“Tarixi bilməyənlər də televiziya kanallarında, qəzetlərdə ağızlarına gələni danışırlar. Bunu mütəxəssis deməlidir. Düzdür, mən mütəxəssis deyiləm, ancaq bir şeyi dəqiq bilirəm ki, 1967-ci ilə qədər qəti olaraq Azərbaycanda, o cümlədən Bakı şəhərində tikilən binalarda zəlzələyə qarşı heç bir tədbir görülməyib, bu məsələ nəzərə alınmayıb. Başqa sözlə desək, guya Azərbaycan seysmik zona deyildi. Yalnız 1967-ci ildə Daşkənddə zəlzələ olandan sonra qərar qəbul edildi ki, xeyr, Azərbaycan, o cümlədən Bakı şəhəri “seysmik ərazidir”. “Seysmik ərazi” Sovet terminologiyası ilə 12 balla ölçülürdü. Amma Sovetdən kənarda seysmologiya Rixter şkalası ilə 9 bala qədər ölçülür. İndi də xaricdə belədir. Bizdə isə bəzən elə də deyirlər, belə də... Məsələn, o vaxt Yasamalda tikilən panel evlərlə bağlı heç bir layihədə zəlzələyə qarşı davamlılıq nəzərə alınmayıb...”
Bu sözləri Pravda.az-a müsahibəsində Baş nazirin keçmiş müavini Abid Şərifov deyib.
O bildirib ki, Azərbaycanda yalnız 1967-ci ildən sonra zəlzələ ilə bağlı tədbir görməyə başlayıblar: “Həmin illərdə Bakı şəhərində dörd nəfərdən ibarət belə bir təşkilat var idi – Dövlət Tikintiyə Nəzarət və Arxitektura Komitəsi. Sədri və müavinlərindən biri yəhudi idi, başqa bir müavini isə erməni idi. Bir nəfər də azərbaycanlı var idi. Bunlar binaları yoxlayırdılar, bütün səlahiyyətləri var idi. Kim qaydaları nəzərə almırdısa, layihənin hesabından tuturdular. Onlara belə bir səlahiyyət də verilmişdi. Azərbaycanda qəbul olunmuş qaydalara görə, hər bir bina layihələndirilməmişdən əvvəl Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunmalıdır ki, bina tikiləcək ərazi neçə ballıqdır. Bəzi əhəmiyyətli binaların, məsələn, xəstəxanaların, məktəblərin binaları bir bal artıq zəlzələyə davamlı tikilməlidir. Yəni 7 bala davamlı ev tikilirsə, onun yanındakı xəstəxana 8 bala davamlı tikilməlidir. Hazırda bu qaydalara əməl olunub-olunmadığını deyə bilmərəm”.
A.Şərifov Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin inşaat şirkətlərinin 2019-cu ildən bəri Mərkəzə müraciət etməmələrinə, bu işə FHN-nin nəzarət etdiyini demələrinə də münasibət bildirib: “Kim bunu deyirsə, səhv deyir. Torpağı alan sifarişçidir. Sifarişçiyəmsə, torpağı bələdiyyədən, yaxud aidiyyatı qurumdan alıram. Sonra sifarişçi funksiyalarını yerinə yetirməliyəm. Məsələn, yeddimərtəbəli bina tikməliyəm. Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət edirəm, məlumatlarımı təqdim edirəm, soruşuram ki, aldığım ərazidə bina tikmək üçün neçə bala davamlı bina sifariş verməliyəm? Mərkəz də bunu təyin edir. Sonra buna uyğun layihə rəhbərinə, yaxud inşaat şirkətinə sifariş verirəm, zəlzələyə davamlılıqla bağlı Mərkəzin rəyini təqdim edirəm”.
O, Bakıda 20 mərtəbəli binaların tikilməsinin yanlış olduğunu deyənlərə isə belə cavab verib: “Nəzərə almaq lazımdır ki, dünyada ən çox zəlzələ baş verən ölkələrdən biri Yaponiyadır, amma Yaponiyada 20-30 mərtəbəli binalar da var. Yəni zəlzələyə qarşı davamlılıq layihədə nəzərdə tutulursa, ekspertizadan keçirsə, tikiləcək binanın ərazisinin seysmik qaydaları Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən müəyyən olunursa, onda niyə 20 mərtəbəli bina tikmək mümkün olmasın? Təəssüf ki, bəzi hallarda bu qaydaları bir az pozuruq, ya ümumiyyətlə nəzərə almırıq. Ona görə də düşünürəm, yəqin ki, Türkiyədə baş verən fəlakətdən sonra bizdə birinci növbədə nəzarət güclənməlidir. Bakıda qəzalı evlər var. Məsələn, Moskvada Sovet dönəmində tikilən beşmərtəbəli panel evləri sökməyə başladılar. Birdən-birə sökülməsi ağlabatan deyil, amma yavaş-yavaş bizdə də qəzalı binaları söküb, yerində normal, zəlzələyə davamlı binalar tikmək lazımdır...”
“O evlərlə bağlı heç bir layihədə zəlzələyə qarşı davamlılıq nəzərə alınmayıb”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.