Ali Baş Komandanın Ucaltdığı Bayrağı Tərs Asmaq Peşəkarlıq Deyil!

image


​Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasında keçirilən təlimdən yayılan görüntülər cəmiyyətdə haqlı narazılıq doğurur. “Uğur Gənclər Təşkilatı” tərəfindən keçirilən bu tədbirdə ən ali müqəddəsliyimiz olan Azərbaycan Bayrağının tərs asılması sıradan bir texniki xəta deyil, dövlət rəmzinə qarşı dərin etinasızlıqdır.


​Ali Baş Komandandan Nümunə Götürməyənlər


​Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilən hər bir qarış torpağımızda Azərbaycan Bayrağını böyük bir ehtiramla, öpüb gözü üstünə qoyur və ucaldır. Ölkə rəhbərinin bayrağa verdiyi bu ali dəyər hər bir vətəndaş, xüsusilə də rəsmi tədbir təşkilatçıları üçün əsas örnək olmalıdır. Lakin Yevlaxdakı tədbirdə şahidi olduğumuz mənzərə bunun tam əksidir:


​Təşkilatçının Diqqətsizliyi:

Tədbiri təşkil edən “Uğur Gənclər Təşkilatı” nümayəndələrinin – İnqilab Şirinli, Rafil Əşrəfli və Günel Əliqızının saatlarla həmin masada əyləşib, qarşılarındakı bayrağın tərs olduğunu görməmələri onların dövlət atributlarına yanaşmasını göstərir.


​İştirakçıların Seyrçi Mövqeyi:

Təlimdə iştirak edən xəstəxana personalının və məsul şəxslərin bu biabırçılığa reaksiya verməməsi, bayrağın mavi zolağının aşağıda qalmasına göz yumması qəbulolunmazdır.
​Məsuliyyətsiz Peşəkarlıq: “İş mühitində stressin idarə olunması” və “düzgün rəftar”dan dərs keçənlərin, dövlətin ən müqəddəs rəmzi ilə bu cür “yanlış rəftar” etməsi böyük bir ziddiyyətdir.


Bayraq Bizim Namusumuzdur!


​Qalib bir xalqın nümayəndələri kimi, masada bayrağımızı bu hala salmaq dövlətçilik prinsiplərimizə hörmətsizlikdir.


Bu hadisə göstərir ki, təlim keçmək yalnız kağız üzərində hesabat vermək deyil, həm də milli dəyərləri dərindən dərk etməkdir. Ümid edirik ki, həm xəstəxana rəhbərliyi, həm də təşkilatçılar bu ciddi xətanın məsuliyyətini anlayacaqlar.