“Rusiya və İranda təhsil alanlar əsasən oranın agentura şəbəkəsinə qoşulur” - İqbal Ağazadə ilə MÜSAHİBƏ

MÜSAHİBƏ

12 Oktyabr 2021 | 17:43

163 dəfə oxunub

“Ümid” Partiyasının sədri İqbal Ağazadə Bakıvaxtı.az saytına müsahibə verib.

Xia.az müsahibəni təqdim edir:

-Bildiyiniz kimi, Azərbaycan və İran arasında son günlər ciddi gərginlik yaşanır. Sizcə, İranın Azərbaycana qarşı yaranmış aqressiyasının səbəbi nədir? Bu gərginlik hansı həddə qədər gedib çıxa bilər?

-İlk növbədə onu qeyd edim ki, İran regionda dəyişən vəziyyətdən olduqca narahatdır. Əvvəla, Cənubi Qafqazda Türkiyənin rolunun və əhəmiyyətinin artması, o cümlədən, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və dövlət sərhədlərinə nəzarət məsələsi, gələcək perspektivdə isə Zəngəzur dəhlizinin açılması və Naxçıvan-Azərbaycan əlaqələrinin birbaşa qurulması İranın daxili vəziyyətinə təsir etməmiş olmayacaq. İran bunu çox gözəl bilir. Çünki İranda milli kimlik uğrunda uzun illərdir savaşlar gedir. Keçən əsrin neçə inqilabı məhz milli kimlik istiqamətində, hətta 1945-ci ildə Güney Azərbaycanda müstəqilliyin elan olunması ilə nəticələnib. O cümlədən, 1982-ci ildə Təbriz radiosu tutularaq Azərbaycanın muxtariyyəti elan olunub. İran bütün bunları bilir və daxilindəki vəziyyəti pərdələmək üçün bütün qonşularla sərt münasibətdə olur. Əslində teokratik və imperialist dövlətlərin əsas hədəfləri hər zaman xarici gərginliklər yaratmaqla, daxildəki sistemi, prossesləri idarə etməkdir. Diqqət etsəniz, teokratik və imperialist dövlətlər daim özü üçün düşmən obrazı yaradır və o düşmən obrazının ətrafında da daxili auditoriyanı milli vətənpərvərlik istiqamətində toparlamağa çalışır. İran bu gün həmin yolu gedir, guya İsraillə, ABŞ-la mübarizə aparır və qonşularla münasibətləri də bu istiqamətdə gərginləşdirir. Diqqət etsək görərik ki, İranın bütün qonşularla münasibətləri gərgindir və ya tarixin müxtəlif dönəmlərində çox sərt münasibətlər olub. Qonşularla xoş davrana bilməmək, əslində İranın daxildəki narazılıqlarını pərdələməkdən başqa bir şey deyil.

Ona görə də hesab edirəm ki, vəziyyətin kritik həddə çatacağını gözləmək sadəlövhlük olardı. Vəziyyət kritik həddə heç vaxt çatmayacaq və gərginlik Azərbaycan-İran müharibəsi səviyyəsinə qalzmayacaq. Amma söz atışmaları, diplomatik notalar və bəyanatlar hər zaman olacaq. İran çox yaxşı bilir ki, müharibə başlayacağı təqdirdə, daxilində də çox amansız savaş başlaya bilər. Ən azı orda olan Azərbaycan türkləri, Azərbaycana bağlı olan insanlar İranın Azərbaycan üzərinə hər hansı bir hərbi müdaxiləsində, ki, bunu istisna edirəm, dərhal mövqelərini açıq qoyacaqlar və İran daxilində çox sərt şəkildə prosses başlayacaq. Ona görə də məsələ bu həddən yuxarı gərginləşməyəcək.

-Mİranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan Moskva səfərindən sonra Azərbaycana qarşı irəli sürdükləri ittihamları təkzib etdi və bildirdi ki, Azərbaycana da, Ermənistana da eyni münasibəti bəsləyirik. Bunu əsasən qonşuluq arqumenti ilə əlaqələndirirlər. Bu barədə nə deyə bilərsiniz?

