İranın Azərbaycana qarşı daha bir təxribatı: “Hərbi müdaxilə…”

12 Oktyabr 2021 | 12:45

557 dəfə oxunub

“Mətbuata sızan bu sensasion xəbər bir daha təsdiq etdi ki, rəsmi Tehran ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun zəfər yürüşünü önləmək məqsədilə bütün mümkün vasitələrdən istifadə edib. Hətta bu niyyətini həyata keçirmək üçün hərbi müdaxilə etməkdən belə çəkinməyib.  Şəxsən məndə ciddi şübhələr yarandı ki, müharibə davam edərkən İranın Ermənistanı hərbi texnika və silah-sursatlarla təmin etdiyinə dair vaxtilə mətbuatda yayılan məlumatlar heç də əsassız deyilmiş”.

Xia.az xəbər verir ki, bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.  

Politoloq qeyd edib ki, İran özünün şimalında güclü Azərbaycan dövlətinin mövcudluğunu qəbul edə bilmir: “Molla hakimiyyəti hər zaman ona çalışıb ki, Azərbaycan problemlər içərisində çabalayan uğursuz bir dövlət ("failed state") olsun. Birinci Qarabağ müharibəsi zamanı Ermənistana tam dəstəyin nümayiş olunması, ötən il baş vermiş 44 günlük müharibədə isə altdan-altdan Ermənistana hərbi yardımların edilməsi, o cümlədən müharibənin gedişatında Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilənin təşkili onu göstərir ki, rəsmi Tehran Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə birmənalı surətdə qarşı imiş. Tehran əmin idi ki, Azərbaycan öz torpaqlarında erməni işğalçılığına son qoyduqdan sonra regionda yeni reallıqlar, yeni şərtlər və yeni inkişaf perspektivləri meydana gələcək. Regional əməkdaşlıq və inteqrasiyanı özü üçün təhlükə mənbəyi hesab edən və Azərbaycanın regionda söz sahibi olması fonunda Güneydəki milli oyanışdan narahatlıq keçirən molla rejimi bu faktorların ortaya çıxmaması üçün hər vəchlə Ermənistana "nəfəslik" rolu oynamağa çalışıb.

Amma İranın bu irrasional cəhdləri heç bir nəticə verməyəcək. Azərbaycan heç bir ölkənin daxili işlərinə müdaxilə etmədiyi kimi, heç bir ölkə də bizim daxili işlərimizə burnunu soxa bilməz. Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı geosiyasi platsdarm kimi istifadə olunmasına imkan vemrəyib və bunu vermək niyyətində də deyil. Biz qonşularımızla səmimi münasibətin qurulmasının tərəfdarı olmuşuq. İrana münasibətdə də hər zaman dostluq prizmasından yanaşmışıq. Ona görə də Tehran yenidən götür-qoy etməli. Hələ ki, heç nə gec deyil”.

Ramid İbrahimov



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021