YATMIŞ VULKANIN OYANIŞI

ZƏFƏR YOLU

22 Sentyabr 2021 | 07:49

1250 dəfə oxunub

Vətənə bağlılıq, yurda sevgi insanın daxilindən süzülüb əməlində əks olunan bir hissdir. Əgər o hiss bir şəxsin genində varsa, (istər qadın, istərsə də kişi) məqamı çatanda yatmış vulkanın püskürməsi kimi bütün nəzərləri üzərinə çəkəcək.
     Sentyabrın 27 əks-hücum əməliyyatı başlayanda Vətənimizin hər səmtində, hətta ən kiçik kəndində belə bu vulkanların püskürməsi düşməni qorxuya saldı. Bu vulkanlar 44 gün püskürdü, qığılcımları isə hələ indən sonra əsirlər boyu düşmənin gözünü qamaşdıracaq, ürəyini yandıracaq. 
      Əliyev Dəyanət Ələsgər oğlu da körpəlikdən 1-ci Qarabağ döyüşlərində düşmənə qarşı nifrətini içində yatızdırıb zamanı çatanda vulkan kimi püskürtməyə hazırlaşırdı. O vaxt Dəyanətin 10 yaşı var idi, buna baxmayaraq baş verən hadisələrə yaşından irəli reaksiyalar verir, düşməni lənətləyirdi. Hər sabah atışma səslərinə oyanıb, gecələr ağır artilleriya səslərinə yuxuya getmək məcburiyyətində qalırdı. 
      Əliyev Dəyanət Ələsgər oğlu 1982-ci ilin sentyabr ayının 18-in də Ağcəbədi rayonunun Hacıbədəlli kəndində dünyaya göz açmışdır. 1989-cu ildə Hacıbədəlli kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşdu. 2000-ci ildə uğurla məktəbi bitirib. 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Murovdağ silsiləsinin ən yüksək postunda xidmətini layiqincə yerinə yetirib.
       Artıq hərbiçilik həyatı Dəyanət üçün o qədər doğmalaşmışdı ki, sıradan həyat tərzi ilə barışa bilməzdi.  Nə də düşmənə qarşı olan nifrəti onu hərbi xidmətini başa vurduqdan sonra adi həyatına qaldığı yerdən davam etməsinə icazə verməzdi. 2009-cu ildən başlayaraq müddətdən artıq xidmətə başlayan Dəyanət 2015-ci ildə tank komandiri kursunu uğurla başa vurur. Əzimkarlığı, işinə sevgiylə yanaşması, təlim və döyüş hazırlığında göstərdiyi peşəkarlığı ilə həmişə seçilib. Bunun nəticəsidir ki, dəfələrlə Fəxri fərmanla, Azərbaycan Silahlı qüvvələrinin "95 illik yubiley medalı", Ordumuzun yüz illiyi (1918-2018) Yubiley medalı və "Qüsursuz xidmətinə görə" 3-cü dərəcəli medalla mükafatlandırılmışdır. 2016-cı ilin aprel döyüşlərində xüsusi ustalıq nümayiş etdirib. 
      İkinci Qarabağ müharibəsi  başlamamışdan öncə sentyabr ayının 21-də son dəfə evinə, sevdiyi ailəsini görməyə gələn Dəyanət cəbhəyə geri dönəndə ömür-gün yoldaşına bu sözləri deyir:
 -Ola bilsin ki, bu sizlərlə son görüşümdür, qismət. Uşağları sənə, səni isə Yaradanımıza əmanət edirəm.
     Bu sözlər sanki Dəyanətə İlahi tərəfindən yollanmış  Şəhidlik məqamına ucalacağının müjdəsi idi. Bu müjdə ilə də 28 illik yatmış vulkan artıq püskürdü. Təcrübəli hərbiçi, öz peşəsinin vurğunu Əliyev Dəyanət ön cəbhədə qızğın döyüşlərə qatıldı. Oktyabr ayının 2-də Fizuli uğurunda gedən döyüşdə idarə etdiyi tank düşmənin atdığı mərmi nəticəsində yanmağa başladı. Dəyanət tankdan çevik şəkildə çıxsa da qəfil yanan tanka geri döndü. Axı onun iki döyüş yoldaşı tankda qalmışdı. Onlardan biri öz həmyerlisi Xəzər Bayramlı idi. Çox çalışsa da döyüş yoldaşlarını xilas edə bilmir və bu zaman mənfur düşmənlərin atdığı ikinci mərmi nəticəsində özü də ağır dərəcəli xəsarət alır. Dəyanətin bu əzimklarlığı, mərhəməti döyüş yoldaşlarını çətin vəziyyətdə görüb özümü ölümün ağuşuna atmağı gələcək nəsillərə örnək olacaq bir addım idi. 
    Dəyanət Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mərkəzi hosbitalına çatdırılsa da həkimlərin səyi nəticəsiz qalır. Oktyabr ayının 23-cü Əliyev Dəyanət Ələsgər oğlu Şəhidlik zirvəsinə ucalır. Oktyabr ayının 24-ü Ağcabədi Şəhidlər xiyabanında torpağa tapşırılır.
     Ölümündən sonra Azərbaycanın Respublikasının Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin alınması uğrunda" və "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Əliyev Dəyanət Ələsgər oğlu ümumi 6 medal, 16 fəxri fərmanla təltif olunub.
     Yaşadığı Həcıbədəlli kəndində adına küçə verilib və ehsan bulağı çəkilib. Xalqına iki övlad, iki yatmış vulkan əmanət edib. Ruhun şad olsun Şəhidim!
     Aynurə İnci



SON XƏBƏRLƏR

24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021