Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən Əbdüllətif Camal Rəşid Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
İraq Prezidenti Qoşulmama Hərəkatının indiki dövrdə beynəlxalq münasibətlərdə xüsusilə çox böyük rola malik olan bir təsisat olduğunu dedi.
Dövlətimizin başçısı İraq Prezidentinə ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən Prezident İlham Əliyev sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səylərini əsirgəmədiyini, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslər irəli sürdüyünü bildirdi, bu xüsusda Hərəkatın parlament və gənclər şəbəkəsinin yaradılmasını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının 3-cü Zirvə toplantısının da ölkəmizdə keçirildiyini vurğuladı.
Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş Sammitində iştirakını məmnunluqla xatırladı, Azərbaycanın Ərəb dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirdi.
İraq Prezidenti ölkəsinin Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlı olduğunu dedi, əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanların mövcudluğunu qeyd etdi.
Əbdüllətif Camal Rəşid İraqın üzləşdiyi problemlər və təhlükəsizliyə təhdid yaradan hallar barədə məlumat verdi, ölkəsinin artıq sabitlik mərhələsinə qədəm qoyduğunu bildirdi.
Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq etməsi üçün geniş imkanların olduğunu bildirdi və bu xüsusda OPEC+ və digər formatlar qeyd edildi.
Dövlətimizin başçısı pandemiya dövründə Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərə, həmçinin İraqa humanitar dəstək göstərdiyini vurğuladı.
Azərbaycan Prezidenti İraq dövlətinin başçısını ölkəmizə həmçinin rəsmi səfərə dəvət etdi. Əbdüllətif Camal Rəşid dəvəti məmnunluqla qəbul edərək, öz növbəsində dövlətimizin başçısını İraqa səfərə dəvət etdi.
Söhbət əsnasında dövlət başçıları sərmayələr, enerji, tikinti, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdilər, ikitərəfli iqtisadi ticarət balansının genişləndirilməsinin və işgüzar dairələrin nümayəndə heyətlərinin səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğuladılar.
***
Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev iraqlı həmkarı ilə görüşüb - YENİLƏNİB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.