-Azərbaycanın atalar sözü səviyyəsində məşhur bir deyimi var: “Mən hamıya eyni gözlə baxıram”. Bu, əslində atalar sözü kimi də yanlışdır. Çünki hamıya eyni gözlə baxmaq ədalətsizlikdir. Çünki biri yaxşıdır, biri pis, biri cinayətkardır, biri ədalətli, biri mərddir, biri namərd. Ona görə də hamıya eyni gözlə baxmaq olmaz. Əgər işğalçı ilə, işğala məruz qalmış birinə eyni gözlə baxan qonşumuz varsa, “vay” bizim halımıza. Bu, çox pisdir. İran birinci növbədə bunu düşünməlidir. Mən müsəlmançılıq, təriqətçilik tərəflərini kənara qoyuram. Mən ümumiyyətlə insanları və dövlətləri bu istiqamətdən bölməyə və ədalətə o prizmadan baxmağın tərəfdarı deyiləm. Ədalət ədalətdir! Amma ədalət nədir? Ədalət budur ki, Azərbaycan işğala məruz qalıb, Ermənistan isə işğal edib. Əgər mənim qonşum haqqı, ədaləti hər şeydən üstün tutduğunu, həm də haqqın, hüququn bir din dəyərləri, iman və inam çərçivəsindən baxdığını iddia edib də, Ermənistanla Azərbaycana bir baxırsa, İran ədalətsizdir. Biz də İranın ədalətsiz mövqeyinə qarşıyıq. Gerisi təfərrüatdır. Biz eyni dinə mənsubuq, orda azərbaycanlılar yaşayır filan kimi fikirlər dövlət maraqları çərçivəsindən kifayət qədər fərqli şəkildə izah edilə bilər. Ona görə də İranın ədalətsiz mövqeyinə qarşı da bizim mövqeyimiz bu cür olmalıdır.

-Bilirsiniz ki, İran teokratik quruluşa malikdir və müsəlman dövlətidir. Lakin İran regionda gedən bütün müharibələrdə xristian dövlətinin yanında durub. Müsəlman dövləti əgər Qurani-Kərimin qaydaları ilə hərəkət etməlidirsə, şəriətdə müəlmanla xristian və yəhudinin dostluğu qadağan edilib... 

-Mən şəriət və İslam dini üzrə mütəxəssis deyiləm. Lakin bildiyim bəzi şeylər var. Mən hər zaman qeyd etmişəm ki, biz anadan millət nümayəndəsi olaraq doğuluruq. Atası, anası azərbaycanlı olan fars, rus, alman doğula bilməz. Amma atası, anası müsəlman olan biri sonradan inamını, etiqadını buddizmə, xristianlığa dəyişə və yaxud atesit ola bilər. Deməli, birinci növbədə millət, sonra ümmət məsələsi gəlir. Millət məsələsi ortaya çıxanda milli maraqlar da ümmət maraqlarını üstələyir. İran bu gün özünün milli, yəni fars maraqlarını, şovenizmini qorumaq baxımından bu addımları atır. Pakistan-Hindistan döyüşür, İran Hindistanın yanındadır, Azərbaycan-Ermənistan savaşır, İran Ermənistanın yanındadır, Suriya-Türkiyə döyüşür, İran Rusiyanın yanındadır. Bütün bunlar hamısı onun sübutudur ki, əslində İran İslamdan vasitə kimi istifadə eliyir. Din onun üçün arzularını, idealarını, məqsədlərini, məramlarını pərdələmək üçün bir vasitədir. Biz də doğrunu görməyi bacarmalıyıq. Doğrunu görərək yola çıxmaq, kimin nəyi necə etdiyini düzgün cavablandırmalıyıq. İran bu gün BMT-nin onu tanıdığı sərhədlər çərçivəsində öz ərazisini və içəridəki  milli kimlik davasını əngəlləmək üçün savaşa çıxıb. Qazanacaqmı? Güman etmirəm.

-Ocaqnejadın Bakını tərk etməsi məsələsinə toxunmaq istəyirəm. Bildiyiniz kimi, İranın Ali din lideri Xameneyinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejad Hüseyniyyə məscidinin bağlanmasından sonra Bakını tərk etdi. Ümumiyyətlə, başqa bir dövlətin din nümayəndəsinin Azərbaycanda mərkəzinin, ofisinin olması nə ilə bağlıdır? Burda hansı məqsədlər ola bilər?

