“Space TV”nin yayımı müvəqqəti dayandırılacaq

space_tv

“Space TV” televiziya kanalının yayımı 14 yanvarda 3 saatlıq dayandırılacaq.

Xia.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, qərar Şuranın cari il üçün ilk iclasında verilib.

Audiovizual Şura iclasda xidmət adı “Kinon” olmaqla “Azercell Telekom” MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Həmçinin “Neftçi TV” kanalının fəaliyyəti müzakirə olunub. Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən “Neftçi TV” kanalı ilə bağlı Audiovizual Şura tərəfindən “Neftçi Media” MMC-yə bir neçə dəfə bildiriş verilib, xəbərdarlıq olunub. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura “Neftçi TV” kanalı üçün “Neftçi Media” MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

İclasda, daha sonra, keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunmuş və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub.

14 noyabr 2025-ci il tarixdə “Dünya TV” kanalında yayımlanan “Alo doktor” proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək “Dünya TV” televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaqdır.

27 noyabr 2025-ci il tarixdə “MTV” kanalında yayımlanan “Çıxış yolu” proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 15.00-dan saat 18.00-dək “MTV” televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaqdır.

3 dekabr 2025-ci il tarixdə, “Space FM” radio kanalının efirində yayımlanan “Radio diaqnoz” proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək “Space FM” radio kanalının yayımı 3 saatlıq dayandırılacaqdır.

İclasda, ən son, keçən ilin 25 dekabr tarixində “Space TV” kanalında yayımlanan “Gəl, danış” proqramında aparıcının çıxışı müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. “Space TV” kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə “Space TV” televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verilib.