Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.
Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.
Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.
Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.
Novruz bayramınız mübarək olsun!”
Prezident xalqı təbrik etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.