-Bu sual Azərbaycanın bütün dövrlərdə olan hakimiyyətlərinə ünvanlanmalıdır. Bu, Azərbaycan Konstitutsiyasının qanunlarının pozulmasıdır. Heç bir başqa dövlətin səfirlikdən və mədəni mərkəzlərdən başqa heç bir nümayəndəsi burda xüsusi iqamətgaha malik olub öz dövlətinin ideoloji və teokratik düşüncə və təfəkkürünü yaymağa məsul deyil  və ola da bilməz. Uzun illərdir ki, Azərbaycan Konstitutsiyasının tələbləri pozulur. Mən fikrimi çox açıq ifadə edirəm. Nə qədər ki, Rusiya Azərbaycanda hərbi sektoru nəzarətdə saxlamaq istəyir, Azərbaycanda bir nəfər belə Rusiyaya hərbi təhsil üçün göndərilməməlidir. Çünki göndəriləndə hökmən Rusiyanın xüsusi xidmət orqanları, agentura şəbəkəsi həmin şəxsləri öz sıralarına cəlb etməklə, öz dövlətlərinə işləməyi məcbur edir. Nə qədər ki, İran burda dini-ideoloji-təriqət nöqteyi-nəzərindən prosseslərə müdaxilə etmək və insanları bu yola çəkmək istəyir, İranın dini məktəblərində və mədrəsələrində Azərbaycan tələbə və şagirdlərinin oxumasına icazə verilməməlidir. Bu şəkildə İranın da, Rusiyanın da girmək istədikləri sahələrdən əl-ayağı ən azı sıxışdırılıb çıxarılmalı, kəsilməlidir. Zaman gələr, bəlkə münasibətlər sistemi dəyişər, biz artıq dövlət olaraq təhlükəsizliyimizi bu sferalarda təmin edə biləriksə, bu məsələyə yenidən baxa bilərik. Amma bu gün üçün Azərbaycan təhlükədədir. Mən demirəm ki, Rusiyada oxuyub gələn bütün hərbiçilər Rusiyaya və yaxud İranda təhsil alan bütün dindarlar İranın agentura şəbəkəsinə bağlıdır. Lakin əsasən İran və Rusiya bu faktorlardan istifadə edir. Bu “əsasən”i minimuma endirmək lazımdır. Minimuma endirmək üçün də ilk növbədə ora təhsil almağa tələbələr getməməlidir.

-Bu gün Azərbaycanın bir çox din xadimləri İranlı din münayəndələrinin əksinə, prosseslərlə bağlı  susmağı tərcih edirlər. Bunun siz qeyd etdiyiniz kimi, İranda alınan təhsillə bağlılığı ola bilərmi?

-Onların medianın suallarına niyə cavab verməməsinin səbəbini onlardan soruşmaq lazımdır. Lakin mənim gördüyüm budur ki, Azərbaycanda dini fətvaların və dini cəmiyyətlərin 99%-nin saatları Azərbaycana uyğun qurulmur. O saatlar ya İrana, ya da başqa dövlətlərə uyğun qurulur. Hər zaman qeyd etdiyim kimi, Azərbaycanın dini saatlarının Azərbaycan vaxtı ilə qurulmasının artıq zamanı çoxdan yetişib. Biz saatlarımızı öz zamanımıza uyğun qurmalıyıq. Təsəvvür edin, Ramazan ayı gəlir və Azərbaycan kimi kiçik bir ölkə ikiyə bölünür - “Fətva hardan gələcək?”, “bu günmü başlayır”, “sabahmı başlayır?” Ramazan bitir, bayramla bağlı bir fətva gözləyirlər. Qurban bayramı gəlir və eyni hal təkrarlanır. Bu şəkildə yanaşma əslində onun göstəricisidir ki, adamlar dini təşkilatlara bağldırlar. O təşkilatlar da çalışır ki, hansı ölkədən aslı olmayaraq, o ölkənin mənafelərinə xidmət etsin. Təəssüf ki, bizim də onlara bağlı olan adamlarımız özlərindən asılı olmayaraq, özlərini həmin ölkələrin düşüncə və təfəkkürlərinə təslim edirlər. Beləliklə nəticədə Azərbaycanın əleyhinə işləmiş olurlar.

-Azərbaycanda iranpərəstmövqelər dəözünü büruzə verir. Sizcə bu, rəğbətdir, ya arxasında başqa niyyətlər dayanır?

