Şirvanda yerləşən bazarda manitorinq: NÖQSANLAR AŞKARLANDI

dQJYr4oC1qdKubQ693UomhmidtCTBiiG8KseW2B6_1200

Şirvan şəhərində fəaliyyət göstərən ərzaq bazarında aparılan monitorinq zamanı bazarda bir sıra ciddi nöqsanlar aşkarlanıb.

Xia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bazarda yüksək risk qrupuna aid məhsullara baxış zamanı məlum olub ki, ət və ət məhsulları, çiy toyuq əti, süd və digər ağartı məhsulları antisanitar şəraitdə, müvafiq müşayiətedici sənədlər olmadan satışa çıxarılır. Monitorinq zamanı, həmçinin bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması və temperatur rejiminin təmin edilməsi üçün zəruri avadanlıqlarla təchiz olunmadığı da məlum olub.

Qeyd edilib ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsidir. Mövcud tələblərin icrası, aşkarlanan nöqsanların aradan qaldırılması və bazarların sağlamlaşdırılması istiqamətində əsas məsuliyyət bazar rəhbərliyinin üzərinə düşdüyü bildirilib.