anamın mənə olan inamı, sevgisi sayəsində, onun varlığı mənə güc verib və bu gün sizin qarşınızdayam. Atası ola - ola atasız böyüyən, arxasız, dayaqsız, xəstəliyimi duyan zaman xəyal qırıqlığına uğrayan , "ata" kəlməsini deməyə belə dilim gəlməyən insan, səni heç vaxt bağışlamayacağam.
Əlinin kəlmələri qəlbimi paramparça edirdi, hələ Səidin ona həsrət dolu baxışlarını və etdiyi hərəkətlərdən peşmanlıq hissini yaşadığını göz yaşlarından hiss edirdim. 
Siz çalışın, vaxtında övladlarınızın dəyərini bilin və sizə qarşı kin, nifrət bəsləmək yerinə qəlbləri sevgilə dolsun. 

Müəllifi ~ Nərmin Yaşar 🌸 

Ikinci Şans kitabından



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021