Xaçmazdakı zəncirvari qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ açıqlandı
Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verən zəncirvari qəza zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 14-də, saat 9:00-da yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1977-ci il təvəllüdlü şəxs (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“Ona sağ alt göz qapağının, üst dodağın, sol saidin kəsilmiş, əzilmiş yarası diaqnozu təyin olunub. Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, sözügedən yol-nəqliyyat hadisəsi VAZ-2107, “Toyota” və “Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib. Xəsarət alan şəxs VAZ-2107-də olan sərnişin olub.