-Peyğəmbər (s.a.s) deyir ki, “Hubbul vətən minəl iman”, yəni vətəni sevmək imandandır. Əgər insanlar vətənini sevməyib, bir başqa dövlət üçün canlarını fəda edir, hətta öz həmvətənlərinin üzərinə gəlirlərsə, deməli onların imanları yarımçıqdır. Vətənini sevmək imandandırsa, ilk növbədə vətənini sevəcəksən. Sonra sənə daha yaxşı münasibətdə olan insanları sevəcəksən. İndi həmin adamlara sual edirəm: “Öz balan çörək yeməmiş, qonşunun övladına çörək apardınmı?” Yox, aparmadın. Ən yaxşı müəlman belə öz övladı yeyəndən sonra qonşuya aparır. Sənin dövlətin təhlükə qarşısında qalır da, sən dövlətini müdafiə etmək əvəzinə İranı müdafiə edirsənsə, öz balana çörək verməmiş kimi görünürsən. Ki, bunu heç bir insanlıq adına yazmaq doğru deyil. Biz xüms, zəkat verəndə belə bizim dini qaydalara uyğun olaraq, hansı dərəcədə olmağımıza görə veririk. Çünki özünün istifadəsinə qalmayanlar zəkat verə bilməz. Sənin öz vətənini sevmədən başqa bir vahid vətən uğrunda döyüşmən absurddur. Ki, səni heç kim vahid vətən hesab eləmir.

Ermənistanla bağlı bu müharibədə İranın mövqeyi, yanaşmaları bəllidir. İran daha nə etməlidir ki, siz İranın bu məsələdə bizim yanımızda olmadığını görəsiniz? Daha nə etməlidirlər?!

-Son günlər gündəm mövzulardan biri də “28 May Respublika Günü” və “18 Oktyabr Müstəqillik Günü”nün adlarının dəyişməsidir. Bu məsələyə münasibətiniz necədir?

-Mən “28 may”ın Respublika günü kimi yox, elə məhz “Müstəqillik günü” kimi qeyd olunmasını tərəfdarıyam, həmçinin “18 oktyabr”ın da “Müstəqilliyin bərpası” kimi. Çünki biz 28 mayda Cümhuriyyət kimi müstəqil olmuşuq. 18 oktyabrda isə müstəqilliyimizi yenidən bərpa etmişik. Bunun gerçək adı budur. 28 aprel 1920-ci ildə müstəqilliyinə son qoyulmuş Azərbaycanın müstəqilliyi 18 oktyabr 1991-ci ildə yenidən bərpa olunub. Burda mürəkkəb bir şey yoxdur. Mən hesab edirəm ki, dekabr 7-ni Respublika günü ela etmək olar. Niyə dekabrın 7-i? Çünki 1918-ci ilin dekabr 7-də ilk parlamentin iclası olub və Cümhuriyyətçilik o parlament seçkilərinin nəticəsi kimi tarixə düşüb.

-Bu gün Milli Məclisdə barmaqla sayılası qədər ictimai-siyasi mövzularda operativ şəkildə mediadan gələn sualları cavablayan deputat var. Hətta bəzi deputatlar, parlamentə seçilməmişdən əvvəl daha əlçatan idi. Siz bunu nə ilə əlaqələndirirsiniz? Sizcə, bu məsələ ilə bağlı deputatların qarşısına qadağalar qoyulur?

-Hər kəs fərdi cavab verəcək. Mən bilmirəm. Mən parlamentdə olanda da, olmayanda da mənə ünvanlanan suallara bilgim, düşüncəm və təfəkkürüm çərçivəsində cavab vermişəm və jurnalistlərlə açıq olmuşam. Kim belə deyilsə, cəmiyyət bu sualı israrla ona ünvanlamalıdır və cavab almalıdır. Mənə heç kim “ictimaiyyət qarşısına çıx” və ya “çıxma”, “bu sualı ver”, “bu, qadağandır” kimi sözlər deməyib və deyə də bilməz. Mən o səlahiyyəti heç kimə verməmişəm.

-Hazırda Milli Məclisdə 6 yer boşdur. Boş yerlərə seçkilərin keçirilməsi təşkil olunarsa, iştirak edəcəksiniz?

-Mütləq! Mən seçkiləri udmuş adamam. Hakimiyyət, Mərkəzi Seçki Komissiyası mənim haqqıma girib, qələbəmi tanımaq əvəzinə, dairədə nəticələri ləğv eliyib. Təbii ki, təkrar seçkilərdə iştirak edəcəm. Amma bu, mənim arzumdur. Partiyamızın da bununla bağlı qərarı olmalıdır. Çünki mən partiya təmsil edirəm. Partiyamız da buna hələ ki, müsbət yanaşır.

Nuranə Daxilqızı

 



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021