Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri,
Sizi Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Məmnunluqla qeyd etmək istərdim ki, Gürcüstanı və Azərbaycan Respublikasını nümunəvi dostluq, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu dövr ərzində ölkələrimiz bir çox mühüm sahələrdə sıx əməkdaşlığı dərinləşdiriblər. Şadam ki, möhkəm təməl üzərində qurulan, xalqlar və hökumətlər arasında mövcud əlaqələr bu gün də uğurla və yeni şövqlə inkişaf edir.
Şübhəsiz ki, ümumi məqsədlərimizə, qarşılıqlı dəstəyə və maraqlarımıza əsaslanan nümunəvi strateji əməkdaşlığımızın daha da dərinləşməsi üçün biz öz səylərimizi əsirgəməyəcəyik. Bu məqsədimiz Sizin Gürcüstana səfəriniz zamanı bir daha təsdiq olundu.
Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlər və əməkdaşlıq davam edəcək, strateji tərəfdaşlığımız ikitərəfli və regional səviyyədə birgə təşəbbüslərimizin icra edilməsində mühüm rol oynayacaq.
Zati-aliləri,
Fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin ehtiramımı ifadə edir, bu əlamətdar tarixlə bağlı ən xoş arzularımı çatdırır, dost Azərbaycan xalqına sülh və sabitlik arzulayıram”.
***
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Bu il biz Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və dost Gürcüstan xalqına ən səmimi arzularımı yetirirəm.
Əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin son otuz ildə hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə çatması böyük məmnunluq doğurur.
Diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadiyyat, enerji, nəqliyyat-logistika, humanitar və digər sahələrdə əlaqələrimizin möhkəmlənməsi üçün mühüm zəmin olmuşdur. Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, reallaşmış birgə layihələr çoxşaxəli əməkdaşlığımızın genişlənməsində əhəmiyyətli rol oynamışdır. Etibarlı strateji tərəfdaş olan ölkələrimizin beynəlxalq strukturlar çərçivəsində də səmərəli əməkdaşlıq etmələrini yüksək qiymətləndirirəm.
Eyni zamanda, Avropa ilə Asiya arasında körpü rolunu oynayan regionumuzda rifaha, sabitliyə və təhlükəsizliyə töhfə verən irimiqyaslı nəqliyyat-kommunikasiya layihələrinin müvəffəqiyyətlə gerçəkləşdirilməsində sıx işbirliyimizi xüsusi qeyd etmək istərdim.
Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Hesab edirəm ki, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar vardır.
Əminəm ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin daim genişləndirilməsi, xalqlarımızın rifahı, ölkələrimizin və regionumuzun çiçəklənməsi naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim əmin-amanlıq, firavanlıq və rifah diləyirəm".
İlham Əliyevlə Qaribaşvili arasında məktublaşma olub

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.