Elçin Mirzəbəyli: “Putin AZAL təyyarəsinin vurulduğunu etiraf edibsə, İstintaq Komitəsi niyə tam fərqli mənzərə göstərməyə çalışır?”
“AZAL-a məxsus mülki təyyarənin Rusiya Federasiyasının hava məkanında vurulması ilə bağlı məsələ, sıradan bir istintaq predmeti deyil, çoxsaylı insan tələfatına səbəb olan ağır bir faciəyə münasibətdə rəsmi dövlət mövqeyi və əxlaqının, siyasi məsuliyyət və mədəniyyətin, humanizm prinsiplərinin, hüququn aliliyinin necə deqradasiyaya uğradığının göstəricisidir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, xüsusilə Vladimir Putinin Düşənbədə Azərbaycan Prezidentinə ünvanladığı açıqlamalar fonunda sonrakı proseslər ciddi suallar doğurur: “Putin həmin görüşdə təyyarənin vurulması faktını etiraf etmiş, kompensasiyanın ödəniləcəyini bildirmiş və bu mövqeyini ona təqdim edilən son məlumatlarla əsaslandırmışdı. Bu, sadəcə diplomatik jest yox, faktlara söykənən siyasi bəyanat idi.
Lakin sonradan Rusiya İstintaq Komitəsinin cinayət işinə xitam verməsi və hadisəni “əlverişsiz hava şəraiti” ilə izah etməyə çalışması göstərir ki, Moskva ya əvvəl etiraf etdiyi faktlardan imtina edib, ya da bu faktların hüquqi nəticələrini qəbul etmək istəmir. Hər iki halda söhbət siyasi mövqenin dəyişdirilməsindən və dövlət başçısı səviyyəsində verilmiş sözün de-fakto geri götürülməsindən gedir”, – deyə o qeyd edib.
Millət vəkilinin sözlərinə görə, hazırkı vəziyyətdə daha ciddi şəkildə nəzərə alınmasına ehtiyac duyulan bir ehtimal da var: “Proseslərin əvvəlindən etibarən belə bir təəssürat var idi ki, Rusiya tərəfi bu faciəni hüquqi müstəvidə deyil, geosiyasi maraqlar prizmasından dəyərləndirməyə çalışır. Hadisədən dərhal sonra Kremlin informasiya resurslarında və qeyri-rəsmi kanallarda təyyarənin vurulmasına görə məsuliyyətin Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının üzərinə yönəldilməsi cəhdləri də, qənaətimə görə təsadüfi deyildi. İstək ondan ibarət idi ki, hadisə Rusiyanın hava məkanında baş verdiyi üçün kompensasiyanı Rusiya ödəsin, lakin istintaq sənədlərində “günahkar tərəf” kimi Ukrayna göstərilsin.
Bu sxem Moskva üçün ikiqat fayda vəd edirdi. Birincisi, Azərbaycan qarşısında hüquqi borc minnət formatında təqdim olunacaqdı. Yəni kompensasiya məsuliyyətin etirafı kimi deyil, “xeyirxah, humanist niyyət” kimi qələmə veriləcəkdi. İkincisi isə Ukrayna ilə davam edən qarşıdurmada əlavə arqument əldə ediləcəkdi. Yəni guya Rusiya mülki təyyarəni vurmayıb, əksinə, Ukraynanın hərbi müdaxiləsi regionda təhlükəsizlik riskləri yaradıb. Beləliklə, faciə həm informasiya müharibəsinin, həm də siyasi alverin alətinə çevriləcəkdi”, – deyə o bildirib.
İ.Mirzəbəyli əlavə edib ki, Azərbaycanın prinsipial, hüquqa əsaslanan və ədalətli mövqeyi bu ssenarini pozdu.
“Azərbaycan tərəfi məsələni nə emosional, nə də geosiyasi sövdələşmə müstəvisində qəbul etmədi. Rəsmi Bakı açıq şəkildə bildirdi ki, təyyarə Rusiyanın hava məkanında vurulubsa, bu faktın hüquqi nəticələri də məhz Rusiya tərəfindən qəbul edilməlidir. Günahın üçüncü tərəfin üzərinə atılması, xüsusilə də bunun istintaq sənədlərinə salınması yolverilməzdir. Çünki bu halda məsuliyyət parçalanır, həqiqət isə təhrif olunur. Məhz bu prinsipial mövqe fonunda Rusiya İstintaq Komitəsinin ortaya qoyduğu “hava şəraiti” arqumenti daha da absurd və qeyri-ciddi görünür. Əgər əvvəl Ukrayna PUA-ları versiyası dövriyyəyə buraxılmışdısa, indi niyə bu xətdən də imtina edilir? Cavab sadədir. Çünki hər iki variant, yəni həm Ukraynanı günahlandırmaq, həm də hava şəraitini bəhanə etmək eyni məqsədə, Rusiyanın birbaşa hüquqi məsuliyyətdən yayınmasına xidmət edir.
Bu nöqtədə yenidən və təkrarən eyni sual ortaya çıxır: Putin Düşənbədə hansı məlumatlara əsaslanaraq təyyarənin vurulduğunu etiraf etmişdi? Əgər həmin məlumatlar real və təsdiqlənmiş idisə, niyə indi istintaq səviyyəsində tam fərqli mənzərə təqdim olunur? Yox əgər bu məlumatlar sonradan siyasi baxımdan məqsədəuyğun sayılmadığı üçün kənara qoyulubsa, bu artıq açıq siyasi manipulyasiyadır”, -deputat vurğulayıb.
O bildirib ki, ortada dövlət başçısının verdiyi sözlə, istintaq orqanlarının verdiyi qərar arasında açıq ziddiyyət var: “Ortada hüquqi məsuliyyətin geosiyasi maraqlara qurban verilməsi cəhdi var. Ortada Azərbaycanın hüquqi tələblərindən “kompensasiya verildi” görüntüsü ilə yayınmaq , günahkarların himayə edilməsi niyyəti var. Amma bu məsələ nə kompensasiya ilə bitir, nə də xitam qərarı ilə bağlanır.
Çünki söhbət insan həyatından, dövlət məsuliyyətindən və beynəlxalq hüququn əsas prinsiplərindən gedir. Azərbaycan bu məsələdə haqlı olaraq israr edir ki, həqiqət tam şəkildə etiraf olunmadan, günahkarlar cəzalandırılmadan və məsuliyyət açıq şəkildə qəbul edilmədən bu məsələ qapanmayacaq və hüquqi müstəvidə davam etdiriləcəyinə də əminəm. Rusiya İstintaq Komitəsinin təqdim etdiyi sənəd nə hadisənin real səbəblərini açıqlayır, nə də məsuliyyət məsələsinə aydınlıq gətirir. Əksinə, bu sənəd faciənin üzərindən xətt çəkmək, onu “bağlanmış mövzu”ya çevirmək cəhdi kimi görünür. Belə bir yanaşmanı isə nə Azərbaycan dövləti, nə də cəmiyyəti qəbul etməyəcək. Məsuliyyətdən yayınmaqla problem aradan qalxmır, daha dərin siyasi və hüquqi böhrana çevrilir”, – deyə millət vəkili fikrini yekunlaşdırıb.